Məhkəmə qərarları › İş №e-2-1(112)-4747/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4747/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4747/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 33.154,0 kv.m torpaq sahəsinə dair verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31,2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 2475/2024 saylı qərarı ilə iddia təmin edilmiş, X10 ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31,2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti vermişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 33154 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsi ilə bağlı inzibati icraat materiallarının təqdim edilməsinə dair sorğu verilmişdir. Sorğuya cavab olaraq DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-38373/2024 saylı məktubla sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə tanış olarkən məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə X11 (icarəçi) arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 8959 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 33154,0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Sözügedən müqavilə əsasında X9 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Bildirilir ki, koordinatlarda göstərilən torpaq sahəsi SOCAR-ın "xxxx" İstehsalat Birliyinin daimi istifadəsinə verilmiş, eləcə də Balaxanı Əməliyyat Şirkətinin saziş üzrə istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. İddiaçı hesab edir ki, sözügedən ərazi neft-qaz əməliyyatlarının mühafizə zonasına düşdüyündən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sərəncam əsassızdır. Göstərilənlərə əsasən, tələbin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə və üçüncü şəxsə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçının icarə müqaviləsinin və sərəncamın etibarsız hesab edilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-D-0383-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilərək qeyd edilən ərazidə yerləşən torpaq sahəsinin istifadəçisi X10 ilə təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında, o cümlədən yerquruluşu planı nəzərə alınaraq, ARDNŞ-nin ərazisi daxil edilməməklə, icarə müqaviləsi bağlanıldığı iddiaçıya bildirilmişdir. Bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 33154 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 229 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, 026564 Balaxanı qəsəbəsi ünvanında yerləşən 33154 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6655 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Xidmətinin razılıq məktubu əsasında X10 ilə X11 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi üzrə icarə hüququ X6 adına qeydiyyata alınmışdır. Bununla əlaqədar, Xidmətin xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamı əsasında həmin torpaq sahəsinə dair X11 ilə Xidmət arasında xx.xx.2024-cü il tarixli, 8959 nömrəli icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Xidmət tərəfindən torpaq sahəsi icarəyə verilməsi ilə bağlı qəbul edilmiş sərəncamlar və bağlanmış icarə müqavilələri mülki və torpaq qanunvericiliyin tələblərinə uyğun olmuş və bu zaman iddiaçının hər hansı hüquqları pozulmamışdır. Bildirilir ki, iddia ərizəsində icarəyə verilən torpaq sahəsinin "xxxx" İstehsalat Birliyinin və Əməliyyat şirkətinin saziş üzrə istifadəsində olduğu qeyd olunmasına baxmayaraq, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, Xidmət tərəfindən iddiaçının müraciətinə verilmiş cavab məktubuna əlavə edilmiş yerquruluşu planı ilə icarəyə verilmiş sahənin tərkibinə ARDNŞ-nin ərazisi daxil olmadığı öz təsdiqini tapır. Belə olanda halda bildirilir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün hər hansı subyektiv hüququ mövcud deyil. Bundan əlavə iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və əsaslandığı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2475/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Xidmət ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6655 nömrəli icarə müqaviləsi iş üzrə məhkəmə araşdırması predmeti olmuş və iddiaçı uzun müddət ərzində həmin məhkəmə prosesi üzrə üçüncü şəxs qismində tərəf olmasına və qeyd olunan torpaq sahəsinin Xidmət tərəfindən Xəlil Sultanovun icarəsinə verilməsindən məlumatlı olmasına baxmayaraq, hazırkı iddia ərizəsi isə yalnız xx.xx.2024cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı uzun müddət ərzində mübahisə predmeti olan torpaq sahəsinə dair X10 ilə Xidmət arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6655 nömrəli icarə müqaviləsi bağlanılmasından məlumatlı olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən hazırda mübahisələndirilən Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamı qeyd olunan icarə müqaviləsi əsasında hüquqların alqı-satqısı ilə əlaqədar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı uzun müddət ərzində mübahisə predmeti olan torpaq sahəsinə dair X10 ilə Xidmət arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 6655 nömrəli icarə müqaviləsi bağlanmasından məlumatlı olduğu halda, hazırkı sərəncamı mübahisələndirməkdə məqsədi, iddia müddətinin ötürülməsindən yayınmaq olmuşdur. Əlavə olaraq bildirilir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı mübahisəyə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman, məhkəmənin müvafiq sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə torpaq sahəsinin X6 icarəsinə verilməsi ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir.Göründüyü kimi, iddiaçı uzun müddət ərzində torpaq sahəsinin Xidmət tərəfindən X5 icarəsinə verilməsindən məlumatlı olmasına baxmayaraq, onun tərəfindən bununla bağlı məhkəmədə hər hansı iddia qaldırılmamış, yalnız sonuncu sərəncamı mübahisələndirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini olduğu kimi müdafiə edərək mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uğyun məzmunda izahat verərək, iddianın mümkünlük məsələsinin məhkəmənin mülahizəsinə uğyun həll edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İşin faktiki hallarına görə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 33154 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə AR ƏMDX-nın xx.xx.2023cü il tarixli, 229 nömrəli sərəncamına Xidmət ilə X10 arasında xx.xx.2023-cü il tarixli, 6655 nömrəli icarə müqaviləsi bağlanılmış, qeyd olunan torpaq sahəsi X7 icarəyə verilmişdir. Həmin sənədlər əsasında daşınmaz əmlakın döblət reyestrində sözügedən torpaq sahəsi üzərində X5 icarə hüququ qeydiyyata alınmışdır. Sonradan ƏMDX-nın razılıq məktubu əsasında xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X10 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 3.3154 ha torpağın icarə hüququnu X3. Bununla əlaqədar, ƏMDX-nın xx.xx.2024-cü il tarixli, 110 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 33154.0 kv.m torpaq sahəsinin icarə hüququnun X6 adına xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə qeydiyyata alındığı və icarə haqqı borcunun xx.xx.2024-cü il tarixinə kimi ödənildiyi nəzərə alınaraq Xəlil Sultanovla bağlanmış icarə müqaviləsi xx.xx.2024-cü il tarixindən X6 adına icarə müqaviləsi bağlanılması şərti ilə ləğv edilmişdir. Daha sonra isə ƏMDX-nın xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamı əsasında həmin torpaq sahəsinə dair X11 ilə Xidmət arasında xx.xx.2024-cü il tarixli, 8959 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin sənədlər üzrə daşınmaz əmlakən dövlət reyestrində qeyd olunan torpaq sahəsi üzərində X6 icarə hüququ qeydə alınmışdır və qüvvədədir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı qeyd olunan ünvandakı 3.3154 ha torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqların ləğv edilməsinə bununla həmin sahənin ARDNŞ-nin mübahisəsiz istifadəsinə qaytarılmasına yönəlmişdir. Bunun üçün də iddiaçı X2 daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədləri mübahisələndirir. Belə ki, hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 3.3154 ha torpaq sahəsinin X9 icarəyə verilməsinə dair 8959 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin bağlanması üçün əsas olmuş AR ƏMDX-nın xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamının etibarsızlığının tanınmasını xahiş edir. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə ilk növbədə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etməmişdir və onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 33154.0 kv.m torpaq sahəsi üzərində ilkin olaraq X5 icarə hüququ qeydiyyata alınmış və həmin reyestr qeydiyyatı ləğv edilməmişdir. Qeyd edilməlidir ki, X1 daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas kimi AR ƏMDX-nın xx.xx.2023-cü il tarixli, 229 nömrəli sərəncamı və eyni tarixli 6655 nömrəli icarə müqaviləsi olmuşdur. ƏMDX-nın xx.xx.2024-cü il tarixli, 110 nömrəli sərəncamında Xəlil Sultanovla bağlanmış torpaq sahəsinə dair 6655 nömrəli icarə müqaviləsinin ləğv edilməsi nəzərdə tutulsa da, həmin müqavilənin hüquqi əsasını təşkil edən ƏMDX-nın xx.xx.2023-cü il tarixli, 229 nömrəli Sərəncamının qüvvəsini itirməsi barədə qeyd yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göstərilən sənədlər əsasında isə Xəlil Sultanov torpaq sahəsi üzərində icarə hüququnu notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə X9 ötürmüşdür. Yalnız bundan sonra ƏMDX-nın X10 ilə bağladığı müqavilənin ləğv edilməsinə dair 110 nömrəli sərəncamı həmin əmlaka dair X11 ilə müqavilə bağlanması şərti ilə ləğv edilmişdir. Odur ki, iddiaçı ARDNŞ hüquqi marağı baxımından ilk növbədə sözügedən sərəncamı mübahisələndirməlidir. Nə qədər ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 313154 ha torpaq sahəsinə dair X10 ilə icarə müqaviləsinin bağlanmasına dair AR ƏMDX-nın xx.xx.2023-cü il tarixli, 229 nömrəli sərəncamı qüvvədədir və həmin torpaq sahəsi üzərində X5 adına aparılmış reyestr qeydiyyatı ləğv edilməyib, qeyd olunan torpaq sahəsinin X9 icarəyə verilməsinə dair ƏMDX-nın xx.xx.2024-cü il tarixli, 132 nömrəli sərəncamının etibarsız hesab edilməsi belə, iddiaçıya arzuladığı məqsədə nail olmaq imkanı verməyəcəkdir. Belə olan halda isə iddiaçının hüquqi marağı təmin olunmur və konkret halda hüquqi müdafiəyə ehtiyacı yaranmır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi ilə irəli sürmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenum qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi sərəncamın etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçının hüquqi marağı ən azı qısa müddət ərzində belə inzibati aktın yaratdığı hüquqi nəticələr görüntüsünün aradan qaldırılmasına yönəlməlidir. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı yalnız qanunda birbaşa nəzərdə tutulmuş müəyyən şərtlər daxilində mümkündür. Bu səbəbdən, etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azı qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir. Hazırkı iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Bununla yanaşı, iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı tərəfə hüquqi yardım göstərilərək iddia tələbinin hüquqi marağına uyğun olaraq “sərəncamın ləğv edilməsi” kimi dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı tərəf tələbini olduğu kimi müdafiə etmişdir. Belə olan halda, iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Yuxarıda istinad olunan normalara görə isə mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilməlidir ki, İPM-in 38.1-ci maddəsi isə yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onu akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçı ARDNŞnin üçüncü şəxs qismində cəlb edildiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2475/2024 nömrəli inzibati işin materiallarından görünür ki, işin apellyasiya baxışı zamanı sorğuya cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-38373/2024 saylı məktubu ilə mübahisəli torpaq sahəsinə dair 9 (doqquz) vərəqdən ibarət sənədlər məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş həmin sənədlərə həmçinin ƏMDX ilə X11 arasında bağlanmış 8959 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə də əlavə edilmişdir. Hansı ki, qeyd olunan müqavilədə onun hüquqi bazasını təşkil edən hazırda mübahisələndirilən Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 132 nömrəli Sərəncamının rekvizitləri və məzmunu aşkar göstərilmişdir. İddiaçının elektron məhkəmə informasiya sistemində kabinetinin olduğunu da nəzərə aldıqda onu deməyə əsas yaranır ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamdan ən azı 20 sentyabr 2024-cü ildən məlumatlı olmuşdur, yaxud olmalı idi. Həmçinin məhkəmə iclası zamanı verdiyi izahatda iddiaçının nümayəndəsi və vəkili də qeyd edilən sərəncamdan işin apellyasiya məhkəməsində icraatda olduğu zaman məlumatlı olduqlarını inkar etməmişdir. Buna baxmayaraq iddiaçı tərəf həmin inzibati aktdan təkzibolunmaz şəkildə məlumatlı olmasına baxmayaraq hazırkı iddia ilə bağlı 2 (iki) aydan artıq zaman keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla da, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Odur ki, məhkəmə hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi addımını əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar