Məhkəmə qərarları › İş №e-2-1(112)-4749/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4749/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4749/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Nurkiçi oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 9 1-ci blok 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 183,4 kv.m., olan 75A saylı dördotaqlı mənzilə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Tərəqqi-Tikinti" Mənzil Tikinti Kooperativinin (MTK-nın) inşa etdiyi, ünvan 9 1-ci blok 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 183,4 kv.m., olan 75A saylı dördotaqlı mənzilin payçısıdır. Tikilmiş mənzilin dəyərini tam ödəmişdir. Ailə tərkibi yalnız özündən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən qeyd olunan mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 30 noyabr 2023-cü il tarixli məktubla ona məxsus 75A saylı mənzilin Bakı şəhəri Nəsimi rayonu ev 37A binanın texnik mərtəbəsində, yəni mansarda hissəsində yerləşdiyini, yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 672 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayının 75 ədəd göstərilməsini və texnik mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeydin aparılmamasını bəhanə edərək, yaşayış sahəsi kimi xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edib. Halbuki o daşınmaz əmlak hesab olunan həmin yaşayış sahəsinin tikintisi üçün haqqı tam ödəmişdir və onun təyinatı insanların yaşamasından ibarətdir, qeyri-yaşayış sahəsi hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********98 nömrəli, xx.xx.2023-cü il tarixli xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 75A saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının ünvan 3x.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mənzillərin ümumi sayı 75 ədəd göstərilmiş və texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd aparılmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, mənzilin faktiki sahəsi 172 kv.m-dır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərərı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, bina 37A 1-ci blok 17-ci mərtəbədə yerləşən ümumi sahəsi 172 kv.m təşkil edən 75A saylı 4 otaqlı mənzilə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışının verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2008-ci il tarixli aktından görünür ki, ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli kooperativ yaşayış binası mənzillərin sayı 75, mərtəbələrin sayı 16, girişlərin sayı 1 olaraq istismara qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli, 37 nömrəli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli kooperativ yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli kooperativ yaşayış binası, 1 saylı, 1 girişli, 1 blok, 17-ci mərtəbəsindəki ümumi sahəsi 183.40 kv.m olan, 75A saylı, 4 (dörd) otaqlı mənzilin pay dəyəri İddiaçı tərəfindən 57 220 (əlli yeddi min iki yüz iyirmi)AZN məbləğ tam ödənilmişdir və "xxxx" MTK-ya heç bir borcu yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın üzvlərinin 17 oktyabr 2023-cü il tarixli ümumi iclasının 50 nömrəli protokolundan çıxarışa əsasən vətandaş İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə mənzilin sahəsinin dəyərini tam ödədiyinə görə ona ünvan 3 ünvanda yerləşən l saylı bina, 1 girişli, 1 blok, 17-ci mərtəbə, ümumi yaşayış sahəsi 183.40 kvm. olan 4 (dörd) otaqlı, 75 A saylı mənzili verilsin və çıxarışa 1 nəfər ailə tərkibində daxil edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli **********44 nömrəli məktubu ilə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, sözügedən mənzil hüquqmüəyyənedici sənəd üzrə 4 otaq, faktiki 4 otaq, ümumi sahəsi 183.4 kv.m, faktiki sahəsi 172.0 kv.m. Mənzil texniki mərtəbədə yerləşir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1258/2022 saylı qərardadı İddiaçı ilə X6 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, barışıq sazişinin şərti kimi 1.1 "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Sübhi Salayev küçəsində yerləşən 37a saylı evin, 17-ci mərtəbəsində yerləşən 4 otaqlı, 183,4 kv.m sahəli 73a saylı mənzil tam və vahid pay şəkilində X1 əmlakı kimi tanınmaqla ona məxsus olması təsdiqlənmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 22194/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda texniki mərtəbədə yerləşən 3 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 120.5 kv.m olan 3 otaqlı 71a saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-338/2013 saylı qərarı ilə iddiaçı X4 mülkiyyət hüququnun qeydiyyata alınmasından **********14 saylı 17 noyabr 2012-ci il tarixli imtinası qanunsuz hesab edilmiş və həmin yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 79.6 kv.m olan 2 otaqlı 74a saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Nəsimi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3210/2010 saylı qiyabi qətnaməsi ilə ünvan 6 ünvanda yerləşən 1 girişli binanın 17-ci mərtəbəsində ümumi sahəsi 88,90 kv.m, yaşayış sahəsi 46,22 kv.m olan 74a saylı mənzilin yaşayış sahəsi kimi iddiaçı X2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata almması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 144.8 kv.m olan 3 otaqlı 73a saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2012-ci il tarixdə **********9 nömrəsi ilə qeydiyyata alınmışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli 2inz(81)- 819/2012 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 144.8 kv.m olan 3 otaqlı 73a saylı sahə üzərində iddiaçı X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçıya çıxarışın verilməsi cavabdeh Əmlak Məsələləri yanında daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 75A saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının ünvan 3x.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası"nın aktında mənzillərin ümumi sayı 75 ədəd göstərilmiş və texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd aparılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı işin hallarından görünür ki, "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli, 50 saylı protokolu ilə İddiaçı ünvan 8 ünvanda yerləşən 1 saylı binada, 1 girişli, 1-ci blok, 17-ci mərtəbəsində, ümumi yaşayış sahəsi 183.40 kvm olan 4 (dörd) otaqlı, 75 A saylı mənzili verilmiş, eyni tarixdə iddiaçıya mənzilin pay dəyərinin tam ödənildiyi, MTK-ya borcu olmamağı barədə İddiaçı maliyyə arayışı verilmişdir. İddiaçı sözügedən protokol, maliyyə arayışını əsas götürərək qeyd edilən əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddia olunan mənzilin texniki mərtbədə yerləşdiyini, həmin mərtəbənin isə yaşayış təyinatlı olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı mənzilin yerləşdiyi texniki hissənin yaşayış sahəsi kimi istifadə edildiyini nəzərə alaraq 75A saylı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - (maddə 8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (maddə 8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Kooperativ üzvlərinin yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi öhdəliyi daşıyır. Belə ki, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində çardaqların (mansarda mərtəbəsinin) binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi nəzərdə tutulsa da, 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində mansarda mərtəbəsi binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə kimi nəzərdə tutulmuşdur. İşin hallarından da görünür ki, iddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və ünvan 9, 75A saylı mənzilin payçısı olduğunu təsdiq edən və mübahisəli sahənin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Beləliklə iddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan texniki mərtəbədə yerləşən sahənin pay haqqını tam ödəmiş, sahənin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmiş və tikinti obyektinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Mübahisə predmeti olan mənzilin texniki mərtəbədə yerləşdiyini və həmin sahəyə görə pay haqqının tam ödənildiyini, həmin sahənin yerləşdiyi binanın istismara qəbul edildiyini, mövcud qanunvericiliyə əsasən texniki mərtəbəsinin yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulduğunu, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan imtina hallarının mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin müraciətin təminindən imtinası əsaslı olmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, ünvan 9 ünvanında yerləşən binanın 17-ci mərtəbəsində iddia edilən mənzillə eyni texniki mərtəbədə yerləşən digər 3 mənzil üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Belə ki, həmin texniki mərtəbədə yerləşən digər 3 mənzil-71a saylı mənzilə mülkiyyət hüququ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-338/2013 saylı qərarı ilə, 74a saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ Nəsimi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3210/2010 saylı qiyabi qətnaməsi ilə, 73a saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2inz(81)-819/2012 saylı qərarı ilə qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzil 17-ci mərtəbəsində-texniki mərtəbədə yerləşən mənzillərdən biridir və digər 3 mənzil artıq məhkəmə qərarları ilə qeydiyyata alınmışdır. Məhkəmə aktı ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan məhkəmənin gəldiyi nəticəni əsas götürməmiş, inzibati praktikasını dəyişməyərək iddiaçıya münasibətdə eyni imtina əsası ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni mərtəbədə digər mənzillərin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, bina 37A, 1-ci blok 17-ci mərtəbədə yerləşən ümumi sahəsi 172 kv.m təşkil edən 75A saylı 4 otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışının verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, bina 37A, 1-ci blok, 17-ci mərtəbədə yerləşən ümumi sahəsi 172 kv.m təşkil edən 75A saylı 4 otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışının verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar