Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4753/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1608A saylı 0,12 hektardan ibarət torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1608a” saylı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabadehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İmtina üçün iki əsas qeyd edilmişdir. Birinci əsas idarənin arxiv qovluğunda təqdim edilmiş “3” saylı orderin nüsxəsinin aşkar edilməməsidir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 inkişafı və istismarı birliyi 3 saylı orderi ilə iddiaçının adına 12 aprel 2004cü il tarixli qərara əsasən Ləhiş bağlar sahəsində 155 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1608 a saylı bağ ayrılmışdır. Orderin əsli iddiaçıda olduğu kimi nüsxəsi də arxivin qovluğunda olmalıdır. Müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və bununla da yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. Sənədlərin nüsxələrinin lazımı qaydada saxlanması cavadehin öhdəliyidir və itirilməsinə görə cavabdeh məsuliyyət daşımalıdır. İkinci əsas kimi torpaq sahəsinə keçirilən texniki baxış zamanı torpaq sahəsində mərzçəkmə və hasarlanma işləri aparılmaması və ərazinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanmasının müəyyən edilməsi göstərilmişdir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən hasarlanmamasının səbəbi həmin sahədə torpaq hissəsinin oğurlanması və dərə və çökəkliklərdən ibarət olmasıdır. Zaman keçdikdə həmin çökəkliklər torpaqla dolmağa başlamışdır. Ərazinin bir hissəsinin zəbt edilməsi ilə bağlı isə qeyd edir ki, ərazinin bir hissəsindən istifadə edən vətəndaşın həmin sahəyə həqiqətən də mülkiyyət hüququnun olub-olmaması, qanuni sahiblik faktı cavabdeh tərəfindən araşdırılmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi X4 və İstismarı Birliyinin yerləşmə sxemi ilə uyğunsuzluq təşkil etdiyi qeyd edilmişdir. Qeyd edilən əsas da imtina əsası kimi çıxış edə bilməz, çünki şərti olaraq torpaq sahəsinin yerini düzgün göstərməyə bilər, lakin heç bir halda texniki baxış zamanı sənədə əsasən müəyyən edilmiş ərazidən imtina etməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində ərizəçi tərəfindən təqdim edilmiş 3 saylı orderin arxiv nüsxəsinin idarənin arxiv qovluğunda aşkar edilmədiyi məlum olmuşdur. Həmçinin ərizəçi tərəfindən göstərilən torpaq sahəsinin sərhədlərinin şərti olduğu məlum olmuşdur. Belə ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsində mərzçəkmə və hasarlanma işləri aparılmadığı və həmin ərazinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadəsində olduğu müəyyən edilmişdir. Göründüyü kimi sözügedən bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyildir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi X4 və İstismarı Birliyinin yerləşmə sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, şərti göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, bağ sahəsi əvvəcə onun anasına ayrılıb. Sonradan isə onun adına keçirilib. Bağ sahəsi onun istifadəsində deyil. Lakin, o bağ sahəsinin yerini təxmini tanıyır. Bağ sahəsinin bir hissəsi başqa şəxs tərəfindən hasarlanıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 3 saylı orderə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 12 aprel 2004-cü il tarixli, Pr 178 BTB saylı qərarına əsasən iddiaçıya Ləhiş bağlar sahəsində 155 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1608a saylı bağ sahəsi ayrıılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 12 aprel 2004-cü il tarixli, Pr 178 BTB saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2004-cü ilə dair sərəncamları arasında 12 aprel 2004-cü il tarixli, Pr 178 BTB saylı qərar aşkar edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq sözügedən bağ sahəsinə dair müayinə aktı, koordinatlar cədvəli və həmin BTK-ya aid yerləşmə planının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, sözügedən bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m və faktiki olaraq şərti şəkildə 1200 kv.m təşkil edir. Göstərilən bağ sahəsinin sərhədləri şərtidir. Sahənin bir hissəsi digər vətəndaş tərəfindən hasarlanmış sahəyə düşür. Vətəndaş tərəfindən sahəyə hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Sahədə tikili yoxdur. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, 1608a saylı bağ sahəsi kimi şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 1200 kv.m təşkil edir. Torpaq sahəsində mərzçəkmə və hasarlanma işləri aparılmadığı və həmin ərazinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadəsində olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Şərti sərhədlərlə göstərilən 1200 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi X4 və İstismarı Birliyinin yerləşmə sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, şərti göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan əlavə torpaq sahəsinin yaxınlığından diametri 76 mm-lik qaz xətti keçir. Sahə Ləhiş bağlar massivi olmaqla Dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq sözügedən bağ sahəsinə dair idarənin arxivində mövcud olan sənədlərin surəti məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstitsmarı İdarəsinin 17 saylı orderdən görünür ki, Bakı Şəhər İcraiyə Komitəsinin xx.xx.1990-cu il tarixli, 1/23 nömrəli qərarına əsasən 155 saylı BTK nəzdində 1608A saylı, 0,12 hektarlıq bağ sahəsi iddiaçının anası X1 əsasında ayrılmışdır. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı Şəhər İcraiyə Komitəsinin xx.xx.1990cu il tarixli 1/23 nömrəli qərarına 3 №-li əlavədən görünür ki, Ləhiş 155 №-li bağ-tikinti kooperativi üzvlərinin siyahısında 17-ci sırada X3 adı qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə həmin bağ sahəsinin ortofoto görüntüsü göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). İddiaçı , Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1608A saylı 0,12 hektardan ibarət torpaq sahəsinin əvvəlcə anasına, daha sonra isə ona ayrılmasına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Bunun üçün o, 155 saylı BTK-nın 3 saylı orderinə əsaslanır. Cavabdehin imtinasının və etirazının əsasını o təşkil etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “3” saylı orderin arxiv nüsxəsinin idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin sərhədləri şərtidir. Torpaq sahəsində iddiaçı tərəfindən mərzçəkmə və hasarlanma işləri aparılmamışdır və bağ sahəsi onun istifadəsinə deyildir. Həmin ərazinin bir hissəsi başqa bir şəxs tərəfindən hasarlanmışdır və hazırda həmin şəxsin istifadəsindədir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi X4 və İstismarı Birliyinin yerləşmə sxemi ilə uyğunsuzluq təşkil edir. Şərti göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının müvafiq qərara istinad edərək qeydiyyata alınmasını xahiş etdiyi torpaq sahəsinin onun anasına ayrıldığını iddia etsə də, iddiaçının anasının adı 155 saylı BTK üzvlərinin siyahısında “Səltən” olaraq qeyd edilmişdir. İddiaçı həmin sahənin anasına məxsusluğu barədə arayış tələb etdiyi təqdirdə həmin siyahıdakı adın onun anasına məxsus olması ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı mülki qaydada ümumi məhkəməyə müraciət etməlidir. İddiaçı torpaq sahəsinin yerini dəqiqliklə müəyyən edə bilmədiyi üçün şərti olaraq göstərmişdir və müvafiq mütəxəssis rəyində də göstərilən torpaq sahəsinin digər bağların ərazisinə uyğun gəlməsi qeyd edilmişdir. Eyni zamanda, müvafiq mütəxəssis rəyindən də göründüyü kimi həmin bağ sahəsinin bir hissəsi digər şəxs tərəfindən hasarlanmışdır və həmin şəxsin istifadəsindədir. Həmçinin bağ sahəsi iddiaçının istifadəsində deyildir və o, bağ sahəsinin yerini şərti olaraq göstərmişdir. Bununla yanaşı iddiaçıya bağ sahəsi ayrılması haqqında orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Orderdə torpaq sahəsi ayrılmasına əsas kimi göstərilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2004-cü il tarixli, Pr 178 BTB saylı sərəncamının həqiqətən mövcud olub-olmamasını araşdırmaq üçün müvafiq sorğular verilmiş, lakin Dövlət Arxivinin Bakı Filialı cavab məktublarında 12 aprel 2004-cü il tarixli, Pr 178 BTB saylı sərəncamın arxiv nüsxəsinin mövcud olmadığını, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2004-cü il tarixli sərəncamının isə tamamilə başqa məsələyə aid olduğunu qeyd etmişdir. Qeyd edilən bütün bu hallar isə iddiaçının ona torpaq sahəsi ayrılması barədə əsaslandığı orderin həqiqiliyinin şübhə altına alınmasına səbəb olur. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1608A saylı, 0,12 hektardan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-4753/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4753/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver