Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4756/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə qarşı “iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə qarşı “iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olsa da ailə qurduğu gündən, 2003-cü il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında faktiki olaraq ailə üzvləri olan əri X5 və oğlu 2004-cü il təvəllüdlü X6 ilə birlikdə yaşayır. Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında yerləşən evin çıxarışı yoxdur, lakin iddiaçının ailə üzvləri olan əri və oğlu həmin evdə pasport qeydiyyatındadırlar. Qeyd olunanları nəzərə alaraq iddiaçı ailə üzvləri ilə yaşadığı evə pasport qeydiyyatına düşmək üçün Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə müraciət etmişdir. Lakin Nərimanov rayon Polis İdarəsi 19 noyabr 2022-ci il tarixli 078-32989İ saylı cavab məktubu ilə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında yerləşən evə pasport qeydiyyatına almaqdan imtina etmişdir. Belə ki, Nərimanov rayon Polis İdarəsi 19 noyabr 2022-ci il tarixli 078-32989İ saylı cavab məktubunda imtinanı onunla əsaslandırır ki, iddiaçının göstərilən ünvana pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə RPİ-nin QMB-nə təqdim etməlidir və həmin sənədlərdən hər hansı təqdim olunmadıqda qeydiyyata alınmağı qanuna müvafiq deyildir və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq hesab olunur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında yerləşən evdə 2003-cü ildən etibarən yaşayaraq ailə üzvləri ilə birgə təsərrüfat aparır. İddiaçının əri və oğlu qeyd olunan ünvanda pasport qeydiyyatındadır. İddiaçının 26 avqust 2003-cü ildən etibarən həmin ünvanda yaşadığı 30 saylı MKİS tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli 30/0883 saylı arayışla təsdiq olunur. Eyni zamanada iddiaçının əri X5 notarial qaydada təsdiq etdiyi ərizə ilə qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə arvadı İddiaçı qeydiyyata düşməsinə etiraz etmədiyini təsdiq edir. Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A saylı evin mülkiyyət hüququ üzrə heç bir qeydiyyata alınmaması iddiaçının hüquqlarının pozulmasına əsas verə bilməz. Belə ki, iddiaçı və digər ailə üzvləri xeyli müddətdir ki, faktiki olaraq bu ünvanda yaşayır və yaşamağa davam edir. İddiaçının faktiki yaşadığı ünvanda deyil, başqa bir ünvanda qeydiyyatda olmağı onun hüquqlarının həyata keçirməsinə çətinliklər yaradır. İddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmağından imtina edilməsinin həmin evin rəsmi reyestrdə qeydə alınmaması ilə əlaqələndirilməsi iddiaçının azad yaşayış yeri seçmək hüququnun məhdudlaşdırılmasına səbəb olduğuna görə yolverilməzdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3-cü bəndinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçın nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1973-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 078-32939İ saylı məktubuna əsasən, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə ( dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə RPİ-nin QMB-nə müraciət edilməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanuna müvafiq deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ var. AZ-İ 522776 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X5 və İddiaçı arasında xx.xx.2009-cu il tarixdə nikah bağlamışdır. AZ-İ 679011 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 26 iyun 2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X1r. Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında qeydiyyatda olan X3 **********811 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı pasport qeydiyyatına düşməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında qeydiyyatda olan X4 **********378 nömrəli xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı pasport qeydiyyatına düşməsinə etiraz etmədiyini bildirmişdir. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 80 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli 30/0883 nömrəli arayışına əsasən İddiaçı ərinin qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında xx.xx.2009-cu ildən, ailə qurduğu tarixdən qeydiyyatsız olaraq yaşayır. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim olunmaq üçün verilir. X3 və X4 şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən, onlar Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında qeydiyyatdadırlar. İddiaçı əlavə sübut qismində kommunal ödənişlərin ödənilməsinə dair müvafiq qəbzlərin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında hesab edilmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçı həyat yoldaşı X5 və oğlu X6 ilə birlikdə mübahisəli ünvanda, Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanında yaşayır, X5 və X6 həmin ünvanda qeydiyyatda olsalar da, iddiaçı həmin evə qeydiyyata düşə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nikahda olduğu, sözügedən ünvanda qeydiyyatda olan X5 və birgə nikahdan doğulan X6 ilə birlikdə yaşaması onun həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə görə, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Sözügedən Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.. Sözügedən Məcəllənin 68.2-ci maddəsinəuyğun olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 14 A ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4756/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4756/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver