Məhkəmə qərarları › İş №e-2-1(112)-4758/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4758/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4758/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən “4114a” saylı, 012 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 186 nömrəli Koopertivin 35 saylı orderinə əsasən xx.xx.1991-ci il tarixində 10/517 nömrəli qərarına 0.12 ha torpaq sahəsi olan “4114 a” nömrəli bağ ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4114 a” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixdə, 3-213-30/2-45440/2024-**********40/2024 saylı məktubla imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, tərəfindən təqdim edilmiş “35” saylı orderin arxiv nüsxəsi İdarənin arxiv qovluğunda aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən digər bağın ərazisinə uyğun gəlir, həmçinin, arxiv bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından və qeyd olunan torpaq sahəsinin nömrəsi müvafiq Bağ Tikinti Kooperativinin (BTK) sxemində qeyd edilmədiyindən göstərilən ərazinin “4114 a” saylı torpaq sahəsinin ərazisi olubolmamasını müəyyən etmə mümkün olmamışdır. Ona görə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci madəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti işin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, həmin torpaq sahəsi 33 ilə yaxındır ki, onun fasiləsiz sahibliyindədir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4114 a” saylı torpaq sahəsi üzərində hüquların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********40 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş “35” saylı orderin arxiv nüsxəsi İdarənin arxiv qovluğunda aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən 4114 saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, arxiv bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından və qeyd olunan torpaq sahəsinin nömrəsi müvafiq Bağ Tikinti Kooperativinin (BTK) sxemində qeyd edilmədiyindən göstərilən ərazisinin “4114a” saylı torpaq sahəsinin ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-45440/2024 **********40 nömrəli məktubla imtina edilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 09 oktyabr 2024cü il tarixli, 3-48-2F/2-A-4681-8-4975/2024 nömrəli məktubla X2 barəsində keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 10/517 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmin Qərara əsasən Ləhiş sahəsində 186 nömrəli kooperativdə İddiaçı bağ sahəsi ayrılmışdır.

9. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 186 nömrəli kooperativ tərəfindən verilmiş 35 nömrəli orderə əsasən İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 186 nömrəli kooperativ nəzdində 0.12 ha torpaq sahəsi olan “4114a” nömrəli bağ ayrılmışdır.

10. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən Ləhiş bağ massivində yerləşən “4114 a” saylı torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki 0.1619 ha-dır (419 kv.m artıq). Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A – 2 mərtəbəli bağ evi, İ – kölgəlik, İİ – s/q, İİİ – yay mətbəxi, İV – kölgəlik, V və Vİ –yarımçıq tikililər var. Sxematik xəritəyə əsasən göstəriən ərazidə “4114” saylı bağda yerləşməlidir. Faktii olaraq 4114 saylı bağa 166 kv.m torpaq sahsəi qalır. 4114 saylı bağa 3 metr enində şərti keçid yolu qoyulmuşdur. Arxivdə 4114 – saylı bağ sahəinə dir məlumat aşkar edilməmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 23 yanvar 2025-ci il tarixli, 3-21-3-02/2-670/2025 nömrəli məktubla bildirilmişdir ki, arxivdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4114 a” saylı bağ sahəsinə dair 186 nömrəli kooperativin 35 nömrəli orderi aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 24 iyul 1991-ci il tarixli, 10/517 nömrəli qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin Qərarla torpaq sahəsi ayrılmış vətəndaşların siyahısında iddiaçının adı 2.45-ci sırada qeyd edilmişdir.

12. Məhkəmənin “Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin, eləcə də, Ləhiş bağlar sahəsindəki 186 nömrəli kooperativin 35 nömrəli orderinin təsdiq edilmiş surətinin verilməsinə dair” sorğusuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 5 fevral 2025-ci il tarixli, 3-35-1/2-382/2025 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 6 fevral 2025-ci il tarixli, 3- 21-3-30/2-4701/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4114 a saylı (0.12 ha) bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, Ləhiş bağ massivi, “4114a” bağ nömrə ilə qeydiyyata alınmış bağ shəsi barədə məlumat aşkar edilməmişdir. Sorğuda istinad edilən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilənlərə əsasən bildirirlər ki, göstərilən ərazi sxematik xəritə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən 4114 a və 4114 saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, mövcud məhdud məlumat bazasında “4114” bağ nömrə barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq iddia edilən torpaq sahəsinin qonşuluğunda qeydiyyata alınmış **********10 reyestr nömrəli 4113 saylı (0.12 ha) və **********93 reyestr nömrəli 4115 saylı (0.1913 ha) bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri, müayinə aktı (koordinatlar, baş plan və s.) ortofoto və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna cavabdeh tərəfindən 17 iyun 2025-ci il tarixli, 3-21-3- 30/2-24635/2025 nömrəli məktubla bildirilmişdir ki göstərilən torpaq sahəsi (4114 a bağ sahəsi kimi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1619 ha təşkil edir (0.0419 ha artıqdır). Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxemi məhkəməyə göndərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən 4114 a və 4114 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin, arxiv bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından və qeyd olunan torpaq sahəsinin nömrəsi müvafiq Bağ Tikinti Kooperativinin (BTK) sxemində qeyd edilmədiyindən göstərilən ərazisinin “4114 a” saylı torpaq sahəsinin ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Arxiv məlumatlarına əsasən əvvəlki müraciət zamanı sözügedən bağ sahəsinə dair təqdim olunan orderin arxiv nüsxəsi, həmçinin, 4114 bağ sahəsinə dair sənəd aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. İşin hallarından göründüyü kimi, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarına əsasən iddiaçıya Ləhiş bağ massivində 186 nömrəli kooperativ nəzdində bağ sahəsi ayrılmışdır. Həmin Qərara əsasən 186 nömrəli kooperativ tərəfindən İddiaçı 0.12 ha ölçüdə, 4114 a nömrəli bağ sahəsi ayrılması barədə 35 nömrəli order verilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən iddiaçı tərəfindən təqdim edilmiş “35” saylı orderin arxiv nüsxəsinin İdarənin arxiv qovluğunda aşkar edilməməsinə, bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən 4114 saylı bağın ərazisinə uyğun gəlməsinə, həmçinin, arxiv bağçılıqyoldaşlığın bölgü sxemi olmadığından və qeyd olunan torpaq sahəsinin nömrəsinin müvafiq Bağ Tikinti Kooperativinin (BTK) sxemində qeyd edilmədiyindən göstərilən ərazinin “4114 a” saylı torpaq sahəsinin ərazisi olub-olmamasını müəyyən etməyin mümkün olmamasına istinad edilməklə imtina edilmişdir.

25. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçıya ayrılmış bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi hazırki iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı işdəki sənədlərlə müəyyən olunmuşdur ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha təşkil etməklə, həmin vaxdan mübahisəsiz olaraq iddiaçının istifadəsindədir. İddiaçının hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən əlavə istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur. Sözügedən qərarın arxiv nüsxəsi və həmin qərar əsasında verilmiş orderin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən həmin sərəncam və order mötəbər qiymətləndirilməlidir. Bundan əlavə, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuqluq təşkil etməsi iddiaçının məsuliyyət sferası ilə əhatə oluna bilməz, çünki, bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması öhdəliyi cavabdeh orqanın özünün vəzifəsidir. Cavabdehin həmin dəlilinin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti üzrə sorğular göndərilmiş, həmin sorğulara daxil olmuş cavab məktubları ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən 4114 a və 4114 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 4441 saylı bağ sahəsinə dair isə İdarənin arxivində ümumiyyətlə sənəd aşkar edilməmişdir. Belə olan təqdirdə, iddiaçının iddia etdiyi bağ sahəsi cavabdehin özü tərəfindən mövcud şərtlər nəzərə alınmaqla sxematik xəritəyə uyğunlaşdırılmalıdır.

26. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.

27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən “4114 a” saylı, 012 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar