Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-478/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliy, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsni, ünvan 1 ünvanda yerləşən mənzilin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 küçəsi 72 saylı evin 3 saylı mənzili X2 mülkiyyətindədir. Qonşuluqda 72 saylı evin 9 saylı mənzili 1991-ci il tarixdən bu günə qədər İddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. 14 dekabr 1992-ci il tarixli sərəncamı ilə 3 saylı mənzilin 9 saylı mənzillə şəxsi hesablarının birləşdirilməsi və kirayəçinin X6 hesab edilməsi qərara alınmışdır. İddiaçı həmin şəxsin vərəsəsidir. İddiaçı 3 saylı mənzilə mülkiyyət əldə etdiyində görə, sərəncamda olan hallar həmin şəxsə də aid edilə bilər. Mənzil onun istifdaəsindədir, kommunal ödənişlər onun tərəfindən edilir. Cavabdehə mənzilə hüququn tanınması barədə müraciət edilmiş, əsassız olaraq imtina edilmişdir. Halbuki, əmlaka 30 il ərzində sahiblik edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddianın mərhum şəxsə hüququn məxsus olması haqqında arayışın verilməsi yox, məhz iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması formasında olmasına münasibətdə də məhkəmə hesab edir ki, iddia məhz mülkiyyət hüququnun birbaşa iddiaçının adına dövlət qeydiyyatına alınması formasında olması iddianın mümkünlük şərtini ödəməkdədir. İlkin olaraq qeyd edilməlidir ki, şəxsi hesabların birləşdirildiyi qeyd edilən mənzillərdən biri 3 saylı mənzil, digəri isə 9 saylı mənzildir. İddiaçı da həmin mənzillərin birləşdirilməsinə istinadən hüququn dövlət qeydiyyatına alınmasını tələb edir. 3 saylı mənzilə dair orderdən isə görünür ki, həmin orderdə mənzilin icarədarı kimi təkcə X6 yox, eləcə də hüququ olan şəxs kimi İddiaçı da adı göstərilmiş və qovluqda olan sənədlərdən görünür ki, mənzilə hüququ olan digər şəxslərin razılığı ilə məxsus olma haqqında arayış yox, mülkiyyət hüququ 3 saylı mənzilə dair iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Qeyd olunmalıdır ki, hazırkı halda Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə əsasən şəxsin vəfat etməsinə münasibətdə hüququn realizəsi imkanı məxsus olma haqqında arayışın verilməsi kimi yox, hüququ saxlanılan şəxsin adına hüququn qeydə alınması ilə həyata keçirilir. Nə qədər ki, təqdim edilən sərəncam 3 saylı mənzil 9 saylı mənzilin birləşdirilməsi və adıçəkilən Qanunun tələblərinə uyğun olaraq mülkiyyət hüququnun realizəsidir, iddia da məhz orderdə adıçəkilən mənzilə sərəncamla başqa mənzilin birləşdirilməsinə istinad ilə əlaqədardır ki, göstərilən səbəbdən iddiaçının öz adına 9 saylı mənzil üzrə hüquqların dövlət qeydiyyatını icarədarın ailə üzvü kimi tələb etməsi mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 dekabr 1992-ci il tarixli 127 nömrəli sərəncamda qeyd edilir ki, Eksperimentalnaya küçəsi ev 72, mənzil 3 ünvanda yerləşən 28 kv.m olan 1 otaqlı mənzilin kirayəçisi Həsənov Həsəndir. Qonşuluqda ev 72, mənzil 9 ünvanda sahə vardır ki, Həsənov Həsən hər iki mənzilin birləşdirilməsini xahiş edir. 9 saylı mənzil 26,89 kv.m sahəsi olan 2 otaqlı mənzildir. Mənzillər 9 ünvanda şəxsi hesablar birləşdirilmiş və 3 otaqlı 54,89 kv.m mənzilin kirayəçisi Həsənov Həsən hesab edilmişdir. Çıxarışdan görünür ki, Bakı ş, Səbail r, X12 küçəsi, ev 72, m 3 ünvanda yerləşən 41,70 kv.m ölçüdə mənzil 27 fevral 2023-cü il tarixdə İddiaçı adına qeydiyyata mülkiyyət hüququ üzrə alınmışdır. Çıxarışdan görünür ki, həmin mənzil 03 avqust 2023-cü il tarixdən X3 mülkiyyətindədir. Texniki pasportdan görünür ki, otaqların sayı 2, ümumi sahə 41,7 kv.m, yaşayış sahəsi isə 28.4 kv.m təşkil edir. Orderdən görünür ki, 2 otaqlı, 28 kv.m ölçüdə olan 3 saylı mənzilin icarədarı X6 olmuşdur. Etibarnamənin surətindən görünür ki, Eksperimentalnaya küçəsi, ev 72, m 9 ünvanda yaşayan Adreeva Anna adında şəxs ev 72, mənzil 3 ünvanda yaşayan X5 etibarnamə vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd 9 saylı mənzilə dair təqdim edilməmişdir. Texniki baxış keçirilən zaman mənzilə bitişik 24 kv.m əlavə 2 səviyyəli sahənin inşa olunduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən dövlət, yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Mənzillə əlaqədar müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi olmalıdır. Dövlət Neft Şirkətinin məktubundan görünür ki, İdarənin arxivində sərəncamla əlaqədar hər hansı sənəd aşkar edilmir. ünvan 3 ünvanında yerləşən mənzillə əlaqədar hər hansı sənəd mövcud deyildir, 3 saylı mənzil hal-hazırda A.Səlimovanın mülkiyyətindədir. Səbail Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, 9 saylı mənzilə dair hər hansı sənəd, o cümlədən X1 adına sənəd mövcud olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir Belə ki, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi zəruridir ki, iddiaçı da əmr və kirayə müqaviləsinə istinad etməklə mənzilə mülkiyyət hüqunun dövlət qeydiyyatına alınmasını tələb edir. Yuxarıda adıçəkilən Qanunun 8.0.11-ci maddəsindən isə görünür ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi adlanan hüquqmüəyyənedici sənədlərdən ən azından biri hüququn dövlət qeydiyyatı üçün əsasdır. “Bibi Heybət” NQÇ tərəfindən verilmiş sərəncam isə yuxarıda adıçəkilən sənədlərdən biri hesab edilmir. Belə ki, maddənin konkret tələbindən göründüyü kimi hər hansı inzibati akt, order və ya kirayə müqaviləsi yox, məhz müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş inzibati akt, order və ya kirayə müqaviləsi hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 113 nömrəli 10 avqust 2004-cü il tarixli Fərmanının 4.2.8-ci yarımbəndinə görə isə 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi yalnız yerli icra hakimiyyəti orqanının sərəncamı, order və ya kirayə müqaviləsi mövcud olduğu halda mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkündür. İddiaçının təqdim etdiyi sərəncam isə yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş inzibati akt hesab edilmir. Nə qədər ki, əmlakın hazırkı balansaxlayıcı ilə 9 saylı mənzilə dair kirayə müqaviləsi bağlanılmamış və ya buna dair sərəncam qəbul edilməmişdir ki, həmin yaşayış sahəsinə hüququn qeydə alınmasından söhbət gedə bilməz. Digər tərəfdən cavabdeh mənzilə bitişik sahələrin inşa edildiyində, eləcə də əvəzləşdirmək hüququndan bir dəfə istifadə edilə bilməyə istinad etmişdir ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ayrıca sərəncam mövcud olmadığından 3 və 9 saylı mənzillərin hər ikisinin dövlət və ya ictimai mənzil fondu hesab edilib-edilməməsinin araşdırılmasına, eləcə həqiqətən də bitişik 24 kv.m sahənin inşa edildiyinin aydınlaşdırılması zərurəti olmamışdır. Hər bir halda hüquqmüəyyənedici sənədin mövcud olmaması imtina üçün əsas qismində çıxış edir ki, mahiyyətini dəyişməyən imtina dəlillərinin əlavə olaraq araşdırılması zərurəti hal-hazırda müəyyən edilməməkdədir. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-739/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmşdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. İddiaçı əvvəlki Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixədək verilmiş mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-478/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-478/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver