Məhkəmə qərarları › İş №e-2-1(112)-4780/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4780/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4780/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 hektar olan 5168B nömrəli bağ (torpaq) sahəsi üzərində iddiaçının hüquqlarının tanınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan, 5168B nömrəli bağ (torpaq) sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 hektar olan 5168B nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhər icrayyə komitəsinin xx.xx.1991-ci il tarixli, 1/16 nömrəli qərarı və Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 6 nömrəli orderinə əsasən iddiaçının istifadəsinə verilmişdir. əmin vaxtdan təxminən 33 ildən artıqdır ki, bağ sahəsi onun istifadəsindədir. Qeyd edilən sənədləri əlavə etməklə, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Hesab edir ki, cavabdehin göstərilən hallara əsaslanmaqla imtinası əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində ərizəçi tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsinin idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur. Belə ki, göstərilən sahə sxematik xəritəyə əsasən Bağ Tikinti Kooperativinə deyil, bağçılıqyoldaşlıq təsərrüfatına ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Eyni nömrəli torpaq sahəsi digər şəxsin -X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, X2 adına özgəninkiləşdirilmişdir. Bundan başqa, təqdim olunmuş sənədlər surətdir və təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Sənədlər arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəd və orderdə ata adı “Həxi”, arxiv çıxarışında “Haxi” qeyd olunmuşdur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq 07 mart 2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0,1422 ha təşkil edir (0.0222 ha artıqdır). Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Göstərilən torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə sxematik xəritəyə əsasən Bağ Tikinti Kooperativinə deyil, bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Eyni nömrəli torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçının əvvəli müraciəti zamanı təqdim olunmuş sənədlər surətdir və təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Sənədlər arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəd və orderdə ata adı “Həxi”, arxiv çıxarışında “Haxi” qeyd olunmuşdur. Cavabdehin məhkəmə sorğusuna 18 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhər İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 saylı qərarı ilə 215 saylı BTK nəzdində Ləhiş bağ massivində 0.12 hektar torpaq sahəsi olan 5168b saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order), eləcə də 215 saylı BTK aid bölgü sxemi idarənin arxivində aşkar edilməmişdir. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 1/16 nömrəli qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, 215 №-li Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı 6-cı sırada göstərilmişdir. Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 6 saylı orderdən görünür ki, Bakı şəhər İcraiyyə komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarına əsasən iddiaçıya Ləhiş bağlar sahəsində 215 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5168 Б nömrəli bağ ayrılmışdır. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 6 saylı orderə əsasən Bakı şəhər İcraiyyə komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarına ilə iddiaçıya Ləhiş bağlar sahəsində 215 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5168 Б nömrəli bağ ayrılmışdır. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 1/16 nömrəli qərarına əlavə edilmiş 215 №-li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı 6-cı sırada göstərilmişdir. İddiaçı həmin sənədlərə əsaslanaraq bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ona imtina cavabı vermişdir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, ərizəçi tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, eyni nömrəli torpaq sahəsi digər şəxsin - X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, X2 adına özgəninkiləşdirilmişdir. Təqdim olunmuş sənədlər surətdir və təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Sənədlər arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəd və orderdə ata adı “Həxi”, arxiv çıxarışında “Haxi” qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, qeyd olunan əsaslar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, bağ sahəsinin nömrəsinin sxematik xəritəyə uyğun olmaması müvafiq bölgünü aparan inzibati orqanların və ya mütəxəssislərin məsuliyyətidir ki, iddiaçı bununla bağlı məsuliyyət daşıya bilməz. Eyni zamanda digər şəxsin adına eyni nömrəli bağ sahəsinin qeydə alınması da iddiaçının təqsiri ucbatından baş verməmişdir. Belə ki, iddiaçı ona ayrılmış bağ sahəsini faktiki istifadə edir və həmin bağ sahəsinə hər hansı digər şəxsin iddiası mövcud deyil. Bağ sahəsi hər hansı şəxsə ayrılmış bağ sahəsi ilə üst-üstə düşmür. İddiaçının ata adının bəzi sənədlərdə “Haxi”, bəzilərində isə “Həxi” kimi qeyd olunmasına gəldikdə məhkəmə hesab edir ki, bu texniki məsələdir və hüquqların qeydə alınmas üçün imtinaya əsas ola bilməz. Belə ki, qeyd olunan hüquq müəyyənedici sənədlər sovet dövründə, yəni dövlət sənədlərində əsas dil kimi rus dilinin istifadə edildiyi dövrdə verilmişdir. Belə olan halda iddiaçının ata adının bəzi sənədlərdə “Haxi” kimi yazılması orfoqrafik qaydalarının tələbləri ilə bağlıdır. Rus əlfbasında “ə” saiti olmadığı üçün “Həxi” adı həmin sənədlərdə rus əlifbasına uuğun olaraq “Haxi” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi əsaslar həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 5168B nömrəli bağ (torpaq) sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 hektar olan 5168B nömrəli bağ (torpaq) sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar