Məhkəmə qərarları › İş №e-2-1(112)-4795/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4795/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4795/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisinə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisinə qarşı əmrlərin ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddət ərzində heç bir əsas və səbəb göstərilmədən 01 oktyabr 2021-ci il tarixli və 18 dekabr 2021-ci il tarixli əmrlərlə rüblük mükafatdan məhrum edilmişdir. İddiaçı hesab edir ki, həmin əmrlər inzibati icraatla bağlı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş, əmrlər qəbul edilərkən inzibati icraat aparılmamış, qərəzli münasibət göstərilmiş, bununla bağlı rəsmi məlumat verilməmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, əmək, hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Ümumilikdə həmin əmrlərdən görünür ki, Hərbi Hospitalın rəisi tərəfindən qəbul edilmiş hər iki əmr hərbi rütbə daşıyan hərbi qulluqçular barədə olmamış, orada işləyən mülki işçilər barəsində olmuşdur ki, mübahisələndirilən hissədə həmin əmrlər mülki işçi olan iddiaçıya münasibətdə pul mükafatından məhrum edilmə barədədir. Məhkəmə hesab edir ki, həmin hallar əmr formasında olsa da cavabdehin qəbul etdiyi qərarların publiklik əlaməti daşımaması, inzibati akt xüsusiyyətlərinə malik olmaması üçün yetərlidir. Belə ki, həmin əmrlər hərbi qulluqçu barədə yox, mülki işçi barədə olmuşdur ki, bu zaman tərəflər arasında yaranmış mübahisənin həlli Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəyə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Qanunvericiliyin tələbindən də görünür ki, mükafatlar əmək haqqının tərkibinə daxil olan ödəmələrdən biridir ki, əmək haqqının ödənilməsi, ödənilməməsi, ondan məhrum etmə fərdi əmək mübahisəsinin predmeti qismində çıxış edir ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinin həlli isə inzibati yox, mülki işlərə baxan rayon məhkəməsinin səlahiyyətində olan məsələdir. Bu zaman iddiaçı barəsində qəbul edilmiş cavabdehin qərarlarının əmr, sərəncam, qərar və ya başqa formada qəbul edilməsi isə onun qəbul etdiyi aktların publiklik əlamətləri daşımamasına təsiri mövcud deyil. Digər bir ifadə ilə inzibati orqanın təbii haldır ki, dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və ya hərbi qulluqçu statusunda olan şəxslərə münasibətdə qəbul etdiyi aktların inzibati akt xüsusiyyətinə malik olması şübhə doğurmamaqla hazırkı icraat qaydasında baxılması üçün də əsas yaratmış olur. Səbəb isə onunla bağlıdır ki, inzibati orqan qeyd olunan statusa malik şəxslərə münasibətdə bərabərtərəfli subyekt hesab edilmir, hakimiyyət səlahiyyətinə malikdir, tərəflər arasında tənzimlənən mübahisə publiklik əlaməti daşıyır. Lakin, işəgötürən inzibati orqan olsa belə hərbi qulluqçu, xüsusi rütbəli şəxs olmayan, dövlət qulluqçusu statusunda olmayan işçiləri kimi mülki işçilərinə münasibətdə hər hansı hakimiyyət səlahiyyətinə malik olmur, münasibət publiklik əlaməti daşımır və ən əsası da həmin münasibətlərin, eləcə də aralarında yaranmış mübahisənin tərəfləri kimi hər ikisi bərabərtərəfli subyekt qismində, yəni işəgötürən və işçi qismində çıxış edir. İddiaçı isə bərabərtərəfli subyekt qismində çıxış etdiyi mübahisə üzrə məsələnin həllini mülki icraat qaydasında rayon məhkəməsində həll etmək əvəzinə inzibati qaydada həll etməyə yönələn iddia vermişdir ki, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qəbul edilmiş əmrlərin yönəldiyi subyekt dairəsi mülki işçisinə aid olduğundan onun qəbul etdiyi akt onun inzibati akt qəbul etmək səlahiyyəti olub-olmamasından asılı olmayaraq ən azından hazırkı fərdi əmək mübahisəsinə münasibətdə inzibati akt xüsusiyyətinə malik deyil. Belə ki, inzibati akt ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməlidir ki, hazırda mübahisələndirilən əmrlər isə publik hüquqi sahəsinə aid olan məsələni yox, bərabərtərəfli işəgötürən kimi işçisinə münasibətdə əmək hüququna aid olan məsələnin həllinə yönəlmişdir. Bu zaman həmin məsələnin həllinə yönələn tədbirin akt, hərəkət və hərəkətsizlik olması da məsələnin mahiyyətini dəyişmir. Necə ki, Nərimanov Rayon Məhkəməsində orta aylıq əmək haqqının ödənilməsinə münasibətdə məhkəmə iddiaçıya münasibətdə özünü səlahiyyətli saymış və işin mahiyyəti üzrə qiymətləndirilməli olmasına dair yekun məhkəmə aktı qəbul etmişdir ki, hazırkı mübahisənin həlli də məhz rayon məhkəməsində həll olunmalıdır. Halbuki, inzibati məhkəmələr publiklik əlaməti daşıyan münasibətlərdə təkcə inzibati aktın qəbulu, ləğvi və s ilə bağlı mübahisələrə yox, həmçinin də inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı iddialara da baxır ki, iddiaçı cavabdeh tərəfindən faktiki xarakterli hərəkət və hərəkətsizliyi rayon məhkəməsində,qəbul etdiyi aktları isə inzibati qaydada mübahisələndirməyə yönələn iddia qaldırmışdır. Halbuki hər iki mübahisə işçi və işəgötürən arasında bərabərtərəfli subyektlər arasında yaranan mübahisə olduğundan rayon məhkəməsi tərəfindən qiymətləndirməli olan məsələdir və publiklik əlaməti daşımır. Beləliklə, fərdi əmək mübahisəsi ilə bağlı hüquq münasibəti isə iddiaçı və cavabdehin statusu nəzərə alınmaqla publiklik əlamətlərini daşımadığından, yəni iddiaçıya münasibətdə cavabdeh hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, tərəflər fərdi əmək mübahisəsi üzrə əmək qanunvericiliyinin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfləri kimi müvafiq olaraq işçi və işəgötürən hesab edildiyindən, tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr əmək qanunvericiliyi çərçivəsində realizə olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Sadalanan normaların tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, qurumun hətta inzibati akt qəbul etmək səlahiyyətinə malik olması belə fərdi əmək mübahisəsinə baxılmasının mütləq qaydada inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməsinə dəlalət etmir. Belə ki, inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqan dövlət qulluqçusu, hərbi qulluqçu, xüsusi rütbəli şəxs kimi xüsusi kateqoriyaya malik olan şəxslərə münasibətdə hakimiyyət səlahiyyətlərini həyata keçirən qurum qismində çıxış etdiyindən işdən azad olunma, məzuniyyətin verilməsi, əmək haqqının ödənilməsi və həmin şəxslərlə bağlı digər sənədləşmə çərçivəsində qəbul edilən əmr, qərar və sərəncamlar inzibati akt üçün nəzərdə tutulmuş xarakterə malikdir. Həmin qurumlarda göstərilən kateqoriyaya malik olmayan şəxslər isə tərəflər arasında qarşılıqlı razılaşma əsasında bərabərhüquqlu tərəf kimi əmək müqaviləsinə əsasən qarşılıqlı hüquq və vəzifələr daşıdığından burada hakimiyyət səlahiyyətindən və qeyri-bərabər mövqedən, dolayısı ilə işə inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1232/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi İş № 2-1(102)-711/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarında, 2-1(102)-416/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarında hər nə qədər indiki mübahisə ilə birşbaşa əlaqəli olmasa da, cavabdeh inzibati orqanlar tərəfindən inzibati akt formasında qəbul edilmiş qərar, sərəncamların mahiyyət baxımından inzibati akt olmamasına istinad edərək iddiaların qeyri-mümkün olmasına dair mövqe nümayiş etdirmişdir ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə də həmin mövqe nəzərə alınmalı əmr formasında olsa da iddianın hazırkı icraat qaydasında yox, mülki icraat qaydasında baxılmalı olması nəzərə alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hazırkı mübahisə inzibati mübahisə olsa belə işə baxılması inzibati qaydada hazırkı halda mümkün deyil. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdeh inzibati orqana qarşı yox, inzibati orqanın Hospitalının vəzifəli şəxsinə qarşı qaldırılmışdır. Qeyd olunmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsindən də göründüyü kimi fiziki şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməmişdir. Lakin, sadalanan qanunvericilik aktlarında fiziki şəxslərin inzibati orqan qismində çıxış etməsi onun inzibati akt qəbul etməyə səlahiyyətli olub-olmamasından asılı edilmişdir. Belə ki, qanuna əsasən yalnız inzibati akt qəbul etmək səlahiyyətinə malik olan fiziki şəxslər inzibati orqan qismində çıxış edə bilər. İddiaçı isə Hərbi Hospitalın rəisini cavabdeh qismində müəyyən etməklə iddianın mümkünlük şərtinin ödənilməməsinə səbəbiyyət vermişdir. Əlavə olaraq qeyd edilir ki, “İnzibati orqanların Təsnifatı”nın 37-ci hissəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə yanaşı, ona tabe olan qurum kimi Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri inzibati orqan qismində çıxış edir. Göründüyü kimi nə Hərbi Hospitalın vəzifəli şəxsinin, nə də Hərbi Hospitalın özünün cavabdeh qismində iddia ərizəsində qeyd edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə də, hər nə qədər mübahisə fərdi əmək mübahisəsi olsa da, iddia ərizəsinin mümkünlük şərtlərini digər hissələrdə də yoxlamış və müəyyən etmişdir ki, iddia düzgün olmayan cavabdehə qarşı yönəlmiş, vəzifəli şəxs cavabdeh qismində qoyulmuş, nə onun nə də Hərbi Hospitalın ümumiyyətlə inzibati icraatda cavabdeh qismində müəyyən edilməsinin yolverilməzliyi nəzərə alınmamışdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddia hesab ediləcəyi təqdirdə belə Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. Hazırkı iş üzrə də iddiaçı ən azından Nərimanov Rayon Məhkəməsinə verilən iddiadan müəyyən edilir ki, mükafatlardan məhrum edilməsindən məlumatlı olmuşdur. Qeyd olunmalıdır ki, həmin vaxt mükafatlardan məhrum edilmə barədə əmrlər rəsmi qaydada şəxsə təqdim edilməsə belə mükafatlardan məhrum olmadan məlumatlı olma qanunvericiliklə məlumatlı olduğu andan nəzərdə tutulmuş iddia müddəti çərçivəsində müraciət etməyə imkan yaradır ki, hazırda mübahisələndirilən əmrlərdən görünür ki, əmrlər 2021-ci il tarixli olmaqla qəbul edildiyi və iddiaçının məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilmişdir. Halbuki cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən də müəyyən edilir ki, nəinki rayon məhkəməsində iddia verilərkən, ən azından 01 iyul 2022-ci il tarixdə əmək kitabçası iddiaçıya təqdim edilərkən ödənişlər edilərkən iddiaçı mükafatlardan məhrum edilməsindən məlumatlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar