Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4800/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı (üçüncü şəxs X3) “əmək müqaviləsinə dəyişikliyin qeydə alınması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyət cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək və Məşğulluq” altsistemində X1 xx.xx.2023-cü il tarixli, 12JX37P0001X0 nömrəli bildirişində əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilərək, Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 1046 nömrəli məktubla cavabdehə müraciət edilərək, Bankın “Yasamal” filialının direktorunun İstehlak kreditləri üzrə müavini vəzifəsində çalışmış X1 əmək müqaviləsinə xitam verilərkən, xx.xx.2023-cü il tarixli, 253-K nömrəli əmrdə və ******* nömrəli əmək kitabçasında müqaviləyə xitam verilməsinin əsası olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) qeyd edilsə də, müvafiq məlumatlar ƏMAS-a (Əmək və Məşğulluq altsistemi) daxil edilərkən texniki olaraq, Məcəllənin aidiyyəti maddəsinin “a” bəndi əvəzinə, “b” bəndinin (əmək müqaviləsinin müddətinin qurtarması) seçildiyi qeyd edilmiş və ƏMAS-da X1 xx.xx.2023cü il tarixli, 12JX37P0001X0 nömrəli bildirişində əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilərək, Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin qeyd edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən Banka ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-74304/2024 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”yə əsaslanaraq, Xidmətin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olması qeyd edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam maddəsinin dəyişdirilməsinin Xidmətin vəzifəsi olaraq müəyyən edilmədiyi göstərilmiş və müraciətiyətləri üzrə müvafiq texniki dəyişikliyin edilməsindən imtina olunmuşdur. Əlavə olaraq, məktublarında qeyd olunan məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyinizin məqsədəuyğun olduğu vurğulanmışdır. Qeyd olunan məktub əsasında xx.xx.2024-cü il tarixində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142" Çağrı mərkəzi ilə əlaqə yaradılmış və operatora ƏMAS-a texniki olaraq yanlış daxil edilən müvafiq məlumatların dəyişdirilməsi üçün hansı quruma müraciət etməli olduğuna aydınlıq gətirilməsi üçün sorğu ünvanlanmışdır. "142" Çağrı mərkəzinin operatoru ƏMAS-da qeyd edilən texniki düzəlişlərin X5 Xidməti tərəfindən edildiyini bildirmişdir. Cavabdeh iddiaya yazılı münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”yə əsasən Xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Göstərilənləri nəzərə alaraq Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır və iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid olmadığından belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisəsinin predmetidir və bu mübahisələrin həlli ilə bağlı öhdəliklər əmək müqaviləsinin tərəflərinin üzərinə qoyulmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş məlumatlara dəyişikliklərin edilməsi ilə bağlı işəgötürən tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflər arasında əldə edilmiş barışıq sazişi və ya məhkəmənin qərarı, habelə qeyd edilən sənədlərin icrası ilə bağlı müvafiq təsdiqedici sənədlər təqdim edilməklə Xidmətə müraciət edildiyi təqdirdə icrasına qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 253/K nömrəli əmrindən görünür ki, xx.xx.2023 tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) Yasamal filialının Filial direktorunun istehlak kreditləri üzrə müavini X1 əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasından görünür ki, X3 xx.xx.2008-ci il tarixində İddiaçı ASC-nin istehlak kreditləri bölməsinin kiçik mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 05.05.23-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsiin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. 12JX37P0001X0 nömrəli xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən İddiaçı ASC işçi X1 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə 68.2b, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 253/K, xx.xx.2023-cü il tarixli əmr ilə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində Z.İbrahimxəlilovun əmək müqaviləsinə xitam verilməsi əsasının düzgün qeyd edilmədiyinə istinad edərək, onun dəyişdirilməsini cavabdehdən xahiş etmişdir. X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “k” bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”yə əsasən Xidmət mülkiyyət və təşkiiati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Reşpublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam maddəsinin dəyişdirilməsi Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. İşdən görünür ki, iddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: - maddə 49.5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. -maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. -maddə 84. 1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ına əsasən: -bənd 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. -bənd 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. 6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Beləliklə, istinad olunan normalardan görünür ki, əmək müqaviləsinə xitam verilməsinin əsası əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrində göstərilməli olan məlumatlara aid edilmiş, onun göstərilməməsi həmin əmrin əmr (sərəncam, qərar) məhkəmə tərəfindən etibarsız hesab edilməsinə səbəb kimi təsbit olunmuşdur. İşdən görünür ki, iddiaçı üçüncü şəxslə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam versə də, həmin əmrlə bağlı məlumatları cavabdehin operatoru olduğu “Əmək və məşğulluq” altsisteminə daxil edərkən texniki səhvə yol vermiş və əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini (əmək müqaviləsinin müddətinin qurtarması) qeyd emişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə görə: -bənd 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. -bənd 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. -bənd 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.2. “Əmək və məşğulluq” altsistemi; -bənd 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.2. “Əmək və məşğulluq” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi. -bənd 5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır: 5.0.1. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq; 5.0.5. MEİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək; 5.0.13. MEİS-də yaradılan elektron imkanlar vasitəsilə, istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək; 5.0.14. əlaqələndirici qurumun əsaslandırılmış tələbinə uyğun MEİS-in fəaliyyətini təşkil etmək, onda dəyişiklik etmək və təkmilləşdirmələr aparmaq; -bənd 6.2. MEİS-in operatorunun vəzifələri aşağıdakılardır: 6.2.1. məlumatların mötəbərliyinin MEİS-in nəzarətində saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanlarını təmin etmək; -bənd 7.0. MEİS-in istifadəçilərinin aşağıdakı hüquqları vardır: 7.0.1. MEİS vasitəsilə müvafiq sahədə xidmətlərdən istifadə etmək; 7.0.5. MEİS-də özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək; Göründüyü kimi, qanunverici “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş məlumatların mötəbərliyinin təmin edilməsini həmin sistemin operatoru olan cavabdehin vəzifəsi kimi müəyyən etmiş, istifadəçi olan iddiaçıya isə səhv məlumat aşkar etdikdə onun dəyişdirilməsini tələb etmək hüququ vermişdir. İşin hazırkı hallarından görünür ki, “Əmək və məşğulluq” altsisteminə üçüncü şəxs Z.İbrahimxəlilovun əmək müqaviləsinə xitam verilməsi əsası barədə daxil edilmiş məlumat düzgün olmadığından, həmin səhv məlumatın düzəldilməsini tələb etməkdə iddiaçı haqlıdır. Cavabdeh bu məsələnin onun səlahiyyətinə aid olmadığını bildirsə də, “Əmək və məşğulluq” altsisteminin operatoru, yəni sahibi olduğunu və iddiaçının həmin altsistemdəki məlumata dəyişiklik etmək üçün texniki imkanının olmadığını nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na əsaəsn: -bənd 1.2.9. dövlət informasiya ehtiyatının və sisteminin operatoru – dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya onun bu sahədə fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə həvalə etdiyi qurumdur. -bənd 3.1. Dövlət informasiya ehtiyatının və sisteminin normativ hüquqi aktlara uyğun olaraq aparılmasına nəzarət həmin informasiya ehtiyatının və sisteminin sahibi və operatoru tərəfindən həyata keçirilir. Bundan əlavə, cavabdeh iddiaçıya fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət edilməsini bildirsə də, iş üzrə işçi və işəgötürən arasından müqaviləyə xitam verilmə əsası ilə bağlı tərəflər arasında hər hansı bir mübahisənin olmamasını nəzərə almamışdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh “Əmək və məşğulluq” altsisteminin sahibi olmaqla orda saxlanılan məlumatların düzgünlüyünə cavabdehdir və hazırda həmin sistemə daxil edilmiş məlumat səhv olduğundan onun aradan qaldırılması üçün iddiaçının müvafiq texniki imkanla təmin edilməsi də onun vəzifəsidir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin edilsin. “Əmək və məşğulluq” altsistemində X2 dair xx.xx.2023-cü il tarixli, 12JX37P0001X0 nömrəli bildirişdə əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilərək, Azərbaycan Respublikası Əmək Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin qeyd edilməsi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müvafiq texniki imkanın təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova