Məhkəmə qərarları › İş №e-2-1(112)-4813/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4813/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4813/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı xx.xx.1990-cı ildə Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 17 nömrəli qərarına əsasən mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna küçəsi 435 nömrəli sahədə ayrlmış 875 kv metr torpaq sahəsinə dair cizgi sxeminin (plan cizgisinin) verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması ilə bağlı qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 17 nömrəli qərarı ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 435 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün 875 kv metr torpaq sahəsi mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılmışdır.Qeyd edilən sərəncam arxivdə mövcuddur. Həmin torpaq sahəsindən bu günə qədər istifadə etsə də torpaq sahəsini özəlləşdirməmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün ona torpaq sahəsinin cizgi sxemi tələb olunur, odur ki, cavabdehə müraciət edərək torpağın cizgi sxeminin ona verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası əsassızdır və onun subyektiv hüquqlarını pozur. Sözügedən torpaq sahəsi ona qanuni şəkildə ayrılmışdır və hal-hazırda istifadəsindədir, buna görə də inzibati orqanın bu hərəkəti tamamilə qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin H.Z.Tağıyev adına X4 İdarəsinin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. ‘’Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2000-ci il tarixli, 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘’Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda sözügedən torpaq sahəsi ‘’Azneft’’ İstehsalat Birliyinin idarəçiliyində olduğundan hazırki inzibati iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinə cizgi və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi ilə məhkəmədə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2013-cü il tarixli 36/506 nömrəli Arxiv arayışı ilə təqdim edilmiş Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 17 nömrəli Qərarına əsasən, Buzovna qəsəbəsi, Gənclik küçəsi, 12 nömrəli evdə yaşayan BAİB-də şöbə müdiri vəzifəsində işləyən, mənzil növbəsinə olmayan, amma ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan, ailə tərkibi üç nəfərdən ibarət X1 Buzovna qəsəbəsində 435 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.m torpaq sahəsi ayrılmışdır. Tikinti yalnız təsdiq edilmiş 185-000-TTS seriyalı layihə əsasında aparılsın. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanan ərizəsində qeyd edilmişdir ki, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 17 №li, xx.xx.1990-cı tarixli qərarı ilə mənzil şəraitimin yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 435 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv metr torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsi İddiaçı həmin vaxt yerində ayrılmış və təqdim edilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da İddiaçı istifadəsindədir. İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasının təmin edilməsi üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna küçəsi 435 nömrəli sahədə ayrlmış 875 kv metr torpaq sahəsinə də cizgi sxeminin (plan cizgisinin) verilməsini xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12625/2025 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 875.0 kv.m təşkil edir. İki torpaq sahəsi eyni hasar daxilindədir (ara sərhədləri şərtidir). Göstərilən torpaq sahəsində tikili yoxdur. Faktiki olaraq göstərilən 875.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X Y

1. 420893.064 4485371.002

2. 420857.053 4485374.168

3. 420859.486 4485398.346

4. 420895.409 4485395.188 Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ). Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin bitişik qərb tərəfində və ətrafında çoxlu sayda ləğv olunmuş neft quyusunun baza məlumatları mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-23446/2025 nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 17 saylı qərarı ilə Buzovna qəsəbəsində 435 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.m ölçüdə torpaq sahəsi İddiaçı ayrılmışdır. Sözügedən qərar dövlət arxivinə təhvil verilmiş, lakin həmin qərarla birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər X2 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin araşdırılması zamanı torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin faktiki istifadədə olduğu, sənəd üzrə və faktiki olaraq 875 kvm olduğu, üzərində tikili olmadığı müəyyən edilmişdir. Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Təqdim edilmiş ərazinin ortofotogörüntüsündə də iddia olunan sahənin ətrafında fərdi evlər olmaqla ərazinin faktiki olaraq yaşayış məntəqəsi olduğu müşahidə olunmuşdur. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayırlması barədə Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 17 saylı qərarı hazırda qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisinin hüdudları daxilində olmaqla hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda həmin torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. Mütəxəssis rəyində qeyd edilən Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşməsinə gəlincə məhkəmə hesab edir ki, bu, mübahisəli torpaq sahəsinə dair cizgi verilməməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin mübahisəli ünvanda yerləşən torpaq sahəsi hasarlanmış və həmin torpaq sahəsi vahid elektron kaldastr məlumatlarına əsasən göstərilən sahə «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına aiddir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə mübahisəli torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti olaraq cavabdeh (hüquq sələfi) torpaq qanunvericiliyinin həmin vaxt qüavvədə olan tələblərinə uyğun hərəkət etmişdir. İkincisi, iddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Odur ki, bu hal qüvvədə olan inzibati aktın tərkibinə aid yerləşmə cizgisi kimi texniki sənədin verilməsini istisna etmir İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna küçəsi 435 nömrəli sahədə 875 kv.metr ölçüdə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar