Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4838/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi və "xxxx" MMC) “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 1.200 kv.metr sahəyə malik torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 1200 kv.metr sahəyə malik torpaq sahəsi Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 167 nömrəli sərəncamına əsasən əvəzi ödənilməklə (qəbzin surəti əlavəyə edilmişdir) ona satılmışdır. Daha sonra torpaqların alqı-satqısına dair akt tərtib edilərək ona təqdim edilmişdir. Həmçinin, Bakı şəhəri X2 İdarəsi tərəfindən cizgi planı təsdiq edilmişdir. Göründüyü kimi qanuna müvafiq olaraq ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.metr sahəyə malik torpaq sahəsini əldə etmişdir. Belə olduğu təqdirdə qanunun tələbi ilə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.metr sahəyə malik torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını zəruri hesab edir. Göründüyü kimi, bütün qanuni tələblər ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m sahəyə malik torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini şərtləndirir. Belə olduğu halda, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona məxsus əmlakın dövlət qeydiyyatına almasından imtina edilmiş və xx.xx.2024cü il tarixli, 3-21-3-30/2-Q-0683-8/2020 **********22 saylı məktubla cavab verilmişdir. İmtina məktubunda isə guya təqdim edilmiş sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, yerləşmə yeri müəyyən edilmədiyi qeyd edilmişdir. Beləliklə, sözügedən imtina onun hüquqlarının pozulmasının bariz nünuməsidir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.metr sahəyə malik torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir.
4. Cavabdeh imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair təsdiq edilmiş akt təqdim edilməmişdir. Həmçinin təqdim edilən yerləşmə cizgisində bələdiyyənin sərəncamına istinad edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və digər hüquqi şəxs "xxxx" MMC-nin adına istifadə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 1270 kv.m təşkil edir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir.
6. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 167 nömrəli sərəncamında qeyd edilmişdir ki, Səbail rayonu Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi. Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsinə dair sərəncam verilmişdir.
7. Torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 167 nömrəli sərəncamı əsas götürülərək Bakı şəhəri Səbail Bələdiyyəsi ərazisində 1200 kv.m torpaq sahəsinin haqqı ödənilmişdir.
8. 23.12.2005-ci il tarixli 027235 nömrəli kassa mədaxil orderinin qəbzində qeyd edilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri Səbail Bələdiyyəsinin kasasına torpağın alqı-satqısına görə 4992 AZM mədaxil edilmişdir.
9. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxem və xəritə çıxarışına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin sxem və xəritə çıxarışı tərtib edilmişdir.
10. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli sərəncam və ona əsas olan sənədlər Bələdiyyənin hazırki arxiv məlumat bazasında aşkar edilməmişdir.
11. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında Bakı şəhəri, Səbail rayonu, yerləşən göstərilən hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi sənədin ölçüsü 1200 kv.m və faktiki olaraq isə 1270 kv.m (70,0 kv.m əlavə sahə) təşkil edir. Torpaq sahəsi 4 tərəfindən daş hasara alınmışdır. Torpaq sahəsi üzərində tikili yoxdur.
12. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 yerləşən 1200 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair əmlaklara dair sənədlərə əlavə edilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 288 nömrəli sərəncamı ilə vət. B.X.Rəhimova Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Qeyd edilən həmin torpaq sahələrinə dair xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və müvafiq çıxarışlar verilmişdir.
13. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
17. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 167 nömrəli sərəncamı ilə Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə dair sərəncam verilmişdir. Həmin ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi müəyyən edilmişdir. İddiaçı adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edir.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
26. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
27. Məhkəmə hesab edir ki, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 167 nömrəli sərəncamı iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
28. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və digər hüquqi şəxs "xxxx" MMC-nin adına istifadə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir.
29. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. Məhkəmə cavabdehin imtinanın əsası kimi göstərdiyi bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilməsinə münasibətdə qeyd edir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Buna baxmayaraq nəzərə alınmalıdır ki, bələdiyyə sərəncamının bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilib-edilməsindən asılı olmayaraq, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd (sərəncam) qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
32. Bununla yanaşı cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 yerləşən 1200 kv.m torpaq sahəsinin 500 metr radiusunda qeydiyyatdan keçmiş əmlaklara dair sənədlərə əlavə edilmiş Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 288 nömrəli sərəncamı ilə vət. B.X.Rəhimova Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan 200 kv.m. torpaq sahəsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 529 nömrəli sərəncamı ilə vət. X1 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 yerləşən 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən həmin torpaq sahələrinə dair xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və müvafiq çıxarışlar verilmişdir.
33. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
34. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
35. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
36. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
37. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
38. Belə ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahələrə dair digər şəxslərin adına bələdiyyə sərəncamı əsasında çıxarışlar verilmişdir.
39. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.
40. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
41. Cavabdehin imtinasının digər əsası kimi göstərdiyi torpaq sahəsi digər hüquqi şəxs "xxxx" MMC-nin adına istifadə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh özü xx.xx.2025-ci il tarixli məktubda həmin dəlili təkzib etmişdir.
42. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
43. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva