Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4864/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 12 fevral 2024-cü il tarixli 1000/218ş nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı 2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini (ingilis dilində) təhsil alaraq fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin 2002- 2006-cı illərdə “İ.B Business Services" şirkətinin Tərcümə şöbəsində tərcüməçi vəzifəsində işləmişdir. Həmçinin 2006-2018-ci illərdə Bakı Slavyan Universitetində müəllim və baş müəllim vəzifələrində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" X4 şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Katibliyində Sənədlərlə iş şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən isə Gömrük Komitəsinin sərəncamına götürülərək xx.xx.2024-cü il tarixli, 1000/218Ş saylı əmrlə xidmətinə xitam verilmişdir. Əmrin səbəbi kimi isə onun təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçilməyindən imtina etməsi göstərilmişdir. Ancaq hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü iİ tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə Komitə Aparatının yeni struktur bölmələri yaradılmış, həmin idarələrin strukturu və ştat cədvəlləri təsdiq edilmiş, bir sıra vəzifələr ixtisar edilərək təşkilatı-ştat tədbirləri həyata keçirilmişdir. Bunu nəzərə alaraq “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”-nin 50-ci maddəsini nəzərə alaraq Komitə Əməkdaşları xx.xx.2023-cü il tarixli əmrlə sərəncama götürülmüşdür. İddiaçı da xx.xx.2023-cü il tarixdə ona müvafiq vəzifənin təklif edilməsi üçün Komitəyə dəvət edilmişdir. Həmin görüşdə ona "Azərterminalkompleks” Birliyinin Gömrük brokeri işinin təşkili şöbəsində kompüter operatoru vəzifəsi təklif edilmişdir və o da həmin vəzifədən imtina etmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərovun qəbulunda olan zaman ona Tibb Xidmət idarəsinin X6 Hosbitalında kadrlar üzrə mütəxəssi, Astara Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsində baş inspektor, "Azərterminalkompleks" Birliyinin Gömrük brokeri işinin təşkili şöbəsində kompüter operatoru və "Azərterminalkompleks" Birliyinin Sənəd dövriyyəsi şöbəsində baş mütəxəssis vəzifələri təklif edilmiş və o, həmin vəzifələrə keçməyinə razı olmamışdır. Həmçinin Azərbaycan Gömrük X3 Birliyinin xx.xx.2024-cü il tarixli protokolunda qeyd edilmişdir ki, onun barəsində Komitə tərəfindən xx.xx.2024-cü il tarixli təqdimatın araşdırılması gündəliyə daxil edilmişdir. İclasda çıxış edən X5 İdarəsinin inspektoru Dilarə Naftalıyeva bildirmişdir ki, xx.xx.2024-cü ildə İnsan Resursları İdarəsinə dəvət olunmuş və həmin görüşdə ona Tibb Xidmət idarəsinin X6 Hosbitalında kadrlar üzrə mütəxəssi, Astara Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsində baş inspektor və “Azərterminalkompleks" Birliyinin Sənəd dövriyyəsi şöbəsində baş mütəxəssis vəzifələri təklif edilmiş və o, həmin vəzifələrə keçməyinə razı olmamışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərə baxdı inzibati orqan tərəfindən və həmkarlar ittifaqları tərəfindən göndərilən məktublarda ziddiyətlərin olmasının şahidi olur. Belə ki, həmkarların cavabında İnsan Resurslarının nümyəndəsi ona 4 vakant vəzifə təklif edilmişdir, halbuki Dövlət Gömrük Komitəsinin 27 noyabr tarixli cavabında ona bir ştat yerinin, 05 fevral tarixli məktubunda 4 ştat yerinin təklif edildiyi göstərilmişdir. Bu ziddiyyətlərin olması İnzibati aktın qəbulunda müəyyən qanun pzountularının olmasına işarədir. Həmçinin inzibati orqan tərəfindən inzibati icraat hər tərəfli, obyektiv və aşkarlıqla aparılmalıdır və vəzifə səlahiyyətlərindən irəli gələrək hər tərəfli araşdırma aparmalıdır. İnzibati orqan qeyd edir ki, bəzi ştatlar yaranmağı və bəzi ştatların ixtisar edildiyi üçün 01 noyabr 2023cü ildə sərəncama götürülmüş və sonradan ona təklif edilən yerlərdən imtina etmişdir. Əvvəla onu bildirir ki, iddiaçı gömrük xidməti kapitanı olmuş və ona təklif edilən yerlər hazırkı vəzifəsindən və həmin vəzifələr üzrə təklif edilən maaş həmin vaxt aldığı maaşdan bir neçə dəfə az idi. Daha güclü səlahiyyətlərə malik inzibati orqan açıq-aşkar ona etdiyi təkliflə onun işdən çıxmağına səbəb olmuşdur. Gömrük orqanlarında Xidmət haqqında 1999-cu il tarixli əsasnamənin 2-ci bəndində qeyd edilmişdir ki, əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Hazırkı məsələdə də inzibati orqan ştat tədbirləri və ştat ixtisarı ilə əlaqədar onun sərəncama götürüldüyünü və daha aşağı maaşlı iş təklif edildiyini əsas gətirir. Halbuki burada da konkret olaraq onun vəzifəsinin dəyişdirilməsini əsaslandırmamışdır. Belə ki, gömrük orqanlarında xidmət haqqında əsasnamənin 2-ci bəndindən çıxış edərək hesab edirik ki, hazırkı mübahisəyə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndini əlavə edə bilərik. Belə ki, həmin bənddə qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların(bu əsaslara ştat ixtisar və s. aiddir) hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırkı mübahisədə də inzibati orqan tərəfindən ştat ixtisarı vəya tədbiri nəticəsi ilə xidmətə xitam verərkən onu əsaslandırmalı idi. Həmçinin Əmək Məcəlləsinin 78.3-cü maddəsinə əsasən Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Hazırkı iş üzrə də onun işinə xitam verilərkən olan vəzifəm ixtisar olunmamışdır və həmin vəifəyə digər şəxs təyin olunmuşdur. Həmçinin qeyd olunan normaların inzibati icraata tətbiq olunması inzibati icraatın mahiyyətinə də zidd deyildir. Həmçinin həmin əmr inzibati akt sayılır və həmin akt inzibati icraat nəticəsində qəbul edilmişdir. Həmin inzibati icraatın materiallarının əldə edilməsi üçün müraciət etsək də bizə heç bir məlumat verilməmişdir. Bundan əlavə əmrin ləğv edilməsi üçün inzibati orqana etdiyi müraciət də cavabsız qalmışdır. İtirilmiş prosessual müddətlə bağlı onu bildirir ki, onun həyat yoldaşı Komitədə işləmişdir və qanunsuz olaraq işdən azad olunmuşdur. Həyat yoldaşı ona görə susmuşdur ki, Komitə tərəfindən iddiaçının işinə maneçilik törədilməsin. Buna baxmayarq bu ilin fevral ayında onun bəhanə edilərək işdən azad edilməsi nəticəsində həyat yoldaşı müxtəlif orqanlara şikayətlər yazmağa başlamışdır. Həmin şikayətlərlə hesab etmişlər ki, məhkəməyə müraciət hüququnun müddəti ötürülməmişdir. Həmçinin inzibati qaydada şikayətlərə də cavablar gəlməmişdir ki, həmin qərarlardan məhkəmə qaydasında şikayət edə bilər. Hazırkı məsələyə də ən sadə məntiqlə baxsaq işdə müəyyən qaranlıq nüanslar olduğu açıq-aşkar görünür. Ona görə də hesab edir ki, prosessual müddətin bərpası nəticəsində əldə olunan nəticə ilə bərpa olunmaması nəticəsində qaranlıq qalacaq məsələsinin əsaslılığını və önəmlilik dərəcəsi müəyyən edilərək qiymət verilsin. Belə ki, prosessual müddətin bərpası nəticəsində məhkəmənin itirəcəyi ən pis ehtimalla qısa müddətli vaxt itkisi ilə müddətin bərpa olunması nəticəsində gömrük sahəsində böyük təcrübəyə malik və gələcək perespektivi olan vətəndaşa qarşı edilən hüquqpozmanının qarşısının alınması ehtimalının müqayisəli şəkildə nəzərə alıb qərar verilməsi daha məqsədə uyğundur. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Belə ki, İPM-ln 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandınlmalıdır. Həmin məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Yenə həmin məcəllənin 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Yenə həmin məcəllənin 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bu tələb Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - AR İPM) 35-ci maddəsində qeyd olunmuşdur. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. AR İPM başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İiddia mümkün sayılmadıqda məhkəmə AR İPM 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Belə ki, İddia müddəti iddiaçının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi üçün qanunverici iddianın məzmunundan asılı olaraq iddia müddəti müəyyənləşdirmişdir. AR İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, məcburetmə haqqında iddia isə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində, inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlı iddia müddəti isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək qaldırıla bilməsi (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) müəyyən olunmuşdur. AR İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin baxımı təqdim edilmə anından, təqdim edilmənin Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməli olduğunu qeyd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilmiş "məhkəmə hüququ" məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi 'köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o. hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu inzibati hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri -mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “E.Həkimovun şikayəti ilə əlaqədar” 03.11,2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinın) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrin xx.xx.2024-cü il tarixdə verildiyini bildiyi tarixdən bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. İş materallarına əlavə edilmiş iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair Komitənin xx.xx.2024-cü il tarixli 1000/218Ş nömrəli əmri iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilsə də iddiaçı qeyd olunan əmrin ona təqdim edilməsindən 9 (doqquz) ay 13 (on üç) gün sonra yəni xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırki iddia tələbindən də müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən işdən azad edildiyindən xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən də müəyyən edilir ki, iddaçı iddia müddətini ötürsə də iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı qeyd olunan əmri ilə onun hüquqlarının xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf ərizənin məzmununa uyğun izahat verərək, buraxılmış müddətin bərpa edilməsi, iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 1000/218Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən İddiaçı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə Keçirilməsi mümkün olmadiqda və ya həmin vəzifədən imtina etməsi əsası ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırkı iddiasında iddiaçı sözgedən əmrin ləğv edilməsini və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının əmrin ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, sözügedən xx.xx.2024-cü il tarixli 1000/218Ş nömrəli əmrin mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1000/218Ş nömrəli əmrin surətindən görünür ki, iddiaçı əmrlə tanış olması barədə həmin əmrin surətində xx.xx.2024-cü il tarixdə imza etməklə əmrin surətini əldə etmişdir. Beləliklə, iddiaçının ən geci xx.xx.2024-cü il tarixdə işdən azad edildiyi əmrin surətində imza etməklə həmin əmrin surətini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğu təsdiq olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmaması da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.2024cü il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. - 24.6-cı mddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Hazırkı iş üzrə iddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi ərinin həmin Komitədə işləməsini, mühisələndirilən əmrdən yuxarı orqanlara şikayət verməsini qeyd etmişdir. Məhkəmə qeyd edilənləri iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi iddiaçı sözügedən əmrdən əmr ona elan olunduğu vaxtdan məlumatlı olmuşdur. İddiaçının əri ilə eyni iş yerində işləməsi mümkün olduğu kimi, həmin iş yerinə bərpası üçün xidmətdən azad edilmə barədə məlumatlı olduğu vaxtdan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını istisna edən hər hansı hal mövcud olmamışdır. Digər tərəfdən, iddiaçı yuxarı inzibati orqanlara şikayətlə müraciət etdiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddialar üçün iddiaçı tərəfin hüququnu pozan inzibati aktların ləğvi ilə bağlı ilkin müraciət etməsinə zərurət yoxdur. Qeyd edilən iddiaçı üçün əliverişsiz inzibati aktlar birbaşa məhkəmədə mübahisələndirilə bilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddəti ötürülmüşdür, müddətin ötürülməsinin üzrlü səbəbləri müəyyən edilmədiyindən müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 24.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Prosessual müddətin bərpa edilməsinin əksinə müddətin bərpa edilməməsi barədə qərardaddan şikayət verilə bilər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4864/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4864/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver