Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4868/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “1651” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, etibarnaməyə əsasən hüquq sahibi Aliyev Namik əcnəbidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1276 nömrəli sərəncamında ayrılan torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir, eləcə də sərəncam əsasında tərtib edilmiş order təqdim edilməmişdir. Həmçinin order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “1651” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonar iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “1651” saylı torpaq sahəsi üzərində iddiaçının hüquqlarının (bir il müddətində özgəninkiləşdirilməsi şərtilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “1651” saylı torpaq sahəsinin (bağın) istifadəyə verilməsinə dair Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında 13 sentyabr 1994-cü il tarixli, 1276 saylı Müqavilə bağlanmış və Müqavilə əsasında qeyd edilən əmlak (bağ sahəsi) iddiaçının istifadəsinə və mülkiyyətinə verilmişdir. Cavabdehin ilk dəlili iddiaçı əcnəbi olduğundan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqdan imtina ilə bağlıdır ki, qanunverici birbaşa olaraq iddiaçının adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna edən hər hansı hal müəyyənləşdirməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər. Həmçinin, qanunvericiliyə görə əcnəbi və ya vətəndaşı olmayan şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər ölkənin vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Lakin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi əvəzsiz olaraq ona verilmiş, torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını verilməsidir. Qeyd etmək lazımdır ki, iddiaçı istifadəsində olan torpaq sahəsini özəlləşdirmək (öz mülkiyyətinə keçirmək) imkanını həyata keçirə bilməmişdir. Çünki qanuni əsasla mövcud olan hüquqlar dövlət qeydiyyatına alınmadan və müvafiq çıxarış təqdim edilmədən hər hansı özgəninləşdirmə mümkün deyildir. Hazırkı halda, iddiaçı yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmişdir (bu hal tərəflər arasında mübahisələndirilmir). İddiaçının ona verilmiş hüquqlardan istifadə edə bilməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır. Hansı ki, bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 saylı, Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli, 195 saylı Qətnaməsinə, xx.xx.1994 tarixli 62 saylı protokola əsaslanaraq həmin müddət vətəndaş olan iddiaçıya Goradil BTK №89, bağ 1651 saylı bağ sahəsinin ayrılması ilə bağlı qərar vermişdir. İddiaçının müvafiq müarciəti əsasında, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli, 3-52/2-S-155-112/2024 saylı arxivdən Çıxarış təqdim etmişdir və qeyd edilən sahənin iddiaçının istifadəsinə verilməsi təsdiq edilmişdir. Həmçinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamına görə, yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv olunmuş və onların arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, müvafiq qeydiyyat hərəkətlərinin aparılması məqsədilə cavabdehə təqdim olunmuş sərəncam (çıxarış) həmin qeydiyyat hərəkətlərinin aparılması üçün əsas kimi çıxış etmişdir. Sərəncamın və orderin əslinin arxivdə aşkar edilməməsi iddiaçının təqsiri deyildir. Habelə, bu hal qeyd edilən müqavilənin etibarlılığına şübhə ilə yanaşmağa əsas deyildir. Həmçinin cavabdehə müqavilənin əslinin təqdim edilməsi, onun tərəfindən müvafiq hərəkətlərin edilməsi üçün məcburi xarakter daşıyır. Sözügedən torpaq sahəsinin faktiki ölçüsünün göstərilməməsi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, göstərilən tələb formal tələbdir. Ölçü barədə məlumat cavabdehə münasibətdə kifayət qədər əlçatandır. Həmçinin təqdim edilmiş sübutların yetərsizliyi cavabdehi məsələ ilə bağlı sübutları öz imkanları hesabına toplamaq və ya məsələyə mahiyyəti üzrə baxmaq vəzifəsindən azad etmir. Cavabdeh belə şəraitdə əlavə sübut toplamağa məcbur hesab edilməlidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, hüquq sahibi Aliyev Namik əcnəbidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1276 nömrəli sərəncamına dair təqdim edilən arxiv arayışında ayrılan torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir, eləcə də sərəncam əsasında tərtib edilmiş order təqdim edilməmişdir. Həmçinin order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən sahənin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin elektron kadastr baza məlumatına əsasən sahənin yol tərəfindən 159 mm-lik orta təzyiqli qaz xəttinin keçdiyi məlum olmuşdur. Eyni zamanda ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1276 nömrəli sərəncamından görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 saylı, Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli, 195 saylı Qətnaməsinə əsasən Goradil BTK №89, bağ 1651 saylı bağ sahəsinin İddiaçı Fərman oğlunun istifadəsinə verilməsi qərara alınmışdır. 89 saylı BTK tərəfindən verilmiş 6 nömrəli orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1994-cü il tarixli 1276 nömrəli qərarına əsasən İddiaçı Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan “1651” nömrəli bağ ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-4067/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, hazırda istinad edilən mövcud bazaya əsasən 89 saylı bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1651 saylı bağ sahəsinə dair order idarənin arxivində aşkar edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli 1276 saylı sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində İddiaçı Fərman (sənəddə olduğu kimi) oğlunun adına Göradil BTK № 89 bağ 1651 qeyd edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-12627/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, ümumi 4675.0 kv.m olan hasardaxili ərazidə 1651 saylı bağ sahəsi kimi şərti göstərilən sahə faktiki olaraq 1200.0 kv.m təşkil edir. Göstərilən sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Qeyd olunan ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1650 və 1640 ilə başlayan bağların ərazisinə uyğun gəlsə də, dəqiq hansı bağ sahəsinə uyğun olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahədən (yol hissədən) 159.0 mm-lik orta təzyiqli qaz xətti keçir (yeraltı və ya yerüstü olması barədə məlumat yoxdur). Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, 1651 saylı bağ sahəsi kimi göstərilən sahə ümumi hasar daxilindən şərti olaraq göstərilir. Sahədə tikili yoxdur. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bağın sənəd üzrə sahəsi məlum deyil. Ümumi ərazidə bağ sahələrinin yerləşməsi ardıcıllığı sxematik xəritə ilə uyğunsuzluq təskil edir. Ümumi sahədə 1651 saylı bağ sahəsi kimi şərti olaraq bildirilən 1200.0 kv.m sahənin koordinatları əlavə olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda bağ sahəsinin ona verildiyini iddia edərək, həmin sahəyə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və orderi təqdim etmişdir. Lakin işdə olan Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, 22 mart 1965-ci il təvəllüdlü İddiaçı Fərman oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İşdə olan ******* nömrəli pasportdan görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderləri hüququn qeydə alınması üçün əsas kimi müəyyən etsə də, burada hansı hüququnun nəzərdə tutulması "Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsi ilə müəyyən edilir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli qərarı ilə 1651 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçının həmin bağ sahəsinə istifadə hüququnun deyil, mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsinin hüquqi əsası isə "Torpaq islahatı haqqında" Qanunun 9cu maddəsidir. Çünki məhz həmin norma ilə vətəndaşların qanuni istifadəsindəki kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edildi. Lakin həmin Qanun bu hüququ istifadəsinə bağ sahəsi verilmiş bütün şəxslərə deyil, yalnız vətəndaşlara aid edərək, əcnəbilərə yalnız icarə hüququ əsasında Azərbaycan Respublikasında torpaq sahəsi verilməsini təsbit etmişdir. Belə olan halda isə, aydın olur ki, iddiaçının qanuni istifadəsində olan bağ sahəsinə Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsi ilə mülkiyyət hüququ yaranmadığından, o hazırkı tələb ilə çıxış edə bilməz. O da qeyd edilməlidir ki, qanunvericilik həmin sənədi əcnəbinin mülkiyyət hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutmadığında iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti”nin yaranmasına istinad edə bilməz. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən 1651 saylı bağ sahəsinə mülkiyyət hüququ yaranmadığından onun hazırkı tələbi əsaslı olmamış, buna görə də cavabdeh haqlı olaraq iddiaçının tələbini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4868/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4868/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver