Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4878/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "1-ci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bədən sağlamlığının istehsalat zədəsi nəticəsində 81-100 faiz pozulması, 1-ci dərəcəli müddətsiz əlillik qeyd edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin qeyri obyektiv 3 dəfə bir-birinə əks etdirən rəy verərək əlillik meyarını düzgün təyin etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0108003AAEP2 saylı göndərişiəsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlil; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q10-Q18 - Göz, qulaq, üz və boynun anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q11 - Anofta...; Diaqnozun mətni: Anoftalm, mikroftalm və makroftalm, OS anoftalmiya (protez). Ağırlaşma Birincili açıqbucaqlı qlaukoma, OS terminalağrılı qlaukoma.VİSÖD=0.3 k/etmir (onda üç), Visos=0 (sıfır) anoftalm; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” səbəbi ilə müddətsizəlillik dərəcəsi verilmişdir. iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasımeyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq müddət təyin edilmişdir.Artıq yeni qaydalar təyin ediləndə ilkin əlillik 1962-ci ildən 1972-ci ildə istehsalat zədəsiylə baglı qərar verilmişdir. Lakin illər keçdikcə istehsalat zədəsinin nəticəsiagırlaşmaya gətirib çıxardaraq katarakta göz bəbəyində yaranması sonu sağ gözü amputasiya olunmuşdur. Baş vermiş əməliyat nəticəsi istehsalat zədəsi olması təsdiq edən Məhkəmə Tibbi Expertiziyası rəyində əksin tapmışdır. Lakin TSEK-in komisiyası ilkin əlillik qeyd edərək 3 dərəcə əlilik (№ 0108003AAEP2) xx.xx.2021 ci ildə təyin edilmişdir. İstehsalan zədəsi kimi qeyid olunması haqında məhkəməyə müraciət etmişdi və TSEK-in qeyri-obyektiv araşdırması yenidən, 2-ci dərəcədən 3-cü dərəcəyə rəy verməklə qərarı əsassız dəyişmişdilər. Lakin istehsalat zədəsi Bakı İnzibat Məhkəməsi təsdiqlənmişdir. Onun yekun yanaşı xəstəlikləri nəzərə tam alınmayıb, MRT, kəllə beyin travması agırlaşdırıcı hal kimi, həmçinin X10 sonuncu məhkəmə gedişatında nəzərə alınmayıb, nəticədə 3 dərəcə 50 % müəyyən edilmişdir. İddiaçı sağ gözünü itirmişdir, sağ göz əsas aparıcı gözdür. Qulağı tam 4-cü dərəcə berya testiylə qiymətləndirilir, MRT-nin nəticəsində başında çox saylı ocaqlar yaranmışdır. O, bədən funksiyasını 81 faizdan artığını itirmişdir, ayaqlarında qan dövranı pozulub, ikinci gözündə qlavkoma baş qaldırıb. Bir-iki il içində bilərəkdən dərəcələri dəyişdirilib. Cavabdehin xx.xx.2023 ci il tarixli, 3-17-4/2-M-5509/2023 nömrəli məktubunda bildirilir ki, “Əlillik vəziyyətinizə dair məlumatların müvafiq elektron sistemə daxiledilməsinə köməklik göstərilməsi barədə daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləriəsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Bildiririk ki,əlillik vəziyyətiniz xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik gözdən əlilsəbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbuledilmişdir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinizə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində əvvəlki dövrə aid məlumat aşkarlanmadı. Bununla əlaqədar, əlillik vəziyyətinin araşdırılmasıməqsədilə ərazi üzrə xidmət göstərən Tibbi-sosialekspert komissiyasına müraciət etməyiniz tövsiyə olunur. Əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə "142 Çağrımərkəzi"ilə əlaqə saxlaya və ya ərazi TSEK-lərinə müraciət edə bilərsiniz.” İddiaçının müddətsiz əlillik səbəbinin meyarlarının dəqiqləşdirilməsindən ötrü, yəni sağlamlığının 81% faizdən artıq itirildiyin nəzərə alaraq müəyyən olunmasının əlində olan tibbi rəylər, ekspertiza rəyləri və epikrizləri nəzərə alınmaqla dövlət hesabına Məhkəmə Expertlərinə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etirazı məhkəməyə təqdim edilərək bildirilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) dair xx.xx.2023-ci il tarixindən ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının pozulmasına görə 70 % (yetmiş faiz) əlillik təyinatı barədə qərarın verilməsi ilə razılaşmayaraq, əlillik səbəbinin istehsalat zədəsi səbəbindən olduğunu iddia etmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçıa əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 19 nömrəli Şəhər Poliklinikasının rəsmiləşdirdiyi göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, “ilkin “olaraq xx.xx.2021-ci il tarixindən müddətsiz ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən üçüncü dərəcə , xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının pozulmasına görə 70% (yetmiş faiz) sistem üzərindən “təkrar“ əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrıları, başgicəllənmə, görmə qabiliyyətinin zəiflənməsindən olmuş, xx.xx.1972xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik təyinatı barədə TSEK arayışı, xx.xx.1966-xx.xx.1967-ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə əlillik məlumatlarının yer aldığı arayış (diaqnoz “Baş travmasından sonra astenik vəziyyət”) təqdim edilmişdir. Təqdim edilmiş sənədlər arasında, “Lanset” Klinikasının xx.xx.2020-ci il tarixli 544/20 nömrəli epikrizinə əsasən xx.xx.2020-ci il tarixində yerli anesteziya altında “ODKEE+İOL implantasiyası” cərrahi əməliyyatı aparıldığı, X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli 1068 saylı, xx.xx.2022-ci il tarixli 4743 saylı tibbi rəyinə əsasən diaqnoz “OD-artifakiya. İkincili katarakta, cərrahi əməliyyat olunmuş 2-3 A qlaukoma. OS-anoftalm.” kimi qeyd edilmiş, ATU-nin X5 xx.xx.2022-ci il tarixli təbii yuxu altında BERA testinin nəticəsinə əsasən “Sol qulaqda 3-4-cü dərəcə, ağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə” qeyd olunduğu göstərilmişdir. X9 Mərkəzin 597 nömrəli xəstəlik tarixindən çıxarışına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Hipertenziv ensefalopatiya. Hipertoniya xəstəliyi İİİ mərhələ. Baş beyinin xroniki işemiyası, koqnitiv funksiyalarının pozulması ilə. İkitərəfli neyrosensor ağıreşitmə.” diaqnozları ilə stasionar müalicə alması və müayinələrdən keçməsi məlum olmuş, müayinələrin nəticəsi: EXO kardioqrafiya “sol mədəciyin sistolik funksiyası norma daxilində (LVEF- 57%), seqmentar hərəkə pozgunluğu qeyd olunmadı, perikard və plevra boşluqları təmiz” olmuş, Aşağı ətrafların arteriyaların doppleroqrafiyası müayinəsində “Hər iki aşagı ətrafın arteriyalarında bifazik qan axımı qeyd olunur.” kimi, Baş beyin MRT müayinəsində “Hər iki beyin yarımkürəsində beyin toxumasının dərin ağ maddəsində kiçik ölçülü postişemik demiyelinizsaiya sahələri izlənilir-xroniki beyin qan dövranı pozqunluğuna uyğun.” şəklində qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaları adi rəngdə olmuş. Həkim-Oftalmoloqun müayinəsinin nəticəsinə “VİS OD 0,5 (onda beş) k/i 0, 8 (onda səkkiz), VİS OS=anoftalm.” müəyyən edilmişdir. Hazırda əlilliyə səbəb olan “OD-artifakiya.İkincili katarakta, cərrahi əməliyyat olunmuş 2-3 A qlaukoma. OS-anoftalm.” Diaqnozun travmanın birbaşa əlaqənin olmasını təsdiq edən vətəndaşın Azərbaycan SSR-nın Sosial Təminat Nazirliyinin ixtisaslaşmış HƏEK-nın verdiyi şəhadətləndirmə aktından çıxarışda qeyd olunmuş “Keçirilmiş kəllə beyin travmasından sonra astenik vəziyyət” diaqnozunda əksini tapmadığından, məhkəmə qərarı, istehsalat zədəsi haqda müəssisənin aktı olmadığından əlilliyin səbəbini dəyişdirilməsi mümkün olmamışdır. X6 Haqqında Azərbaycan Respublikasının Qanunun 33-cü bəndinə əsasən ümumi xəstəlik səbəbindən əlilliyə görə təyin edilmiş pensiya ödənişi kəsildiyi gündən beş ildən gec olmayaraq bərpa edilərsə, dayanmış ödəniş “təkrar” təyinat olaraq bərpa oluna, beş ildən çox vaxt keçdikdən sonra yenidən əlillik baş verərsə əlilliyə görə pensiya ümumi əsaslarla “ilkin” təyinat olaraq aparılmalıdır. Bu səbəbdən də xx.xx.2021-ci il tarixli təyinat “ilkin” təyinat olaraq saxlanılmışdır. Ekspertiza müayinəsi zamanı əldə edilən anamnestik məlumatlar, obyektiv muayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, m¸alicə sənədləri və DTSERA-da aparılmış obyektiv və instrumental m¸ayinə nəticəsinə əsasən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki,xx.xx.1966-xx.xx.1967- ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə, xx.xx.1972-xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən əlillik məlumatları əlillik altsisteminə daxil edilməsi, xx.xx.2021-ci il tarixli əlillik təyinatı “ilkin” təyinat olaraq saxlanılsın, xx.xx.2024-cü il tarixindən etibarən hissəvi reabilitasiya olunmasına dair qərar qəbul edilsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4 bəndinə müvafiq ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən (əlillik təyinatı alt sistemdən çıxarışlar və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 saylı inzibati işi üzrə xx.xx.2024-cü il tarixli qərarı) görünür ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 19 nömrəli Şəhər Poliklinikasının rəsmiləşdirdiyi göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, ilkin olaraq xx.xx.2021-ci il tarixindən müddətsiz ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçıya Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli K00114715PA1 nömrəli xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının pozulmasına görə 70% (yetmiş faiz) olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. Qərardan narazı olan iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əliliyin səbəbinin istehsalat zədəsi kimi müəyyən edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı gedişində xx.xx.2024-cü il tarixində iddiaçı məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmış, nəticədə Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-9631/2024 nömrəli qərarı ilə, xx.xx.1966xx.xx.1967-ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə, xx.xx.1972-xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik məlumatlarının əlillik altsisteminə daxil edilməsi, xx.xx.2021-ci il tarixli əlillik təyinatının “ilkin” təyinat olaraq saxlanılması qərara alınmış, xx.xx.2024-cü il tarixindən etibarən hissəvi reabilitasiya olunmasına dair və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 8.1.4. bəndinə müvafiq ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilərək üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı əlilliyinin ümumi səbəbinin “istehsalat zədəsi” kimi müəyyən edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı ona 81-100% aralığında 1-ci dərəcə əlillik təyinatının aparılmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosesual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə iddiaçının mövcud üçüncü dərəcə əlillik (50%) əlillik dərəcəsi ilə razılaşmayıb barəsində birinci dərəcə (81-100%) əlillik təyinatının aparılmasını xahiş etdiyi, bununla da hüquqlarının genişlənməsini tələb etdiyindən hazırkı iddiası daha əliverişli inzibati aktın qəbul edilməsi barədə olduğundan məcburetmə haqqında iddia növünə aiddir və bu halda hazırkı iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərtinin ödənilməsi tələb olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı məcburetmə haqqında iddianın qanunvericilikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -2.1-ci bəndinə görə göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.3-cü bəndinə görə komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir -2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. -2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında xx.xx.2023-cü ildə təkrar əlillik vəziyyətinin qiymətləndirilməsi aparılaraq ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% pozulmasına görə ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyətinə əyani müayinə ilə xx.xx.2024-cü il tarixdə baxılmış və ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası tərəfindən qərar qəbul edilərək üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Məhkəmənin (2- 1(112)-857/2024 saylı, xx.xx.2024-cü il tarixli) qərarı ilə yalnız iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək “istehsalat zədəsi” kimi müəyyən edilməsi (dəyişdirilməsi) öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. İddiaçı hazırkı halda 81-100% aralığında əlillik təyin edilməsini xahiş etsə də barəsində yeni tibbi göndəriş əlillik təyinatı alt sisteminə yerləşdirilməmişdir. İddiaçı barəsində olan sonuncu tibbi göndəriş yuxarıda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli tibbi göndərişdir ki, həmin göndəriş əsasında iddiaçıya xx.xx.2023-cü il tarixdə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı həmin göndəriş əsasında yeni dərəcədə əlillik təyinatını tələb edirsə bu halda məcburetmə haqqında iddia növü üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı barəsində olan sonuncu qiymətləndirmə nəticəsindən narazı qalan iddiaçı 30 günlük iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddianın mümkün sayılmaması nəticəsinə gələrkən xüsusən o halı nəzərə alır ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli K00114715PAJ saylı tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə aparəlmış əlillik təyinatının üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi də tələb olunur. İddiaçı barəsində sonuncu tibbi göndəriş iyul 2023-cü il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla, etibarlılıq müddəti keçmişdir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi artıq qüvvədən düşmüş hesab edilir. İddiaçının əlillik vəziyyəti ilə bağlı isə yeni tibbi göndəriş əlillik alt sisteminə daxil edilməmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı birinci dərəcə əlillik təyinatına əsasların olub-olmamasının 2025-ci ildə, hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz. Məhkəmə iddiaçının hüquqi marağına uyğun olaraq iddiaya üçüncü dərəcəli əlilliyin təyininə əsas olan Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-9631/2024 nömrəli qərarın ləğvi kimi, yəni mübahisələnidirmə barədə iddia növü kimi qəbul etsə belə bu növ iddia üzrə də iddia mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının sonuncu dəfə əlillik qiymətləndirməsi xx.xx.2024-cü il tarixdə əyani müayinə nəticəsində aparılmış və iddiaçıya 50%(üçüncü dərəcə) əlillik təyin edilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixli inzibati aktdan həmin vaxtdan, ən geci isə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından məlumatlı olmuş olduğu qəbul edilərsə belə iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddia inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddia mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə eyni zamanda iddiaçının əlillik dərəcəsinin təyinatı ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət edərək yeni tibbi göndəriş almaq, yeni tibbi göndəriş əsasında əlillik vəziyyətinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirildikdən və inzibati orqandan müvafiq imtina cavabını aldıqdan sonra inzibati məhkəmədə iddia qaldırmaq hüququnun saxlanıldığını da izah edir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4878/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4878/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver