Məhkəmə qərarları › İş №e-2-1(112)-4908/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4908/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4908/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində “Bənövşə” bağçılıq-yoldaşlıq ərazisində yerləşən ümumi sahəsi 600 kv.m olan 33 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində “Bənövşə” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi ümumi sahəsi 600 kv.m olan 33 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan başlayaraq qeyd edilən torpaq sahəsi faktiki mülkiyyətində olmuş, həmin torpaq sahəsində ev tikmiş, həmçinin bağ kimi istifadə edir. Həmin torpaq sahəsinə dair sənədlər əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli, A № 351833 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarış almaq üçün xx.xx.2011-ci il tarixli, A№351833 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasına əsas olmuş ilkin torpaqayırma sənədlərinin surətinin arxivdən verilməsi məqsədilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində "xxxx" MMC-yə müraciət etmiş və həmin sənədlərinin təsdiqlənmiş surətini əldə etmişdir. Bundan sonra o, çıxarış almaq üçün “Bənövşə” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlük kitabçasını, “Bənövşə” bağçılıq-yoldaşlıq cəmiyyətinin ərazisinin sxemini, protokolu, müqaviləni, Bakı şəhər XDS İK-nin (indiki BİH) 30 yanvar 1988-ci il tarixli, 1/25 nömrəli qərarını, “Bənövşə” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısını, Torpaq sahəsinin planı və ölçüsünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək müraciət etmiş, lakin imtina cavabı almışdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin bu hərəkətini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində “Bənövşə” bağçılıqyoldaşlıq təsərrüfatının üzvü kimi ona verilmiş ümumi sahəsi 600 (altı yüz) kv.metr olan 33 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan əlavə, təqdim edilən üzvlük kitabçasında hüquq sahibinin ata adı “Hacı Alı” kimi qeyd edilmiş və bağ sahəsinin nömrəsində düzəliş edilmişdir. Həmçinin Bağçılıq-yoldaşlıq təsərrüfatına torpaq sahəsi ayrılması barədə XDS İK-in qərarının tarixi xx.xx.1988-ci il qeyd olunsa da, iddiaçı tərəfindən təqdim edilən “Torpaq sahəsinin plan və ölçü” sənədində istinad olunan XDS İKin qərarının tarixi xx.xx.1988-ci il qeyd olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı bağ sahəsində birmərtəbəli ev və köməkçi tikililərin mövcud olduğu aşkarlanmışdır. Bağ sahəsindəki tikililərin az bir hissəsi kadastr planında göstərilən əlavə torpaq sahəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə istinad edərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********27 saylı məktubdan görünür ki iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı Şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 01/25 saylı qərarı və “Yeyintisənaye” İnstitutunun “Bönövşə” bağçılıq yoldaşlığının xx.xx.1991-ci il tarixli 13 saylı protokolu ilə Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 600 kv.m sahəsi olan, 33 saylı bağ evi tikinitisi üçün torpaq sahəsinə dair Ağayev X7 adına A 351833 nömrəli plan-ölçü tərtib edilmişdir. Bununla bağlı X5 kitabında xx.xx.2011-ci il tarixdə 26240 nömrə ilə uçot aparılmışdır. İddiaçının müraciəti əsasında AR ƏMDX-nin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri” PHŞ tabeliyində "xxxx" MMC tərəfindən sözügedən 351833 nömrəli torpaq sahəsinin planı və ölçüsünü verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin arxiv əsasları ona təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -bağçının üzvlük kitabçasının surətindən görünür ki, “Yeyintisənayelayihətikinti” İnstitutunda sürücü işləyən Ağayev X10 bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin 25 may 1991-cı il tarixli 13 nömrəli protokoluna əsasən bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş, Hövsan bağ massivində ümumi sahəsi 600 kv.m olan 33 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün ona verilmişdir. -xx.xx.1991-ci il tarixli, 33 nömrəli müqavilənin surətindən görünür ki, «Южгипропищепром» institutunun sədri, Həmrkarlar İttifaqının sədri və “Bənövşə” bağçılıq-yoldaşlığının sədri və “Bənövşə” bağçılıq-yoldaşlığın üzvü Ağayev X2 ittifaqı iclasının xx.xx.1991-ci il tarixli qərarı əsasında aşağıdakı məzmunda müqavilə bağlamışlar: «Южгипропищепром» Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarı ilə intituta ayrılmış torpaq sahəsindən 33 nömrəli, sahəsi 600 kv.m olan sahəni İddiaçı müddətsiz istifadəsinə verir (1-ci bənd). A.Q.Ağayevə 33 nömrəli bağ sahəsi üzərində hüquqlarının təsdiqi üçün ona bağçılıq-yoldaşlıq təsərrüfatının, həmkarlar ittifaqının rəhbərliyi tərəfindən təsdiq edilmiş müqavilə və sahənin texpasportu verilir (5-ci bənd). -“Bənövşə” bağçılıq-yoldaşlıq Cəmiyyətinin bölgü sxemindən görünür ki, iddiaçının iddia etdiyi 33 saylı bağ sahəsi sxemdə mövcuddur. -İddiaçı məxsus xx.xx.1981-ci il tarixdən doldurulmağa başlanmış ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1987xx.xx.1993-cü il tarixlərdə «Южгипропищепром» institutunda sürücü vəzifəsində işləmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı “Bənöşvə” bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul olunması və həmin bağçılıq ərazisindən ona 33 nömrəli bağ sahəsinin ayrılmasına dair bağçının üzvlük kitabçasını, həmin bağ sahəsinin ona ayrılmasına dair xx.xx.1991-ci il tarixli, 33 nömrəli müqaviləni, həmçinin qeyd olunan bağ sahəsinin səlahiyyətli qurum tərəfindən tərtib edilmiş planı və ölçüsünü cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Məhkəmə cavabdehin imtina dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının adının İdarənin arxivində olan “Bənöşvə” bağçılıq-yoldaşlıq cəmiyyətinin siyahısında göstərilməməsi iddiaçının məsuliyyəti ilə bağlı məsələ deyil. Həmin siyahıda iddiaçının adının olmaması təbii haldır, çünki iş materialları ilə də iddiaçının 1991-cı ildə “Bönövşə” bağçılıq yoldaşlığına üzv qəbul edilməsi müəyyən olunmuşdur. Bu baxımdan sözügedən bağçılıq-yoldaşlığa sonrakı illərdə üzvlüyə qəbul edilmiş şəxslərin siyahısının cavabdehin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun ziyanına şərh edilə bilməz. Məhkəmə onu da vurğulayır ki, həmin plan-ölçü sənədində Bakı şəhər XDS İK-nın qərarının tarixinin səhv yazılması iddiaçının məsuliyyətinə aid olan məsələ deyil. Həmçinin iş materiallarında olan arxiv sənədlərindən də göründü ki, sözügedən sənəd Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarına istinadla tərtib edilmişdir. Bağçılıq kitabçasında iddiaçının atasının adının “Hacı Alı” kimi yazılmasını və plan-ölçü sənədində qərarın tarixinin səhv yazılmasını məhkəmə mahiyyətə təsir etməyən texniki səhv kimi qəbul edir və qeydiyyatın aparılmasından imtina üçün tutarlı əsas saymır. Torpaq sahəsindəki tikililərin bir hissəsinin əlavə torpaq sahəsində inşa edilməsində gəldikdə bildirilməlidir ki, həmin tikililər üzərində hüquqların qeydiyyatı hazırkı iddianın predmeti deyil. Bağçılıq kitabçasında bağın nömrəsinə düzəlişə gəlincə isə iddiaçını təqdim etdiyi digər sənədlərlə də ona məhz 33 nömrəli bağ sahəsinin ayrıldığı görünür. Nəzərə alınmalıdır ki, qeyd olunan bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin bağ sahəsinə digər şəxsin müraciəti qeydə alınmamışdır. İddiaçının istinad etdiyi sənədlərlə onun adına aidiyyəti dövlət qurumu tərəfindən sözügedən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bununla yanaşı “Bənovşə” bağçılıq-yoldaşlığı “Yeyintisənayelayihə” İnstitutunun işçiləri üçün təşkil edilmişdir və iddiaçının da ona bağ sahəsi ayrılan zaman həmin təşkilatda işləməsi onun əmək kitabçasındakı qeydlərlə təsdiqini tapmışdır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, göstərilən hallar, mübahisəli bağ sahəsinin nəticə etibarı ilə iddiaçının qanuni istifadəsində olmasını deməyə əsas verir. Cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində “Bənövşə” bağçılıq-yoldaşlıq sahəsində yerləşən ümumi sahəsi 600 kv.m olan 33 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə ona çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində “Bənövşə” bağçılıqyoldaşlıq sahəsində yerləşən ümumi sahəsi 600 m2 olan 33 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə ona çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar