Məhkəmə qərarları › İş №e-2-1(112)-4914/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4914/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4914/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı X11 X10 cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “Binəqədi qəsəbə X1 torpaq sahəsinin ayrılması haqqında xx.xx.2005-ci il tarixli 1506/1 saylı sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin X6 ayrılmasına dair Bakı şəhəri Binəqəsi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli 1506/1 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, X11 X14 əməkdaşları tərəfindən X5 Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin X12 məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə ərazisinə düşdüyü müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli qərar ilə X5 Binəqədi qəsəbəsi ərazisi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq ayrılmışdır. X11 X14 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin aktdan da görünür ki, Maraqlı şəxs tərəfindən ünvan 1 ünvanından yerləşən ərazidə X11 X12 məxsus 1970-ci ildən istismarda olan Dş-300 mm neft boru (reaktiv mühərrik yanacağı) və Dş-500 mm neft boru (dizel yanacağı) kəmərinin 30 metr məsafədə mühafizə zonası daxilində yerləşən torpaq sahəsində tikinti işləri aparılır. Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən X5 ayrılmış torpaq sahəsi neft kəmərlərinin mühafizə zonasına düşdüyündən həmin torpaq sahəsinin fərdi evin tikilməsi üçün ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İş materiallarına surəti əlavə edilmiş sərəncamdan müəyyən edilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 iyun 2005-ci il tarixl sərəncamı ilə Bınəqədi rayonu Bınəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Bınəqədi Qəsəbə ərazisindən 600 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 13 yanvar 2025-ci il tarixli, 01/Mp-15 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş X4 adına rəsmiləşdirilmiş Binəqədi qəsəbə Bələdiyyəsinin 1506/1 saylı 30 iyun 2005-ci il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına aid digər sənədlər Milli Arxiv idarəsinin Bakı ərazi filialına müraciət edilməklə əldə edilə bilər. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli yardım məktubu ünvanlanmaqla nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ərizaya əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının hüquqi marağı Binəqadi qəsəbə X1 torpaq sahəsinin ayrılması haqqında 30 iyun 2005-ci il tarixli 1506/1 saylı sərəncamının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Nəzərinə çatdırılmışdır ki, bələdiyyə qərarları inzibati aktdır va həmin qararların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Binəqədi qəsəbə bələdiyyəsinin qərarının (sərəncamının) qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyati orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onlarin vəzifəli şəxslərinin qərarı, hərəkəti ( hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə bir ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan basqa Mülki Prosessual Macallenin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İPM qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Eyni zamanda mübahisələndirmə növündə iddia ilə məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətdən yan keçilməsi məqsədilə inzibati aktın etibarsızlığına dair iddianın qaldırılması yolverilməzdir. Odur ki, yardım məktubunda göstərilənlərə münasibət bildirilməsi üçün iddiaçıya müddət təyin edilmiş, lakin iddiaçı tərəfindən məhkəmənin yardım məktubuna münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə araşdırması zamanı, iş materiallarına əlavə edilmiş Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 iyun 2005-cü il tarixli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında Sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün N.Rzayevə alqı-satqı qaydasında mülkiyyətinə ayrıldığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia mahiyyət etibarı ilə sərəncamın qanunsuzluğunun tanınması deyil, üçüncü şəxs barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğv edilməsi ilə bağlıdır. İddiaçı iddia müddətinin tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia mahiyyət etibarilə mübahisələndirmə növündə iddiadır və iddianın ümumi və xüsusi mümkünlük şərtləri mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalıdır. Həmçinin iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı cavabdehin 30 iyun 2005-ci il tarixli, 1506/1 nömrəli sərəncamını xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Məhkəmə tərəfindən hüquqi yardım məktubu ilə iddiaçıya iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş, iddiaçının elektron kabinetinə yerləşdirilmiş, məhkəmə tərəfindən yardımetmə vəzifəsi icra olunmuşdur. İddiaçı tərəfindən məhkəmənin hüquqi yardımına münasibət bildirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənirdi. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə tərəfindən yardım məktubu ünvanlanmaqla iddiaçının dinlənilmə hüquqi təmin edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X11 X10 cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “Binəqədi qəsəbə X1 torpaq sahəsinin ayrılması haqqında xx.xx.2005-ci il tarixli 1506/1 saylı sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar