Məhkəmə qərarları › İş №e-2-1(112)-4949/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4949/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4949/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “Ana qrafasında milliyətin “Alman” qeyd olunması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Racab qızının doğum haqqında şəhadətnaməsinin valideyinləri qrafasında anası X3 milliyətinin “Alman” kimi yazılması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsinə əsasən iddia tələbi “iddiaçının doğum haqqında akt qeydinin ata-anası haqqında məlumat qrafasında və doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında anası X3 milliyətinin “alman” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Racab qızı xx.xx.1946-cı ildə Kürdəmir rayonunda doğulmuşdur. X1, anası X4muşdur. Anası X7 milliyyətcə alman olmasına baxmayaraq, İddiaçı Racab qızının doğum haqqında şəhadətnaməsində valideyn qrafasında anası X3 milliyəti rus kimi göstərilmişdir. Bildirirəm ki, İddiaçı bacısı X5 xx.xx.1944-cü ildə doğulmuş və onun doğum haqqında şəhadətnaməsinin valideyinləri qrafasında anası X3 milliyəti alman kimi göstərilmişdir. İddiaçının anasının alman olmasını sübut edəcək digər sübutlar var. İddiaçı Racab qızı doğum haqqında şəhadətnamədəki ana qrafasındakı yanlışlığın düzəldilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan 25 oktyabr 2023-cü il tarixli məktubu ilə ərizəni təmin etməmişdir. Qeyd edilən cavab məktubunu iddiaçı 25 noyabrda almışdır.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Nəzərinizə çatdırırıq ki, qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır.”

5. Cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında nümayəndənin iştirakının təmin ediləcəyini bildirmişdir.

6. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır.

12. Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ 555394 nömrəli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1946-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Şəhadətnamədə şəxsin X1, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti rus kimi göstərilmişdir.

13. Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ 561917 nömrəli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1944-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Şəhadətnamədə şəxsin X1, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti alman kimi göstərilmişdir.

14. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ 136573 nömrəli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamədə şəxsin atası X13, milliyyəti rus, anası X15, milliyyəti alman kimi göstərilmişdir.

15. 05.1946-cı il tarixli 64/1863 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X6 xx.xx.1946-cı il tarixdə doğulmuşdur. Aktda şəxsin X1, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti rus kimi göstərilmişdir.

16. 03.1944-cü il tarixli 39 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X5 xx.xx.1944-cü il tarixdə doğulmuşdur. Aktda şəxsin X1, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti alman kimi göstərilmişdir IV. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. X2 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X2 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X2 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi X2 qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən X2 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: X2 qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

19. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər kabinetinin “X2 X14”nın təsdiq edilməsi haqqında Qərarına əsasən: 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 reyestri xidmətində (bundan sonra – X2 reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının X2 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir;

21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə və ya doğum haqqında şəhadətnamələrindəki qeydlər də olan məlumat əsasında müəyyən edilir. Qeyd edilən tələbə uyğun olaraq iddiaçının anası olan X3 digər uşaqları X5 (xx.xx.1944-cü il təvəllüdlü) və X10 (xx.xx.1950-ci il təvəllüdlü) doğum haqqında şəhadətnamələrində və doğum akt qeydlərində anaları olaraq X3 milliyyəti “alman” kimi yazılmışdır. Lakin, İddiaçı (xx.xx.1946-cı il təvəllüdlü) doğum haqqında akt qeydi tərtib olunarkən və bunun əsasında doğum haqqında şəhadətnamə verilərkən valideynlər qrafasında anası X3 milliyyəti “rus” kimi qeyd olunmuşdur. Nəticə etibarilə iddiaçının qanunla qorunan hüquqları pozulmuşdır.

22. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində, elecə də doğum haqqında şəhadətnamədə yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının anasının milliyətinin alman olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində və doğum haqqında akt qeydində düzəliş edilməli və onun valideyinləri qrafasında anası X3 milliyəti “alman” kimi göstərilməlidir.

23. «X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10cu bəndinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydinin ata-anası haqqında məlumat qrafasında və doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında anası X3 milliyətinin “alman” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar