Məhkəmə qərarları › İş №e-2-1(112)-4956/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4956/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4956/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-plçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-213-30/2-1511/2024 nömrəli imtina cavab məktubunun qanunsuz hesab edilməsi, iddiaçıya məxsus daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq zəruri hərəkətlərin yerinə yetirilməsi, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən və faktiki ölçüsü 1100,0 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmişdir. Lakin, xx.xx.2024 tarixində 3-213-30/2-1511/2024 nömrəli məktubla iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtina qərarında torpaq sahəsinin sərhədlərinin müəyyən edilmədiyi və təqdim edilən yerləşmə sxeminin sovxoz tərəfindən deyil, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sonradan təsdiqləndiyi göstərilmişdir. xx.xx.2024 tarixində iddiaçı cavabdeh quruma elektron ərizə ilə müraciət edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeydiyyat üçün hüquqi əsaslar mövcuddur və həmin qanunun 15-ci maddəsində göstərilmiş imtina səbəbləri arasında qeyd olunan hallar yer almır. Buna görə işə yenidən baxılmasını xahiş etmişdir. Lakin cavabdeh qurum bu müraciətə heç bir cavab verməmişdir. Bu imtina və müraciətə cavab verilməməsi əsassız və qanunsuzdur. Belə ki, arxiv sənədlərindən göründüyü kimi, Maştağa tərəvəzçilik-südçülük sovxozunun 17 saylı, xx.xx.1999-cu il tarixli əmrinə əsasən iddiaçıya məxsus 1200,0 kv.m (faktiki olaraq mövcud olan 1100,0 kv.m) torpaq sahəsinə dair yerləşmə sxemi mövcuddur. Beləliklə, iş materiallarında olan sənədlər arxiv sənədləri əsasında öz təsdiqini tapmışdır. Digər tərəfdən, vahid məhkəmə təcrübəsinə görə, torpaq sahəsinə dair yerləşmə sxeminin olmaması mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Halbuki, indiki halda iddiaçı yerləşmə sxemini cavabdehə təqdim etmişdir. Ona görə də, Reyestrin 1 saylı Bakı Ərazi İdarəsinin cavabının əsassız hesab edilməsi və daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün iddiaçı məhkəməyə müraciət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********11 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1999-cu il tarixli, 17 nömrəli əmri ilə hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən və faktiki ölçüsü 1100 kv.m olan torpaq sahəsi üzrə plan və ölçü sənədlərinin hazırlanması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi ilə bağlı öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-1RA/2-147/25 nömrəli məktubu ilə təqdim edilmiş arayışdan görünür ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 saylı əmri ilə Sovxozun ərazisində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan və ərizə ilə sovxoz rəhbərliyinə müraciət edən aşağıda adları qeyd olunan vətəndaşlara Abşeron rayonu İcra hakimiyyəti başçısının 14 dekabr 1999-cu il tarixli 285 saylı sərəncamına əsasən hər bir ailəyə 0,12 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır: 22. İddiaçı Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-18/2-455/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 285 saylı sərəncamına əsasən İddiaçı Maştağa tərəvəzçilik-südçülük sovxozunda ayrılmış 0.12 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsinə və təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Bakı şəhəri Sabunçu Rayon icra Hakimiyyətinin iddaçıya ünvanladığı 28 noyabr 2023-cü il tarixli, 5-18/2-H-399-091/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizənizlə əlaqədar Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 saylı əmrinə əsasən ayrılmış 1200.0 kv.m (faktiki yerində mövcud olan 1100.0 kvm) torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq Sizə göndərilir. - Sabunçu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-18/2-H-399-091/2023 nömrəli məktubu ilə təqdim edilən yerləşmə sxemindən görünür ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun 17 saylı xx.xx.1999-cu il tarixli əmrinə əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə sxemində ayrılmış torpaq sahəsi 1200 kv.m torpaq sahəsi faktiki olaraq 1100.kv.m olaraq, eni 28m, uzunluğu 39.30 və 39.40 m olaraq göstərilmişdir. Sxem Sabunçu Rayon İcra Hakimiyyəti Rayon Təsərrüfatı şöbəsinin müdiri E.Mikayılov tərəfindən imzalanmış və Sabunçu Rayon icra Hakimiyyətinə aid möhürlə təsdiqlənmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9770/2025 nömrəli məktubunda göstərilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 1100.0 kv.m təşkil edir. Vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahədə mövcud olan tikililərin dövlət qeydiyyatı barədə elektron bazada məlumat aşkar edilməmişdir. Son sərhəd məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi Bilgəh, bir bissəsi isə Nardaran qəsəbəsi hüdudları daxilindədir. Həmin məktubla təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən” müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi 1100 kv.m təşkil edir. Torpaq sahəsi mişar daşı ilə hasarlanıb, Sərhədlərinin 3 tərəfi qonşu, 1 tərəfi yol, 1 hissəsi dalandır. Göstərilən torpaq sahəsi yerləşmə sxeminə uyğundur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9942/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-16222/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən görünür ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin qonşuluğunda **********48; **********86; **********32 nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri yerləşir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********11 nömrəli məktubunda bildirilmişdir ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun 24 12 1999-cu il tarixli, 17 nömrəli əmri ilə hüquq sahibinə torpaq sahəsi aynlan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudlan müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin olmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən yaranır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 nömrəli əmri ilə ona ayrılmış 0.12 ha torpaq sahəsindən 0,11 ha hissəsinə hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin ayrılan zaman naturada hüdudlarının müəyyən edilmədiyini, yerləşmə sxeminin sonradan Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verildiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə müllkiyyət hüququnun daşınmaz əmalakın dövlət reyestrində qeydiyyata alınmasını, torpaq sahəsinə plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. İşin hallarından müəyyən olunur ki, Abşeron rayonu İcra hakimiyyəti başçısının 14 dekabr 1999-cu il tarixli 285 saylı sərəncamına əsasən sovxozuna ayrılmış torpaq sahəsindən Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 saylı əmri ilə İddiaçı 0,12 hektar ölçüdə torpaq sahəsi ayrılmışdır. Sözügedən əmrlə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerləşmə cizgisi Sovxoz tərəfindən tərtib edilməsə də, torpaq sahəsi inzibati ərazi vahidi üzrə Bakı şəhər Sabunçu rayon İcra hakimiyyətinin inzibati ərazi vahidində yerləşdiyindən yerləşmə cizgisi hazırkı halda yerləşdiyi inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cizgi Sabunçu Rayon İcra Hakimiyyəti Rayon Təsərrüfatı şöbəsinin müdiri E.Mikayılov tərəfindən imzalanaraq və Sabunçu Rayon icra Hakimiyyətinə aid möhürlə ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavabında Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti sözügedən ərazidə yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin iddiaçının ərizəsi və təqdim etdiyi sovxoz əmri əsasında hazırlandığını bildirmiş, həmin cizgini, cizginin verilməsinə əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etməklə hazırda da həmin cizginin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Cavabdeh faktiki göstərilən sahənin yerləşmə cizgisinə uyğun gəldiyini bildirmiş, eyni zamanda iddia olunan torpaq sahəsinin Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisinə aid olmaması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmadığı bildirilmişdir. Bununla əlaqədar məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəmə sorğusu əsasında xx.xx.2025-ci il tarixi məktubu ilə təqdim edilmiş iddiaçının iddia etdiyi torpaq sahəsinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş torpaq sahələrinə dair reyestr məlumatlarından məlum olur ki, həmin ərazidə Abşeron rayon Maştağa subtorpik bitkilər sovxozunun xx.xx.1999-u il tarixli 05 nömrəli əmri əsasında ayrılmş torpaq sahələrinə dair X1 adına **********43 reyestr nömrəli, X4 adına **********23 reyestr nömrəli, X2 adına **********22 reyestr nömrəli sovxoz torpaqları xüsusi müliyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahələri də Abşeron rayon Maştağa subtorpik bitkilər sovxozunun əmri ilə ayrılmış, cavabdeh orqan həmin qonşu torpaq sahələrinin sovxoz ərazisinə aid olması ilə bağlı dəlil irəli sürmədən təqdim olunan sənədlərə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (əmr və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən və faktiki ölçüsü 1100 kv.m olan torpaq sahəsi üzərində İddiaçı müıkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1100 kv.m ölçüdə torpaq sahəsi üzərində İddiaçı müıkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar