Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5004/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər X4ü zrə Baş İdarəsinə qarşı arşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2023-cü il üzrə hesablanmış 13441,85 manat məbləğində gəlir vergisinin silinməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********043200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) tərəfindən mallar pərakəndə qaydada bazardan alındığına görə onlar tərəfindən malın alışına dair hər hansı sənəd təqdim olunmur. Bu səbəbdən də, Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən sənədsiz mal satdığına görə o, riskli vergi ödəyicilər siyahısına əlavə edilmiş və 2022-ci və 2023-cü illər üzrə dövriyyəyə Vergi Məcəlləsi ilə mikro sahibkarlara nəzərdə tutulmuş güzəşt və xərc sənədləri olmadığı halda Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən şərti rentabellik norması tətbiq edilərək, gəlir vergisi hesablanmalı olduğu halda, birbaşa olaraq 20% vergi dərəcəsi tətbiq edilərək, xx.xx.2023-cü il tarixli **********043200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə qaunusz olaraq 2023-cü il üzrə 13441,85 manat məbləğində gəlir vergisi hesablanmışdır. Hesablanmış vergilər və onun vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilməsi tam əsassızdır. Riskli vergi ödəyicisi olması belə, vergi ödəyicisinin vergi qanunvericliyi ilə nəzərdə tutulmuş bütün güzəşt və hüquqlardan məhrum olunması anlamına gəlməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5004/2024 saylı qərardadı ilə iddia tələbi xx.xx.2024-cü il tarixli **********166100 nömrəli qərarının ləğv edilməsi abrədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-5004/2024 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “sair hazır metal məmulatlarının istehsalı” olduğu müəyyən edilmişdir. Belə ki, müəssisə tərəfindən 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin göstəriciləri aşağıdakı kimi olmuşdur: Ümumi gəlir : 12935,31, xərc: 0, vergiyə cəlb olunan gəlir: 3 233,83, gəlir vergisi: 646,77. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında elektron qaimə-faktura əsasında 70443,1 manat dəyərində “dəmir qapı, dəmir hasar, jalüz, pilləkan və.s” təsərrüfat malları təqdim etməyinə baxmayaraq, bu malların elektron qaiməfaktura əsasında alınmadığı müəyyən edilmişdir ki, bu hal vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla belə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********968300 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmiş, 5 iş günü ərzində təsdiq edici sənədlərin (malların təhvil-qəbul aktları, kassa mədaxil- məxaric orderləri, alış aktları (tarix,seriya və nömrələri ilə birlikdə),əldə edilmiş invoys, elektron qaimə-fakturalar (tarix, seriya və nömrələri ilə birlikdə)) qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu bildirilmişdir. Vergi ödəyicisi izahat məktublarında riskli elektron-qaimələrin ləğv olunduğunu bildirsə də vergi orqanının baza məlumatlarında bu öz əksini tapmamışdır. Vergi ödəyicisi İddiaçı (VÖEN:**********) vergi orqanının xx.xx.2023-cü il tarixli **********591400 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş,qərarın surəti vergi ödəyicisinə göndərilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********911600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il gəlir vergisi bəyannaməsi üzrə 13441,85 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********166100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixdə cəmi 33,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Laqonda daşı &230, Elektrod &3, Kraska, Profil 20x20, Qrunt və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. Araşdırılma zamanı baza məlumatlarına əsasən mövcud olan risk meyarının aradan qaldırılmadığı müəyyən edilmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı tərəfindən mallar pərakəndə qaydada bazardan alındığına görə onlar tərəfindən malın alışına dair hər hansı sənəd təqdim olunmamışdır. Bu səbədəndə Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sənədsiz mal satdığına görə o, riskli vergi öəyicilər siyahısına əlavə edilmiş və 2022-ci il və 2023-cü illər üzrə dövriyyəyə Vergi Məcəlləsi ilə mikro sahibkarlara nəzərdə tutulmuş güzəşt və xərc sənədləri olmadığı halda Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edərək şərti rentabellik norması tətbiq edilərək gəlir vergisi hesablanmalı olduğu halda birbaşa olaraq 20% vergi dərəcəsi tətbiq edilmişdir. İddiaçı qanunvericiliyin qeyd olunan normasını təhlil edərkən yanlış nəticəyə gəlmiş, belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergi orqanının vergiləri hesablamaq hüququnu cavabdehin vəzifəsi olduğunu qeyd etmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.4-cü maddəsində açıq şəkildə qeyd olunmuşdur ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Göründüyü kimi, iddiaçı hüquqdan sui istifadə etməyə çalışmışdır. Başqa sözlə iddiaçı bəyannaməsində qəsdən sənədlərlə təsdiq edilməyən xərclər əks etdirmişdir ki, yekunda ona verginin şərti rentabellik metodu ilə hesablamasını iddia etsin. Həmçinin iddiaçı sənədlərlə təsdiqlənən 70443,1 manat dəyərində “dəmir qapı, dəmir hasar, jalüz, pilləkan və.s” təsərrüfat malları təqdim etməyinə baxmayaraq təqdim etdiyi dəqiqləşmiş bəyannaməsində gəlirlərini gizlətmiş və vergidən yayınmaq məqsədi daşımşdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********043200 nömrəli qərarı ilə 2023-cü il mənfəət vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 646,77, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 14.088,62, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 13.441,85 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********166100 nömrəli qərarı ilə 2023-cü il mənfəət vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 646,77, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 14.088,62, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 13.441,85 manat müəyyən edilmişdir. -X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********591400 nömrəli qərarına əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicisi siyahısına daxil edilməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əliverişsiz inzibati aktını məhkəmə icratı gedişində iddia tələbini dəyişdirməklə mübahisələndirmiş və bununla da 30 günlük iddia müddətini ötürməmiş hesab edilir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı 2023-cü il üzrə ümumi gəliri 12,935,31 manat olmuş, vergi ödəyicisi 2023-cü ilin gəlir vergisi üzrə cəmi gəlirdən çıxılan xərc kimi 0 manat məbləğini qeyd etmiş, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsaslaaraq vergiyə cəlb olunan gəlir 3 233,83 manat, gəlir vergisi 646,77 manat olaraq bəyan etmişdir. Cavabdeh orqan vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında elektron qaimə-faktura əsasında 70443,1 manat dəyərində “dəmir qapı, dəmir hasar, jalüz, pilləkan və.s” təsərrüfat malları təqdim etməyinə baxmayaraq, bu malların alınmasını təsdiq edən xərc sənədlərini olmadığını vergidən yayınma halı kimi qiymətləndirmiş, bu zaman iddiaçıya 2023-cü ilin gəlir vergisi üzrə 14,088.62 manat vergi hesablamış (70443,1x20%), əlavə olaraq 13.441,85 manat (14,088.62 –iddiaçı tərəfindən bəyan edilən 646,77) vergi məbləği hesablamışdır. Hazırkı iş üzrə iddiaçı 2023-cü il üzrə ümumi gəlirindən çıxılmalı xərcləri təsdiq edən sənədlər (malların alınmasına dair xərci təsdiq edən) olmadığından özü şərti rentabellik normasına əsasən vergi hesablayaraq bəyan etmiş, başqa sözlə, iddiaçı cavabdehin ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə gəlir vergisi hesablaması qaydası ilə razılaşmayaraq əlavə verginin hesablanması barədə qərarını mübahisələndirir. Məhkəmə vergi orqanın ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərc nəzərə alınmadan vergi hesablanması metodu ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Hazırkı iş üzrə vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2023-cü il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2023-cü il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə işin bu halında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də eyni zamanda vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Göründüyü kimi vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına: 1.vergi ödəyicisinin mənfəətini müəyyən etmək, 2.mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini həvalə etmişdir. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmasa da lakin satışı olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********166100 nömrəli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********166100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5004/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5004/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver