Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5059/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********788500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********788500 nömrəli qərara əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 17,020.33 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********788500 nömrəli qərarı qanunsuz və əsassızdır. İddiaçı 2022-ci il üzrə ümumi gəlirini 102,122.00 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablanmışdır. Lakin vergi orqanı həmin dövrlər üzrə kameral vergi yoxlaması həyata keçirmiş və cəmiyyətin 2022-ci il üzrə gəlirlərini 102,122.00 manat, xərclərini 0 manat, vergiyə cəlb edilən mənfəəti 102,122.00 manat, mənfəət vergisini isə 20,424.40 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə mənfəət vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyəyn etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, 2022-ci il üzrə ümumi gəlirini 102 122,00 manat bəyan etmiş lakin, xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablanmışdır. Lakin vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Uçotbaza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “əmtəələrin qablaşdırılması üçün plastik məmulatların: plastik kisə, çanta, qutu, yeşik, çamadan, böyük balon və butulkaların istehsalından ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektlərinin) olmadığı müəyyən edilmişdir."xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi üzərində “Təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8- ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (85101.67 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (54.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2- ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 54.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (54.00 manat) məbləğin müqayisəsi nəticəsində 85047,67 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.”məzmunlu uyğunsuzluq yaranmışdır. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021 -ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30- cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir.Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində 112,7 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Plastik xammal, Palet 80*120, Plastik yeşik 60*40*22 ölçülü və s.” satışda qeyd olunduğu müəyyən edilsə də, alışda, idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1 yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur.Bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********156800 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar” göndərilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********600900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 17020,33 manat əlavə vergi məbləği (85101,67 manat məbləğində xərci silinmişdir (riskli vergi ödəyicisi olduğundan mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə aid edilən 75 faiz həcmində güzəşt nəzərə alınmamışdır)) hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********788500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiqi ilə bağlı normanın imperativliyinə dair fikrinə münasibətdə isə bildirilir ki, inzibati orqan tərəfindən bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər iddiaçının qeyd etdiyi kimi vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Bundan əlavə, əgər iddiaçı şərti rentabellik normasının imperativliyini normanın ifadə edilmə forması ilə əlaqələndirirsə, bu halda bildirilir ki, qeyd edilən maddi hüquq normasının imperativ xarakterli norma qəbul edilməsi üçün “hesablanır” deyil, “hesablanmalıdır” ifadəsinin işlədilməsi normayaratma prinsipləri baxımından daha məqsədəuyğun olardı. Göründüyü kimi, iddiaçının barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir.Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək, 23.1.2ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İqtisadiyyat nazirinin 28 dekabr 2021 -ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: -Vergi ödəyicisi tərəfindən 2022-ci il mənfəət vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 102,122,00 manat, malların təqdim edilməsi, işlərin görülməsin, xidmətlərin göstərilməsi üzrə xərclər 85,101,67 manat, vergitutma məqsədləri üçün mənfəət 17,020,33 manat, ödənilməli mənfəət vergisi 3404,07 manat qeyd edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********788500 nömrəli qərarı ilə 2022-ci il mənfəət vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 3.404.07, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 20.424.40, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.020.33 manat müəyyən edilmişdir. Aparılan araşdırma zamanı 2022-ci il üzrə 102122.00 manat dəyərində e-qaimə faktura ilə malların (işlərin, xidmətlərin) təqdim edilməsinə baxmayaraq müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********156800 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.23023-cü il tarixli əliverişsiz inzibati aktını xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmiş və bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü isə “əmtəələrin qablaşdırılması üçün plastik məmulatların: plastik kisə, çanta, qutu, yeşik, çamadan, böyük balon və butulkaların istehsalından ibarət olmuşdur. İddiaçının 2022-ci il üzrə ümumi gəliri 102 122,00 manat olmuş, vergi ödəyicisi 2022-ci ilin mənfəət vergisi üzrə xərclərə dair təsdiqedici sənədi olmadığından təqdim etdiyi bəyannamənin “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (85101.67 manat), “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (54.00 manat), cəmi gəlirdən çıxılan xərc kimi 85047,67 manat məbləğini qeyd etmiş, ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamış (102,122,00 /(100+20)x20=17,020.33 manat, mənfəət vergisi 17,020.33 manatx 20%)= 3404,07 manat.) və 3404,07 manat mənfəət vergisi bəyan etmişdir. Cavabdeh orqan 2022-ci il üzrə e-qaimə üzrə 102122.00 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq iddiaçının bəyan etdiyi 85047,67 manat məbləğində xərci sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc olaraq müəyyən etmiş və nəticədə mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya 20.424,40 manat (102122.00 manat x 20%) olmaqla mənfəət vergisi hesablamışdır. Hazırkı iş üzrə iddiaçı 2022-ci il üzrə ümumi gəlirindən çıxılmalı xərcləri təsdiq edən sənədlər (malların alınmasına dair xərci təsdiq edən) olmadığından özü şərti rentabellik normasına əsasən vergi hesablayaraq bəyan etmiş, başqa sözlə, iddiaçı cavabdehin ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablaması qaydası ilə razılaşmayaraq əlavə verginin hesablanması barədə qərarı mübahisələndirir. Məhkəmə vergi orqanın ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərc nəzərə alınmadan vergi hesablanması metodu ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Hazırkı iş üzrə vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən 2022-ci il üzrə 102122.00 manat dəyərində e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə işin bu halında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də eyni zamanda vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Göründüyü kimi vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına:
1. vergi ödəyicisinin mənfəətini müəyyən etmək,
2. mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini müəyyən etmişdir. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmasa da lakin satışı olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:- 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli **********788500 nömrəli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********788500 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova