Məhkəmə qərarları › İş №e-2-1(112)-512/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-512/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-512/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi nəzarətinin keçirilməsi nəticəsində 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın qəbuluna əsas kimi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsi göstərilmiş və iddiaçı 172.560,44 manat məbləğində maliyyə sanksiyası vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 17 sentyabr 2021-ci il tarixli qərarı iş üzrə materiallar araşdırılmadan, heç bir əsas olmadığı halda qanuna zidd şəkildə qəbul edilmişdir. İddiaçı anbarına daxil edilmiş malların topdansatışı fəaliyyəti ilə deyil, pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. Məhz elə bu səbəbdən onun malların satışı zamanı alıcılara qaimə-faktura əvəzinə kassa çeki təqdim etmə öhdəliyi mövcuddur. Belə ki, vergi orqanı sözügedən qərarın qəbul edilməsinə əsas kimi hüquqi şəxsin topdansatış fəaliyyəti ilə məşğul olmasını və qaiməfakturaların vergi ödəyicilərinə təqdim edilməməsini göstərmişdir. Halbuki, faktiki olaraq vergi orqanına iddiaçının nümayəndəsi açıq və aydın şəkildə topdansatış fəaliyyəti ilə deyil, pərakəndə satış fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdir. Pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu sübut etmək məqsədi ilə vergi orqanının əməkdaşlarına aparılmış satışlara dair hesabatın əks olunduğu kassa çeki belə təqdim edilmişdir. Lakin vergi orqanının əməkdaşları tərəfindən bu hal nəzərə alınmadan, sanki topdansatış fəaliyyəti ilə məşğul olunmasına qaynaqlı vergi qanunvericiliyinin pozuntusuna yol verilmiş və nəticə etibarilə heç bir hüquqi əsası mövcud olmayan 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmişdir. Dolayısı ilə həyata keçirilən malların satışı zamanı yol verilmiş hər hansı qanun pozuntusu olmamışdır. Belə ki, «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.5-ci maddəsinin tələbinə əsasən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir. Sözügedən müaddəanın məzmunundan da məlum olur ki, malların pərakəndə satışı zamanı alıcılara **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərarda nəzərdə tutulan elektron qaimə-faktura deyil, məhz qəbz və ya çek təqdim olunur. Bu faktın özü belə sözügedən qərarın əssassız olduğuna dəlalət etməkdədir. Bundan başqa, qərarda qeyd edilənlərə əsasən 696.369,81 manat dəyərində malın qanunsuz topdansatışı fəaliyyəti nəticəsində 862.802,19 manat məbləğ əldə edilmişdir. Halbuki, həmin məbləğ pərakəndə satış ilə bir yox, təxmini 4.000 – 5.000 aralığında alıcıya satılması nəticəsində əldə edilmişdir. Belə ki, 1 may 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək olan dövrdə həyata keçirilən satışların ümumi satış məbləği 815.158 manat, ümumi satış sayı isə 4.866 nəfərdir. Növbəti çekdə isə, yəni 1 may 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək olan dövr üzrə çeklərdə ümumi satış məbləği 876.281 manat, satış sayı isə 5.203 nəfərdir. Bu da onu göstərir ki vergi orqanının əməkdaşları xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasında şirkətə yaxınlaşmış və 862.802,19 manat dəyərində kassa çeki təqdim edildiyindən, onlar yalnız ümumi satış məbləğinə nəzər salmış, malların nə qədər alıcıya satıldığını, yəni ümumi satış sayını nəzərə almadan, bütün malların yalnız bir alıcıya topdansatışının həyata keçirildiyini iddia edərək haqsız şəkildə şirkəti vergi məsuliyyətinə cəlb etmişlər. Halbuki, həmin kassa çeklərindən görünür ki, mallar əslində bir alıcıya deyil, 4.866 – 5.203 say arasında alıcıya satılmışdır. Zəruri olarsa, vergi orqanı əməkdaşları tərəfindən akt tərtib edilməsinə səbəb olmuş 862.802,19 manat dəyərində hesabat-kassa çeki kassa aparatından çıxarılaraq məhkəməyə təqdim edilə bilər. Göstərilənlərə əsaslanaraq, cavabdehin **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin İdxal Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş vəsatətində bildirilir ki, Baş İdarənin **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarı barədə iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin “Vergi ödəyiciləri ilə yazışma barədə hesabat”lardan da göründüyü kimi, iddiaçının təqdim etdiyi 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar 17 sentyabr 2021-ci il tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və vergi ödəyicisi tərəfindən 21 sentyabr 2021-ci il tarixdə oxunmuşdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 62.2, 64.1-ci maddələrinə, Vergi Məcəlləsinin 70.2-1.2, 70.2-1.3-cü maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 2 noyabr 2021-ci il tarixdə daxil olsa da, həmin qərarın iddiaçıya 2 oktyabr 2021-ci il tarixədək (iddiaçı tərəfin bildirdiyinə görə) müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti buraxılmamış sayılır. Göstərilənlərə, habelə iddiaçının **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarı mübahisələndirmək üzrə subyektiv hüququnun olmasına (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddətin buraxılmamasına, qərarın cavabdeh tərəfindən qəbul edilməsinə, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı halın mövcud olmamasına əsaslanaraq, məhkəmə iddianı “maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi” hissəsində mümkün iddia kimi qiymətləndirmişdir. İddianın “vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi” hissəsinə gəldikdə isə, məhkəmə həmin hissədə iddianı mümkün saymamışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin İdxal Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı MMC tərəfindən verilmiş iddia əsassız hesab edilir. Uçot-baza məlumatlarıma əsasən İddiaçı MMC-nin 21 may 2021-ci il tarixdə “Sənaye mallarının topdan satışı” fəaliyyəti üçün vergi ödəyicisi kimi uçota alındığı, 5 iyul 2021-ci il tarixdə “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı” fəaliyyəti üçün ilk obyekt qeydiyyatı (sahəsi 80 kv.m) barədə ərizə ilə müraciət etdiyi, 6 avqust 2021-ci il tarixdə “Təsərrüfat mallarının pərakəndə satışı” fəaliyyəti üçün ikinci obyekt qeydiyyatı (sahəsi 118.1 kv.m) barədə ərizə ilə müraciət etdiyi, 12 avqust 2021-ci il tarixdə kassa aparatını qeydiyyata qoyduğu və 8 sentyabr 2021-ci il tarixdə “Malların saxlanması və anbarlara yığılması” fəaliyyəti üçün üçüncü obyekt qeydiyyatı (sahəsi 250 kv.m) barədə ərizə ilə müraciət etdiyi görünür. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 1 sentyabr 2021-ci il tarixli **********96539, **********6537 və **********6538 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 196.314,46 manat dəyərində sənədli mal qalığının olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 862.802,19 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin təqvim ili ərzində ikinci dəfə pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək 4 sentyabr 2021-ci il tarixli DVX seriyalı 005427 nömrəli akt tərtib edilmişdir. Həmin akt İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, aktın bir nüsxəsi ona təqdim edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi təqdim etdiyi 2 sentyabr 2021-ci il tarixli arayışda malları 5% ticarət əlavəsi ilə satıldığını bildirmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarı ilə İddiaçı MMC-yə 172.560,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və müvafiq tələbnamə Baş İdarənin 17 sentyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə, 21 sentyabr 2021-ci il tarixdə saat 15:13-də oxunmuşdur. Baş İdarənin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 8 iyul 2021-ci il tarixli **********6869 nömrəli qərarı əsasında MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı 195.811,15 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005381 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisi üzrə keçirilən əvvəlki operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin sahibliyində 186.487 manat mal qalığının olduğu müəyyən edilmiş, eləcə də əvvəlki OVN tədbirindən yoxlama keçirilən dövrə kimi (xx.xx.2021-xx.xx.2021) vergi ödəyicisi tərəfindən 892.684,27 manat (ƏDV-siz) dəyərində mal idxalı, elektron qaimə faktura tətbiq olunmaqla 1.796 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı olmuş və heç bir satış əməliyyatları həyata keçirilməmişdir. Baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 1.041.055,42 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal edildiyi, əmək müqaviləsi hüquqi qüvvəyə minməklə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçisinin olmadığı və operativ vergi nəzarəti zamanı mal qalığının 196.314,46 manat olduğu (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005443 və 005445 nömrəli aktlar) aşkar olunmuşdur. Qeyd olunan dövr ərzində ümumilikdə 6204 çek üzrə 1.028.084 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Belə ki, sözügedən hallar (heç bir işçinin olmaması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası»nın 1.3.1-ci bəndinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»na əsasən topdansatış – şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 13, 16, 23, 24, 56, 58.13-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə aşağıdakılar vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.13) malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: (50.2.1) vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; (50.2.2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; (50.2.3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; (50.2.4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; (50.2.5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik normaları vergi orqanlarına qanunla müyyən edilmiş hallarda və qaydada vergi yoxlamaları və operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətlərini vermişdir. Hazırkı işin hallarına görə cavabdeh orqan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olan hazırkı İddiaçı MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 196.314,46 manat dəyərində mal qalığının olduğu, lakin elektron qaimə-faktura təqdim edilməli olduğu halda 862.802,19 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyicilərinə təqdim edilməsi əsası ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsi üzrə 172.560,44 manat məbləğində (təqvim ili ərzində ikinci dəfə olduğundan 20%) məbləğində maliyyə sanksiyasının tətbiqi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul etmişdir. İddiaçı MMC hazırda cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin həmin qərarını mübahisələndirir. İddiaçının dəlili ondan ibarətdir ki, o, pərakəndə satışla məşğul olduğu halda, onun müvafiq dövr üzrə ayrı-ayrı şəxslərə satdığı ümumilikdə 862.802,19 manat dəyərində mallara görə elektron qaimə-faktura təqdim etməsi tələb olunmur, lakin cavabdeh onun fəaliyyətini topdan satış qismində qiymətləndirərək, həmin elektron qaimə-fakturanın təqdim olunmamasına görə əsassız olaraq ona 172.560,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul etmişdir. Cavabdehin qərarı qanunsuzdur və ləğv edilməlidir. Mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlili ondan ibarətdir ki, iddiaçının müvafiq dövr üzrə fəaliyyətində obyektdə mal satışı həyata keçirilən zaman müvafiq sayda işçisinin olmaması, satış çeklərinin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması faktiki olaraq topdansatışla məşğul olmaq qismində və satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Bununla da, vergi ödəyicisi kimi 862.802,19 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən ayrıayrı vergi ödəyicilərinə təqdim edilməsinə iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq, 172.560,44 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul edilmişdir. Qərar qanunidir, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmənin qənaəti belədir ki, iddiaçı tələbi əsaslıdır və cavabdehin 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə bu qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Vergi qanunvericiliyi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə nəzarət etmək, büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması, eləcə də vergilərin hesablanması məqsədilə vergi orqanına kameral və səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir və bu tədbirlərin keçirilməsi şərtlərini, qaydalarını tənzimləmişdir. Qanunvericiliyin normalarına görə vergi orqanı müvafiq hədlərdə həmin yoxlama tədbirlərini seçməkdə diskresion səlahiyyətlərə malikdir. Lakin vergi orqanı tərəfindən bu tərbirlərdən hər hansı biri seçilərkən onun həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslara istinad olunmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin İsxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsin İddiaçı MMC barəsində operativ vergi nəzarətinin həyata keçirilməsinə dair 1 sentyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Məhkəmə vurğulayır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq dairəsi müəyyən edilmişdir, lakin cavabdehin 1 sentyabr 2021-ci il tarixli qərarında həmin əsaslardan hər hansı birinə istinad olunmamışdır. Operativ vergi nəzarəti haqqında qərarda Vergi Məcəlləsinin 58.8-ci maddəsinə istinad edilsə də, yoxlamanın nəticələri üzrə 17 sentyabr 2021-ci il tarixli qərarda həmin Məcəllənin 58.13-cü maddəsi üzrə maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və qapalı şəkildə müəyyən edilməsi, həm sahibkarlıq fəaliyyətinə yersiz müdaxilənin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması və vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. İnzibati orqan diskresion səlahiyyətlər çərçivəsində yoxlama tədbirinin seçilməsi barədə qərar qəbul edərkən, öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. İnzibati orqan (vergi orqanı) həmçinin diskresion səlahiyyətlərə malik olduğu hallarda, həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunverciliyi ilə müəyyən edilmiş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu inzibati orqan əsaslandırmalıdır. Müvafiq səlahiyyətverici normanın məzmununa görə cavabdeh inzibati orqan belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, vergi ödəyicisinin, o cümlədən iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətlərə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda qəbul etdiyi həmin qərar qanunsuz sayılır. Bundan başqa, vergi qanunvericiliynə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət olunmasının aşkar eduilməsi üçün operativ vergi nəzarəti tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 – 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsinin yoxlanılması məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin keçirdiyi operativ yoxlamanın müddəti 1 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək olan dövrü əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, 1 sentyabr 2021-ci il tarixdən əvvəlki dövrdə (bir neçə ayda) olan əməliyyatlar əsasında İddiaçı MMC-yə maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə aparılmış əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi nəzarətinin mahiyyətinə və xarakterinə uyğun deyildir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının 1 sentyabr 2021-ci il tarixdən əvvəlki dövrdə topdansatış fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi halda, onun nəzarət-kassa aparatı vasitəsilə satdığı malların alıcılarının vergi ödəyicisi olmasını sübut etmək vəzifəsi də inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatların məbləğ həddi vergi qanunvericiliyində müəyyən edilməmişdir. Eləcə də, qanunverici topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə pərakəndə satış fəaliyyətini qadağan etmir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fəqrləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində həm pərakəndə, həm də topdansatış qaydasında mal satışını qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qayda). Beləliklə, hazırkı məhkəmə icraatında iddiaçı malların satışı üzrə elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış, eyni zamanda hər hansı alıcının (sahibkarın) ondan elektron qaimə-faktura tələb etməsi təsdiqini tapmamışdır. İddianın növünə görə sübutetmə yükü daşıyan vavabdeh inzibati orqan isə, iddiaçı tərəfindən malların alıcıya son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, bu hala dair, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri barədə dəqiq məlumatları, onların iddiaçıdan elektron qaimə-faktura tələb etməsi və sonuncunun onlara həmin sənədi təqdim etməməsi ilə bağlı sübutları və dəlilləri təqdim edə bilməmişdir. Yəni, cavabdeh inzibati orqan iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu hal məhkəmə icraatında sübuta yetirilmir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Vergi Məcələsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021ci il tarixli **********9269 nömrəli qərarı qanuna zidd, yəni Vergi Məcəlləsinin və «İnzibati icraat haqqında» Qanunun 11, 17, 24.2-ci madələrinin tələbləri pozulmaqla qəbul olunmuş sayılır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 58.2ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarı qərarı – əlverişsiz inzibati aktı da yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 16.1.3, 58.13, 71-1-ci maddələrinə istinad etməklə kifayətlənmiş, inzibati icraatda maliyyə sansiyasına dair qərar qərar qəbul olunarkən hesablamanın (qənaətinin) əsaslarını ifadə etməmiş, hətta düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə borcu (maliyyə sansiyasını) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 1.4 və 3.8-ci maddəsinin tələblərinə ziddir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021ci il tarixli **********9269 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar