Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5125/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Azərbaycan Respubliksının Dövlət Neft Şirkəti, Abşeron Əməliyyat Şirkəti və “Neftqaztikinti” tresti) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsi, Gəmiqayırma Z18 saylı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsi, Gəmiqayırma Z18 saylı sahədə 400 kv.m torpaq sahəsini 10.000 manata İddiaçı satmışdır. İddiaçı “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Z18 saylı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi daha əvvəl “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən X2 ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən X2 ayrılmış torpaq sahəsinə əsas olmuş arxiv sənədlərinin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə vəkil sorğusu ünvanlanmışdır. ünvan 2iyyətinin təqdim etdiyi 10 iyul 2024-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamına əsasən ünvan 2iyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və arxivləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 05 avqust 2024-cü il tarixli və İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 03 oktyabr 2024-cü il tarixli cavab məktublarına əsasən X2 “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı nəzdində Hövsan bağ massivində Z-18 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat, eləcə də üzvlük kitabçası arxiv qovluğunda aşkar edilməmişdir. Daha sonra yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə vəİqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə“Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə məxsus, eləcə də “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinə əsas olmuş sənədlər sənədlərin mövcud olub-olmaması barədə 19 oktyabr tarixində vəkil sorğusu ünvanlanmış, lakin həmin sorğuya cavab verilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, X1 adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı nəzdində Hövsan bağ massivində Z-18 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat, eləcə də əlavə edilmiş üzvlük kitabçası arxiv qovluğunda aşkar edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatına əsasən qeyd olunan ərazi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşməməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Abşeron Əməliyyat Şirkəti) istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin ərazinin bir hissəsi digər şəxsin (“Neftqaztikinti” trestinin) müraciəti ilə üst-üstə düşür. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutularaq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin müxtəlif tarixli qərardadları ilə Azərbaycan Respubliksının Dövlət Neft Şirkəti, “Abşeron Əməliyyat Şirkəti” və “Neftqaztikinti” tresti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir. -“Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabçasının surətindən görünür ki, X5 “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olmuş və Z-18 saylı 0,05 ha torpaq sahəsi ona təhkim olunmuşdur. -“Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabçasının surətindən görünür ki, Novruzov X4 rayonunun Hövsan qəsəbəsindəki “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olmuşdur və ona Z-18 saylı 0,05 ha torpaq sahəsi ayrılmışdır. -X5 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsi, Gəmiqayırma Z18 saylı sahədə yerləşən 400 kv.m torpaq sahəsini 10.000 manata vətəndaş İddiaçı satmışdır. Həmçinin ərizədə onun həmin torpaq sahəsinə dair heç bir tələbin olmuyacağı bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçı iddia ərizəsində göstərdiyi sənədlərə istinad edərək Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsi, Gəmiqayırma Z-18 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, müvafiq çıxarışın və plan-ölçünün verilməsini tələb edir. Onun bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə diqqətə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Adıçəkilən Qanunun 8.0.7-ci maddəsinin məzmunundan görünür ki, üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər. Hazırkı halda isə iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Dənizkənarı küçəsi, Gəmiqayırma Z-18 nömrəli torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etsə də, o, nə cavabdeh inzibati orqana, nə də ki məhkəməyə təqdim etdiyi üzvlük kitabçasının kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyini sübut edə bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (ünvan 2iyyətinə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunubolunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. İddiaçının adı isə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan nə ilkin siyahısında, nə də ki yenilənmiş siyahısında adı göstərilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, "Gəmitəmirçisi" bağçılıq-yoldaşlıq cəmiyyətinin arxivində saxlanılan bütün sənədlərin təsdiqlənmiş surətləri məhkəmənin sorğusuna əsasən əldə edilmiş və iş materiallarına əlavə edilmişdir. Lakin həmin sənədlərlə iddiaçıya aid olduğu iddia edilən torpaq sahəsinin ayrılması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan əlavə, diqqətə alınmalıdır ki, yalnız iddiaçıya aid deyil, ümumiyyətlə torpaq sahəsinin ilkin sahibi kimi iddia olunan X5 barədə də heç bir məlumat tapılmamışdır. Bu hal, torpaq sahəsinin həmin şəxsə ayrılması ilə bağlı hər hansı bir rəsmi sənəd və ya təsdiqedici məlumatın mövcud olmadığını xüsusi olaraq göstərir. Məhkəmə hesab edir ki, iddiaçının İdarənin arxivində saxlanılan yenilənmiş siyahıda adının olmaması, bağ sahəsinin ayrılması barədə protokoldan çıxarışın və üzvlük kitabçasının bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin faktiki siyahısına uyğun olmadığına dəlalət edir ki, bu əsasla onun həmin bağ sahəsi üzərində hüquqlarının qeydiyyatı Qanunun 8.0.7-ci maddəsinə əsasən həyata keçirilə bilməz. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 2235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)-1025/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında əks olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5125/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5125/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver