Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5126/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “İddiaçı 40.000 manat maddi və 50.000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmətə yararlı olmadığı halda iddiaçının 13 ay müddətində əsassız olaraq hərbi xidmətə cəlb edilməsi ona ciddi şəkildə maddi və mənəvi zərər vurmuşdur. Əvvəla, o, orta məktəbdə yüksək qiymətlər almış və ali təhsil müəssisəsinə qəbul olunaraq hər hansı ixtisas üzrə təhsilalmaq imkanı yaranmışdır. Lakin hərbi xidmətə çağırıldığına görə bu hüququmdan istifadə edə bilməmiş, 13 aylıq hərbi xidmət zamanı ali təhsil müəssisəsinə qəbul ola bilmək üçün test imtahanlarına hazırlaşmaq imkanlarından məhrum edilmiş, bilik bazası zəifləmişdir. İddiaçının əsassız olaraq 13 ay müddətində hərbi xidmətə cəlb olunmağı nəticəsində ona vurulmuş 40 000 (qırx min) manat maddi zərərin və 50 000 (əlli min) manat mənəvi zərərin əvəzi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutumalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Qeyd edilməsi zəruridir ki, İddiaçı tibbi şəhadətləndirmə zamanı əvvəllər hər hansı xəstəlik keçirməsi və hazırda səhhəti ilə əlaqədar heç bir şikayət bildirməmiş, həmçinin sözügedən xəstəliklə bağlı əvvəllər müalicə alması, müalicə almasına dair hər hansı sənəd təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 369- cu maddəsinə əsasən, alaya (briqadaya) yeni gələn şəxsi heyət 14 gün ərzində ayrıca binada yerləşdirilir. Bu dövrdə onlar tibbi müayinədən keçir, onlara peyvənd edilir, geyim və ayaqqabı verilir, onlar əyninə uyğunlaşdırılır. Şəxsi heyətlə döyüş və ictimai siyasi hazırlıq məşğələləri keçirilir. Həmin nizamnamənin 372-ci maddəsinə əsasən, hərbi qulluqçuların fiziki inkişafını və sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə qış və yay tədris dövrü ərəfəsində tibbi müayinə keçirilir. Bu, alay (briqada) tibb xidməti rəisi tərəfindən təşkil edilir. Zabitlərin və gizirlərin tibbi müayinəsinə hərbi müalicə müəssisələrindən mütəxəssis həkimlər cəlb edilirlər. Həmin nizamnamənin 373-cü maddəsinə əsasən, tibbi yoxlamalar hərbi qulluqçuların sağlamlığının vəziyyətinə nəzarət etmək üçün aparılır. İddiaçı Xidmətin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən hərbi hissəyə təhvil verildikdən sonra 14 gün ərzində geri qaytarıİmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) Daxili orqanların USM müayinə nəticəsi və digər zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin iddiaçı onun və yaxınlarının Bakı şəhəri Nərimanov rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, ən əsası müayinə sənədlərinin vətəndaşın hərbi hissəyə təhvil verilərkən hərbi hissənin hərbi həkim komissiyasına təqdim olunması və hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam hesab edilib təhvil verilməsi faktını təsdiqləyir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Nərimanov rayon idarəsinin məsuliyyətinin yaranmamasını göstərir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, Xidmətin Nərimanov rayon idarəsi çağırış zamanı öz üzərinə düşən vəzifələri lazımi həcmdə icra etmişdir. Odur ki, iddiaçıya maddi zərərə və yaxud mənəvi iztiraba görə cavabdeh kompensasiya ödəmək öhdəliyi daşımır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindn verilmiş çıxarış epikrizdən görünür ki, iddiaçının diaqnozu anadangəlmə ürək qüsuru, ikitaylı (bikuspid) aortal qapaq. Aortal qapaq çatışmazlığı. Yayılmış irinli trixofıtiyası. Anamnezi: Hərbi xidmətə çağırılarkən şikayətləri olmamış, səthi müayinə olunmuş, hərbi xidmətə yararlı hesab edilmişdir. Məzuniyyətdə olarkən xx.xx.2015-ci il tarixdə bədənində olan səpgilər ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmişdir və müayinədən sonra "Yayılmış irinli trixofıtiyası” diaqnozu ilə qəbul olunmuşdur. xx.xx.2015-ci /7 tarixdə aparılan ExoKQ müayinəsində "İkitaylı (bikuspid) aortal qapaq, İ (birinci) dərəcəli aortal çatışmazlıq" aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2015-ci il tarixdə kardiologiya bölməsinə köçürülmüşdür. 1381 №-li xəstəlik haqqında şəhadətanamədən görünür ki, iddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli’’nin 80C maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründən məhdud yararlıdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş məktubla bildirilmişdir ki, 2014-cü ilin iyul çağırışı zamanı, iddiaçı qeydiyyatda olduğu Xidmətin Nərimanov rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və aparılmış qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinə nəticələrinə əsasən barəsində qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli’’nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” qərarı ilə xx.xx.2014-cü il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2015-ci il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ölkədə müəyyən edilmiş minimum aylıq əməkhaqqı 2014- 2015-ci illər üzrə 105 manat, 2025-ci ilin yanvarın 1-dən isə 400 manat təşkil etmişdir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanununa əsasən ölkə üzrə yaşayış minimumu 2014-cü ildə 125 manat, 2015-ci ildə 131 manat və 2025-ci ildə 285 manat müəyyən edilmişdir. ƏƏSMN yanında X1 Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 2013-cü il 27 dekabr tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığı üçün həmin dövrədək əmək fəaliyyəti barədə məlumatlar “Əmək və məşğulluq” altsistemində mövcud deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmiş, iddiaçı isə iddianın təmini barədə faktiki şərtlərin mövcudluğu sübut etmişdir. Belə ki, hazırkı iş üzrə də iddiaçının şəxsi qeyri-əmlak hüquqlarının pozulması, iddiaçının mənəvi sarsıntı və iztirab keçməsi, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması aşkar müəyyən olunur. İşin faktiki hallarından görünür ki, iddiaçıda anadangəlmə ürək qüsuru, ikitaylı (bikuspid) aortal qapaq, aortal qapaq çatışmazlığı, yayılmış irinli trixofıtiyası olması istisna edilməyən bağlı xəstəlik mövcud olmuş, çağırış komissiyası tərəfindən isə mürəkkəb tibbi müayinəyə zərurət olmadığına istinad edilməklə iddiaçı hərbi xidmətə yararlı sayılmış, lakin hərbi xidmət dövründə şəxsin diaqnozunun hərbi xidmətə yararsız olması barədə mötəbər əsaslar müəyyən edilməklə, iddiaçı şəhadətləndirilərək hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Nəzərə alınmalıdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən ürək qüsuru xəstəliyinə anadangəlmə duçar olmuş şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini təmin etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə yararsız olması barədə qənaətə gəlinmişdir ki, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixədək kimi hərbi xidmətə yararsızlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçının maddi zərər, həmçinin mənəvi sarsıntı və iztirab keçirməsinin, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olunmasının istisna edilməsi halı müəyyən edilmir. Maddi ziyanın məbləği müəyyən edilərkən əsaslı olaraq iddiaçının 2014-cü ilin iyuldekabr ayları üzrə 5 ay, 2015-ci ilin yanvar-avqust 8 ay hərbi xidmətdə olması nəzərə alınmış, iddiaçı maddi ziyanla bağlı hər hansı sübut təqdim etmədiyinə görə, maddi ziyanın məbləğinə münasibətdə 2024-cü və 2025-ci illər üçün qüvvədə olan yaşayış minimumu əsas götürülmüşdür. Qeyd edilməlidir ki, Dövlət Statistika Komitəsinin arayışına əsasən 2014-cü il üçün yaşayış minimumu 125 manat, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən həmin ildə ölkə üzrə yaşayış minimumu 131 manat olmuşdur. Göründüyü kimi iddiaçının hərbi xidmətdə olduğu dövr üzrə ümumilikdə ona dəymiş ziyan 1673 manat təşkil edir (5x125 + 8x131 = 625+1048) Maddi ziyanın müəyyən edilməsi mexanizmi oxşar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında əks olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası iddiaçının maddi ziyanla bağlı tələbinə münasibətdə apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, iddiaçı tələbində 10000 manat maddi ziyan tələb etmiş və bunu plastik tullantıların yığımı ilə məşğul olması və gündəlik 50-60 manat qazanc əldə etməsi ilə əsaslandırsa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Maddi ziyanın məbləği müəyyən edilərkən əsaslı olaraq iddiaçının 2023-cü ilin yanvar ayının 30dan hərbi xidmətə aparılması və may ayının 25-dək hərbi xidmətdə olması (4 ay) nəzərə alınmış, iddiaçı maddi ziyanla bağlı hər hansı sübut təqdim etmədiyinə görə, maddi ziyanın məbləğinə münasibətdə 2023-cü il üçün qüvvədə olan yaşayış minimumu əsas götürülmüşdür.
29. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən həmin ildə ölkə üzrə yaşayış minimumu 246 manat olmuşdur” Məhkəmə də eyni yanaşmanı hazırki işə tətbiq etməklə hesab edir ki, iddiaçıya maddi zərərin dəyməsi açıq-aşkardır, lakin dəymiş zərərin məbləği iddiaçının tələb etdiyi kimi 40.000 manat kimi deyil, ölkə ərazisində müəyyən olunan yaşayış minimumu göstəricisi nəzərə alınmaqla müəyyən edilir ki, müəyyən olunan həmin məbləğ 1673 manat təşkil edir. Mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin tutulması varlaşma vasitəsi deyil, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərinin qanunsuzluğunun nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 50.000 manat məbləğində yox, məhz 1.500 manat məbləğində müəyyən edilməlidir ki, həmin məbləğin hər iki tərəf üçün ədalətli olması hüquqi yanaşma prizmasından əsaslıdır. Bu səbəbdən də məhkəmə iddianın qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə də Plenum Qərarının 10-cu bəndində nəzərdə tutulan fərdi xüsusiyyətlər nəzərə alınmaqla rəhbər tutaraq, hesab edir ki, 2000 manat məbləğ müəyyən edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının tələblərinə də uyğun olmuşdur. Adıçəkilən işdən də göründüyü kimi iddiaçı Xidmətin aidiyyəti ərazi idarəsinə qarşı iddia irəli sürərək həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb etmişdir. İddianın məzmunundan görünür ki, iddiaçı hərbi xidmətə çağrılarkən böyrəyindən əziyyət çəksə də yoxlanılma aparılmadan hərbi xidmətə cəlb edilmişdir. İddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin qərarını ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(102)- 1605/2021 saylı qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, ilk növbədə cavabdeh (onun hüquq sələfi) tərəfindən iddiaçının hərbi xidmətə çağırıldığı vaxtda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunubolunmadığını müəyyən etməli idi. Həmin normaların tələbinə görə, kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər... Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssishəkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər (Qanunun 7-ci maddəsi). Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; ...çağırışçıların tibbi müayinəsini təşkil etmək (Qanunun 10-cu maddəsi). Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir (Qanunun 13-cü maddəsi). Normaların tələbindən göründüyü kimi, vətəndaşlar təkcə müddətli hərbi xidmətə çağırılan zaman deyil, həm də buna qədər – onların 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilərkən hökmən tibbi müayinədən keçirilməlidirlər. Bu müayinə isə, yalnız cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. İddiaçının sağlamlığından şikayətinin olmadığı barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əgər hər hansı orqanın (hazırkı halda, böyrəyin birinin) olmaması şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır. Həmin qərar əsasında qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında analoji mövqedən çıxış edilərək hərbi xidmətə yararsız şəxsin hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə cəlb edilməsinə münasibətdə cavabdehin hərəkətləri qanunsuz hesab edilərək mənəvi zərərin ödənilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı dəymiş 1673 manat məbləğində maddi və 1500 manat mənəvi zərərin ödənilməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov