Məhkəmə qərarları › İş №e-2-1(112)-513/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-513/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-513/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı əldən çıxmış fayda üçün 89776.32 manat pulun tutulması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı əldən çıxmış fayda üçün 89776.32 manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3436/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının faiz gəlirindən ödənilmiş 448.881.60 manat məbləğində verginin ona geri qaytarılması ilə bağlı vergi orqanı tərəfindən “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə rəy”in hazırlanıb iddiaçıya və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə göndərilməsi barədə 2-1(112)-904/2021 inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı “İddiaçı”nin faiz gəlirindən ödənilmiş 448.881.60 məbləğində verginin ona geri qaytarılması ilə bağlı rəyin hazırlanıb iddiaçıya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aidiyyəti starukturuna göndərilməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin normalarını hazırki işin faktiki hallarına tədbiq edərək, iddiaçının hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını da, nəzərə alaraq qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı əldən çıxmış faydanın ödənilməsinə nail olmaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, iddiaçı əldən çıxmış fayda kimi tələb etdiyi vəsaiti məhz artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmaması ilə bağlı yarandığını iddia etsə də, məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış faydanın tələb etməsi üçün hansı hüquqlarının pozulduğu müəyyən olunmur, eyni zamanda subyektiv hüququnun mövcudluğuda müəyyən olunmur. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından göründüyü kimi həmin qərardad ilə iddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır. Apellyasiya instansiya məhkəmə hesab etmişdir ki, iddiaçı ona ödənilmiş kredit faizləri ilə bağlı Azərbaycan Respublikasında məruz qalmadığı (ona ödənilmiş kredit faizlərindən çıxılmayan) vergilərə görə 448.881,60 manat pulun büdcədən ona geri qaytarılması ilə bağlı subyektiv hüquqa malik deyil. Bunun müqabiləndə Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələb üzrə hüquqi marağı, hüquqi müdaifəyə ehtiyacının olması, ümumiyyətlə subyektiv hüququnun olmasıda müəyyən olunmur ki, bu da hazırki iddianın mümkün sayılmamasına əsas verir. Belə olan təqdirdə məhkəmə hesab edir, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərindən də, göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “İddiaçı”nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar