Məhkəmə qərarları › İş №e-2-1(112)-5158/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5158/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5158/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə ona əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun yəni, İddiaçı barəsində xx.xx.2024-cü il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarının ləğv edilməsi və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətə çağırılıb və Daxili İşlər Nazirliyinin X3 rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. Hərbi xidmətdə olduğu zaman səhhətində ciddi problemlər yaranıb. Bununla əlaqədar olaraq mütəmadi olaraq müayinə və müalicə olunsa da heç bir dəyişiklik olmayıb. 2024-cü ilin ilk günlərindən başlayaraq səhhətindəki problemlər daha da ağırlaşmağa başlayıb və koma vəziyyətinə düşdüyü üçün təcili olaraq Daxili Qoşunların Bakıda Nərimanov rayonunda yerləşən hərbi hospitalına yerləşdirilib. 1 ay reanimasiya şöbəsində saxlanılıb. Həmin ay ərzində ona 245 sistem köçürülüb və ağır mülicə prosedurlarından keçib. Şüalanmaya görə normal halda 6 ayda bir dəfə MRT yoxlanışından keçmə tövsiyə olunsa da, məcburiyyət qarşısında səhhətindəki problemlərə görə onu 6 ay ərzində 3 dəfə MRT yoxlanışından keçiriblər. Bir aydan sonra reanimasiya şöbəsindən çıxarılaraq həmin hospitalın Psixinevroloji şöbəsinə keçirilərək müalicəsi davam etdirilib. 1 aydan artıq həmin şöbədə müalicə alsa da, səhhətindəki problem aradan qalxmayıb. Buna görə də 14 mart 2024-cü il tarixli 99 №-li “X2” əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş Tibb İdarəsinin Tibb xidmətində Hərbi Həkim Komisiyyası tərəfindən “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin samotaform disfunksiyası. Horizontal nistaqm” diaqnozu qoyulmuş və “hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarına əsasən xəstəlik cədvəlinin 22 “c” maddəsinin İİ qrafasına və ƏTC (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatının “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma əsasən: Azərbaycan Respublikası DİN-nin DQ-nın Hərbi-həkim komisiyyasının 422 № xx.xx.2024-cü il tarixli qərarına əsasən: “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə Dövründə məhdud yararlıdır, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı qəbul edilmişdir. Bu qərarla hərbi xidmətdən təxris olunduqdan sonra da “Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nda, “İstanbul” Klinikasında, “Diaqnoz” Tibb Mərkəzi, “Eurolab” Tibb Mərkəzi, X4 rayonunun tibb mərkəzlərində və digər ən müxtəlif tibb mərkəzlərində, yoxlamalar, MRT-lər, müyinə və müalicələr etdirməsinə baxmayaraq, yenə də sağlamlığındakı problemlər aradan qalxmamışdır. Onda stabil baş ağrıları, halsızlıq, özünü, ürək bulanması, yaddaş itməyi, sinir sisteminin pozulması ilə əlaqədar əsəbilik, bəzən donuqluq, ətrafda olanları qavramama, deyiləni eşitdiyi halda reaksiya verə bilməməsi kimi hallar müşahidə olunur. Bir sözlə psixi cəhərdən sərbəst şəkildə özünü idarə etməkdə çətinlik çəkir. Xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olundurdan sonra da stasionar və ambulator müalicələrin təsiri olmadığına və daha da ağırlaşdığına görə, sənədləri əlillik təyin olunması üçün Xüsusi Həkim Komissiyasına göndərilib. Lakin cavabdeh əlilliyin təyin edilməsindən əsassız olaraq imtina etdi. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli qiymətləndirmə qərarında qeyd edilir ki, “İmtina edilib. Diaqnoz əlillik əlaməti təyin etməməsi”. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 99 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Başbeynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, huşsuzluq, yüksək arterial təzyiq, qıcolma tutmaları, ətraflarında olan keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarda hərbi xidmətdə olduğu zaman yüksək hərarət fonunda komaya düşdüyünü, ondan sonra şikayətlərinin başladığın bildirmişdir. Nevroloji statusunda horizontal nistaqm mülayim izlənilmiş, əzələ gücü və əzələ tonusu norma daxilində, reflekslər orta canlı alınmış D=S, patoloji reflekslər alınmamış, koordinator sınaqları düzgün icra etmiş, Romberq vəziyyətdə dayanıqlı olmuşdur. İstanbul NS Klinikasının xx.xx.2024-cü il tarixli beynin MRT müayinəsinin nəticəsi “Lateral mədəciklərin arxa buynuzları asimmetrikdir (R˃L), sağ lateral mədəciyin arxa buynuzu atrium səviyyəsində ~12 mm-ə qədər genişlənmişdir. Sol alın payında, parasagittal, paraventrikulyar sahələrdə ölçüsü ~6 mm-ə qədər olan təksaylı qlioz ocağı. Sağ alın payında, verteks səviyyəsində, aşağı alın qırışı proyeksiyasında, korteksdə yüngül, hiperintens Flair siqnal artımı mövcuddur, qliotik dəyişikliklər lehinə düşünülür, kliniki korellyasiyası tövsiyə olunur. Hazırki müayinə nəticələri və görüntülərinin pasiyentin əvvəlki müayinə nəticələri və görüntüləri ilə birlikdə müqayisəli dəyərləndirilməsi tövsiyə edilir” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5549 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Sol alın payında iltihabı prosesdən (Absses? Ensefalit?) sonrakı vəziyyət. Mərkəzi sinir sistemin iltihabı xəstəliyindən sonrakı vəziyyət. Mülayim horizontal nistaqm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdhin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növlərinin mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 99 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xəstəlik cədvəlinin 22 “c” maddəsinin İİ qrafısına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı və DİNnin xx.xx.2008-ci il tarixli, 559 №-li təlimatının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə”yə ) əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qonşularının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-həkim komissiyasının xx.xx.2024-cü il tarixli, 422 №-li qərarına əsasən xx.xx.2005-ci il təvəllüdlü İddiaçı “C”- Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz: “Eynidir” (XBT-10: G06.0, F45.3, H55) “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır.” xx.xx.2024-cü il tarixli xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəliyi. Kəllədaxili abses və qranuloma. Baş-beynin alın payının absesi. Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri. Vegetativ-sinir sisteminin somatoform disfunksiyası. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnoz əillik əlaməti təyin etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-7275/2024 №-li Qərarında qeyd olunmuşdur ki: “... Bakı şəhər sakini xx.xx.2005-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 99 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, huşsuzluq, yüksək arterial təzyiq, qıcolma tutmaları, ətraflarında olan keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarda hərbi xidmətdə olduğu zaman yüksək hərarət fonunda komaya düşdüyünü, ondan sonra şikayətlərinin başladığını bildirmişdir. Nevroloji statusunda horizontal nistaqm mülayim izlənilmiş, əzələ gücü və əzələ tonusu norma daxilində, reflekslər orta canlı alınmış D=S, patoloji reflekslər alınmamış, koordinator sınaqları düzgün icra etmiş, Romberq vəziyyətdə dayanıqlı olmuşdur. İstanbul NS Klinikasının xx.xx.2024-cü il tarixli beynin MRT müayinəsinin nəticəsi “Lateral mədəciklərin arxa buynuzları asimmetrikdir (R˃L), sağ lateral mədəciyin arxa buynuzu atrium səviyyəsində ~12 mm-ə qədər genişlənmişdir. Sol alın payında, parasagittal, paraventrikulyar sahələrdə ölçüsü ~6 mm-ə qədər olan təksaylı qlioz ocağı. Sağ alın payında, verteks səviyyəsində, aşağı alın qırışı proyeksiyasında, korteksdə yüngül, hiperintens Flair siqnal artımı mövcuddur, qliotik dəyişikliklər lehinə düşünülür, kliniki korellyasiyası tövsiyə olunur. Hazırki müayinə nəticələri və görüntülərinin pasiyentin əvvəlki müayinə nəticələri və görüntüləri ilə birlikdə müqayisəli dəyərləndirilməsi tövsiyə edilir” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5549 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Sol alın payında iltihabı prosesdən (Absses? Ensefalit?) sonrakı vəziyyət. Mərkəzi sinir sistemin iltihabı xəstəliyindən sonrakı vəziyyət. Mülayim horizontal nistaqm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 99 nömrəli Qərarda göstərilmiş “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozu və həmin diaqnozun ağırlaşmaları müəyyən olunurmu? xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T338/2025 saylı ekspert rəyindən (ekspertizanın başlanma tarixi 02 aprel 2025-ci il, başa çatma tarixi 21 may 2025-ci il) görünür ki, ekspertlər 2005-ci il təvəllüdü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun aşağıdakı nəticəyə gəlmişlər: - İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında adına olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HərbiHəkim Komissiyası tərəfindən 14 mart 2024-cü il tarixli, 99 nömrəli Qərarında göstərilmiş “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatofom disfunksiyası. Horizontal nistaqm” diaqnoz ona anamnestik, kliniki, laboratorinstrumental müayinələrin əsasında qoyulmuşdur. Qeyd ediən diaqnozun və onun ağırlaşmalarının müəyyən olunması TSEK-in həkim nevropatoloqunun səlahiyyətlərinə aiddir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 99 nömrəli Qərarda göstərilmiş “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozu və həmin diaqnozun ağırlaşmaları müəyyən olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T857/2025 saylı ekspert rəyindən (ekspertizanın başlanma tarixi 15 avqust 2025-ci il, başa çatma tarixi 17 noyabr 2025-ci il) görünür ki, ekspertlər 2005-ci il təvəllüdü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun aşağıdakı nəticəyə gəlmişlər: - İddiaçı tibbi sənədlərinə əsasən o, 19.01.-xx.xx.2024-cü il tarixlərdə DİN DQ-ın hospitalının reanimasiya şöbəsində “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm (XBT-10: G06.0, F45.3 H55)” diaqnozu ilə müalicədə olmuş və hospitaldan çıxarkən ambulator müalicəyə göndərilmişdir. - İddiaçı məhkəmə tibbi ekspertizadan keçərkən xx.xx.2025-ci il tarixdə nevroloqun müayinəsinə göndərilmiş və ona “Keçirilmiş neyroinfenksiyanın mərkəzi sinir sisteminin iltihabı xəstəliyi, baş-beynin alın payının absesi, vegetativ sinir sisteminin somatoform disfunksiyası qalıq əlamətləri, ensefalopatiya, qabarıq asteno-nevrotik sindrom ilə” diaqnozu müəyyən edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ... 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. .. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ... 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular … 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06; üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 faizlə 2 il müddətinə; 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. 65-80 faizlə 2 il müddətinə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: ... 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; ... 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyin təyin olunmasına nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya “Mərkəzi sinir sisteminin iltihabi xəstəliyi. Kəllədaxili abses və qranuloma. Baş-beynin alın payının absesi. Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri. Vegetativ-sinir sisteminin somatoform disfunksiyası” diaqnozu ilə “Forma 88” göndərişi göndərilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda somatoform pozuntular (Vegetativ-sinir sisteminin somatoform disfunksiyası) xəstəliyi F45 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, istər həmin xəstəliyin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının əlilliyinin təyinatına əsas olan “Vegetativ-sinir sisteminin somatoform disfunksiyası” diaqnozun patoloji vəziyyəti nəticəsində meydana gəldiyini və hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Məhkəmə iclasına dəvət olunan zaman ekspertə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyət daşıdığı izah olunur. Hazırki iş üzrə də ekspertə CM ilə məsuliyyə daşığı izah olunmuş, ekspert rəydə göstərilənləri təsdiqləyərək, xəstəlik ilə bağlı bəzi məqamlara (bu növ xəstəliklərin hansı əsas xəstəliklərdən meydan gəldiyi, müalicə və müayinə, reabilitasiya ilə bağlı) aydınlıq gətirmişdir ki, məhkəmə hesab edir ki, ekspert rəyi və ekspertin ifadəsi sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçıda olan xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-həkim komissiyasının xx.xx.2024-cü il tarixli, 99 №-li “Xəstəlik haqqında şəhadətnamə”sində göstərilmişdir ki, Xəstəlik cədvəlinin 22 “c” maddəsinin İİ qrafısına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli, 559 №-li təlimatının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə”yə ) əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qonşularının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-həkim komissiyasının xx.xx.2024-cü il tarixli, 422 №-li qərarına əsasən xx.xx.2005-ci il təvəllüdlü İddiaçı “C”- Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz: “Eynidir” (Mərkəzi sinir sisteminin iltihabi xəstəliyi. Baş-beynin alın payının absesi. Vegatitiv sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm. XBT-10: G06.0, F45.3, H55) “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır.” Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bundan əlavə, məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində xx.xx.2025-ci il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarı ləğv edilsin. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar