Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5160/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilmə müddətinin dəyişdirilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə əsassız olaraq dayandırılmış və ödənilməmiş əlilliyə görə əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ilin mart ayından etibarən pensiyaya çıxmış keçmiş polis əməkdaşıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənə İİ qrup əlilliyimə görə əmək pensiyası təyin edilmişdir. Lakin 01 avqust 2021-ci il tarixindən etibarən əlillik müddətinin bitməsi səbəbi ilə pensiyası əsassız olaraq dayandırılmışdır. 2023-cü ildə insult keçirmişdir və daha sonra 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək əlilliyə görə əmək pensiyasının təkrar qiymətləndirilməsini xahiş etmişdir. Müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun barəsində 24 sentyabr 2024cü il tarixli, 3-17-4/2-X-25632/3/2024 nömrəli arayış verilmişdir. Həmin arayışa əsasən onun barəsində xx.xx.2024-cü il tarixdən etibarən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 90% pozulmasına görə (İ qrup) müddətsiz əlillik müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, onun əliliyə görə əmək pensiyası cari ilin may ayında tam məbləğdə (hazırda 857,97 manat) bərpa edilmişdir. Eyni zamanda, ona keçmiş müddət üçün ödənilməli olan ümumilikdə 2805,59 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsaitin 474,72 manatı cari ilin iyun ayında, 2132,55 manatı isə iyul ayında kart hesabına köçürülmüşdür. Qalan 198,32 manatın isə cari ayda hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən pensiyasın əsassız olaraq dayandırılması nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əlilliyə görə pensiyasından məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etirazı məhkəməyə təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixli DİN-in 2 saylı poliklinikasının göndərişi əsasında qiymətləndirilmiş, ona xx.xx.2006-cı il tarixindən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cu il tarixli DİN-in 2 saylı poliklinikasının göndərişi əsasında təkrar qiymətləndirilmiş, həmin tarixdən 1 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixli DİN-in Tibb İdarəsinin göndərişi əsasında təkrar qiymətləndirilmiş, xx.xx.2015-ci il tarixindən 1 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2016-ci il tarixli elektron təyinat əsasında təkrar qiymətləndirilmiş, xx.xx.2016-ci il tarixindən 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli poliklinikasının göndərişi əsasında təkrar qiymətləndirilərək, göndərişin natamam doldurulması- hədəf orqanlarda olan ağırlaşmalar ətraflı qeyd olunmayıb səbəbindən göndəriş geri qaytarılmışdır. İddiaçı əlillik vəziyyəti xx.xx.2024-cü il tarixli DİN-in Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının göndərişi əsasında qiymətləndirilərək, xx.xx.2024-cü il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının müddətsiz 90% pozulması müəyyən edilmişdir. İddiaçı hazırda tələbi 2021- 2024-cü illər arasında təyin edilməyən əlilliyə görə əmək pensiyasının hesablanmasıdır. Qeyd edilən tələbə münasibətdə bildirilir ki, əmək pensiyasının təyin edilməsi və hesablanması cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətində deyildir. Eyni zamanda vətəndaşın əlilliyi sonuncu təyinat tarixinədək müddətli olmuş və müddət başa çatdığı üçün 2021-ci ildə avtomatlaşdırılmış qaydada qüvvədən düşmüşdür. X1 məlumatlardan görünür ki, 2021-ci il tarixində vətəndaş yeni göndəriş rəsmiləşdirərək, müraciət etmişdir. Həmin göndəriş natamam doldurulduğu üçün tibb müəssisənə geri qaytarılmış, iddiaçı isə həmin inzibati aktı mübahisələndirməmişdir. Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022- ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda göstərilir ki, işlərin təhlili ilə müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə mübahisələrə baxılarkən bəzi hallarda şəxsin sağlamlıq vəziyyətinin tibbi göndərişlərin verildiyi vaxta uyğun qiymətləndirilməli olması baxımından, əlilliyin müəyyən olunmasından imtina edildikdən uzun müddət sonra qaldırılan iddialar mümkün sayılmamış, bəzi hallarda isə iddianın mümkünlük şərtlərinin ödənildiyi hesab edilməklə, işlərə mahiyyəti üzrə baxılmışdır. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən mümkünlük şərtlərinə riayət edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın mümkün hesab edilməməsi barədə Qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayədəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinə dəqiqləşmə verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli qərarda əlilliyin təyin edilməsi tarixi kimi 22 yanvar 2024-cü il tarixinin deyil, faktiki olaraq əlilliyin davam etdiyi tarix 14 oktyabr 2021-ci il tarixinin göstərilməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-5160/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı vəsatət təqdim edərək səhhəti ilə bağlı yaranmış problem və qərarın hüquqi nəticələrinin tam aydın olmaması səbəbi ilə gecikmənin üzrlü səbəblərdən olduğunu nzəərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini və ərizəni müdafiə edərək müddətin bərpa edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-6641/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -İddiaçı Daxili İşlər Nazirliyinin 2 saylı Polinklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında xx.xx.2006-cı il tarxdə qiymətləndirilmiş, xx.xx.2006-cı ildə “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, X2: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-şəkərli diabet=>E11-İnsulindənasılı olmayan şəkərli diabet. Diaqnozun mətni: şəkərli diabet ağır forma İİ tip OU-diabetik angiopatiya, diabetik ensefalopiya Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: şəkərli diabet ağır forma” 1 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2007-ci il olmaqla üçüncü dərəcə əlillik təyin edilmişdir. - İddiaçı Daxili İşlər Nazirliyinin 2 saylı Polinklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş, xx.xx.2014-cü ildə “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, X2: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-şəkərli diabet=>E11-İnsulindənasılı olmayan şəkərli diabet. Diaqnozun mətni: şəkərli diabet ağır forma İİ tip OU-diabetik angiopatiya, diabetik ensefalopiya Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion – allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” 1 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2015-ci il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçı Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş, xx.xx.2015-ci ildə “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar əlillik, X2: İX sinif-qan dövranı sistemi xəstəlikləri =>160-169serebrovaskulyar xəstəliklər =>167-digər serebrovaskulyar xəstəliklər =>167.2-serebral ateroskleroz. Diaqnozun mətni: insulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarlar. Şəkərli diabet tip-2. Orta ağır forma. OU-Diabetik angiopatiya. Diabetik nefropatiya. Hipertoniya xəstəliyi İİ dərəcə.Dissirkulyar ensefalopatiya. Serebral ateroskleroz Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion –allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” 1 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2016-ci il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçı elektron təyinat ilə xx.xx.2016-cı il tarixli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş, xx.xx.2016-ci ildə “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar əlillik, X2: İX sinif-qan dövranı sistemi xəstəlikləri =>160-169-serebrovaskulyar xəstəliklər =>167digər serebrovaskulyar xəstəliklər =>167.2-serebral ateroskleroz. Diaqnozun mətni: insulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarlar. Şəkərli diabet tip-2. Orta ağır forma. OU-Diabetik angiopatiya. Diabetik nefropatiya. Hipertoniya xəstəliyi İİ dərəcə.Dissirkulyar ensefalopatiya. Serebral ateroskleroz Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion –allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” 5 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2021-ci il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçı Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 nömrəli Polinklinkanın xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş, əlillik təyin edilməsindən imtina edilmişdir, imtina edilmənin səbəbi: göndərişin natamam doldurulması-səbəb: hədəf orqanlarda olan ağırlaşmalar ətraflı qeyd edilməmişdir. -xx.xx.2021-ci il tarixli 3-17-4/3-3-2657/2024 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizm funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. - İddiaçı Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 nömrəli Polinklinkanın xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, xx.xx.2024-cü il tarixdən etibarən müddətsiz orqanizm funksiyalarının 90 faiz pozulması barədə əllik təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-X-25632131/2024 nömrəli məktubda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq, Sizə xx.xx.2024cü il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişiniz əlilliyin müəyyən edildiyi tarixindən (xx.xx.2024-cü il tarixindən) etibarən hesablanılır. Məktubunuzun əlilliyə görə əmək pensiyasının verilməsinə köməklik göstərilməsinə dair hissəsinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatını olduğu kimi nəzərinizə çatdırırıq: Tərəfinizdən İddiaçı əlilliyi təkrar qiymətləndirilərək ona 22 yanvar 2024-cü il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar" orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlillik təyin edilib. Bununla əlaqədar olaraq, M T.Xəlilovun 19 aprel 2024-cü il tarixində Fonda daxil olmuş müraciəti əsasında əlilliyə görə əmək pensiyası cari ilin may ayında tam məbləğdə (hazırda 857,97 manat) bərpa edilib. Eyni zamanda, ona keçmiş müddət üçün ödənilməli olan ümumilikdə 2805,59 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 474,72 manatı cari ilin iyun ayında, 2132,55 manatı isə iyul ayında vətəndaşın aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Qalan 198,32 manatın cari ayda vətəndaşın müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub”. Hazırkı iş üzrə iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyinin 22 yanvar 2024-cü il tarixindən deyil, 14 oktyabr 2021-ci il tarixdən aparılmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosesual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə iddiaçının mövcud birinci dərəcə əlillik (90%) əlillik dərəcəsi əlillik təyinatının xx.xx.2021-ci il tarixdən xahiş etdiyi, bununla da hüquqlarının genişlənməsini tələb etdiyindən hazırkı iddiası daha əliverişli inzibati aktın qəbul edilməsi barədə olduğundan məcburetmə haqqında iddia növünə aiddir və bu halda hazırkı iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərtinin ödənilməsi tələb olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı məcburetmə haqqında iddianın qanunvericilikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -2.1-ci bəndinə görə göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.3-cü bəndinə görə komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir -2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. -2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşin hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlillik xx.xx.2021-ci il tarixdə bitmiş, bundan sonra iddiaçı barəsində növbəti əlillik təyinatı üçün xx.xx.2021-ci il tarixli 4400003AAAHE nömrəli tibbi göndəriş əlillik təyinatı alt sisteminə yerləşdirilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə baxılaraq göndərişin natamam dolduruması əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli yeni tibbi göndəriş tərtib edilərək əlillik alt sisteminə yerləşdirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinə olunduqdan sonra təyinat tarixi xx.xx.2024-cü il olmaqla barəsində müddətsiz əlillik edilmişdir. Göründüyü kimi iddiaçı hazırkı əlillik təyinatı müddətinin xx.xx.2021-ci il tarixdən aparılmasını tələb etsə də barəsində olan xx.xx.2021-ci il tarixli imtinanı mübahisələndirməmiş, yalnız növbəti dəfə 3 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2024cü il tarixli yeni tibbi göndəriş yerləşdirmiş və həmin göndəriş əsasında onun barəsində xx.xx.2024-cü il tarixdə əlillik təyin edilmişdir. Başqa sözlə, iddiaçı istər xx.xx.2021-ci il tarixdən, istərsə də xx.xx.2024-cü il tarixdən 30 günlük iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddianın mümkün sayılmaması nəticəsinə gələrkən xüsusən o halı nəzərə alır ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli saylı tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə aparılmış əlillik təyinatının üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi də tələb olunur. İddiaçı barəsində istər oktyabr 2021, istərsə də sonuncu tibbi göndəriş yanvar 2024-cü il olmaqla, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla, etibarlılıq müddəti keçmişdir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi artıq qüvvədən düşmüş hesab edilir. İddiaçının əlillik vəziyyəti ilə bağlı isə yeni tibbi göndəriş əlillik alt sisteminə daxil edilməmişdir. Hazırkı halda etibarlı hesab edilməyən 2021-ci il tarixli tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas veribverməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı birinci dərəcə əlillik təyinatına əsasların olub-olmamasının 2025-ci ildə, hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz. Məhkəmə iddiaçının hüquqi marağına uyğun olaraq iddiaya üçüncü dərəcəli əlilliyin təyininə əsas olan Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli nömrəli qərarın dəyişdirilməsi kimi, yəni mübahisələndirmə barədə iddia növü kimi qəbul etsə belə bu növ iddia üzrə də iddia mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının sonuncu dəfə əlillik qiymətləndirməsi xx.xx.2024-cü il tarixdə əyani müayinə nəticəsində aparılmış və ona 90%(birinci dərəcə) əlillik təyin edilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixli inzibati aktdan həmin vaxtdan məlumatlı olmuş olduğu qəbul edilərsə belə iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə üzrlü səbəblərdən baş verməmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddia inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddia mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Müddətin bərpası barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5160/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5160/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver