Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5161/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 220 ünvanında (yeni qaydalara: Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi Abbasqulu Abbaszadə küçəsi 78) yerləşən yaşayış məntəqələri kateqoriyasına aid istifadəsində olan digər 0,03084 ha hissəsi və həmin torpaq sahəsinin yerləşdiyi cizgi (sxemi) koordinatları daxilində inşa etdiyi, 211,0 kv.m-dən ibarət, 2 mərtəbəli digər yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması olaraq Dövlət Proqramı”na əsasən 2005-ci ildə hazırda mülkiyyətində olan torpaq sahəsini və bir otaqdan ibarət yaşayış evini X1 notariat kontorunda alqı- satqı etməklə almışdır və həmin vaxtdan daşınmaz əmlak onun istifasindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 180 nömrəli xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən yaşayış evinin texniki göstəriciləri təsdiqlənmişdir. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 220 ünvanında (yeni qaydalara: Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi Abbasqulu Abbaszadə küçəsi 78) yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0,0342 ha torpaq sahəsi üzərində 28,70 kv.m-dən ibarət tikilmiş yaşayış evi ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh tərəfindən 0,0034 torpaq sahəsi və yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmış və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin faktiki istifadəsində olan digər 0,03084 hissəsinin və torpaq sahəsinin yerləşdiyi cizgi (sxemi) koordinatları daxilində inşa etdiyi, 211,0 kv.m-dən ibarət, 2 mərtəbəli digər yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) yazılı müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli **********85 nömrə ilə qeydiyyatdan keçmiş cavab məktubu ilə ona ünvan 3 ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas gətirməklə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və torpaq sahəsinin, onun üzərində inşa etdiyi yaşayış sahəsinin dövlət qeydiyyatına alınması, müvafiq hüquq müəyyənedici sənədin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən xx.xx.2024-cü il tarixli yazılı imtinada bildirilmişdir ki, tərəfinizdən müraciət olunan yeni inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi texniki pasportun baş planında göstərilən sahədən kənarda yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, qeyd olunan ünvanda 0,0034 ha torpaq sahəsi və 28,70 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma aparılarkən məlum olmuşdur ki, qeydiyyata alınmış fərdi yaşayış evindən əlavə 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş və həmin fərdi yaşayış evinin 20,0 kv.m hissəsi texniki pasportda göstərilən sahədən kənarda inşa edilmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
8. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
13. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 28.7 kv.metr fərdi yaşayış evi, 0,0034 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
19. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti altı sahəsi 0,0034 ha, sənəd üzrə torpaq sahəsi 0.0034 ha, faktiki sahəsi isə 0,03424 ha təşkil edir.
İV. Məhkəmənin mövqeyi
20. İş materiallarından göründüyü kimi, iddiaçıya aid fərdi yaşayış evindən əlavə 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş və həmin fərdi yaşayış evinin 20,0 kv.m hissəsi texniki pasportda göstərilən sahədən kənarda inşa edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, yaşayış məntəqələri kateqoriyasına aid istifadəsində olan digər 0,03084 ha hissəsi və həmin torpaq sahəsinin yerləşdiyi cizgi (sxemi) koordinatları daxilində inşa etdiyi, 211,0 kv.m-dən ibarət, 2 mərtəbəli digər yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
3. Yerli icra hakimiyyəti orqanları üç ay müddətində: 3.1. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər; 3.2. müvafiq dövlət arxivinə təhvil verilməmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərinə təhvil verilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi: 4.1. bu Fərman qüvvəyə mindiyi günədək, habelə bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq dövlət arxivlərinə təhvil verilmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) elektron məlumat bazasının yaradılmasını və həmin bazaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin çıxışına imkan yaradılmasını altı ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Fərmanın 4.1-ci bəndi icra olunanadək qaytanlanmış torpaq kitablarından çıxarışların sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə kağız daşıyıcıda təqdim olunmasını təmin etsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 1 1 1 . Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
25. Məhkəmə qeyd edir ki, iddiaçı istifadəsində olan 0,03084 ha torpaq sahəsinə və yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün təsdiq edən sənədlərə malik deyildir. İş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva