Məhkəmə qərarları › İş №e-2-1(112)-517/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-517/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-517/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsinə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum atası X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Məhkəmənin qərardadı ilə iş üzrə X6 üçüncü şəxs (zəruri cəlbetmə) qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X8 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsinin üzərində olan tikilinin istifadəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyinin xx.xx.1997-ci il tarixli 3609 nömrəli müqavilə mövcuddur. Həmin bağ sahəsi atası X8 xx.xx.2012-ci il tarixdə vəfat etdiyi vaxtdan onun (İddiaçı) istifadəsində olmuşdur. Vərəsəlik işinin açılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsinə çıxarışın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən göstərilən torpaq sahəsinin bir hissəsinin 102 saylı bağın və bölünənlərinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi və bu səbəbdən də çıxarışın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu rəsmi olaraq xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, göstərilən 102 saylı bağ sahəsinin və digər bağların hər birinin yola çıxışı vardır. Yəni, bununla bağlı imtinanın verilməsi üçün əsas yoxdur.

5. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən göstərilən torpaq sahəsinin bir hissəsi “102” saylı bağın və bölünənlərinin ərazisinə uyğun gəlir. Odur ki, həmin torpaq sahəsi və bölünənlərinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən göstərilən torpaq sahəsinin bir hissəsi “102” saylı bağın və bölünənlərinin ərazisinə uyğun gəlir. Odur ki, həmin torpaq sahəsi və bölünənlərinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Həmçinin İdarənin arxivində 103 saylı bağa dair X3 və istismarı Birliyi ilə X6 arasında bağlanılmış 10350 nömrəli, xx.xx.2005-ci il tarixli müqavilə mövcuddur. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilənlər arasında uyğunsuzluq mövcuddur. Arxiv cizgisində və icarə müqaviləsində nəzərdə tutulan ev faktiki göstərilən bağ sahəsində mövcud deyil. Bağ sahəsi ümumi hasar daxilindədir. Ümumi torpaq sahəsinin faktiki ölçüsü 4512 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İPM-nin rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. X3 və İstismarı Birliyinin bağın icarəyə verilməsi haqqında xx.xx.1997-ci il tarixli 3609 nömrəli müqaviləyə əsasən, X7 Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsi icarəyə verilmişdir.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Zirə qəsəbəsində yerləşən bağ (torpaq) sahəsinin hüquqi müəyyənedici sənəd üzrə sahəsi 2500 kv.metr, faktiki sahə üzrə 4512 kv.metr təşkil edir. Göstərilən sahə ümumi hasar daxilindədir. Artıq olan sahənin sənədləri təqdim edilməyib. Ümumi sahədə 2 mərtəbəli mansardlı ev, 1 mərtəbəli ev, köməkçi və həyət tikliləri var. Təqdim edilmiş icarə müqaviləsi sürətdir. Bağ sahəsinin ölçüləri arxiv cizgisində göstərilənlə uyğunsuzluq təşkil edir. Arxiv cizgisində və icarə müqaviləsində göstərilən ev faktiki göstərilən sahədə mövcud deyil. Arxiv cizgisinə əsasən faktiki hasar daxilində olan ərazidə digər 102 saylı bağ sahəsi yerləşməlidir.

9. Ədliyyə Nazirliyi ünvan ünvanlandığı xx.xx.2023-cü il tarixli 183 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X1 miras qalmış əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət daxil olmuşdur. X5 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 103 saylı bağ sahəsində yerləşən 0.25 hektar torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) ümumi hasar daxilində olmaqla faktiki olaraq 4512.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evləri (ikimərtəbəli+mansardlı və birmərtəbəli) və həyət tikililəri mövcuddur. Bundan başqa göstərilən torpaq sahəsi idarədə mövcud olan arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, arxiv cizgisində və icarə müqaviləsində göstərilən yaşayış evi faktiki olaraq sahədə mövcud deyildir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən göstərilən torpaq sahəsinin bir hissəsi “102” saylı bağın və bölünənlərinin ərazisinə uyğun gəlir. Sözügedən sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən neçə kv.metr üst-üstə düşmə olduğunu müəyənləşdirmək mümkün olmamışdır. Müraciətdə qeyd olunan iddiaçının və üçüncü şəxsin 103 nömrəli bağ sahəsi ilə eynilik təşkil etmir.

11. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddia tələbini təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.1997-ci il tarixli 3609 nömrəli müqaviləyə əsasən Zirə qəsəbəsində yerləşən 0.25 hektar olan 103 saylı bağ sahəsi X7 icarəyə verilmişdir. X8 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. 39 saylı Notariat Ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edtmişdir.

19. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən göstərilən torpaq sahəsinin bir hissəsi “102” saylı bağın və bölünənlərinin ərazisinə uyğun gəlir. Həmçinin 103 saylı bağa dair X3 və istismarı Birliyi ilə X6 arasında bağlanılmış 10350 nömrəli, xx.xx.2005-ci il tarixli müqavilə mövcuddur.

29. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixli 3609 nömrəli müqavilə əsasında mərhum X7 icarəyə verilmiş Zirə qəsəbəsində yerləşən 0.25 hektar bağ sahəsi, üçüncü şəxs X2 xx.xx.2005-ci il tarixli 10350 nömrəli müqavilə əsasında istifadəyə verilən torpaq sahələri eynilik təşkil etmir. Bu halı cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiq etmişdir.

30. Məhkəmə cavabdehin digər dəlili-bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən göstərilən torpaq sahəsinin bir hissəsi “102” saylı bağın və bölünənlərinin ərazisinə uyğun gəlməsinə münasibətdə qeyd edir ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərindədir.

31. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “103” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

32. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

33. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

34. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar