Məhkəmə qərarları › İş №e-2-1(112)-5192/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5192/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5192/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Pirallahı rayon Polis şöbəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 4, mənzil 42 ünvanından pasport qeydiyyatında çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 4, 42 saylı mənzil 13.10.2004-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 13 oktyabr 2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən həmin mənzil xüsusi mülkiyyət kimi onun adına hüquqi qeydiyyatdan keçirilmişdir. X6 onun gəlini olmuşdur. Ş.V.Qarayeva 2016-cı ildən onun mülkiyyətində olan mənzilə pasport qeydiyyatına alınmışdır. Ş.V.Qarayeva oğlu X13 ilə nikaha daxil olduqdan sonra bir müddət onun mülkiyyətində olan mənzildə yaşamışlar. Artıq 2 ilə yaxın müddətdir ki, Ş.V.Qarayeva onun mənzilində yaşamır. Hazırda zərurət yarandığından X2 onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün Bakı Şəhəri Pirallahı rayon Polis Şöbəsinə müraciət etdikdə, həmin orqan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının mümkün olmadığı və göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etməyi bildirmişdir. Ş.V.Qarayeva onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarım məhdudlaşmışdır. O, Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, X2 Bakı şəhəri, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinin 17 dekabr 2021-ci il tarixli, 058-120732-3221 nömrəli məktubu ilə X2 pasport qeydiyyatından çıxarılmasına imtina edilmişdir. Hesab edir ki, Bakı şəhəri Pirallahı rayon Polis şöbəsnin imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 17.01.2022-ci il tarixli 2-1(112)- 5192/2022 saylı qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 17 yanvar 2022ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis şöbəsi və üçüncü şəxs X6 müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Pirallahı RPİ tərəfindən 25.01.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 03.03.1996-cı ildə doğulmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 209152 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə 4 saylı evin 42 saylı mənzili 13.10.2004-cü il tarixdə 8662 saylı reyestr kitabının 12907-ci səhifəsində 30/23277 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 28.12.2021-ci il tarixli 1153 saylı arayışda (Forma 2) qeyd olunmuşdur ki, İddiaçı həqiqətən ünvan 3 ünvanında yerləşən sahəsi 44,50 kv.m olan 3 otaqlı mənzildə yaşayır. İddiaçı ailəsi 5 nəfərdən ibarətdir: İddiaçı, X13, X6, X9, X8. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Pirallahı rayon Polis şöbəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 058-12073Ə-3221 saylı cavab məktubunda qeyd edilmişdir ki, X7, X10, X5 qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 9-cu maddəsinin 5-ci hissəsinin tələbinə zidd olduğu üçün onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Göstərilən məsələ məhkəmə baxışı predmeti olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Bakı şəhəri, Pirallahı rayon Polis şöbəsi tərəfindən verilmiş 08.02.2022-ci il tarixli 058-1200-1222 saylı məktubla məhkəməyə təqdim olunmuş X4 məxsus “Fərdi uçot kartoçkası”nın surətindən müəyyən olunur ki, 03.03.1996-cı ildə Xaçmaz rayonu, Çinartala kəndində doğulmuş X2 əri qismində 15.08.1994-cü il təvəllüdlü X13 qeyd olunmuşdur (Xəzər rayon Qeydiyyat Şöbəsi 12.08.2016-cı il). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 07.02.2022-ci il tarixli ***-*******2 saylı cavab məktubunda qeyd olunmuşdur ki, vət. X3 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 4, mənzil 42 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən ona göndərmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 21.02.2022-ci il tarixli **********06 saylı cavab məktubunda qeyd olunmuşdur ki, X1 ünvanda (ünvan 4ifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxs X2 iddiaçıya məxsus mənzildə qeydiyyatda olması müəyyən olunsa da, onun mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarını olmaması, həmçinin həmin şəxsin qeyd olunan mənzildə yaşamadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxs X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X2 İddiaçı məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 4, mənzil 42 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar