Məhkəmə qərarları › İş №e-2-1(112)-5199/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5199/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5199/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “21.01.2021-ci il tarixinə vergilər üzrə 294,476.21 manat, faizlər üzrə 47,785.26 manat olmaqla, ümumilikdə 342261,47 manat vergi borcunun ümidsiz borc hesab edilərək şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “21.01.2021-ci il tarixinə vergilər üzrə 294,476.21 manat, faizlər üzrə 47,785.26 manat olmaqla, ümumilikdə 342261,47 manat vergi borcunun ümidsiz borc hesab edilərək şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ünvanlanmış **********3 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişə əsasən İddiaçı 21.01.2021-ci il tarixinə vergilər üzrə 294,476.21 manat, faizlər üzrə 47,785.26 manat olmaqla ümumilikdə 342261.47 manat vergi borcu hesablanmışdır. İddiaçı vergi borclarına görə cavabdeh vergi orqanı vergi ödəyicisi kimi İddiaçı MTK-nın əmlakının siyahıya alınması barədə 08.09.2020-ci il tarixli, **********5 nömrəli Qərar çıxarmışdır. İddiaçı 08/09/2020-ci il tarixə yaranan 376943.06 manat borcuna görə 382800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 07/10/2020-ci il tarixli **********5 saylı protokol tərtib edilmişdir. Bu isə İddiaçı” hüquqlarını pozur. İddiaçı cavabdeh orqan tərəfindən vergi borcunun hesablanması üçün nəzərdə tutulmuş müddətlərin pozulduğunu əsas gətirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ümidsiz vergi borcunun əsası özü tərəfindən təqdim edilmiş (20.07.2017-ci il tarixdə 2017-ci ilin 2-ci rübü, 20.10.2018-ci il tarixdə 2018-ci ilin 3-cü rübü, 02.07.2019-cu il tarixdə 2019-cu ilin 2-ci rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”) bəyannamələr olmuş və həmin vergi borcunun tələb etmə müddəti bitməmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. O isə, iddiaçının iddia tarixindən geriyə 5 il tarixinə vergi borcu belə olmamışdır. Bundan başqa, iddiaçı 24.06.2020-ci il və 29.06.2020-ci il tarixlərdə (AVİS qeydiyyatı: 01.07.2020-ci il tarixli **********956400 saylı, 08.07.2020-ci il tarixli **********956401 saylı) İqtisadiyyat Nazirliyinə müraciət edərək hesablanmış vergi məbləğinin azaldılmasını və ya vergi borcunun ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Həmin müraciətə cavab olaraq iddiaçının 03.07.2020-ci il tarixə vergilər üzrə 205813,41 manat, 14.07.2020-ci il tarixə işsizlikdən sığorta haqqı üzrə 762,31 manat borcun olduğu və həmin borcun alınması ilə bağlı sərəncamlar göndərildiyi bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsinə görə iddiaçının tələbi vergi borcun ümidsiz vergi borcu kimi şəxsi hesab vərəqindən silinməsi tələbindən ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93-cü maddəsinə əsasən: 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı bu tələblə cavabdehə müraciət edilməsinə dair sübutu və ya cavabdehin imtina məktubunu iddia ərizəsinə əlavə etməmiş, məhkəmədə işə baxılan zaman təqdim etməmişdir. Həmçinin, məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları 27.07.2021-ci il və 15.12.2021-ci il tarixlərə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən (19.03.2021) məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə tərəfindən 09 avqust 2021-ci il tarixli məktubu ilə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sənədlərin surətlərinin 10 gün müddətində məhkəməyə təqdim edilməsi bildirilmişdir. Lakin iddiaçı məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifəni icra etməmiş, həmin vəzifəni yerinə yetirməkdən yayınmışdır. Bundan sonra, məhkəmə tərəfinən 11 oktyabr 2021-ci il tarixdə iddiaçıya iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sənədlərin surətlərinin 10 gün müddətində təqdim edilməsi təkrar olaraq tələb olunmuşdur. Lakin iddiaçı məhkəmənin tələbini yerinə yetirməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “21.01.2021-ci il tarixinə vergilər üzrə 294,476.21 manat, faizlər üzrə 47,785.26 manat olmaqla, ümumilikdə 342261,47 manat vergi borcunun ümidsiz borc hesab edilərək şəxsi hesab vərəqəsindən silinməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “21.01.2021-ci il tarixinə vergilər üzrə 294,476.21 manat, faizlər üzrə 47,785.26 manat olmaqla, ümumilikdə 342261,47 manat vergi borcunun ümidsiz borc hesab edilərək şəxsi hesab vərəqəsindən silinməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar