Məhkəmə qərarları › İş №e-2-1(112)-5200/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5200/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5200/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 3-21-2-3/2- 325095/2024 nömrəli qərarın ləğv olunması” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ. Mübahisənin predmeti 1.İddiaçı QSC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “ cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 3-21-2-3/2-325095/2024 nömrəli qərarın ləğv olunması”ni xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyul 2022-ci il tarixində İddiaçı QSC (Alıcı) ilə "xxxx" (Satıcı) MMC arasında 15/07M saylı alqı satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının sifariş etdiyi müxtəlif məhsulları alıcıya təhvil verməyi öhdəsinə götürür. Vergi ödəyicisinin hər hansı müəssisə ilə təsərrüfat əməliyyatı aparan zaman malları ona təqdim edən vergi ödəyicisinin qanuni sahibliyinə müqavilənin predmetini təşkil edən mövcudluğunu təsdiq edən sənədləri əldə etmək kimi vəzifə yalnız xx.xx.2023-cü il tarixli qanunla Vergi Məcəlləsinin 16-cı maddəsinə 16.1.11-14-cü yarımbəndinin əlavə edilməsi ilə yaranmışdır. Bu baxımdan, müvafiq malların alqı-satqısı üzrə təsərrüfat əməliyyatı apardığı "xxxx" MMC (1********) müəssisəsi ilə iddiaçı arasında bağlanmış müqavilələrin predmetini təşkil edən mallara malik olmaması müəssisəsi üçün heç bir məsuliyyətə səbəb ola bilməz. "xxxx" MMC (**********) müəssisəsi ilə cəmiyyəti arasında bağlanmış müqavilə üzrə mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yuxarıda sözügedən müəssisə ilə müvafiq müqavilə əsasında təsərrüfat əməliyyatları apardığı dövrdə sözügedən müəssisələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərarına əsasən xx.xx.2024-cü il tarixə riskli vergi ödəyicisi siyahısına salınmamışlar. İddiaçı QSC-nin müqavilə münasibətində alqı satqı əməliyyatlarını həyata keçirdiyi "xxxx" MMC İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli №**********964700 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunmuşdur. Yuxarıda sözügedən müəssisə təsərrüfat əməliyyatları aparılan zamanı riskli vergi ödəyiciləri siyahısına salınmadığından həmin müəssisə ilə apardığı əməliyyatların müəssisəyə münasibətdə qanuniliyi şübhə altına salına bilməz. Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən müəyyənləşdirilmiş vahid məhkəmə praktikasında da riskli vergi ödəyicilərinin siyahısına salınmamış müəssisələrlə aparılan təsərrüfat əməliyyatlarında bu əməliyyatı aparmış şəxslərin bu və ya digər məsuliyyətə cəlb edilməsinin yolverilməzliyinə dair hüquqi mövqe formalaşdırılmışdır. Qeyd edilən hallara əsasən iddiaçı verginin əvəzləşdirilməsini xahiş etmiş, lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixində Vergi orqanı 2024-cü ildə "xxxx" MMC-dən alınan xx.xx.2022-ci il tarixli №EBCB seriyalı 296602 nömrəli, xx.xx.2022-ci il tarixli № EBCA seriyalı 182286 nömrəli, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 462214 nömrəli elektron qaimə-fakturaları əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunması səbəbi ilə 40492 manat ƏDV məbləğində olan vergini əvəzləşdirməmişdir. X1 Xidməti tərəfindən vergi, sığorta və ya cari vergi ödəmələri üzrə borcların Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə ödəməməsi ilə əlaqədar, vergi ödəyicisindən əsassız olaraq faizlər tutulmuşdur. "xxxx" MMC ilə İddiaçı QSC arasında olan alqı-satqı müqaviləsindən, malların təhvil-qəbul aktından və eləcə də elektron qaimələrin məzmunundan aydın olur ki, adıçəkilən təsərrüfat subyekti ilə əməliyyatlar həmin müəssisənin riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparılmışdır. Halbuki əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olubolmamasından asılı deyildir. Belə ki, riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqısatqı əməliyyatı aparıla bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyinin yaranmasının əsası qismində çıxış edə bilməz. Mülki Məcəllədə alqı-satqı əməliyyatlarının həyata keçirilməsi, xidmətlərin göstərilməsi tələbləri mövcuddur. Bu tələblərdən biri də tərəflər arasında münasibətlərin tərəflərin iradə ifadəsinə əsaslanaraq müqavilə əsasında qurulmasıdır. Göründüyü kimi "xxxx" MMC ilə qarşılıqlı münasibətlər müqavilə əsasında qurulmuşdur və alınan məhsullar, malların təhvil təslim aktına əsasən müəyyən edilməkdədir. Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs, mallar, işlər və xidmətlər tərəflər arasındakı təhvil təslim aktına uyğun olaraq elektron qaimə-fakturanı təqdim (tərtib) edir. Ödəniş müqavilədə müyyən olunan qaydada tərəflər arasında razılaşdırılmış şərtlərlə həyata keçirilir. 2022-ci ilin iyul, avqust və oktyabr aylarında həyata keçirilən əməliyyatlar Caspian 2022 CORP MMC-nin riskli vergi ödəyicisi hesab olunmamışdan əvvəlki dövrə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddə 175.1-ə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazında bildirmişdir ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlarının rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 40492 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********059000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyici tərəfindən qeyd olunan kənarlaşma aradan qaldırılmaqla cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2024-cü il oktyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində göstərilməklə 40492 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli **********974800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. İddiaçının dəlili ondan biri olmuşdur ki, "xxxx" MMC ilə İddiaçı QSC arasında olan alqı satqı müqaviləsindən, malların təhvil-qəbul aktından və eləcə də elektron qaimələrin məzmunundan aydın olur ki, adıçəkilən təsərrüfat subyekti ilə əməliyyatlar həmin müəssisənin riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparılmışdır. Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı müşahidə baxış nəticəsində vergi ödəyicisinin real fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinə Riskli əməliyyatların araşdırılması barədə **********709200 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunan müddət ərzində vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmadığı üçün vergi ödəyicinin riskli vergi ödəyiciləri siyahısına daxil edilmə prossesi davam etdirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İİ.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda vergi ödəyicisi kimi vergi uçotuna alındığı yeri və cavabdeh vergi qurumunun ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair təqdim edilmiş etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarında olan:

Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********487800 nömrəli çıxarışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. Riskli vergi ödəyiciləri barədə məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixli **********964700 nömrəli qərar əsasında riskli vergi ödəyicisi hesab edilmişdir. xx.xx.2022-ci il tarixli 15/07M nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən, "xxxx" MMC (bundan sonra satıcı adlanacaq) və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı QSC (bundan sonra alıcı adlandırılacaq) olmaqla, satıcı alıcının sifariş etdiyi müxtəlif məhsulları alıcıya təhvil verməyi öhdəsinə götürür, alıcı isə satıcı tərəfindən verilən malı qəbul edib əvəzində malın haqqını 10 iş günü ərzində satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC və İddiaçı MMC malları təhvil-təslim etmişlər. 12 iyul 2022-ci il tarixli 1 nömrəli aktdan görünür ki, 15 iyul 2022-ci il tarixində bağlanmış 15/07M nömrəli müqavilədə nəzərdə tutulmuş malların qiymətinin müəyyənləşdirilməsi haqqında tərəflər razılığa gəldilər. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 noyabr 2024-cü il tarixli 3-21-2-3/2- 325095/2024 nömrəli Qərarına əsasən İddiaçı QSC barəsində oktyabr 2024-cü il bəyannamə və hesabat dövrü üzrə 91.679,15 manat əlavə dəyər vergisi müəyyən edilmişdir. . Qərarda göstərilmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əmliyyatların azaldılmasına görə ƏDV –nin bərpa edilən məbləği) sətrində bu e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 40, 492 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. İddiaçı əlavə olaraq məhkəməyə EBCH 462214 nömrəli xx.xx.2022-ci il tarixli, EBCA 182286 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCB 296602 nömrəli, xx.xx.2022-ci il tarixli və EBCİ 237874 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr təqdim etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İV.Məhkəmənin mövqeyi

9.Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:

3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 24.1. Vergi orqanları:24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nə əsasən: 1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. 1.2. Bu Sənəddə istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfaktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş EBCH 462214 nömrəli xx.xx.2022-ci il tarixli, EBCA 182286 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCB 296602 nömrəli, xx.xx.2022-ci il tarixli və EBCİ 237874 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə -fakturalar üzrə aparılan əməliyyatları riskli hesab etmiş və əvəzləşdirməyə əsas olmamasını göstərərək kənarlaşma yaranması əsası ilə iddiaçıya əlavə vergi məbləğlərinin hesablanması 28 noyabr 2024-cü il tarixli 3-21-2- 3/2-325095/2024 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul etmişdir. Halbuki məhkəmə araşdırılması ilə müəyyən olunur ki, cavabdeh heç bir vergi nəzarət tədbiri ilə aşkar etmədiyi halda, iddiaçının apardığı əməlliyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən belə qənaətə iddiaçının əməlliyatları apardığı "xxxx" MMC -nin riskli vergi ödəyiciləri hesab edildiyindən gəlinmişdir. Məhkəməyə təqdim edilən cavabdehin etirazından müəyyən olunur ki, hazırda mübahisələndirilən qərar iddiaçının "xxxx" MMC ilə 2022-ci ildə həyata keçirilmiş əməliyyat ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq əməliyyatlar apardığı zaman (2022-ci il) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır (qeyd edilən hal cavabdeh tərəfindən də təkzib edilmir.) Belə ki, iddiaçının əməliyyatlar apardığı "xxxx" MMC xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyiciləri hesab edilmişdir. İddiaçının həmin müəssisə ilə əməliyyatı isə 2022-ci ilə təsadüf edir. Yəni qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyat vergi orqanı tərəfindən həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı cavabdehin nəzərə almadığı elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Vergi qanunvericiliyinə əsasən, Vergi Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (VM 53.3) Məhkəmə hesab edir ki, vergi orqanının 28 noyabr 2024-cü il tarixli 3-21-2-3/2- 325095/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qanuna uyğun qəbul edilməmişdir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir. . 12.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 13.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 noyabr 2024-cü il tarixli 3-21-2-3/2-325095/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. 15.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 16.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

17.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 noyabr 2024cü il tarixli 3-21-2-3/2-325095/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar