Məhkəmə qərarları › İş №e-2-1(112)-5242/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5242/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5242/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X8 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçın 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən, 08.1987-xx.xx.2014-ci il tarixinədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Mərkəzləşdirilmiş Şəhərlərarası Yükdaşıma Avtonəqliyyat müəssisəsində sürücü vəzifəsində işlədiyi 18 il, 4 ay, 6 gün əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. Hal-hazırda 66 yaşındadır. Əmək kitabçasına əsasən Təsərrüfat X13 daxil olana qədər Sovet Ordusunda 1976-1978-ci illədə hərbi xidmətdə olmuşdur. xx.xx.1979-xx.xx.1980-ci illərdə Ticarət Nazirliyinin Təsərrüfat X9 sürücü kimi əmək fəaliyyətə başlamışdır. xx.xx.1980xx.xx.1982-cı illərdə Avtomobil Nəqliyyat Nazirliyinin Mərkəzləşdirilmiş şəhərlərarası daşımanın Bakı avtomobil bazasında, xx.xx.1982-xx.xx.1987-ci illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyat Nazirliyinin X4 X12 kolonunda, xx.xx.1987-xx.xx.1987-ci illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Meyvə-tərəvəz nəqliyyatı ixtisaslaşdırılmış X5 birliyində, xx.xx.1987-xx.xx.2014-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Mərkəzləşdirilimiş Şəhərlərarası Yükdaşıma Avtonəqliyyat müəsisəsində sürücü işləmişdir. Beləliklə, hərbi xidmət daxil edilməklə 2014-cü ilə qədər ümumi əmək stajı 36 il, 8 ay, 14 gün təşkil edir. 2006-cı ilə qədər əmək stajı aşağıdakı kimi hesablanır: xx.xx.1979-xx.xx.1980=1 il 5 ay; xx.xx.1980-xx.xx.1982=1 il 8 ay 1 gün; xx.xx.1982-xx.xx.1987=4 il 10 ay 10 gün; xx.xx.1987-xx.xx.1987=4 ay; 08.1987xx.xx.2014=18 il 4 ay 6 gün; 2006-cı iln yanvar ayına qədər olan əmək stajı-hərbi xidmət daxil olmaqla 28 il 7 ay 17 gün təşkil edir. Cəmi 36 il 8 ay 14 gün. Beləliklə, yaşa görə pensiya hüququ yarandığından o, aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün sərəncam verilməsi barədə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, **********7 nömrəli cavab məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14 il 8 ay sığorta stajına uyğun olaraq 11.926,17 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 994,86 manat olmaqla, ümumilikdə 12.921,03 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilib ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “X7” ASC-də olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda adına aktiv əmək müqaviləsi ("Kristal Bakı” ASC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 3- 17-1/2-31309/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixədək 36 il 8 ay 14 gün sığorta stajı olduğunu iddia edir. İş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı F.X14 təqdim etdiyi əmək kitabçasının, hərbi biletin və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 15 il 1 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14 il 8 ay sığorta stajına uyğun olaraq 11.926,17 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 994,86 manat olmaqla, ümumilikdə 12.921,03 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Cavabdeh etirazında imtinada göstərilənləri qeyd edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri, hərbi biletinin surətinə əsasən xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrləri nəzərə alınmaqla sığorta stajı, ümumilikdə, 15 il 1 ay mübahisələndirilməyən təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən xx.xx.1979-cu ill tarixdən xx.xx.1980-ci il tarixədək Ticarət Nazirliyinin Təsərrüfat X10 sürücü vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş Şəhərlərarası Daşımanın Bakı Avtomobil Bazasında sürücü vəzifəsində; xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərbaycan SSR Avtomobil Nəqliyyat Nazirliyinin Sərnişin Daşımaları istehsalat X12 Kolonu”nda sürücü vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Meyvə-Tərəvəz Nəqliyyatı ixtisaslaşdırılmış X5 Birliyi”ndə sürücü vəzifəsində işləmişdir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X7” ASC-də işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrləridir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdə “Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş Şəhərlərarası Daşımanın X15”ndə sürücü vəzifəsinə qəbul edilib. Müəssisə xx.xx.2002-ci il tarixli 12 nömrəli əmrlə “X7” ASC (VÖEN:**********) adlandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığortaedənlər” altsistemində olan məlumatlara əsasən “X7” ASC xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Bununla da, hesab edirik ki, iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrlərdə müəssisənin qeydiyyatının olmaması, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlərdə isə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək mübahisələndirilən əmək fəaliyyəti dövlərinin mötəbərsizliyinə dair əsaslı fakt kimi qiymətləndirilməlidir. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəiyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957ci ildə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 65 yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. 3365809 nömrəli “Hərbi bilet”in surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. xx.xx.1979-cu il tarixdə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979-cu ildə Ticarət Nazirliyinin Təsərrüfat X13 3-cü dərəcəli sürücü vəzifəsinə daxil edilib; xx.xx.1980-ci ildə sürücüyə 2-ci dərəcə verilib; xx.xx.1980-ci ildə işdən azad edilib; xx.xx.1980-ci ildə Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş şəhərlərarası daşımanın Bakı avtomobil bazasına 2-ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1982-ci ildə işdən azad edilib; xx.xx.1982-ci ildə Azərbaycan SSK Avtomobil Nəqliyyat Nazirliyinin X6 X12 kolonuna 2-ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1987-ci ildə işdən azad edilib; xx.xx.1987-ci ildə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Meyvətərəvəz nəqliyyatı ixtisaslaşdırılmış X5 birliyinə 2-ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1987-ci ildə işdən azad edilib; xx.xx.1987-ci ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş şəhərlərarası daşımanın X15nə 2-ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1988-ci ildə sürücüyə birinci dərəcə verilib; xx.xx.2002-ci il tarixli 12 nömrəli əmrlə Müəssisə “X7” ASC adlandırılıb. İddiaçı xx.xx.2014-cü ildə işdən azad edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, **********934400 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsi olan “X7” açıq səhmdar cəmiyyətinin direktoru X3r və hal-hazırda fəaliyyəti aktivdir. Bundan əlavə bildirilir ki, müraciətdə qeyd olunan dövrlər üçün bəyannamə və hesabatların saxlanma müddətləri bitdiyi üçün “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair təlimata və “Vergi orqanlarında arxiv işinin aparılması qaydaları”na əsasən sənədlər məhv edilmişdir. Göstərilən səbəbdən müvafiq dövr üçün sənədlərin və məlumatların verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6088/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş X1 Şəhərlərarası və X2 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal X19 Nazirliyinin məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı işlədiyi “X7” ASC-nin (əvvəlki Beynəlxalq Şəhərlərarası Yükdaşıma Avtonəqliyyat Müəssisəsinin) sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv arayışlarının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 3-34/2-225/01-3/2024 nömrəli cavab məktubununda qeyd edilmişdir ki, “X7’’ ASC (əvvəlki adı Şəhərlərarası və X2 Müəssisəsi) 02 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2- 11-3283/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2458 nömrəli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edilmişdir. Bununla bağlı kommersiya qurumlarının arxiv sənədləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, “X7” ASC xx.xx.2004-cü il tarixdən VÖEN (**********) almışdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina və iddiaya etiraz ərizəsində iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 illə xx.xx.2022-ci il tarixdə yaranması halı mübahisələndirilməmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən mübahisələndirilən illərə dair iddiaçının əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixədək onun sığorta stajına daxil edildiyi zaman ikinci şərt ödəniləcəkdir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti (xx.xx.1976-xx.xx.1978) + əmək kitabçasında öz əksini tapan əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1979-xx.xx.1992-ci illərdəki sığorta stajı (ümumilikdə 15 il 1 ay) cavabdeh tərəfindən mübahisələndirilməməkdədir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1992-xx.xx.2014-cü illər üzrə “X7” ASC-də işlədiyi dövrlər müəssisənin həmin dövrdə mövcudluğu şübhə altına alınmaqla mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə müahisələndirilməsi məhkəmə araşdırması ilə iddiaçıya məxsus əmək kitabçası, iş materiallarına əlavə edilmiş sənəd və sorğularla əldə olunmuş məlumatlara, əsasən müəyyən edilmiş hallara zidd olumuşdur. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh təkrar qiymətləndirmə aparılması zamanı “X7” ASC-yə aid sənədlərin aşkar edilməməsinə istinadən həmin müəssisənin mövcudluğunu və iddiaçının sözügedən müəssisədə işləməsini şübhə altına almışdır ki, bu hal məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini istisna edən hər-hansı dəlil təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş X1 Şəhərlərarası və X2 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X7” Açıq Səhmdar Cəmiyyəti yaranmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşmişdir. Həmçinin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsi olan “X7” Açıq Səhmdar Cəmiyyətinin direktoru X3r və hal-hazırda fəaliyyəti aktivdir. Həmçinin “X7’’ ASC (əvvəlki adı Şəhərlərarası və X2 Müəssisəsi) 02 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bu isə məhkəmə tərəfindən cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyinə dair şübhələri təkzib edən fakt kimi qiymətləndirilməkdədir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X17.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar