Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5243/2024 08.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "vergi uçotundan çıxarılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması və əlavə heç bir verginin hesablanmamasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini, onun vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin əvvəllərində Bakı şəhəri Dövlət Vergi Xidmətinə VÖEN-nin ləğv edilməsi ilə bağlı müraciət etmiş, ona 1 ay ərzində VÖEN-nin ləğv olunacağı bildirilmişdir. Lakin 1 il keçdikdən sonra e-taxes.gov.az saytında ada görə axtarış etdikdə iddiaçıya məlum olmuşdur ki, VÖEN-i ləğv olunmamışdır. Səbəb olaraq onun 2021 və 2022-ci illərdə iki ədəd avtomobil idxal etməsi, lakin bu barədə vergi orqanına müvafiq məlumat və ya bəyannamə təqdim etməməsi göstərilmişdir. İddiaçı avtomobilləri şəxsi istifadəsi üçün idxal etmiş və avtomobil satışı ilə məşğul deyildir. Bu səbəbdən hesab edir ki, tələbi təmin edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 11 oktyabr 2017-ci il tarixli, **********287000 nömrəli fiziki şəxsin şəhadətnaməsi ilə vergi ödəyicisi statusu əldə etmişdir. Daha sonra iddiaçı vergi uçotunun ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Müraciət 03 aprel 2023-cü il tarixli **********275800 nömrəli məktub ilə cavablandırılmışdır. İddiaçı tərəfindən 2021 və 2022-ci illərdə 2 ədəd avtomobil idxal edilmiş, lakin bu barədə vergi orqanına müvafiq məlumat və ya bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən, vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotunun ləğv olunmağı barədə uçotda olduğu vergi orqanı tərəfindən iddiaçıya məlumat verilmişdir. Aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2021 və 2022-ci illər üzrə 26 551,57 (iyirmi altı min beş yüz əlli bir manat, əlli yeddi qəpik) manat dəyərində iki ədəd eyni növ nəqliyyat vasitələrinin (“Toyota Prius hibrid”) idxal edilməsi sahibkarlıq subyekti məqsədləri daşıdığı üçün, eyni zamanda müvafiq dövrlər üzrə vergi bəyannamələrinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı iki ədəd eyni növ nəqliyyat vasitələrinin şəxsi istifadəsi üçün gətirdiyini qeyd etmişdir. Keçirilən sorğu zamanı nəqliyyat vasitələrinin eyni markalı “TOYOTA PRİUS HİBRİD” minik olduğu müəyyən edilmişdir. Hüquq və vəzifələrini bilən bir vergi ödəyicisi olan iddiaçının eyni markalı avtomobilin əyləc sistemində problem olması səbəbindən onu satması, daha sonra yenidən məhz eyni növdən olan nəqliyyat vasitəsini satın alması məhz onun gəlir əldə etmək məqsədləri güddüyünü göstərir. Belə ki, real vəziyyətdə şəxsi istifadə üçün satın alınan nəqliyyat vasitəsində hər hansı bir problem aşkarlandıqda ümumən eyni növdən nəqliyyat vasitəsini satın alınmaz. Həmçinin, etiraza əlavə edilən qoşma cədvəldən görünür ki, iddiaçı nəqliyyat vasitələrini əldə etdikdən qısa müddət sonra satmışdır, bu isə vergi ödəyicisinin məqsədlərinin sahibkarlıq subyekti məqsədi daşıdığını göstərir. Qeyd edilənlərə əsasən, fiziki şəxs olan vergi ödəyicisinin uçotdan çıxarılması üçün avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən və vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotu ləğv edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, avtomobilləri idxal etdiyi dövrdə yerli banklardan birində kredit inspektoru vəzifəsində çalışmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. İlk dəfə avtomobili idxal etdiyi zaman onun əyləc sistemində problem olduğu müəyyən edilmiş və ona usta tərəfindən bunun avtomobilin buraxılış ili ilə əlaqəli olduğu bildirilmlişdir. Avtomobili bəyəndiyi üçün, o, digər buraxılış ili olan həmin avtomobildən yenidən sifariş vermişdir. Maddi imkanı aşağı olduğundan müəyyən müddət sonra onu satmaq məcburiyyətində qalmışdır. O, avtomobil alqı-satqısı ilə məşğul olmamış, avtomobilləri şəxsi istifadəsi üçün idxal etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, iddiaçının eyni markalı, eyni rəngli, daha çox taksi fəaliyyəti zamanı istifadə olunan avtomobilləri idxal etməsi, bunun satış məqsədi ilə edilməsini sübut edir. İddiaçının VÖEN-i var. Bu da onun avtomobilləri məhz sahibkarlıq fəaliyyəti ilə əkaqədar idxal etdiyini təsdiq edir. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus xx.xx.2017-ci il tarixli, ********** VÖEN-dən görünür ki, iddiaçı həmin VÖEN-ə əsasən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. VÖEN-də iddiaçının fəaliyyət istiqaməti kimi “taksi fəaliyyəti” göstərilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli gömrük bəyannamələrinə əsasən iddiaçı tərəfindən “TOYOTA PRİUS (HİBRİD) minik” markalı 2012-ci və 2008-ci il buraxılışlı nəqliyyat vasitələrini ölkəyə idxal edilmişdir. Minik avtomobillərinin reyestr barədə hesabatına əsasən iddiaçı tərəfindən idxal edilmiş 2012-ci il buraxılışı olan qızıl metallik rəngli “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışı olan açıq yaşıl metallik rəngli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Həmin avtomobilin sahibi X3r. “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Həmin avtomobilin sahibi X1r. Əmək müqaviləsi bildirişlərindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də kredit inspektoru vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdən bugünədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində aparıcı mühasib vəzifəsində işləyir. Cavabdehin iddiaçıya verdiyi imtina məktubunda iddia ərizəsinə yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır (33.1.). Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır (33.3.). Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1.). Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir (34.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi fiziki şəxslər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındıqdan sonra onlara vergi ödəyicisinin eynləşdirmə nömrəsi (VÖEN) verilir. İddiaçı xx.xx.2017-ci il tarixliində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Həmin VÖEN-də iddiaçının əsas fəaliyyət istiqaməti taksi fəaliyyəti göstərilmişdir. Vergi Məcəlləsinə əsasən Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: fəaliyyətinə xitam verildikdə; məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; vəfat etdikdə (34.7.3.). Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda göstərilmişdir ki, fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə; ailə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə; torpağa mülkiyyət hüququ özgəninkiləşdirildikdə; fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; fiziki şəxs vəfat etdikdə (4.1.). Uçotdan çıxarılma barədə müraciətlər edilən zaman vergi orqanı əməkdaşı müraciətin edilməsi tarixinə uçot məlumat bazasında uçotdan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlayır: uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması; vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olub-olmaması; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminalının qeydiyyatda olubolmaması; fiziki şəxsin aktiv bank hesablarının olub-olmaması; fiziki şəxsin dövlət büdcəsinə borcunun olub-olmaması; təqdim edilməmiş bəyannamələrin hesabatların) olub-olmaması. torpaq mülkiyyətçisi və ailə kəndli təsərrüfatının başçısı kimi vergi orqanında uçotda olub-olmaması; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələrinin olub-olmaması (4.6.). Bu Qaydaların 4.6-cı bəndində qeyd edilən hallar aşkar edildikdə fiziki şəxsin uçotdan çıxarılması ilə əlaqədar müraciət edən şəxs (fiziki şəxsin səlahiyyətli nümayəndəsi, varisi və s.) aşağıdakı hərəkətlərin yerinə yetirilməsi zərurəti barədə məlumatlandırılmalıdır: vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi; vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış Pos-terminalların qeydiyyatdan çıxarılması; fiziki şəxsin aktiv bank hesablarının bağlanılması; müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə borcunun ödənilməsi; təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələrinin ləğv edilməsi (4.7). İddiaçı vergi uçotundan çıxarılmasını xahiş etsə də, cavabdeh onun 2021 və 2022ci illərdə iki ədəd avtomobili ölkəyə idxal etdiyini, lakin müvafiq dövrlər üzrə vergi bəyannamələrini təqdim etmədiyini bildirmişdir. Buna əsas kimi isə iddiaçının həmin avtomobilləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar idxal etdiyi göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçının qeyd olunan avtomobilləri sahibkarlıq məqsədi ilə idxal edib-etməməsini müəyyən etmək üçün öncə “sahibkarlıq fəaliyyəti ilə bağlı idxal etmək” anlayışına aydınlıq gətirilməlidir. Belə ki, iddiaçının fərdi sahibkar statusunun olması işin mübahisəsiz halıdır. Qeyd edilməlidir ki, iddiaçıya məxsus VÖEN-də onun əsas fəaliyyət istiqaməti kimi “taksi fəaliyyəti” qeyd edilmişdir. Lakin, bu onun digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını istisna etmir. Belə olan halda iddiaçının həmin avtomobilləri şəxsi istifadəsi üçün və ya taksi kimi fəaliyyət göstərmək üçün idxal etməsi onların məhz sahibkarlıq fəaliyyəti ilə bağlı idxal edilməsi anlamına gələ bilməz. Belə ki, iddiaçının əsas məqsədi həmin avtomobilləri sataraq gəlir əldə etmək, yəni avtomobil alqı-satqısı ilə məğul olmaq olmalıdır. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2 il ərzində eyni markalı 2 avtomobili ölkəyə idxal etməsi və sonradan həmin avtomobilləri satması artıq onun avtomobil alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlir. Məhkəmə bununla bağlı cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının avtomobil alqı-satqısı ilə məşğul olması o zaman təstiqini tapmış olardı ki, o mütəmadi və davamlı olaraq ölkəyə avtomobil idxal etsin və dərhal və ya qısa müddət ərzində həmin avtomobilləri özgəninkiləşdirsin. Müxtəlif illərdə 2 ədəd avtomobilin iddiaçı tərəfindən idxal edilməsi isə onun məhz avtomobil alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergi öhdəliklərini yerinə yetirmək vəzifəsi daşıması anlamına gələ bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). Məhkəmə qeyd edir ki, hazırkı işə münasibətdə iddiaçının vergi uçotunun ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi onun hüquqlarına müdaxilə kimi qəbul edilir. Bu zaman cavabdeh müdaxiləni zəruri edən şərtlərin mövcudluğunu sübut etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən iddia təmin olunmalı, iddiaçının vergi uçotundan çıxarılması və ona məxsus olan VÖEN-nin ləğv olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖENnin ləğv olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-5243/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5243/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver