Məhkəmə qərarları › İş №e-2-1(112)-5247/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5247/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5247/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 üzrə Baş İdarəsinə qarşı İddiaçı barəsində qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli **********743000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 2799,47 manat gəlir vergisi hissədə istisna olmaqla, qalan hissədə ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (16 yanvar 2015-ci il tarixdən fərdi sahibkar kimi fəaliyyət göstərir. İddiaçı 2022-ci il üzrə də əsas fəaliyyəti çətirlərin hazırlanıb təqdim edilməsindən ibarət olmuşdur. Belə ki, iddiaçı 2022-ci il üzrə ümumilikdə sahibkarlar üçün gördüyü işlərin dəyəri 83 984,00 manat məbləğində olmuşdur. Yəni 2022-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumulikdə 83 984,00 iş (mal) təqdim etmiş və həmin məbləğdə gəlir əldə etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri malmaterialların alınmasını isə Sədərək Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan yerlərdən həyata keçirmiş və bu səbəbdən də alınmış mal-materiallara dair hər hansı rəsmi təsdiqedici sənədləri mövcud olmamışdır. Beləliklə, iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş və ümumi gəlirdə 83 984, 00 manat, gəlirdən çıxılan xərclərdə isə yalnız 5 139,34 manat (əmək haqqı, DSMF və bank xərcləri) göstərmişdir. Başqa sözlə desək, iddiaçı alınmış mal- materialları rəsmi sənəd əsasında deyil, bazardan aldığı və həmin mal-materiala dair rəsmi sənədlər (müqavilə, e-qaimə və s.) mövcud olmadığı üçün həmin xərcləri bəyannamədə xərclər hissəsində qeyd etməmiş və demək olar ki, bütün dövriyyəsini mikro sahibkar kimi vergiyə cəlb etmişdir. Nəticə etibarı ilə iddiaçı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tələblərinə əsasən 75% güzəşti nəzərə alaraq ümumilikdə 3 942,23 manat gəlir vergisi bəyan etmişdir. Bundan sonra, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi (bundan sonra “Cavabdeh” adlandırılacaq) iddiaçıda 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsini kameral qaydada yoxlamış və nəticəsi üzrə 2 iyun 2023-cü il tarixində qərar qəbul edərək əlavə 11 826,70 manat məbləğində gəlir vergisi hesablamışdır. Qərarın əsaslandırma hissədində isə göstərilmişdir ki, iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və təqdim edilən bəyannamədə 75% güzəştin tətbiq edilməsi vergidən yayınma kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qərarın məzmunundan görünür ki, vergi orqanı iddiaçının alış sənədlərin rəsmi olmadığı üçün 75% güzəşti ləğv etmiş və yalnız əmək haqqı, DSMF və bank xərcləri nəzərə alaraq bütün dövriyyəsini 20% gəlir vergisinə cəlb edərək əlavə vergilər hesablamışdır. Bundan sonra, iddiaçı mal-materialın alınması ilə bağlı xərc sənədləri mövcud olmadığı üçün öz vergilərini Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə nəzərdə tutulmuş şərti rantabellik norması əsasında hesablayaraq cavabdeh vergi orqanına 2022-ci il üzrə dədqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş və eyni zamanda məktubla müraciət edərək həmin bəyannamənin qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının şərti rentabellik norması əsasında yenidən hesablanmış vergiləri özündə əks etdirən bəyannaməni və məktubu nəzərə almamış, keçirilmiş kameral yoxlamasının nəticəsi üzrə yeni 1 avqust 2024-cü il tarixdə qərar qəbul edərək 12 969,46 manat gəlir vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh yenə də iddiaçının bütün dövriyyəsinə yalnız əmək haqqı, DSMF və bank xərcləri nəzərə almaqla 20% gəlir vergisi tətbiq etmişdir.2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması nəticəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçının 2022-ci il üzrə təqdim etdiyi hesabatdan göründüyü kimi iddiaçının ümumi gəliri bəllidir və 83 984,00 manat təşkil edir. Lakin bəyannamənin xərc hissəsində isə yalnız əmək haqqı, DSMF və bank xərcləri qeyd edilmiş və 5 139,34 manat təşkil edir. İddiaçı əsas fəaliyyəti çətirlərin hazırlanması və satılması mövcud olduğu üçün həmin işləri görmək üçün kifayət qədər mal-material almışdır. Həmin mal- materiallar alınmadan belə mallar hazırlayıb təhvil vermək mümkün deyil. İddiaçı məktubda da qeyd etdiyi kimi, malmaterialları Sədərək və digər bu tipli yerlərdən almış və bu səbəbdən də həmin malmaterialın hər hansı rəsmi sənədləri mövcud deyil. Beləliklə, iddiaçının xərcləri ilkin sənədlərlə öz təsdiqini tapmamışdır ki, məhz belə olan halda da vergi qanunvericiliyinin müvafiq normaları düzgün tətbiq edilməlidir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İddiaçının ümumi gəlirlərini müəyyən etmək mümkün olsa da, xərcləri (xəcrləri təsdiq edən sənədlər olmadığı üçün) müəyyən etmək mümkün olmamış, bu səbəbdən də iddiaçı təqdim etdiyi 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən şərti rentabellik norması tətbiq etməklə hesablama aparmış və həmin bəyannamənin nəzərə alınmasını cavabdeh vergi orqanından xahiş etmişdir. Göstərilən qanunvericilik normaları rəhbər tutaraq əlverişli olmasa da belə, iddiaçının xərcləri sənədlərlə öz təsdiqini tapmadığı və xərcləri müəyyən etmək mümkün olmadığı səbəbindən iddiaçı cavabdeh vergi orqanına şərti rentabellik norması əsasında yenidən hesablama apararaq 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş və məktub göndərərək həmin bəyannamənin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, qeyd edirik ki, bundan əvvəl xərc sənədləri mövcud olmadığı üçün vergi ödəyicisinin vergilərin şərti rentabellik norması əsasında yenidən hesablanması xahişi yuxarı vergi orqanları tərəfindən qəbul edilmiş və artıq bununla bağlı inzibati praktika formalaşmışdır. Belə ki, bu məsələ ilə eyni olan və müdafiə etdiyi iş üzrə AR VN Apellyasiya Şurasının 6 dekabr 2019-cu il tarixli Qərarın məhkəmənin diqqətinə çatdırmaq istərdim. Belə ki, Qərarın təvsir hissəsinin ilk cümləsində göstərilmişdir ki, "Vergi ödəyicisi şikayətində təsdiqini tapmayan digər xərclərlə bağlı sənədlərin mövcud olmadığını, bu səbəbdən də kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq yenidən baxılmasını, əlavə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir.” Qərarın nəticəvi hissəsində göstərilmişdir ki, "Hüquqi şəxs "Grandproıe” MMC-nin kameral vergi yoxlamasından narazılıq barədə şikayəti təmin edilsin. Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********541400 nömrəli Qərarı və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********540900 nömrəli Qərarı ləğv edilsin. Beləliklə, Qərarın məzmunundan da görünür ki, vergi orqanın yuxarı orqanı olan VN Apellyasiya Şurasına məlum idi ki, iddiaçı təsdiqini tapmayan digər xərclərə görə sənədləri mövcud olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarını tətbiq edərək vergi öhdəliklərini yenidən hesablanmasını istəmiş, sonuncu isə həmin şikayəti tam təmin etmiş və aşağı vergi orqanların qərarlarını tam ləğv etmişdir. Beləliklə, hesab edirik ki, vergi orqanı tərəfindən 2022-ci il üzrə iddiaçıya gəlir vergisi hesablamaqla inzibati orqan olaraq özünün etimad hüququnu kobud surrətdə pozmuşdur. Qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə de, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməzdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.Lakin vergi orqanı hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər yuxarı orqanı olan Apellyasiya Şurasının qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Bundan başqa, əvvəl hazırkı məsələ ilə eyni olan iş üzrə vahid məhkəmə təcrübəsini əks etdirən Ali Məhkəmənin 26 aprel 2023-cü il tarixli 2-1(102)- 586/2023 nömrəli Qərarın 8-ci bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “qanunvericilik vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəətin hesablanması qaydasını müəyyən etmiş, lakin cavabdeh vergi orqanı iddiaçının xeyrinə olan bu qaydanı tətbiq etməkdən imtina edərək, iddiaçının gəlirinə nisbətdə kəskin fərqlənən xərcini nəzərə almaqla mənfəət vergisi hesablayaraq əlverişsiz inzibati akt qəbul etmişdir” Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır”. Ali Məhkəmə isə apellysasiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mübahisə predmetini təşkil edən qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD N-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30- cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda, habelə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə- fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Belə ki, iddiaçı tərəfindən 2022-ci il üzrə 40,9 min manat dəyərində “T tipli tent (8m*4m=32kv /m), Çətiryeni (4m*4m=16kv/m), Sabit tent-pəncərə (1,55m*0,90m) və.s” satışda qeyd olunduğu müəyyən edilsə də, vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (işlərin, xidmətlərin) olmadığı müəyyən edilmişdir. Eyni zamanda iddiaçının qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli **********839500 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisinin bəyannaməsinin Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər (1236cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 64847.33 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal- material qalığının məbləği ( 0.00 manat) cari il ərzində əldə edilmiş eqaimə-fakturalann (rislki e- qaimə-fakturalann məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4- cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********749600 nömrəli, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və məktublarda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə 12969,46 manat əlavə vergi məbləği (riskli vergi ödəyicisi olduğundan mikrosahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə aid edilən 75 faiz həcmində güzəşt nəzərə alınmadan) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə, mübahisələndirilən qərar üzrə vergi məbləği qanunamüvafiq qaydada hesablanmışdır. İddiaçı tərəfindən qeyd olunmuş “şərti rentabellik norması əsasında hesablama”ya münasibətdə isə bildirmək istəyirik ki, inzibati orqan tərəfindən Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər məhkəmənin qeyd etdiyi kimi vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Bildiririk ki, analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi mənfi nəticələrin qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********743000 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.799,47 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 12.969,46 manat müəyyən edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əliverişsiz inzibati aktını xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməklə mübahisələndirmiş və bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 83.984,00 manat olmuş, vergi ödəyicisi 2022-ci ilin gəlir vergisi üzrə cəmi gəlirdən çıxılan xərc kimi 5.139,34 manat məbləğini qeyd etmiş, eyni zamanda vergiyə cəlb olunan gəliri Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsaslanaraq 2.799,47 manat gəlir vergisi bəyan etmişdir. Cavabdeh orqan vergi ödəyicisi tərəfindən gəlirdə 64847,33 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərcləri müəyyən etmiş, nəticədə iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 15768,93 maat vergi hesablamış, əlavə olaraq 12969,46 vergi məbləği hesablamışdır. Hazırkı iş üzrə iddiaçı 2022-ci il üzrə ümumi gəlirindən çıxılmalı xərcləri təsdiq edən sənədlər (malların alınmasına dair xərci təsdiq edən) olmadığından özü şərti rentabellik normasına əsasən vergi hesablayaraq bəyan etmiş, başqa sözlə, iddiaçı cavabdehin ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə gəlir vergisi hesablaması qaydası ilə razılaşmayaraq əlavə verginin hesablanması barədə qərarını mübahisələndirir. Məhkəmə vergi orqanın ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərc nəzərə alınmadan vergi hesablanması metodu ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Hazırkı iş üzrə vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə işin bu halında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də eyni zamanda vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Göründüyü kimi vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına: 1.vergi ödəyicisinin mənfəətini müəyyən etmək, 2.mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini həvalə etmişdir. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmasa da lakin satışı olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar