Məhkəmə qərarları › İş №e-2-1(112)-526/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-526/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-526/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin böyük dövlət vergi müfəttişi, ünvan 2 ünvanında qeydiyyatda olan ) iştirakı ilə, İddiaçı «Muxtaroğlu-VM” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Muxtaroğlu-VM” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2020-ci il tarixli **********4227 № Qərarın ləğv edilməsi, yoxlama nəticəsində hesablanmış 510 979, 41 manat maliyyə sanksiyası «Muxtaroğlu-VM”(VÖEN **********) MMC-nin şəxsi hesab vərəqindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı cavabdehə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxras Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14 dekabr 2020-ci il tarixli **********4227 saylı qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.12.2020-ci il tarixli, 2-1(112)-8359/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə məhkəmənin yekun aktı qəbul edilib, qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən «Muxtaroğlu-VM” MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 14 dekabr 2020ci il tarixli, **********4227 saylı qərarın icrası dayandırılmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.03.2021-ci il tarixli 2-1(103)- 1095/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 25.12.2020-ci il tarixli, 2-1(112)- 8359/2020 saylı qərardadı ləğv edilmiş, inzibati iş iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. 11.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, hazırda hesablarındakı sərəncam götürüldüyü üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin 11 noyabr 2021-ci il tarixli Qərardadına əsasən ərizə təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Muxtaroğlu-VM”Məhdud Məsuliyyətli Cəmiyyəti 18.01.2016 tarixdən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN **********). Müəssisə avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı ilə məşğul olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti keçirilmiş və 09.12.2020-ci il tarixli 001541 № akt tərtib edlilmişdir. Tərtib olunmuş akt əsasında 14.12.2020-ci il tarixində vergi ödəyicisinin iştirakı olmadan Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4227 № Qərar qəbul edilmişdir. Həmin qərara əsasən «Muxtaroğlu-VM” MMC tərəfindən AR VM-nin 16.3, 58.13 və 71-1 -ci maddələrinin tələbləri pozulduğu üçün vergi ödəyici 510 979, 41 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Aşağıda sadalanan halları nəzərə alaraq iddiaçı hesab edir ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbuledilmiş 14.12.2020-ci il tarixli **********4227 № Qərar qanunsuzdur və ləğv edilməlidir. AR VM-nin 16.1.3-ci maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin məcəllənin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İnzibati orqan tərəfindən yoxlama keçirilən zaman bir sıra qanun pozuntularına yol verilmişdir. AR VM-nin 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi vergi ödəyicisi onun barəsində aparılan araşdırma ilə bağlı qərar qəbul edilən zaman iştirakı təmin olunmamış və mövcud vəziyyətin izah olunması, sübutların təqdim olunması üçün şərait yaradılmamışdır. Bundan əlavə vergi orqanı tərəfindən 12.05.2020-ci il tarixində (yoxlama kodu KY201455211və KY2********) plandan kənar operativ vergi yoxlamaları həyata keçirilib 13.06.2020 və 18.06.2020-ci il tarixlərdə əldə olunan nəticələrə əsasən vergi ödəyicisində nöqsanın aşkar olunmadığı müəyyən olunmuşdur. Belə olan halda vergi orqanı tərəfindən vergi ödəyicisini 510 979, 41 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi əsaslandırılmamışdır. Halbuki 12.05.2020-ci il tarixli plandan kənar operativ vergi yoxlamalarının nəticələrini nəzərə alsaq «Muxtaroğlu-VM” MMC-nin 15.05.2020-ci il tarixinə olan mal qalığı 2.037.169,62 AZN təşkil edir. Həmin yoxlamadan sonra (15.05.2020-23.11.2020 tarixlərdə) şirkət tərəfindən ümumi dəyəri 1.815.695,39 AZN mal idxal olunmuşdur. 09.12.2020-ci il tarixli 001515 saylı akta əsasən il sonuna olan mal qalığı 2.004.324,20 manat təşkil edir və həmin malların 411.125,07 manatı elektron qaimə ilə satışı həyata keçirilmişdir. Sadalanan rəqəmləri hesablasaq yəni 2.037.169,62 + 1.815.695,39 - 411.125,07 - 2.004.324,20 = 1.437.415,74 manat dəyərində malın qaiməsinin olmadığını müəyyən edillər. Lakin bu halın olması belə vergi ödəyicisi tərəfindən VM-nin 58.13-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, malların satılmamasının obyektiv səbəblərinin müəyyən olunması vergi orqanının bilavasitə vəzifəsidir. Çünki həmin malların arasında yararsız hala düşmüş müddəti keçmiş və sairi səbəblərdən reallaşdırılması mümkün olmayan malların mövcud olması istisna oluna bilməz. AR VM-nin 3.11 -ci maddəsində vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, şübhələri vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27.11.2003-cü tarixli 5 nömrəli Qərarı ilə izah olunmuşdur ki, Vergi Məcəİləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. VM-nin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 14.12.2020-ci il tarixli 2 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən «Muxtaroğlu-VM” MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbentonit yolu, Yaşıl ada restoranın yanı ərazisində yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 23.11.2020-ci il tarixdən 21.12.2020-ci il tarixədək (21.12.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 23.11.2020-ci il tarixdə saat 16:30-da Baş İdarə tərəfindən «Muxtaroğlu-VM” MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbentonit yolu, Yaşıl ada restoranın yanı ərazisində yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 5 109 794,12 manat məbləğində malların satılması faktı aşkar olunmuş və 09.12.2020-ci il tarixli 001541 nömrəli Akt tərtib edilmişdir. Akt «Muxtaroğlu-VM” MMC-nin rəhbəri X3 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən «Muxtaroğlu-VM” MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 09.12.2020-ci il tarixli 001541 №li aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən «Muxtaroğlu-VM” MMC-nin 510979.41 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. «Muxtaroğlu-VM” MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 09.12.2020-ci il tarixində verdiyi izahatda bildirmişdir ki, MMC-də keçirilən operativ vergi nəzarəti zamanı 23.11.2020-ci il tarixə alış qiyməti ilə 2 004 324,20 manat dəyərində mal müəyyən olundu. Malların sayımında vergi əməkdaşları ilə birlikdə MMC-nin məsul şəxsi iştirak etmişdir. 01.01.2020-ci il tarixə mal qalığımız 3 179 468,0 manat olmuşdur. Yoxlama keçirilən günədək 4 055 569,27 manat mal idxal olunmuş və 23.11.2020-ci il tarixədək 643 990,26 manat mal e-qaimə ilə satılmışdır. Yerdə qalan 5109794,12 manat mal topdan olaraq ayrı-ayrı vergi ödəyicilərinə e-qaimə təqdim olunmadan satılmışdır. Qeyd olunanlardan göründüyü kimi «Muxtaroğlu-VM” MMC-nin rəhbəri X3 da e-qaimə verilmədən 5 109 794,12 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Eyni zamanda «Muxtaroğlu-VM” MMC-nin rəhbəri X1-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 23.11.2020-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus təsərrüfat subyekti Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbentonit yolu, Yaşıl ada restoranın yanı ərazisində yerləşən (**********- 31001) kodlu anbardan ibarətdir. Qeyd olunan ünvanda yerləşən anbardan başqa heç bir yerdə təsərrüfat subyektimiz, saxlanc yerimiz və yolda olan malımız yoxdur. Anbarda olan bütün mallar MMC-yə məxsusdur. Fəaliyyətimiz tam olaraq topdan satışdan ibarətdir, bütün mallar topdan satılır və ticarət əlavəsi 10% olmaqla həyata keçirilir. Qeyd olunanlara əsasən iddaçının nümayəndəsi və vəkili Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və şifahi məhkə araşdırması zamanı tədqiq edilmiş, - 23.11.2029-ci il tarixli **********2533 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarda «Muxtaroğlu-VM” MMC-də 23.11.2020-ci il tarixdən 21.12.2020-ci il tarixədək (21.12.2020-ci il tarixi daxil olmaqla) olan müddətdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən(obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi göstərilmişdir. - 23.11.2020-ci il tarixli KY201543966 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”larda həyata keçirilən operativ vergi nəzarəti tədbirlərinin yoxlamaların vahid məlumat reyestrində qeydə alınması göstərilmişdir. - 23.11.2020-ci il tarixli **********2540 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamədə sənədlərin 1 iş günü ərzində təqdim edilməsi bildirilmişdir. - 09.12.2020-ci il tarixdə tərtib olunan DVX seriyalı ******* nömrəli Aktda 23.11.2020-ci il tarixdə saat 16:30-da iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbetonit yolunda yerləşən anbarda keçirilmiş OVN tədbiri zamanı 5.109.794,12 manat malların satılması faktının aşkar olunduğu qeyd olunmuşdur. -vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 001515 №li 09 dekabr 2020-ci il tarixli Aktdan görünür ki, vergi orqanının 23.11.2020-ci il tarixli **********2533 №li Qərarına əsasən İN yanında DVX0nin İİƏNBİ tərəfindən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə "xxxx" MMC-nə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbetonit yolunda yerləşən anbarda operativ vergi nəzarəti keçirilərək ümumi alış dəyəri ilə (idxal bəyənnamələri əsasında) 2004324,20 manat qalığı müəyyən olunduğu, sənədsiz mal qalığının müəyyən edilmədiyi qeyd olunmuş, 37 vərəqdən ibarət siyahı tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İşin araşdırılan hallarından görünür ki, vergi orqanı tərəfindən 23.11.2020-ci il tarixli Qərar əsasında operativ nəzarət tədbiri həyata keçirilmişdir. Tədbir nəticəsində 09.12.2020-ci il tarixli ******* №li akt tərtib olunmuş və 14.12.2020-ci il tarixli **********4227 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçı barəsində 510979.41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Lakin cavabdeh göstərilən məlumatlara dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 23.11.2020-ci il tarixli **********2533 nömrəli qərardan və reyestrdən çıxarışlardan göründüyü kimi, operativ nəzarət tədbirinin başlama və sona çatma tarixləri 23.112020 - 21.12.2020 kimi müəyyən olunmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, vergi orqanı tərəfindən MMC-nin tədbir zamanı müəyyən olunan satılmış mallarına deyil, tədbirə qədər müddətdə satdığı mallar da daxil edilməklə ümumilikdə 5.109.794,12 manat dəyərində malla bağlı Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, istinad olunan maddi hüquq normasının tələbi operativ vergi nəzarətinin həyata keçirildiyi anda malların elektron qaimə-faktura əsasında təqdim edilməməsinin aşkarlanmasını nəzərdə tutur. Eyni zamanda məhkəmə qeyd edir ki, sözügedən məsələ ilə bağlı məhkəmə təcrübəsi üzrə artıq formalaşmış yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilən bir sıra qərarlarda da öxşar mövqe öz təsdiqini tapmışdır. Məhkəmə bildirir ki, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir zamanı riayət edilib-edilməməsini yoxlamaq məqsədilə vergi ödəyicisinin anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən nəzarət tədbiridir. Belə ki, qeyd olunan maddələrin Vergi Məcəlləsinin digər müddəaları ilə qarşılıqlı təhlili zamanı müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntu halını müəyyən etməyə hüquq verən nəzarət tədbiridir (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb olunması, obyektdə sənədsiz malların aşkar olunması və s.) Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin, həmin Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsinə görə, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, qanunverici səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbiri nəticəsində də yekun qərarın Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq qəbul olunmasını tənzimləmişdir. Lakin, həmin qərarın yalnız səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü (VM 36.3) əhatə etməsi kimi göstərilməsi operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarın əvvəlki dövrə şamil olunmadığını göstərir. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda göstərilməli olan məlumatlar Vergi Məcəlləsinin 50-ci maddəsi ilə müəyyən olunmuşdur. 50.3-cü maddəsinin tələbinə görə, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. İş materiallarında olan 23.11.2020-ci il tarixli **********2533 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan göründüyü kimi, həmin normaya uyğun olaraq yalnız nəzarət tədbirinin həyata keçirildiyi müddət (23.11.2020-21.12.2020) əks olunmuş, qərar əsasında hansı dövrün göstəriciləri yoxlanılacağı müəyyən edilməmişdir. Belə olan halda isə, hüquq müəyyənedici rəsmi sənəd olmadan cavabdehin operativ vergi nəzarəti tədbiri zamanı qərardan əvvəlki hər hansı dövrə öz seçimi ilə münasibət bildirməsi yolverilməzdir. Başqa sözlə, inzibati orqanın həyata keçirdiyi nəzarət tədbiri barədə qərarda qanunla müəyyən olunmuş qaydada hansı dövrün göstəricilərinin hansı müddət ərzində yoxlanılması dəqiq müəyyən edildiyi halda əsaslı hesab oluna bilər. Sadalanan əhəmiyyətli prosessual pozuntular inzibati aktın ləğv olunmasına kifayət etsə də, məhkəmə həmçinin tətbiq olunan maliyyə sanksiyasının mahiyyətinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus anbarda keçirilən operativ vergi nəzarəti tədbiri ilə alınmış mallar ümumilikdə 5.109.794,12 manat məbləğində elektron qaimə-faktura verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 510.979,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Cavabdeh yalnız iddiaçının nümayəndəsinin təqdim etdiyi izahatı sübut kimi əlavə etmişdir ki, həmin sənəd iddiaçı barəsində maliyyə sanksiyasının tətbiq edilməsinə yetərli hesab oluna bilməz. Cavabdehin qeyd olunan mövqeyinə dair məhkəmə aşağıdakıları bildirir: Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə görə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman isə konkret sübutlara, dəlillərə istinad olunmalı, vergi ödəyicisinin məsuliyyətə cəlb olunması ehtimallara əsaslanmamalıdır. Həmçinin, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Hazırki mübahisədə cavabdeh iddiaçının göstərilən tarixlərdə yalnız topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. İş materiallarına nəzər yetirdikdə isə cavabdehin üzərinə düşən vəzifəni sübut edəcəyi hər hansı rəsmi sənədə rast gəlinmir. Həmçinin, topdansatış ticarətlə yanaşı pərakəndə ticarət qaydasında malların satışını da həyata keçirən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarını nəzərə almalı idi. Həmin normaya əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçıya operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq maliyyə sanksiyası məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının vergidən yayınması halları müəyyən olunmamış və cavabdeh tərəfindən də iddiaçının vergidən yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2020-ci il tarixli **********4227 № Qərar nömrəli qərar qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2020-ci il tarixli **********4227 № Qərar ləğv edilməli, yoxlama nəticəsində hesablanmış 510 979, 41 manat maliyyə sanksiyası «Muxtaroğlu- VM”(VÖEN **********) MMC-nin şəxsi hesab vərəqindən silinməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1 barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2 barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3 şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2020-ci il tarixli **********4227 № Qərar ləğv edilsin, yoxlama nəticəsində hesablanmış 510 979, 41 manat maliyyə sanksiyası «Muxtaroğlu-VM”(VÖEN **********) MMC-nin şəxsi hesab vərəqindən silinsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar