Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5260/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasnın təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə ona 55 yaşdan pensiyanın təyin edilməsi, 55 yaşının tamam olan gündən yəni xx.xx.2011 və ya xx.xx.2013-cü il tarixdən bu günə kimi ona ödənilməmiş pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 55 yaşdan pensiya təyin edilməsi, 55 yaşının tamam olduğu, yəni xx.xx.2017-ci il tarixdən bu günə kimi iddiaçıya ödənilməmiş pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci il tarixdə toxucu Bakı toxuculuq qalantereya fabrikində toxucu-stajor kimi işə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə toxucu vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə fabrikin qalantereya sexinə dərzi-quruducu işinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə qeyd olunan işdən çıxmışdır. O, xx.xx.1993-cü il tarixdən Bakı metropolitenində stansiya növbətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdən metropolitenin mərkəzləşmiş məntəqə növbətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə stansiya növbətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" QSC-nin hərəkət xidmətinin növbətçisi vəzifəsinə təyin edilmiş və hazıkı dövrə qədər də həmin vəzifədə çalışır. xx.xx.2017-ci il tarixdə iddiaçının 55 yaşı tamam olmuşdur. xx.xx.2006-cı il tarixədək (Vətəndaşların pensiya təminatı haqqında qanunun qüvvədə olduğu müddət) ümumi iş stajı 26 il, ağır və zərərli iş şəraitində işlədiyi müddət isə 10 il 10 ay olmuşdur. Bakı Metropoliteni QSC-də iddiaçı xx.xx.1993-cü il tarixindən 12% zərəli əmək şəraiti ilə stansiya növbətçisi, xx.xx.2014-cü il tarixdən 12% zərərli əmək şəraiti ilə HSM növbətçisi vəzifəsində işləyib. Onun hazırda icra etdiyi iş hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının stansiyalarındaki kimi qatarların qəbulu, göndərilməsi və buraxılmasıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Toxuculuq Qalantera" ASC-nin 18 oktyabr 2023-cü il tarixli 17 №-li arayışında xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində onun Bakı toxuculuq qalantereya fabrikində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi toxucu vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan darama-toxucu avadanlığının operatorları vəzifəsinə uyğun deyil. Həmçinin Sözügedən arayışda iddiaçını xx.xx.1984-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Bakı Toxuculuq Qalanteriya fabrikində quruducu vəzifəsində işlədiyi qeyd olunmuşdu. Göründüyü kimi iddiaçının quruducu vəzifəsində işlədiyi sahə həmin arayışda istinad edilən sözügedən siyahının yüngül sənayt bölməsində nəzərdə tutulan dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emal sahəsinə aid deyil. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, iddiaç İddiaçı güzəştli iş stajı yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Xaşa- Xuna qəsəbəsi, bağ sahəsi, 3№-li bağ evi ünvanında qeydiyyatdadır. Cavabdehin 23 noyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ № ******* nömrəli, 05 yanvar 1981-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Toxuculuq Qalantereya fabrikində Tekstil sexinə toxucu köməkçisi, xx.xx.1981-ci ildə 4 dərəcəli toxucu işləmiş, xx.xx.1982-ci ildə toxucu köməkçisi kimi qalantereya sexinə keçirilmişdir. xx.xx.1983-cü ildə Bakı Toxuculuq Qalantereya fabriki “Promtekstil” ictimai birliyinə çevrilmişdir. İddiaçı xx.xx.1982-ci ildə 2-ci dərəcəli toxucu vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə “Promtekstil” ictimai birliyi Bakı Tekstil Qalantereya fabrikaya çevrilmişdir. İddiaçıya xx.xx.1984-cü ildə 2-ci dərəcəli quruducu ikinci ixtisas verilmişdir. O, xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1993-cü ildə iddiaçı "xxxx" QSC-də stansiya növbətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə mərkəzləşmiş məntəqə növbətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə stansiya növbətçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2006-cı ildə Q.Qarayev stansiyasına keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 289 saylı sərəncamına əsasən BMP və “Azərtunelmetrotikinti” SS-nin yenidən təçkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü ildə "xxxx" QSC Hərəkət xidmətinə HSM növbətçisi vəzifəsinə qəbul olunub və hal hazırda işləyir. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 17 nömrəli 18 oktyabr 2023-cü il tarixli arayışda göstərilir ki, iddiaçı Bakı toxuculuq qalantereya fabrikində xx.xx.1980-xx.xx.1981ci illərdə stajor-toxucu, xx.xx.1981-xx.xx.1982-ci illərdə toxucu, xx.xx.1984-xx.xx.1993-cü illərdə quruducu işində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 saylı əlavə Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa gora güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısına əsasən 22100000 XX. Yüngül sənaye, Toxuculuq sənayesi, 2200200a-16167-darama-toxuma avadanlığının operatorları. İddiaçının toxucu kimi icra etdiyi iş faktiki olaraq toxuma avadanlığının operatoru vəzifəsidir. Xahiş olunur onun icra etdiyi iş bu cür adlandırılsın 2210800a— 18988 al ilə kamerah. quruducularda dərini, xəzi, qılı, yunu və tükü qurutmaqla məşğul olan xammal, yarımfabrikat və məmulatların quruducuları xx.xx.1984 xx.xx.1993-cü illərdə quruducu işində işləyib. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 sentyabr 1997-ci il tarixli 737 saylı sərəncamı ilə Bakı toxuculuq-qalantereya fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş A/300 nömrəli, 18 avqust 2023-cü il tarixli arayışa əsasən iddiaçı həqiqətən, Bakı Metropoliteninin Hərəkət xidmətində xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək 12% zərərli əmək şəraiti ilə stansiya növbətçisi (Əmr 330/KŞ xx.xx.1993), xx.xx.2001-ci tarixindən xx.xx.2005-ci il tarixinədək mərkəzləşmiş məntəqə növbətçisi (Əmr 277/KŞ xx.xx.2001), xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 12% zərərli əmək şəraiti ilə stansiya növbətçisi (Əmr 160/KŞ xx.xx.2005) peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət xidmətində 12% zərərli əmək şəraiti ilə HSM növbətçisi (Əmr K-237 xx.xx.2014) peşəsinə qəbul edilmişdir və hal-hazıradək həmin peşədə işləyir. İddiaçınnın "xxxx" QSC-də əmək stajı 29 il 11 ay 07 gün (iyirmi doqquz il on bir ay yeddi gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən göndərilmiş 13-19/2- 146/2024 nömrəli 12 fevral 2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək Hərəkət xidmətində stansiya növbətçisi, xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək mərkəzləşmə məntəqə üzrə növbətçi vəzifələrində çalışmış, xx.xx.2005-ci il tarixindən stansiya növbətçisi vəzifəsində işləyir. İddiaçı çalışdığı vəzifələrin iş şəraiti, xüsusiyyəti və funksiyalarına görə əmək şəraiti xüsusilə zərərli olmadığı üçün nə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı Qərarın, nə də qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın bəndlərində əksini tapmamışdır. Bu səbəbdən onun güzəştli şərtlərə görə pensiya hüququ yaranmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən göndərilmiş 13-1912- 872/2024 nömrəli 05 avqust 2024-cü il tarixli məktubu ilə iddiaçının vəzifə təlimatı göndərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 10 il stajı olan qadınların yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (9.1.). Göründüyü kimi iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinə kimi onun 20 il ümumi stajının olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən iddiaçının güzəştli stajı mübahisələndirilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçının Bakı toxuculuq qalantereya fabrikində xx.xx.1980xx.xx.1981-ci illərdə stajor-toxucu, xx.xx.1981-xx.xx.1982-ci illərdə toxucu, xx.xx.1984xx.xx.1993-cü illərdə quruducu kimi işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təstiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa gora güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda müvafiq bəndlərə uyğun gəlməsi "xxxx" ASC-nin arayışı ilə təstiq olunur. Buradan görünür ki, iddiaçının həmin stajı güzəştli staj kimi nəzərə alınarsa iddiaçı artıq həmin dövrlər ərzində 10 illik güzəştli əmək stajını toplamışdır. Yəni onun sonrakı stajının güzəştli staj kimi nəzərə alınıb-alınmaması iş üzrə əhəmiyyət kəsb etmir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci ilə kimi həm zəruri güzəştli, həm də ümumi stajı toplamışdır. Bu isə həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməyə imkan verir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (32.1-1.). İşdən göründüyü kimi iddiaçı iddia ərizəsində göstərilən tələblə xx.xx.2023-cü ildə cavabdehə müraciət etmişdir. Bu səbəbdən iddia ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi hisəssində qismən təmin edilməli, xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq yuxarıda göstərilən qaydada aylıq pensiya ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 55 yaşının tamam olduğu 05 oktyabr 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 25 oktyabr 2023-cü ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-5260/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5260/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver