Məhkəmə qərarları › İş №e-2-1(112)-5269/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5269/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5269/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski 201-211 (20 Yanvar küçəsi, 39) (39T 399659.62 4475009.24 saylı koordinatlar) ünvanında təxminən 40.0 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsində, 5 (beş) mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki cavabdehin mülkiyyətində olan mənzilin qarşısında inşa edilmiş qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski 201-211 (20 Yanvar küçəsi, 3 ) (39T 399659.62 4475009.24 saylı koordinatlar) ünvanında təxminən 40.0 kv. m dövlət mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. Belə ki, Cavabdeh tərəfindən həmin ünvanda 5 (beş) mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, mülkiyyətində olan mənzilin qarşısında Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq razılıq alınmadan tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyri-qanuni olaraq tikinti işləri aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Əlavə olaraq bildirilir ki, digər bir analoji iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 5606/2023 nömrəli qərardadı ilə belə iddialara inzibati icraat qaydasında baxılmalı olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət (etiraz) təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, dövlət torpaqlarının idarə edilməsi ilə bağlı səlahiyyət Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Buna görə də Xidmət hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarından: -10.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. -10.3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-in 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. -10.4. ŞTM-in müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.36.-cı bəndinə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələrindəndir. Hazırkı iddia üzrə tələb cavabdehin üzərinə onun tərəfindən təxminən 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsindən ibarətdir. Qanunsuz tikilinin sökülməsi ilə bağlı vəzifələr isə Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda göstərilən normalarına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir. Qeyd olunan Məcəllədə və digər müvafiq normativ hüquqi aktlarda qanunsuz tikilinin sökülməsi ilə bağlı iddiaçı ƏMDX-nin hər hansı vəzifəsi nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati orqanın Əsasnaməsində göstərilmiş məhkəməyə müraciət etmək hüququ tikintinin sökülməsi ilə bağlı məsələləri ehtiva etmir. Belə ki, vurğulandığı kimi, müvafiq qanunvericilik qanunsuz tikililərin sökülməsi ilə bağlı səlahiyyətli inzibati orqanı dəqiq müəyyən etmişdir. Bu mənada Əsasnamənin istinad olunan bəndində göstərildiyi kimi, iddiaçı inzibati orqanın müvafiq tədbirlər görülməsi üçün konkret halda aidiyyəti orqana məlumat vermək imkanı mövcuddur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ƏMDX-nin hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. “Torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi” hissəsinə gəldikdə isə bu tələb məhz qanunsuz hesab olunan tikilinin sökülməsindən asılı olmaqla birinci tələbdən asılı olduğundan tələb həmin hissədə də mümkün sayılmamalıdır. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar