Məhkəmə qərarları › İş №e-2-1(112)-5270/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5270/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5270/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarların ləğvi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ödənilən əmək pensiyasının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixindən dayandırılmasının qanunsuz hesab edilməsi və ona əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sonuncu xidmət yeri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məlumat vərəqi tərtib olunaraq AR ƏƏSMN DSMF Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. Məlumat vərəqində göstərilmiş 24 il 4 ay 2 gün xidmət müddətinə (təqvim xidmət illəri 22 il 4 ay 2 gün, ali təhsil müddəti 2 il) görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2023-cü il (xidmətdən buraxıldığı) tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin noyabr ayınadək təyin olunmuş müvafiq pensiya məbləği aylıq ödənilmişdir. 2024-cü ilin noyabrın sonunda əmək pensiyaçılarının pensiyaları ödənilmiş, mənim kartıma isə pensiya ödənişi olmamışdır. Buna görə xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. ƏƏSMN DSMF XŞTÜ Mərkəzi Filialından (direktor müavini E.Qurbanov) daxil olan cavab məktubunda, mənə ödənilən əmək pensiyasının xx.xx.2024-cü il tarixdən dayandırıldığı, eyni zamanda, xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə ödənilmiş (94759.86 manat) pensiya məbləğinin könüllü şəkildə qaytarılması xahiş edilmişdir. Cavab məktubundan göründüyü kimi, təyin olunmuş pensiya məbləğinin ödənilməsi xahişindən imtina olunmuş, ödənişin dayandırıldığı bildirilmişdir. Cavabdeh inzibati orqanın müraciətinə imtinasını qanunsuz olduğundan hazırki iddia tələbilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. 2001-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayınadək: dövlət qulluqçusu statusu ilə Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəmişəm. 2018-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixinə -barəsində “Xidmətə xitam verilməsi haqqında” əmr verilənədək, Dövlət Gömrük Komitəsinin Maliyyə-Təchizat İdarəsinin rəisi vəzifəsində işləmişdir. Gömrük xidməti polkovniki xüsusi rütbəm vardır. Beləliklə, 2001-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayınadək göstərilən dövlət orqanlarında işləməklə 16 il 9 ay dövlət qulluqçusu stajım, 2018-ci ilin sentyabr ayından 2023-cü il 12 may tarixinədək gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illərim 4 il 8 ay təşkil etmişdir. Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajım 21 ildən artıq təşkil edir. Gömrük orqanında xidmət etdiyi dövrdə əmək haqqının tərkibində vəzifə maaşına fasiləsiz xidmət illərinə (21 il) görə əlavələr hesablanaraq ödənilmişdir. İşin bu halı DGK sədrinin xx.xx.2023-cü il tarixli №1000/2873 Əmri ilə təsdiq olunur. Xidmətdən azad olunduqdan sonra DGK-a müraciət edərək, dövlət qulluğunda və gömrük orqanlarında xidmət müddətim, ali təhsil və həqiqi hərbi xidmət müddətinin toplanaraq “Məlumat vərəqi”nin tərtib edilməsi və pensiya təyin edilməsi üçün göndərilməsinə dair xahiş etmişəm, DGK tərəfindən xahişnə imtina verilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası DGK-ə qarşı iddia qaldıraraq pensiya təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu xx.xx.2023-cü il tarixinədək:ali təhsil müəssisəsində əyani təhsil aldığı dövr 2 il; həqiqi hərbi xidmət dövrü 1 il; Dövlət Gömrük Komitəsində xidmət və dövlət qulluğunda xidmət illərim birlikdə 21 il 5 ay olmaqla cəmi xidmət illərimin 24 il 5 ay nəzərə alınmaqla təminat xərcliyimə (sonrakı artımlar daxil) dair “Məlumat vərəqi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh DGK-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişəm. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli (İş № e-2-1(112)-10415/2023) qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərar qanuni qüvvəsini almış və Azərbaycan Respublikası DGK tərəfindən xidmət illəri və təminat xərcliyinə dair ***-**** nömrəli xx.xx.2023-cü il tarixli “Məlumat vərəqi” tərtib edilərək DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilmiş, Filial tərəfindən xidmətdən azad olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, dövlət qulluğundakı xidmət illərinin, ali təhsil müddətinin 2 ilinin, həqiqi hərbi xidmətdə 1 ilin və gömrük orqanında xidmət illərinin toplanmaqla pensiya hüququnun yaranmasına dair mübahisə Məhkəmə qərarı ilə həllini tapmış və həmin qərar qanuni qüvvəsindədir. Sözügedən qərarda işin mübahisəsiz müəyyən edilən hallarından göründüyü kimi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşaiyət məktubuna əlavə edilmiş “Xidməti qeyd”də göstərilmişdir ki, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar olaraq onlara verilən əlavələrin hesablanması qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinin 13-cü abzasına və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 99-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 1000/2875 nömrəli əmri ilə dövlət qulluğundakı əmək stajı və Dövlət Gömrük Komitəsində xidmət illəri (cəmi 21 il) nəzərə alınmaqla İddiaçı əmək haqqına (vəzifə və rütbəyə görə maaşın faizi) 30 faiz miqdarında əlavələr təyin edilib ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələri üzrə vəzifəli şəxslərinə xidmət illərinə görə əlavələrin təyin edilməsi üçün fasiləsiz xidmət illəri və bu xidmət illərinə görə əlavələrin məbləği göstərilmişdir. İddiaçı xidmət illəri 21 il, əmək haqqının (vəzifə və xüsusi rütbəyə görə maaşın) faizi- 30%, əlavələrin verilmə tarixi - xx.xx.2023-cü il tarixdən göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə İddiaçı şəxsi işi və məhkəmə tərəfindən tələb edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus ******* nömrəli Əmək kitabçasından görünür ki, xx.xx.2001-ci il tarixdən-xx.xx.2005-ci il tarixədək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətində, xx.xx.2005-ci il tarixdən- xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, xx.xx.2018-ci il tarixdə xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (Mərkəzi Filial) qarşı "dayandırılmanın qanunsuz hesab edilməsi və pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan e-2-1(112)-5270/2025 nömrəli inzibati iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə Mərkəzi Filiala təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 4 ay 2 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 2 gün. ali təhsil müddəti 2 il) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya 13 may 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Aparılan müvafiq araşdırma ilə əlaqədar, bəzi məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh inzibati orqan tərəfindən Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən göndərilmiş nömrəli məlumat vərəqində qeyd edilmiş 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemı həmin qanunla müəyyən edilir. Hamin Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.4cü bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" orqanlardan biri də Dövlət Gömrük Komitəsidir. Həmin Qanunun 9.5-ci maddəsinin xx.xx.2024-cu il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə), hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2-ci maddə); hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə) Hərbi qulluqçulara və onlara bərabər tutulan xususi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Eyni zamanda bildiririk ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" (bundan sonra - Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın gömrük orqanlarının əməkdaşı kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri "Əmək pensiyaları haqqında Qanunda nəzərdə tutulduğundan dövlət qulluğu vəzifəsində qulluq keçmiş şəxslərin qulluq stajlarının gömrük orqanlarında rütbəli vəzifələrdəki qulluq illərinə əlavə olunmaqla onlara hərbi qulluqçu kimi guzəştli şərtlərlə pensiyanın təyin edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Bundan başqa, dövlət qulluğu stajının gömrük orqanlarındakı, yəni dövlət dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2023cü il tarixində qəbul etdiyi 2-1(102)-1576/2023 nömrəli qərarı Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın lehinə olmuşdur, yəni yuxarıda göstərdiyimiz mövqe ilə eyni olmuşdur. Həmin qərarda bildirilir ki, ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, * (üç ulduz) nişanı ilə nömrələnmişdir. Goründüyü kimi, gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının da daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Bu səbəbdən də, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 6 noyabr 2024-cü il tarixli 3-17-1/2-0- 273645/2024 nömrəli məktub göndərilməklə 21 noyabr 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməyı xahiş edilmişdir. Lakin qeyd edilən tarixədək iddiaçı F.X2 gəlməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə: 37.8.2 əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Qeyd olunanlara əsasən, iddiaçıya ödənilən əmək pensiyası 1 noyabr 2024-cü il tarixdən dayandırılmış, eyni zamanda xx.xx.2023-xx.xx.2024-cu il tarixləri arasındakı dövr üzrə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində qəbul olunmuş “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-20217/2024 nömrəli qərarın və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20219/2024 nömrəli qərarın ləğv edilməsi barədə, ona əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2023-cü il tarixli “Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinə əsasən ehtiyata buraxıldığı tarix xx.xx.2023cü il, təqvim üzrə xidmət ili 22 il 04 ay 2 gün, cəmi iş stajı 24 il 04 ay, 2 gün, xx.xx.2017ci ilədək 18 il 08 ay 20 gün, xx.xx.2017-ci il tarixdən sonra 05 il 07 ay 12 gündür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61861/2023 nömrəli qərarına əsasən İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən Məlumat vərəqəsi əsasında “Əmək pensiyaları haqqında” AR Qanununun 20.14.1-ci maddəsinə əsasən 5058.47 manat məbləğində yaşa görə əmək pensiyası təyiin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20219/2024 nömrəli qərarına əsasən İddiaçı təyin olunmuş pensiya “pensiya hüququnun olmaması ilə əlaqədar” əmək pensiyasının ödənilməsi dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20217/2024 nömrəli qərarına əsasən vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2013-ci il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılsın və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilsin. “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilsin. İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış pensiya ödənişinin dayandırılması və artıq ödənilmiş pesiya məbləği haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən 24 oktyabr 2023-cü il tarixində Mərkəzi Filiala təqdim edilmiş ***-**** nömrəli sizə dair məlumat vərəqində qeyd edilən 24 il 4 ay 2 gün xidmət müddətinizə görə (təqvimi xidmət illəri 22 il 4 ay 2 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sizə 13 may 2023-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Aparılan müvafiq araşdırma ilə əlaqədar, bəzi məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən Dövlət Gömrük Komitəsinə sorğu verilib. Sorğuya cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən sizə dair göndərilmiş 4 nömrəli məlumat vərəqində qeyd edilmiş 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinizin olduğu müəyyən edilib. Qanunun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi həmin qanunla müəyyən edilir. Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutu an şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.4- cü bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" orqanlardan biri də Dövlət Gömrük Komitəsidir. Qanunun 9.5-ci maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə); hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2-ci maddə); hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Eyni zamanda bildiririk ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" (bundan sonra - Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın gömrük orqanlarının əməkdaşı kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulduğundan dövlət qulluğu vəzifəsində qulluq keçmiş şəxslərin qulluq stajlarının gömrük orqanlarında rütbəli vəzifələrdəki qulluq illərinə əlavə olunmaqla onlara hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiyanın təyin edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Bundan başqa, dövlət qulluğu stajının gömrük orqanlarındakı, yəni dövlət dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2023- cü il tarixində qəbul etdiyi 2-1(102)-1576/2023 nömrəli qərarı Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın lehinə olmuşdur, yəni yuxarıda göstərdiyimiz mövqe ilə eyni olmuşdur. Həmin qərarda bildirilir ki, “...ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir." Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək. *** (üç ulduz) nişanı ilə nömrələnmişdir. Göründüyü kimi, gömrük orqanlarının əmək daşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmər illərinə dövlət qulluğu stajının da daxil edilməsi qanunvericiliyin təəblərinə uyğun deyil. Bu səbəbdən də, sizə vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə 6 noyabr 2024-cü il tarixli 3-17-1/2-Ə-273645/2024 nömrəli məktub göndərilməklə 21 noyabr 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin qeyd edilən tarixədək Mərkəzi Filiala gəlməmisiniz. Qeyd olunanlara əsasən, sizə ödənilən əmək pensiyası 1 noyabr 2024-cü il tarixindən dayandırılıb, eyni zamanda xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə sizə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilib. Həmin vəsaiti könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaçının əmək pensiyasının dayandırılmsı və ləğv edilməsi barədə qərarların iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərarlardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktlardan məlumatlı olmamışdır. İddiaçı mübahisələndirilən qərarlarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati aktlara münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli 3-17-1/333-3-61862/2023 nömrəli qərarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə Mərkəzi Filiala təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 4 ay 2 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 2 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20 14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya 13 may 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərək ödəmişdir. Cavabdehin mövqeyinə görə Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən göndərilmiş 4 nömrəli məlumat vərəqində qeyd edilmiş 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmiş, bununla əlaqədar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.8-ci maddəsinə əsasən iddiaçıya ödənilən əmək pensiyasınıın ödənişi xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20219/2024 nömrəli qərarla dayandırılmış, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 20217/2024 nömrməli qərarla isə “Əmək pensiyasının təyin edilməsi haqqında qərarı ləğv edilmiş və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Hazırkı iş üzrə inzibati orqan özünün vaxtılə təyin etdiyi və iddiaçıya ödədiyi pensiyanı düzgün təyin etmədiyini, gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının daxil edilməsiin qanunvericiliyin təəblərinə uyğun olmadığını əsas gətirərək iddiaçı barəsində pensiya təyin edilməsi barədə əliverişli inzibati aktını ləğv etmişdir. Halbuki, iş materiallarından müəyyən edilir ki, cavabdeh Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının mübahisələndirdiyi Mərkəzi Filiala təqdim edilmiş Dövlət Gömrük Komitəsinin 24 oktyabr 2023-cü il tarixli ***-**** nömrəli məlumat vərəqi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tərtib edilərək pensiyanın təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına göndərilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10415/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarına əsasən İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur. Həmin qərarda göstərilmişdir ki, “...məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə təqdim edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının dövlət qulluğu stajı, hərbi xidmət və təhsil illəri də nəzərə alındıqda gömrük orqanlarındakı iş stajı ümumilikdə 24 il 11 ay təşkil edir.” Göründüyü kimi iddiaçının bilavasitə pensiya təyinatına əsas verən məlumat vərəqinin verilməsinin əsası, yəni dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanmalı olması adıçəkilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz həllini tapmış, məhkəmənin həmin qərarı ilə pensiya təyin edən cavabdeh orqanın hazırkı pensiya təyin edilməsinə əsas verən qərarın ləğvi üçün istinad etdiyi hala-dövlət qulluğunun gömrük orqanlarında xidmətə daxil edilməsi nəticəsinə gəlinərək məlumat vərəqinin verilməsi vəzifəsi xidmət etdiyi qurumun üzərinə qoyulmuşdur. Cavabdeh isə hazırkı halda məhkəmə tərəfindən qiymət verilmiş hüquqi əsaslar üzrə tərtib edilmiş məlumat vərəqindəki məlumatları nəzərə almadan, hətta yeni məlumat vərəqi əldə etmədən özünün təyin etdiyi əliverişli inzibati aktı faktik və hüquqi əsasa əsaslanmadan ləğv etmişdir. Halbuki, hazırkı cavabdehin istinad etdiyi dəlil artıq qanuni qüvvəsini almış məhkəmə müstəvisində müzakirə olunmuş, həmin qərar qüvvədə olmaqla ləğv edilməmişdir. Beləliklə, eyni işin mübahisələndirilən halına məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə hüquqi mövqe bildirildiyi, bununla da məhkəmə qərarı ilə hüquqi müəyyənliyin təmin edilməli olduğunu nəzərə alaraq məhkəmə yenidən eyni əsaslara hüquqi qiymət verilməsini hazırkı icraatda mümkün hesab etmir. Belə olan halda cavabdeh məhkəmə qərarı nəticəsində tərtib edilmiş məlumat vərəqi əsasında öz təşəbbüsü ilə təyin etdiyi pensiyanı həmin məhkəmə qərarı mübahisələndirilmədiyi, ləğv edilmədiyi, qüvvədə olduğu halda, eləcə də yeni məlumat vərəqi əldə etmədən dayandırmaqda və ləğv etməkdə haqlı olmamışdır. Odur ki, cavabdehin mübahisləndirilən inzibati aktları qanunsuz olduğundan ləğv edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində qəbul olunmuş “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20217/2024 nömrəli qərarı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 20219/2024 nömrəli qərarı ləğv edilməli, iddiaçıya əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində qəbul olunmuş “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20217/2024 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 20219/2024 nömrəli qərarı ləğv edilsin və İddiaçı təyin edilmiş əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar