Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5285/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti AR Daxili İşlər Nazirliyinin struktur qurumu olan Naxçıvan MR DİN tərəfindən qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli, 159 ş/h nömrəli İddiaçı “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135.10-cu maddəsi ilə xaric edilməsi ilə bağlı əmrinin dəyişdirilərək onun “Daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 135.1-ci maddəsi ilə (öz xahişi ilə) xaric edilməsi ilə bağlı əmr verilməsi ilə barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə Polis Akademiyasına qəbul olmuş, 2019-cu ildə həmin təhsil müəssisəsini müvəfəqiyyətlə başa vuraraq Sədərək Rayon Polis şöbəsinə post-patrul xidmətinə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra Babək rayon Polis şöbəsinin Nehrəm qəsəbəsinin sahə inspektoru vəzifəsinə təyin edilmişdir. Bundan sonra 2021-ci ilin mart ayında Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin sahə inspektoru vəzifəsinə təyin edilmişdir. Daha sonra İddiaçı ailəsinin Bakı şəhərində yaşaması ilə bağlı əvvəlcə xidməti yerinin dəyişilməsi üçün cəhdlər etmişdir. Lakin bu məsələyə müsbət cavab verilməmişdir. Belə olan halda 2022-ci ilin fevral ayında daxili işlər orqanlarında xidmətdən xaric olunmağı barədə raportu Naxçıvan ŞPİ-nin rəhbərliyinə təqdim etmiş, lakin bu müraciəti qeydə alınmamış, işinə davam etməyi tövsiyyə olunmuşdur. Daha sonra dəfələrlə eyniməzmunlu müraciətlər etməyi nəzərə alınıb 2022-ci ilin aprel ayında sabiq Naxçıvan daxili işlər naziri Rəşad İsmayılovun qəbuluna çağrılmışdır. Sabiq nazir Rəşad İsmayılov onu məzəmmət edərək, öz arzunla xidmətdən xaric olunmağının mümkün olmadığını birmənalı olaraq bildirmişdir. Naxçıvan ŞPİ və Naxçıvan DİN tərəfindən xaric olunma raportu qeydiyyat götürülmədiyi üçün xx.xx.2022-ci il tarixində müvafiq raportu poçtla Naxçıvan DİN-ə göndərmişdir. Həmin raporta cavab gəlmədiyi üçün 20 may 2022-ci il tarixində yenidən raportla AR DİN-ə elektorn qaydada müraciət etmişdir. Bu müraciətə də baxılmamış və baxılması üçün Naxçıvan DİN-ə göndərilmişdir. Həmin raporta da heç bir cavab verilməmişdir. Halbuki, DİN-in Q80- 001-18 nömrəli Qərarı ilə təsdiq olunmuş Təlimatın 4.14- cü bəndində əməkdaşın xaricolunma raportu təqdim etdiyi gündən 1 ay müddətinə xaric olunmağı təsbit edilmişdir. Yuxarıda verilən cavab bu normanın kobud surətdə pozulmasıdır. İddiaçı müraciətlərin mənasız olduğunu gördükdə yenidən raport yazaraq bir neçə gün işə getməmişdir. Daha sonra ona məlum olmuşdur ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. İddiaçı cavabdeh orqana dəfələrlə poçt vasitəsi ilə müraciət etmiş, lakin həmin orqan əmrin surətini rəsmi qaydada verməmiş və onun müraciətləri cavabsız qalmışdır. Bundan sonra elektron qaydada müraciət etmiş və ona bildirilmişdir ki, “siz müəyyən olunmuş qaydada icazə almadan üzrsüz səbəbdən ayrı-ayrı vaxtlarda xidmətə çıxmadığınıza görə barənizdə Naxçıvan Şəhər Polis İdarəsinin müvafiq əmrləri ilə intizam tənbehi tədbirlən tətbiq edilmişdir. Barənizdə görülən intizam tənbehi tədbirlərindən nəticə çıxarmayaraq intizamsızlıq hallarına davam etdiyinizdən xidməti araşdırma aparılaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) daxili işlər orqanlarında xidmətdən xaric olunmuşunuz.“ Daha sonra çoxlu sayda müraciətlər edilmiş, lakin cavadeh orqan eyni məzmunlu cavablar vermişdir. Hətta işə bərpa olunmağı ilə bağlı müraciətinə baxılmış və müvafiq normativlərə cəlb edilmişdir. Normativlərə cəlb edildikdən sonra ona bildirilmişdir ki, İddiaçı xidmətə uyğunsuzdur. Göründüyü kimi iddiaçı tərəfindən çoxlu sayda müraciətlər edilmiş və cavabdeh orqan hər dəfəsində eyni məzmunlu cavablar vermişdir. Bildirilmişdir ki, hər hansı araşdırma aparılmadan İddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə'"nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) daxili işlər orqanlarından xaric edilmişdir. Halbuki ona hər hansı intizam məsuliyyəti tətbiq edilməmiş, izahatı alınmamış, xidməti araşdırma aparılmamış, verilən töhmət ona elan edilməmiş, əmrin surəti ona təqdim edilməmiş və bir başa qərəzli şəkildə xidmətdən xaric edilmişdir. Yuxarıda qeyd olunan Əsasnamənin 114-cü bəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" İntizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır. İntizam tənbehi dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayan müddətdə elan edilir və qeydiyyata alınır. Xidməti intizam qaydalarının pozulmasına görə yalnız bir intizam tənbehiverilir. Daxili işlər orqanlarının əməkdaşına verilmiş intizam tənbehi, bir il müddətində qüvvədə olur və əməkdaşa il ərzində yeni intizam tənbehinə tətbiq edilmədikdə o, qüvvədən düşmüş hesab olunur. Göründüyü kimi İddiaçı dəfələrlə raportla işdən öz arzusu ilə xaric olunması üçün AR Daxili İşlər Nazirliyinin struktur qurumu olan Naxçıvan MR DİN-yə müraciət etmiş, lakin onun raportları qəbul edilməmişdir. Daha sonra yenidən elektorn qaydada raportla müraciət etmiş və kadrlar şöbə tərəfindən ona məktub ünvanlanmışdır ki, “sizin daxili işlər orqanlarında xidmətdən xaric olunmağınız məqsədəmüvafıq hesab edilməmişdir. Bu səbəbdən xidmətinizi davam etdirməyiniz tövsiyə olunur." Bununla bağlı bildirilmişdir ki, yuxanda qeyd olunan Əsasnamənin 135- ci maddəsinin 1-ci bəndinə əsasən Daxili işlər orqanlarının əməkdaşı öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə xidmətdən xaric edilə bilər. İddiaçının çoxlu sayda işdən öz arzusu ilə azad olunmasına dair raportuna baxmayaraq onu öz arzusu ilə işdən azad etmək əvəzinə onu "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) daxili işlər orqanlarından xaric etmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Göründüyü kimi AR Daxili İşlər Nazirliyinin struktur qurumu olan Naxçıvan MR DlN tərəfindən qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli, 159 ş/h nömrəli əmr qanunsuz olmuşdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati akıda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nazardə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Yuxarıda qeyd olunan qənaətə gələrkən aşağıdakı qanunvericilik normalarına istinad edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1 -ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ile inzibatı orqan kimi müəyyən (tesnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, mecburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahiselendirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahiseləndirme haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
3. İddiaçı tərəfindən ötmüş iddia müddətin bərpası ilə bağlı ərizə təqdim edərək AR Daxili İşlər Nazirliyinin struktur qurumu olan Naxçıvan MR DİN tərəfindən qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli, 159 ş/h nömrəli İddiaçı “Daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 135.10-cu maddəsi ilə xaric edilməsi ilə bağlı əmrindən şikayət verilməsi üçün ötürülmüş müddəti üzrlü hesab edərək, iddia ərizəsini məhkəmənin icraatına qəbul edilməsi xahiş edilmişdir.
4. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin 97 nömrəli xx.xx.2022-ci il tarixli polis baş leytenantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunması haqqında əmrə əsasən: “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 1-ci və 54-cü bəndlərinə, 3.2-ci və 3.9-cu yarımbəndlərinə, həmçinin "Azərbaycan Respublikası daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin 2-ci, 9-cu, 10-cu, 14-cü və 16-cı maddələrinə zidd olaraq xidməti vəzifələrinə səhlənkar yanaşaraq təhkim olunduğu inzibati ərazidə penitensiar müəssisələrindən azad edilmiş, üzərlərinə profilaktiki vığım işi açılmış şəxslərin davranışlarına nəzarət etmək məqsədilə onlarla profilaktiki söhbətlər aparmadığına, üzrlü səbəb olmadan qərəzli olaraq xidmətdən yayınma hallarına yol verdiyinə, intizam məsuliyyətinə cəlb edildikdən sonra xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna, həmçinin Naxçıvan Şəhər Polis İdarəsinin 03 dekabr 2021-ci il tarixli 133 nömrəli, 23 avqust 2022-ci il tarixli 66 nömrəli əmrləri ilə verilmiş “Töhmət” və “Şiddətli töhmət” intizam tənbehi cəzalarından heç bir nəticə çıxarmadığına görə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 10-cu bəndinə (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) əsasən Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir”
5. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, müəyyən olunmuş qaydada icazə almadan üzrsüz səbəbdən ayrı-ayrı vaxtlarda xidmətə çıxmadığına görə barəsində Naxçıvan Şəhər Polis İdarəsinin müvafiq əmrləri ilə intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Barəsində görülən intizam tənbehi tədbirlərindən nəticə çıxarmayaraq intizamsızlıq hallarına davam etdiyinizdən xidməti araşdırma aparılaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur.
6. İddiaçı hüquqi yardım göstərilərək cavabdeh qismində Naxçıvan Muxsat Respublikasının Daxili İşlər Nazirliyinin göstərilməsi və işin aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İddianın lazimi qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb olacağı bildirilmiş və bununla bağlı iddiaçıya ağlabatan müddət verilmişdir. Lakin iddiaçı qeyd edilən müddətdə iddia tələbini dəqiqləşdirməmiş və məhkəmə iclasında da iştirak etməmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmişdir.
II. İddianın mümkünlüyü
8. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
11. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin 97 nömrəli xx.xx.2022-ci il tarixli polis baş leytenantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunması haqqında əmrə əsasən: “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 1-ci və 54-cü bəndlərinə, 3.2-ci və 3.9-cu yarımbəndlərinə, həmçinin "Azərbaycan Respublikası daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin 2-ci, 9-cu, 10-cu, 14-cü və 16-cı maddələrinə zidd olaraq xidməti vəzifələrinə səhlənkar yanaşaraq təhkim olunduğu inzibati ərazidə penitensiar müəssisələrindən azad edilmiş, üzərlərinə profilaktiki vığım işi açılmış şəxslərin davranışlarına nəzarət etmək məqsədilə onlarla profilaktiki söhbətlər aparmadığına, üzrlü səbəb olmadan qərəzli olaraq xidmətdən yayınma hallarına yol verdiyinə, intizam məsuliyyətinə cəlb edildikdən sonra xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna, həmçinin Naxçıvan Şəhər Polis İdarəsinin 03 dekabr 2021-ci il tarixli 133 nömrəli, 23 avqust 2022-ci il tarixli 66 nömrəli əmrləri ilə verilmiş “Töhmət” və “Şiddətli töhmət” intizam tənbehi cəzalarından heç bir nəticə çıxarmadığına görə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 10-cu bəndinə (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) əsasən Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir”
12. İddiaçı hüquqi yardım göstərilərək cavabedh qismində Naxçıvan Muxsat Respublikasının Daxili İşlər Nazirliyinin göstərilməsi və işin aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İddianın lazimi qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb olacağı bildirilmişdir.
13. Məhkəmə qeyd edir ki, dəyişdirilməsi tələb olunan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin 97 nömrəli xx.xx.2022-ci il tarixli polis baş leytenantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunması haqqında əmr Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmişdir.
14. Məhkəmə qeyd edir ki, cavabeh qurumun adıçəkilən əmrin dəyişdirilməsi səlahiyyəti yoxdur.
15. Odur ki, iddiaçının hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı qeyd edilmiş iddia tələbi ilə səlahiyyətli inzibati məhkəməyə (Naxçıvan İnzibati Məhkəməsi) müraciətdir.
16. Məhkəmə qeyd edir ki, iddia əsl olmayan cavabdehə qarşı qaldırıldığından prosessual qənaət prinsipindən çıxış edərək (həmin cavabdehə qarşı) prosessual müddətin bərpa edilməsinə dair ərizəyə münasibət bildirilməsi zərurəti də yoxdur.
17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva