Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5325/2024 18.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı «sərəncamın qanunsuzluğunun müəyyən edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı qarşı «sərəncamın qanunsuzluğunun müəyyən edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 25 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən imzalanması iddia olunan və hazırkı İddiaçı Milli Məclis Aparatında tutduğu Beynəlxalq parlament təşkilatları üzrə sektor müdiri vəzifəsindən azad olunması barədə 228-V nömrəli sərəncam (inzibati akt) qəbul edilmişdir. Bu inzibati akt inzibati icraat haqqında maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən, qanunsuz sayılmalıdır. İddiaçı sözügedən 228- V nömrəli sərancamın (inzibati aktın) ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbini irəli sürərək cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddia inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia (mübahisələndirmə haqqında iddia) idi. İddia üzrə işə baxılmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2020 saylı iş üzrə 30 yanvar 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün müddət məhdudiyyətləri mövcuddur və iddiaçı iddia vermək üçün müddəti ötürdüyünə görə iddia mümkün sayılmamalıdır, buna görə də işə mahiyyəti üzrə baxılmamışdır. Nəticədə bu qərardad onu (iddiaçını) əlverişsiz vəziyyətə salmışdır. Məhkəmənin yanaşması Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-cü il tarixli qərarındakı hüquqi mövqeyə tamamilə ziddir. Bakı apellyasiya Məhkəməsinin 2-1(103)- 1038/2020 saylı iş üzrə 10 iyun 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmımiş və birinci instansiya məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məkəmənin 2-1(102)-1750/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrdə mübahisəyə baxılarkən onun subyektiv hüquqlarının pozulması məsələsi araşdırılmamışdır. Hazırkı iddianın predmeti Milli Məclis sədrinin imzaladığı sərəncamın qanunsuz hesab edilməsinin müəyyən edilməsi barədədir və bu cür iddia növləri üçün vaxt məhdudiyyəti yoxdur. Çünki məsələ artıq icra edilmiş inzibati aktının qanunsuz hesab olunmasının müəyyən edilməsi barədədir. İddia tələbinin əsaslarını isə aldadılmağı və digər qanunsuz hərəkətlər nəticəsində işdən çıxmaq barədə “könüllü ərizənin” ona yazdırılması olmuşdur. Milli Məclisin bu sərəncamı (inzibati aktı) iddiaçının dövlət qulluğunda işləmək və əmək haqqı almaq, dövlət qulluqçusu kimi alacağı əmək haqqı ilə gələcəkdə pensiyaya çıxmaq, dövlət qulluğunda irəli çəkilmək hüquqlarını da pozmuşdur. Belə ki, o, əmək haqqının az olduğu bir dövrdə dövlət qulluğunda əmək fəaliyyətini davam etdirib, 20 il çalışmağından, sektor müdiri və dövlət qulluğunun baş müşaviri kimi daha yuxarı əmək haqqı aldmağından sonra qəflətən 48 yaşında guya öz ərizəsi ilə işdən çıxmağı nəticəsində işsiz qalmışdır. Belə ki, iddiaçı Milli Məclisdən işdən çıxarılandan sonra uzun müddət işsiz kimi qeydiyyata alınmışdır. Bu o deməkdir ki, ona başqa iş təklif olunmamışdır. Nəticədə heç bir əmək haqqı almadan və işsizliyə görə müavinat almadan əziyyətlə yaşamalı olmuşdur. 2019-cu ildən 2022-ci ilin mart ayına qədər işsiz kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, qanunsuz inzibati akt nəticəsində 4 il ərzində olmaqla hər ay 1.300 manat əmək haqqı almaqdan məhrum edilmiş və ağır iqtisadi vəziyyətə düçar olmuşdur. Nəticədə 4 yaşlı övladının da hüquqları və uşağın anasının da hüquqları kobud şəkildə pozulmuşdur. Lakin Milli Məclisin iddia etdiyi kimi, guya ərizəni könüllü yazmağı mülahizəsi həqiqət deyil və onun marağı hüquqi vəziyyəti ilə bağlı yaranmış bu qeyri-müəyyənliyi aradan qaldırmaqdır. Buna görə də iddia ərizəsi vermiş ki, məhkəmə onun könüllü ərizə yazmasını müəyyən etsin. Arzulayır ki, məhkəmədə tez bir zamanda bu iddiaya baxılsın və hüquq münasibəti, yəni inzibati aktın qanunsuz hesab edilməsi məsələsi müəyyən edilsin. Onun işdən azad olunmasının əsl səbəbləri Sərəncamda göstərilən kimi deyil, yəni o, könüllü ərizə yazmamışdır. Amma Milli Məclis iddia edir ki, guya ərizəni özü könüllü yazmışdır. Lakin o, işdən məcbur edilərək çıxarılmış və ərizə əvvəlcə təzyiqlər altında, hədə-qorxular altında, bu qısa müddətdə effekt və nəticə vermədiyindən aldadılaraq iradəsinə zidd olaraq yazdırılmışdır. Təzyiq və hədə-qorxu faktları həmçinin onunla təsdiq olunur ki, hələ işdən azad olunması tarixindən xeyli müddət əvvəl, yəni 3 dekabr 2018-ci il tarixdə iddiaçı bu barədə ölkə başçısına rəsmi şikayət ərizəsi göndərmiş və ərizədə bildirmişdir ki, iş yerində təzyiqlərə məruz qalmış, onun qanunun tələblərini pozması səbəb gətirilərək işdən azad olunacağı ilə qorxudurlar, hədələyirlər, Milli Məclisin rəhbərliyi ərizə yazıb onun işdən çıxmağını tələb edir, Həmin şikayət ərizəsi araşdırma aparılmaq üçün Prezident Administrasiyasından 6 dekabr 2018-ci il tarixli məktubla Milli Məclisə göndərilmişdir, lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin, «Dövlət qulluğu haqqında» və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmadan heç bir xidməti araşdırma aparılmamış və cavab verilməmiş, lakin əvvəlki qaydada ərizə yazıb işdən getməyi tələb kimi irəli sürülmüşdür. Prezident Administrasiyasına şikayətdən sonra Milli Məclisdə vəziyyəti daha da ağırlaşmış, ona qarşı mənfi münasibət daha da artmışdır. Milli Məclisdə onun barəsində sərəncam (inzibati akt) qəbul edilərkən ona hədə-qorxu gəlinmişdir. 2018-ci il noyabrın 24-də Astana səfərindən rəsmi səfərdən qayıdan kimi, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin və Kadrlar şöbəsinin rəhbərliyi ona bildirmişdir ki, Milli Məclis rəhbərliyinin göstərişinə əsasən könüllü ərizə yazıb işdən çıxmalıdır. Ona hədə-qorxu gəlmişlər. Lakin bununla belə heç bir əsas və səbəb göstərilməmişdir. Ona Milli Məclisin binasına daxil olmamaq, kabinetinə qalxmamaq, otağın qapısını açmamaq kimi göstərişlər verilmiş, fikirləşməyə heç bir saat da vaxt verilməmişdir. Təkidlə işdən çıxmaq barədə təcili ərizə yazıb təhvil vermək tələb olunmuşdur. Məhkəmə tərəfdən Milli Məclisin sədrinin sərəncamının qanunsuzluğunun müəyyən edilməsi üzrə qərar qəbul edilməsi üçün iddiaçı məhkəməyə ərizə ilə müraciət edir. Çünki artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasının müəyyən edilməsində marağı hüquqi xarakterlidir. O, istəyir ki, hüquqi dövlətdə qanunsuz inzibati aktlar məhkəmə tərəfdən müəyyən edilsin və ədalət bəyan edilsin. Bu cür inzibati aktlara məhkəmə tərəfdən hüquqi qiymətin verilməsini arzulayır Çünki onun işdən çıxarılmağına səbəb olmuş inzibati aktın qanunsuz hesab edilməsinin müəyyən edilməsi gələcəkdə digər vəzifəli şəxsləri analoji addımlar atmaqdan çəkindərə bilər. Nəticədə iddiaçının və ailəsindəki digər şəxslərin hüquqları pozulduğunu müəyyən edəndən sonra digər vətəndaşların hüquqlarının pozulması ehtimalının qarşısı alınmış olar. İnzibati aktın qanunsuz hesab edilməsinin müəyyən edilməsi həm də priventiv mahiyyət daşıyır və işə götürənlər arasında profilaktik tədbirlərin görülməsinə töhfə vermiş olacaq. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, İPM-in 36-cı maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.5, 24, 35.1.3, 67-ci maddələrinə, «Dövlət qulluğu haqqında» Qanunun 18, 19, 26-cı maddələrinə, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın müddəalarına əsaslanaraq, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin 25 dekabr 2018-ci il tarixli 228-V nömrəli sərəncamının (inzibati aktının) qanunsuz sayılmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Milli Məcəlisinin səlahiyyətli nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası qanunsuz və əsassız hesab edilir. Belə ki, iddiaçı “25 dekabr 2018-ci il tarixli 228-V nömrəli sərəncamın ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından (iddia tələbinin qalan hissəsi isə həmin sərəncamın nəticəsi ilə bağlı olduğundan), eyni zamanda iddiaçının subyektiv hüquqlarının pozulması əsaslandırılmadığından Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardad yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək, 25 dekabr 2018-ci il tarixli, 228-V nömrəli sərəncamının (inzibati aktın) aldatma və digər qanunsuz hərəkətlər nəticəsində qəbul edilməsini nəzərə alaraq İPM-in 100, 103.1, 106.2 və 107.1-ci maddələrinə uyğun olaraq məhkəmə icraatının təzələnməsi üçün yeni əsaslar mövcud olduğundan icraatın təzələnməsini və ilkin ərizəyə mahiyyəti üzrə baxılaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 yanvar 2020-ci il tarixli qərardadı ilə, iddiaçının qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hər hansı bir subyektiv hüquqların pozulmaması səbəbi ilə iddia tələbi mümkün hesab edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsinə baxılan zaman mahiyyəti üzrə qərar qəbul edilmədiyindən iddiaçının hazırki ərizəsi mümkün hesab edilməməlidir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının ərizəsində İPM-nin 100-cü maddəsində göstərilən əsaslardan heç biri müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə icraatının təzələnməsi barədə ərizə mümkün sayılmamışdır. İddiaçı 24 dekabr 2018-ci il tarixdə Milli Məclis rəhbərliyinə tutduğu vəzifədən azad edilməsi barədə ərizə ilə müraciət etmiş və onun ərizəsi nəzərə alınaraq o, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 25 dekabr 2018-ci il tarixli 228-V saylı sərəncamı ilə X3 Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri vəzifəsindən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə (yəni dövlət qulluqçusunun öz arzusu ilə) əsasən 25 dekabr 2018-ci il tarixdən azad edilmişdir. İddiaçı işlədiyi müddət ərzində işində buraxdığı nöqsanlara görə bir neçə dəfə intizam məsuliyyətinə cəlb edilmiş, 2010 və 2013-cü illərdə ona müvafiq əmrlə töhmət verilmiş, digər hallarda isə şifahi xəbərdarlıqlar edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ona işdən azad olunması barədə ərizə yazmağa təzyiq göstərilmiş və o, buna məcbur edilmişdir. Belə hal ümumiyyətlə baş verməmişdir. Bununla bağlı iddiaçının qanunvericiliyə uyğun olaraq hər hansı bir sübut və dəlili varsa məhkəməyə təqdim edə bilər. İddiaçı 25 dekabr 2018-ci il tarixdə Milli Məclis sədrinin İran İslam Respublikasında səfərdə olmasını əsas götürərək onun tutduğu vəzifədən azad olunması haqqında sərəncamı imzalaya bilməzdi kimi iddia irəli sürür. Azərbaycan Respublikası Milli X5 İslam Respublikasına rəsmi səfəri 25 dekabr 2018-ci il tarixdə səhər saat 8:00-da baş tutub və adıgedən sərəncamda səfərdən öncə imzalanıb. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən ezamiyyətdə, məzuniyyətdə olduğu müddətdə iş yerinin saxlanılması açıq aşkar göstərilmişdir və buda rəhbər işçinin hər hansı bir sənədi imzalamaq hüququna malik olduğunu sübuta yetirir. İddiaçı işdən azad olunduqda ona əmək kitabçası təqdim olunub və əmək kitabçasını götürdüyünü öz imzasıyla təsdiq edib. Onun əmək kitabçasında onun işdən azad olunması barədə Milli Məclisin rəhbəri tərəfindən verilmiş sərəncamın nömrəsi, tarixi, azad olunma tarixi və tətbiq olunan qanunun maddəsi göstərilməklə qeydlər aparılmışdır. İşdən qanunsuz azad olunmasını iddia edən iddiaçı əmək kitabçasını təhvil aldığı gün onun fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gün hesab edilir və həmin gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddiaçının Azərbaycan Respublikası Milli Məclisinə qarşı qaldırdığı iddia tələbinin heç bir qanuni əsaslarının olmadığı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan 1 təqvim ayı müddətini ötürdüyü nəzərə alınaraq, “iddia müddətinin tətbiqi” ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsaslanaraq İddiaçı “sərəncamın qanunsuz sayılmasının müəyyən edilməsi” tələbinə dair iddiasından imtina edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə İddiaçı həmçinin məhkəməyə yazılı izahat təqdim edərək qeyd etmişdir ki, məhkəmə icraatında cavabdeh tərəf guya onun 24 dekabr 2018-ci il tarixdə Milli Məclisin inzibati binasına daxil olduğunu və ondan tələb olunan işdən azad olunma barədə ərizəni həmin tarixdə də təqdim etdiyini, Milli Məclis rəhbərinin 25 dekabr 2018-ci il tarixdə səhər saat 08:00-da İran İslam Respublikasına rəsmi səfər etməmişdən qabaq işdən azad olma barədə sərəncamı imzaladığını bildirir. Bununla da etiraf olunur ki, o (iddiaçı), 24 dekabr 2018-ci il tarixdə Milli Məclisin inzibati binasına daxil olmamışdır. Belə ki, həmin tarixdə gəlmiş olsaydı, sərəncam da imzalanardı. Bir daha bəyan olunur ki, 25 dekabr 2018-ci il tarixdə saat 13:00 radələrində Milli Məclisin binasına daxil olmuş, ərizəni əvvəlcə təzyiq və hədə-qorxu altında, daha sonra isə aldadılaraq təqdim etmişdir. Milli Məclis rəhbəri həmin vaxt ölkədə olmamışdır. Bundan başqa, sərəncam verilərkən iddiaçının aidiyyəti üzrə ünvanlanmış 3 dekabr 2018-ci il tarixli şikayət məktubunun yazılma səbəbi araşdırılmadan və ona rəsmi cavab verilməmişdir. 25 yanvar 2019-cu il tariixdə ünvanlanmış şikayət məktubu da cavablandırılmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, 99-cu maddələrinə «Dövlət qulluğu haqqında» Qanunun 34-cü maddəsinə əsaslanaraq, cavabdehin 25 dekabr 2018-ci il tarixli 228-V nömrəli sərəncamının (inzibati aktmm) qanunsuz sayılmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı eturazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 1.1.3-cü maddıəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin Qanunun 33.1-ci maddəsinə görə dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: - (33.1.1) dövlət qulluqçusunun öz arzusu ilə; İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə görə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik normaları dövlət qulluğuna xitam verilməsi əsaslarının dairəsini konkret müəyyən etmiş və bu sıraya “dövlət qulluqçusunun öz arzusu ilə” xitam verilməsini də aid etmişdir. Hazırkı işin hallarına görə, İddiaçı öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir, lakin həmin ərizəni öz iradəsi ilə deyil, ona hədə-qorxu və aldatma nəticəsində imzalamasını əsas gətirərək, dövlət qulluğuna xitam verilməsi barədə sərəncam qanunsuzluğunu iddia edir. Məhkəmə qeyd edir ki, İddiaçı iddiasının əsası kimi dövlət qulluğuna öz arzusu ilə xitam verilməsi barədə ərizəsini öz iradəsinə zidd imzalamadığını bildirsə də, bununla bağlı heç bir tutarlı sübut təqdim etməmişdir və onun sadaladığı hallar (başqa vəzifəyə təyin olunacağına vədlər verilməsi, ərizə yazmadığı halda mənfi nəticələr olması) formal mülahizələrə söykənən xüsusatlar qismindədir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Şərhad oğlunun dövlət qulluğuna xitam verilməsi barədə 25 dekabr 2018-ci il tarixli 228-V saylı sərəncamın inzibati akt kimi qəbulu «İnzibati icraat haqqında» Qanunun 11, 13, 17, 58-ci maddələrinə, eləcə də «Dövlət qulluğu haqqında» Qanunun 4 və 33-cü maddələrinə uyğundur, həmçinin həmin qanunların hər hansı müddəasının pozulması kimi qiymətləndirilməməlidir. Özünün iradə ifadəsi əks olunmuş yazılı ərizə təqdim etdiyi halda, həmin müraciət əasında aparılan inzibati icraatın nəticəsi kimi onun dövlət qulluğuna xitam verilməsi «İnzibati icraat haqqında» Qanunun, həmçinin «Dövlət qulluğu haqqında» Qanunun prinsipləri baxımından birmənalı şəkildə atılmalı adekvat addımdır. İddiaçının gətirdiyi digər dəlilə (sərəncam imzalayan şəxsin müvafiq dövrdə ölkə hüdudlarında olması) gəldikdə isə, məhkəmə vurğulayır ki, qeyd edilən xüsusat hətta real ol belə mübahisə predmeti olan 25 dekabr 2018-ci il tarixli 228-V saylı sərəncamın – inzibati aktın qanunsuzluğunun müəyyən edilməsi üçün yetərli əsas sayıla bilməz. Odur ki, məhkəmə cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” 25 dekabr 2018-ci il tarixli 228-V nömrəli sərəncamını – əlverişsiz inzibati aktını qanunsuz saymır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı «sərəncamın qanunsuzluğunun müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 36, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı «sərəncamın qanunsuzluğunun müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-5325/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5325/2024
18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver