Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5342/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2972 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal qərbi ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Nəzarət tədbiri zamanı mağazada hər hansı qaydada malların satışı olmamış və eləcə də mağazada hər hansı mal qalığı aşkar edilməmiş, həmçinin də digər əməliyyatlar aparılmamışdir. Qeyd edilən hal nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104594 nömrəli Aktla təsdiq edilmişdir. Nəzarət tədbirin mövzusu üzrə mağazada real olaraq heç bir qanun pozuntu halı aşkar edilmədiyi halda, vergi əməkdaşları tərəfindən vergi qanunvericiliyinin tələblərinə və operativ nəzarət tədbirinin mahiyyətinə zidd zidd olaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 104595 nömrəli Akt tərtib edilməklə guya mağazada 9709598,00 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri qanunun tələblərinə zidd və qeyri-obyektiv keçirildiyinə görə iddiaçının nümayəndəsi tərəfindən etiraz edilmiş və xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı şikayət (etiraz) verilmişdir. Cavabdeh tərəfindən şikayətin dəlilləri nəzərə alınmamış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2972 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçı 970959,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qanunla müəyyən edilən qaydada hüquq pozuntusu aşkar edilmədiyi halda ehtimal (şübhə) əsasında şəxsin vergi məsuliyyətinə cəlb edilməsi vergi və digər aidiyyəti qanunvericilik normalarının hüquqi mahiyyətinə tamamilə ziddir, sahibkarın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 59) ilə və digər qanun və normativ aktlarla qorunan azad sahibkarlıq hüquqlarının pozulmasıdır. Hazırkı dövrdə dövlətimizin sahibkarlıq sahəsində əsas məqsədi sahibkarlığa hər çür dəstək göstərmək, sahibkarlıq fəaliyyətini təşviq etmək, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, maddi nemətlər bolluğu yaratmaq, sahibkarlığın inkişafına mane olan bütün neqativ halların aradan qaldırılması olduğu halda, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin edilməsi dövlətimizin bu sahədə apardığı iqtisadi siyasətə və eləcə də ədalətli və şəffaf vergi münasibətlərinin formalaşmasına ziddir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, vergi orqanlarının mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatlar vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti təhlil edilmiş və operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********9503 nömrəli Qərar qəbul edilmişdir. Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104594 nömrəli akta əsasən, vergi ödəyicisinin sahibliyində heç bir mal qalığının olmadığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən, 7.866.284,98 manat dəyərində mal idxal edildiyi, 200.845,3 manat dəyərində e-qaimə ilə mal aldığı və elektron qaiməfaktura təqdim etməklə heç bir mal satılmadığı müəyyən edilmişdir. Göstərilən hal nəzərə alınaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulmaqla 9.709.598 manat məbləğində (18% ƏDV və 2% ticarət əlavəsi daxil) malın elektron qaimə-faktura təqdim edilmədən digər vergi ödəyicilərinə satıldığı müəyyən edilmiş, bu halı özündə əks etdirən xx.xx.2024-cü il tarixli DVX seriyalı 104595 nömrəli akt tərtib edilmiş. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi sözügedən aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104595 nömrəli akt əsasında qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2972 nömrəli qərar ilə iddiaçıya 970.959,80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, "Fiziki şəxsin fəaliyyətindən tam xəbərdaram. Qeyd olunan obyektdən başqa yerdə obyektimiz yoxdur. Başqa yerdə saxlanca mal verməmişik və saxlanca mal götürməmişik. Malların üzərinə 2 faiz tətbiq olunmaqla satış həyata keçiririk. Obyektin iş vaxtı həftənin 5 günü olmaqla saat 09:00-dan 18:00-dəkdir.” İddiaçıya məxsus təsərrüfat subyektinin fotoşəkillərinə nəzər yetirdikdə məlum olur ki, obyekt anbardır və pərakəndə ticarətin həyata keçirilməsi üçün lazımi şəraitə və heç bir göstəriciyə malik olmamışdır. Həmçinin, iddiaçının vergi orqanına təqdim etdiyi "təsərrüfat subyektinin qeydiyyat ərizəsi”ndə obyektin anbar olduğunu qeyd etmişdir. Bu hal həmçinin, icarə müqaviləsində də öz əksini tapmışdır. Obyektin təyinatı üzrə istifadə edilmədiyi yoxlayıcılar tərəfindən aşkar edilərək sərbəst aktla rəsmiləşdirilmişdir. Həmin anbardan e-qaimə olmadan topdan satış əməliyyatlarının həyata keçirilməsi birbaşa olaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusu hesab edilmişdir. Vergi ödəyicisi tərəfindən 8.067.130,28 manat dəyərində olan mallara 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 9.709.598 manata e-qaimə təqdim etmədən topdan qaydada Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbini pozaraq müxtəlif vergi ödəyicilərinə satması faktı aşkar olunmuşdur. Ticarət əlavəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə malların üzərinə 2% ticarət əlavəsi tətbiq etməklə satışın həyata keçirilməsi barədə arayış təqdim edilmişdir. Çeklərin əksər hissəsi çox qısa zaman aralığı ilə (10-15 saniyə fərqi ilə) mədaxil olunmuşdur (Məsələn, 1 dəqiqə ərzində 3-4 çek vurulmuşdur ki, bu hal qəti şəkildə real və ağlabatan deyildir). Operativ nəzarətin həyata keçirildiyi zaman nəzarətkassa aparatı təsərrüfat subyektində mövcud olmamışdır. Vergi ödəyicisinin vergi uçotuna alındığı vaxtdan indiki vaxtadək heç bir işçisi olmamışdır. Vergi ödəyicisində xx.xx.2023xx.xx.2024-cü il tarixlərində keçirilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində "Karvansaray 2010” MMC tərəfindən təqdim olunmuş arayışa əsasən məlum olmuşdur ki, iddiaçının yeganə obyekti üzrə icarə müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Yəni, həmin tarixdən etibarən iddiaçının faktiki olaraq obyekti mövcud olmamasına baxmayaraq, ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal onu deməyə əsas verir ki, əslində nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş satış əməliyyatları topdan fəaliyyəti pərdələmək məqsədi daşımışdır. Belə ki, vergi ödəyicisinin pərakəndə fəaliyyətlə məşğul olması onun təsərrüfat subyektinin olmasını zəruri edir. Həmçinin, OVN gedişatı zamanı da sözügedən obyektin iddiaçıya məxsus olmadığı və iddiaçının orada fəaliyyət göstərmədiyi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********9503 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən İddiaçı məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, KY242228206 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2024-cü il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 104594 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:10-də keçirilmiş operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinə gedən yolun şimal-qərbində yerləşən obyektdə fərdi sahibkara məxsus anbarda mal aşkar olunmamışdır. Mal qalığı sıfırdır. - xx.xx.2024-cü il tarixli 10595 nömrəli aktdan isə görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən uşaq geyimləri mağazasında iddiaçının iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-də OVN zamanı fiziki şəxsə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə ümumi dəyəri 9709598,0 manat məbləğində malın digər vergi ödəyisilərinə e-qaimə tətbiq edilmədən satılması müəyyən olunmuşdur. -Cavabdehin xx.xx.2024-cü il tarixli **********2972 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 970959,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli **********2972 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarını mübahisələndirir. Həmin qərar Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qəbul edilmişdir, hansı ki, həmin normaya əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İstinad edilən normadan görünür ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün ödəyici topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim etməlidir. Vergi Məcəlləsinə əsasən: -maddə 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - maddə13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən -bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir -bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. -bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. -bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. İstinad olunan normalardan görünür ki, malların topdan satışı sahibkarlıq fəaliyyəti məqsədləri üçün mallların alıcıya təqdim edilməsini nəzərdə tutursa, pərakəndə satış son istehlak məqsədi üçün malalrın alıcıya təqdim edilməsini ehtiva edir. Pərakəndə satış ticarət obyektində, topdan satış isə o cümlədən anbarda həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir. Belə ki, işdə olan 22 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, iddiaçının qeydiyyatda olduğu 11001çkodlu obyekt vergi orqanında mağaza kimi qeyd olunmasına baxmayaraq, faktiki olaraq anbar tipli olması aşkar edilmiş, işə əlavə edilmiş anabarın şəkillərindən təsərrüfat obyektinin faktiki vəziyyətinin pərakəndə satışın həyata keçirilməsi üçün yararlı olmadığını təsdiq etmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçı cox qısa zaman kəsiyində çekləri nəzarət kassa aparatına daxil etmişdir ki, bu da pərakəndə ticarətin dövriyyəsinə uyğun gəlmir. Belə ki, qanunverici pərakəndə satış zamanı kassaya daxil edilən əməliyyatların həcmi ilə bağlı hər hansı bir tələb müəyyən etməsə də, iddiaçının fəaliyyət göstərdiyi obyektin faktiki vəziyyəti və yerləşmə yeri, onun pərakəndə satış kimi rəsmiləşdirməyə çalışdığı əməliyyatların tezliyi nəzərə alındıqda, aydın olur ki, həmin əməliyyatın pərakəndə ticarət kimi qəbul edilməsi həyatın normal axarına uyğun deyildir. İddiaçı cavabdeh orqana müraciətində pərakəndə satış həyata keçirdiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutu (o cümlədən mağazanın fotoşəkili, pərakəndə ticarəti həyata keçirməsini təsdiq edən reklam məhsulları və sair) cavabdehə, məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı mübahisəli qərarın ləğvini tələb edərkən cavabdeh tərəfindən prosessual normaların pozulmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin hər hansi bir nomrasına istinad edilməməsini bildirmişdir. Bununa bağlı məhkəmə qeyd edir ki, işdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda belə bir istinad olmasa da, həmin tarixli KY242228206 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən keçirilmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllnin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1 -ci maddəsi üzrə operativ vergi nəzarəti Məcəllənin 56.1 -ci və 85.4- cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1 -ci maddəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə işin yuxarıda istinad olunan hallarını və maddi hüquq normalarının tələblərini təhlil edərək, belə qənaətə gəlir ki, mübahisəli qərarın qəbulu üçün əsas olmuş hallar iş üzrə təkzib edilmədiyindən, cavabdehin qərarı əsaslı və qanuni olmuşdur və həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5342/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5342/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver