Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5343/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Ləhiş Bağ ərazisində 994 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarış və plan ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə dair mövqeyi qanunvericiliyin tələblərinə uyğun deyildir. Təqdim edilən sənədlər torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən 89225 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilə İdarənin arxivində aşkar edilməmişdir. Bundan başqa müqavilədə istinad olunan Bakı şəhər İcra Hakimiyyətinin 187 saylı sərəncamının tarixi qeyd olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən 0,12 ha sahəyə dair ayrıca cizgi olmadığından sənəd üzrə sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin bir hissəsi digər bağların və bağlar arası yolun ərazisinə uyğun gəlir. Əlavə olaraq, sahənin bir hissəsinə digər fiziki şəxsin (X1) müraciəti mövcuddur. Məlumat üçün bildirilir ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,12 ha göstərilsə də, faktiki 0,0994 ha təşkil edir Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2004-cü il tarixli bağın istifadəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 187 nömrəli Sərəncamına (151 nömrəli protokolu) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 3980 nömrəli bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda cavab verilmişdir. Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X2 və İstismarı Birliyininin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Sorğuya əlavə edilmiş müqavilədə istinad olunan Bakı Şəhər İH-nin 187 saylı sərəncamının və 151 saylı protokolunun tarixi qeyd edilmədiyindən arxiv sənədi barədə məlumat vermək imkan xaricindədir. Əlavə olaraq nəzərinizə çatdırılır ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) 1991-ci ilin noyabr ayınadək olan arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Cavabdeh tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, sorğuya surəti əlavə edilmiş 23 iyul 2004-cü il tarixli 89225 nömrəli müqavilə və həmin müqavilədə qeyd edilən 187 saylı sərəncam və 151 saylı protokol İdarənin arxivində aşkar edilməmişdir. İdarənin arxivində 187 nömrəli 18 iyul 2005-ci il tarixli sərəncam (100 nömrəli potokol) mövcuddur. Həmin Sərəncamdan görünür ki, sözügedən sərəncam vətəndaşlara bağ sahələrinin ayrılması ilə bağlıdır ki, həmin şəxslər sırasında iddiaçının adı göstərilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən əmlaka dair yuxarıda adıçəkilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənəd qismində “bağ sahəsinin icarəyə verilməsi” barədə müqaviləsi təqdim olunmuşdur. Doğrudur ki, həmin sənəd hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə sözügedən Qanunun 8.0.7-ci maddəsində təsbit olunmuşdur. Lakin, hazırki iş üzrə həmin sənəd əsasında bağ sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması istisna olunur. Qeyd edilməlidir ki, inzibati məhkəmə təcrübəsində analoji hüquqi münasibətlər üzrə mübahisələrin həlli zamanı məhkəmələr tərəfindən sadəcə olaraq icarə müqaviləsinin və ya hüququ təsdiq edən digər sənədin (məsələn, orderin) fiziki mövcud olmaması faktı vətəndaşın zərərinə şərh olunmur. Əksinə, məhkəmə orqanları, əsasən, bu cür sənədlərin verilməsinə əsas olmuş ilkin hüquqi aktların (məsələn, sərəncam və ya protokolun) mövcudluğunu araşdırmaqla hüquqi əsası müəyyən etməyə çalışırlar. Hazırkı iş üzrə də eyni yanaşma tətbiq olunmaqla, iddiaçının təqdim etdiyi icarə müqaviləsində istinad edilən Bakı Şəhər İcra Hakimiyyətinin 187 nömrəli sərəncamı (151 nömrəli protokolu) ilə bağlı məlumatın dəqiqləşdirilməsi istiqamətində məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular verilmişdir. Lakin aparılmış araşdırmalar nəticəsində nə qeyd edilən sərəncam, nə də ona əsas verən protokol konkret tarix göstəricisinin olmaması səbəbilə müəyyən edilə bilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi eyni nömrəli sərəncam 13 iyul 2005-ci il tarixli olmuş, baxmayaraq ki, həmin sərəncamda bağ sahələrinin ayrılması məsələsinə toxunulmuşdur, iddiaçının adı bu sənəddə qeyd edilən şəxslər sırasında olmamışdır. Bu məqamda xüsusi olaraq vurğulanmalıdır ki, təqdim edilmiş icarə müqaviləsinin hüquqi qüvvəsinin olmasının müəyyən edilməsi üçün onun əsası, yəni bağ sahəsinin ayrılmasına dair hüquqi əsas təşkil edən sərəncam və ya protokolun mövcudluğunun sübuta yetirilməsi zəruridir. İddiaçının təqdim etdiyi müqavilə hər nə qədər forma etibarilə hüquqmüəyyənedici sənəd kimi çıxış etsə də, onun hüquqi qüvvəsini təşkil edən əsas müəyyən edilmədiyindən, bu sənəd əsasında bağ sahəsi üzərində hər hansı mülkiyyət və ya digər hüquqların qeydiyyatının həyata keçirilməsi mümkün deyildir. Məhkəmə bildirir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olmadığından, imtina məktubundan göstərilən digər əsaslar (bağ sahəsinin yol kənarında yerləşməsi, sənəd ilə faktiki ölçü arasında uyğunsuzq və s.) üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5343/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5343/2025
28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver