Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-536/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 və X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 və X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan bağ sahələrinə dair aparılmış dəyişikliklərin qanunsuz hesab edilməsi və İlkin Bağlar İdarəsinin rəsmi sənədlərini əsas tutaraq, bağ sahəsinin daxilində uyğunsuzluqlar nəticəsində xaric olunan 2 sahənin (25,93 m., 8,47 m., ölçüdə və 13,28 m. X 5,26 m., ölçüdə) bərpa edilməsi; ümumi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin (DTXK-nin xx.xx.2004-cü il tarixli, JN 17072 H Kod 00306016 nömrəli şəhadətnamə) 2014-cü ildə ümumi mülkiyyətçilərin razılığı olmadan, o biri 2 bağ sahəsi ilə birləşdirilməsinin ləğv edilməsi və nəticədə yaranan 2 mülkiyyət obyektinə dair (0,12 ha ümumi mülkiyytəçilərin xüsusi mülkiyyət hüququ və 0,23 ha və bağ evi tək iddiaçının xüsusi mülkiyyət hüququ) hüquqların dövlət qeydiyyatının aparılması, bağlar İdarəsinin 70B saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 31990 saylı 16 oktyabr 2003-cü il tarixli müqavilə və ona əsasən tərtib olunan torpaq planına uyğun yalnız üç mülkiyyətçinin qanuni istifadəsində olan bərpa ediləcək daxili yol üçün nəzərdə tutulmuş torpaq sahəsinin həmin üç mülkiyyətçinin adına hüquqların dövlət qeydiyyatının aparılması vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3763/2024 nömrəli qərardadı ilə X6 və X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3 bağ sahələrinin ümumi mülkiyyətçilərin razılığı olmadan birləşdirilmiş və bağ sahələrinin torpaqları özəlləşdirilərkən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı, sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə görə Bağlar İdarəsi tərəfindən tərtib olunan bağ sahəsinin planı cavabdeh tərəfindən nəzərə alınmamış, həmin planda göstərilən, daxildə üç bağ sahəsinin ümumi istifadəsi üçün nəzərdə tutulan yol ləğv edilmiş və bağ sahəsinin qıraq tərəfindən 25,93 m., 8,47 m., ölçüdə sahə xaric olunmuşdur, cavabdeh tərəfindən tərtib olunmuş texniki pasportda torpaq sahəsinin planında ümumiyyətlə göstərilməmişdir. Halbuki, hətta bağın həmin xaric olunan sahəsində torpaq üzərindəki ağaclar da yuxarıda qeyd edilən Əsasnaməyə görə iddiaçının xüsusi mülkiyyətinə keçməlidir və bu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, daha bir uyğunsuzluq bağ sahəsinin digər tərəfində yaranmışdır. 13,28 m. X 5,26 m., ölçüdə bağ sahəsi də kənarlaşdınlmışdır. Halbuki, həmin xaric olunmuş bağ sahəsi 1968-ci ildən əvvəlcə onların istifadəsində və sonradan mülkiyyətindədir. Təbii ki, həmin torpaq sahəsində də ağaclar var və onlar da xüsusi mülkiyyətə verilməli idi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 fevral 2004cü il tarixdə tərtib olunmuş və iddiaçıya təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 10767 H Kod 00306016 nömrəli şəhadətnamədə bağ sahəsinin ölçüsü və planı Bağlar İdarəsinin sənədləri əsasında düzgün göstərilmiş, sonradan müəmmalı olaraq Torpaq kadastrında səhv əks olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ evinə dair tərtib edilmiş texniki pasport JN10767 və JN-17072 saylı şəhadətnamələr və kadastr planı əsasında qanunamüvafiq qaydada hazırlanmışdır. Belə ki, sözügedən bağ sahələri iddiaçının ərizəsi əsasında birləşdirilmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 3500.0 kv.m olsa da, faktiki sahəsi 3730.0 kv.m təşkil edir. Əlavə 230.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi **********10- 11301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, bağ evinə məxsus torpaq sahəsinin 0.12 ha hisəsi X3, X4 və İddiaçı ümumi birgə mülkiyyətində, bağ evi və 0.23 ha torpaq sahəsi yalnız İddiaçı mülkiyyətindədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəm baxışında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi və 0,23 ha torpaq sahəsi İddiaçı, digər 0,12 ha torpaq sahəsi isə İddiaçı, X6 və X4 ümumi birgə mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi və torpaq sahəsinə dair arxiv qovluğunda saxlanılan sənədlər təqdim edilmişdir: - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi və 0,23 ha torpaq sahəsi İddiaçı, digər 0,12 ha torpaq sahəsi isə İddiaçı, X6 və X4 ümumi birgə mülkiyyətindədir. - İddiaçı etibarnamə üzrə nümayəndəsi İ.P.Babayev tərəfindən imzalanmış və cavabdehə ünvanlanan ərizədən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 70 saylı, 70A saylı və 70B saylı bağ sahələrinin eyni divar arasında olduğu üçün onların birlşdirilməsinə icazə verilməsi xahiş olunmuşdur; - Torpağın mülkiyyətə verilməsinə dair JN – 10767H kod 00306016 nömrəli şəhadətnamədən görünür ki, Şüvəlan bağ massivində yerləşən 0,12 ha 70 saylı bağ sahəsi X1, X10, İddiaçı, X5, X2 mülkiyyətindədir; - Torpağın mülkiyyətə verilməsinə dair JN – 10772H kod 00306016 nömrəli şəhadətnamədən görünür ki, Şüvəlan bağ massivində yerləşən 0,12 ha 70a saylı bağ sahəsi İddiaçı, X6 və X4 mülkiyyətindədir; - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 414912 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı adına Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 1100 kv.m., 70b saylı bağ sahəsi ilə bağlı tərtib edilmiş və X13 kitabında xx.xx.2012 tarix, 32433 nömrəl ilə uçota alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 70A saylı bağ evi və 0,23 ha torpaq sahəsi İddiaçı, digər 0,12 ha torpaq sahəsi isə İddiaçı, X6 və X4 ümumi birgə mülkiyyətindədir. İddiaçı hazırda mülkiyyətçilərin razılığının olmamasını əsas gətirərək bağ sahələrinin birləşdirilməsi ilə bağlı cavabdehin hərəkətini və və bağ sahələrinin ilkin sənədləri əsas tutaraq bağ evinə dair tərtib edilmiş texniki pasportu mübahisələndirir. İş matariallarında olan sənədlərdən göründüyü kimi, bağ evinə dair tərtib edilmiş texniki pasport Torpağın mülkiyyətə verilməsinə dair JN – 10767H kod 00306016 nömrəli və JN – 10772H kod 00306016 nömrəli şəhadətnamələr və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 414912 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən hazırlanmışdır. Həmin sənədlər nə iddiaçı, nə də digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən təkzib edilsə də, sözügedən bağ sahələri iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 ərizəsi (həm ərizənin, həm də etibarnamənin surəti sorğu edilərək alınmış və iş materiallarına əlavə edilmişdir.) əsasında birləşdirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının digər mülkiyyətçilərin razılığının alınmaması əsası ilə, cavabdehin bağ sahələrinin birləşdirilməsi ilə bağlı hərəkətini mübahisələndirmək hüququ yoxdur. Nəzərdə tutduğu, razılığının alınmadığını iddia etdiyi şəxslər həmin inzibati hərəkəti mübahisələndirmədiyindən hazırkı iddia çərçivəsində yalnız bağ sahələrinin birləşdirilməsi ilə bağlı inzibati hərəkətin iddiaçının hüquqlarının pozulması ilə edilib-edilmədiyi araşdırılmalıdır. Yəni onun razılığı olubolmadığı və ya bu cür razılığa ehtiyac olub-olmadığı müəyyənləşdirilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının belə bir xahişi mövcud olmuşdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 və X8 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-536/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-536/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver