Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5362/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə” qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusu verilməsi barədə” qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Waseem Muhammed (Pasport:№ EW6852911) avqust 2024-cü il tarixlərdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ-71/1 saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. İşin faktiki halı ondan ibarət olmuşdur ki, iddiaçı X2 İslam Respublikasının Pəncab vilayətinin Sargotha şəhərində anadan olmuş, milliyətcə pəncablı, dini etiqad baxımdan müsəlman (sünni) olmuş, Sargotha şəhərində “Model School” adlı məktəbdə 9 il təhsil almış, daha sonra məktəbi tərk edərək “Cəmiyyətul-humiyə” adlı mədrəsədə Quran oxumağı öyrənmiş, 2017-2023-cü illərdə isə fərdi evlərdə rəngsaz olaraq işləmişdir. İddiaçının qaçqın statusunun verilməsi ilə bağlı müvafiq vəsatətlə müraciət etməsinin səbəbi onun Pakistan İslam Respublikasının Sargotha şəhərində yaşayan Atiya adlı bir qızı sevməsidir. Belə ki, Waseem Muhammed “mehr” (arain), hemin Atiya adlı qız isə “quccar” kastasına mənsub olduqları üçün ailələr arasında düşmənçilik yaranmışdır və bu səbəbdən də qızın ailəsi tərəfindən təqiblərə məruz qalmışdır. Həmin Atiya adlı qızın ailə üzvləri (atası və qardaşları), bütün qohumları Pakistan İslam Respublikasının hər yerində Waseem Muhammedi axtarmağa başlamış və hər kəsə onu harda görsələr öldürəcəklərini bildirmişlər. Həmin kastalarda qanuna zidd olmasına baxmayaraq bele halları milli mentalitet kimi qəbul etmişlər və bu hal adət-ənənə halına çevrilmişdir. Yuxarıda qeyd olunan səbəbdən Waseem Muhammed öldürüləcəyini bildiyi üçün ölkəni tərk etməkdən başqa çıxış yolunun olmadığından ölkəsini tərk etmiş və 05 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Bundan başqa, Pakistan İslam Respublikasında dini mənsubiyyətinə görə də insanlar dini-radikal qruplar tərəfindən bir çox zorakılıqlara məruz qalırlar və hətta bir çox hallarda bu hadisələr insanların həyatını itirməsi ilə nəticələnir. Belə ki, rəsmi mənbələrdən verilən məlumata görə Pakistanda ifrat sağçı İslam siyasi partiyası olan Tehreek-e-Labbaik Pakistan (TLP) xristianları və hinduları İslamı qəbul etməyə məcbur edir (bununla bağlı olaraq sosial şəbəkələrdə kifayət qədər video və fotomaterillar yayılmışdır). Qeyd edilən partiyanın üzvləri zorakı şəkildə iddiaçının yaşadığı Pəncab ərazisində olan xristian və qeyrimüsəlman əhalini islam dinini qəbul etməyə zorla məcbur edirlər. X3 əyalətində bir neçə kilsə və xristian evlərinin küfr iddiaları ilə bir sıra qruplar tərəfindən yandırılmasından həftələr sonra naməlum şəxs tərəfindən keşiş güllələnib və yaralanmışdır. Feysəlabad dairəsinin Caranvala şəhərində Myong-Sang Naserth kilsəsində xidmət edən keşiş “Eleazar Vicky” belə sui-qəsd edilmişdir. Məlum olan məsələdir ki, yuxarıda da qeyd edildiyi kimi qanuna zidd olmasına baxmayaraq belə hallar bir çox islam ölkərində mövcuddur. Buna misal olaraq qonşu dövlət olan Türkiyə Respublikasını da göstərmək olar. Belə ki, Türkiyə Respublikasının da bəzi bölgələrində böyük “aşirət”-lər vardır və həmin “aşirət”-lər arasında “qan davaları” olduğu halda bunun qarşısının alınması mümkün deyildir. Pakistan İslam Respublikasında da belə hallar vardır və bu hallar “kastalar” arasında mövcuddur. Hazırda cavabdeh tərəfindən qəbul edilmiş qərarda əsassız olaraq qeyd edilmişdir ki, “işin materillarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə heç bir düşmənləri yoxdur və heç bir təqibə məruz qalmamışlar”. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənar düşmüşdür. Belə ki, o Pakistan İslam Respublikasına geri göndərilərsə yenidən “quccar” kastası tərəfindən təqib və təhdidlərə məruz qalacaqdır. Hətta yuxarda verilmiş misallardan da göründüyü kimi şəxsin ölüm təhlükəsi belə vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; 2. Təqib olunmasına dair hüquq-mühafizə orqanlarına müraciət etməmişdir; 3. Ölkənin daha stabil bölgələrinə getmə imkanı mövcud olmuşdur. Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsininə əsasən: 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının halhazırda yaşayış yeri üzrə qeydiyyatı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 9 , ev 3 olması nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
İş materiallarında olan:
EW6852911 nömrəli pasportdan görünür ki, Waseem Muhammed xx.xx.2001-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşıdır. Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” 27 noyabr 2024-cü il tarixli İQ-71/1 №-li qərarı ilə Pakistan İslam Respublikasının vətəndaşı X4 Muhammada “Qaçqın” statusu verilməsindən imtina edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: - 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddia ərizəsinə və işdə olan sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçı ona qaçqın statusunun verilməsinin zəruriliyini onunla əsaslandırmışdır ki, iddiaçının vətəndaşı olduğu ölkəyə qayıtsa həyatlarına təhlükə ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının hər hansı şəxslərin təqibindən ehtiyat etməsi ilə bağlı bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz, belə ki, iddiaçı tərəfindən belə təqib qorxusunun əsaslılığı sübuta yetirməmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qаçqın stаtusunun vеrilməsindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 68.1. – ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “ona “qaçqın statusunun verilməsi barədə” qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 58-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova