Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5363/2025 27.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Seriya MH 176093 nömrəli, xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı olunun (bundan sonra – iddiaçı) adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirlmişdir və bu barədə reyestr kitabında 399 səhifə, qeydə alma 30, 150099 nömrəli qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən həmin fərdi yaşayış evinə dair texniki pasport tərtib edilərək verilmişdir. İddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evinin yararsız vəziyyətdə olması səbəbilə yaxşılaşdırılması üçün evin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 184 nömrəli Sərəncamına əsasən, iddiaçıya məxsus A.Gəraybəyli küçəsi 7 saylı evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İddiaçı ona məxsus fərdi yaşayış evini öz hesabına sökərək, evin yerləşdiyi torpaq sahəsində tikili inşa etmiş, həmin tikiliyə eskiz layihəsi tərtib edilmişdir. İddiaçı torpaq sahəsinə və üzərində inşa edilmiş fəedi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən xx.xx.2025-ci il tarixli məktubla imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...zirzəminin 1,5,8 saylı, 1-ci və 2-ci mərtəbənin 1 saylı və 3 saylı mərtəbəsinin isə 1,3,4 saylı yerləşkələrında aşırımlar arası məsafə 6 metrdən çox olduğundan məlumatlarndırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəimanov rayon İcra hakmiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 184 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinin təqdim edilmiş sənədlər əsasında təqdim edilmiş layihədə göstərilən ölçülər əsas götürülməklə, 11/1082 inventar nömrəli xx.xx.2007-ci il tarixli Texniki Pasportda qanuni istifadədə olduğu göstərilən 0,042432 ha torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları üzrə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onun adına mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə Seriya MH №176093 saylı xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. 2012-ci ildə Nəriamnov Rayon İcra Hakimiyyətinə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinin yararsız vəziyyətdə olması səbəbilə şəraitinin yaxşılaşdırılması üçün evin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Ərizəsi əsasında Bakı Şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 184 saylı Sərəncamı verildi. Sərəncama əsasən evin onun vəsaiti hesabına sökülərək yerində Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verildi. Bundan sonra tərəfindən tikinti işləri aparıldı və yeni fərdi yaşayış evi inşa edildi. Evin tikintisi yekunlaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata ********** saylı saylı ərizə ilə müraciət edərək, inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq, xx.xx.2022-ci il tarixli **********28 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş” verildi. Bildirişdə hüquqların qeydiyyata alınmasından imtina edilməsinə səbəb kimi “yerləşkələrdə aşırımlar arası məsafənin 6 metrdən çox olması" göstərilmişdir. Hesab edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi səbəbləri əsassızdır və onun hüquqlarımı pozur. İlk növbədə imtina Bildirişində göstərilənlərlə bağlı münasibətimi bildirmək istəyir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, fərdi yaşayış evinin tikintisinə icazə sənədi olaraq verilmiş Bakı Şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 184 saylı Sərəncamı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəl verilmişdir. Xatırladır ki, bəhs edilən Məcəllə 01 yanvar 2013-cü il tarixdən qüvvədədir. Tikinti işlərinə isə Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılaşdırdığı layihə olduğu səbəbindən icazə verilmişdir. Digər tərəfdən məhkəmənin diqqətinə çatdırmaq istədiyi məqam ondan ibarətdir ki, yerləşkələrdə aşırımlar arası məsafənin 6 metrdən çox olması fikri ilə ümumiyyətlə razı deyildir. Düşünürlər ki, cavabdeh təşkilat ölçü işlərini lazımi qaydada aparmamışdır. İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, tərəflərindən təqdim edilən layihə üzrə tikintinin aparılmış olamsı mübahisəsizdir, əks halda cavabdeh təşkilat tərəfindən imtina səbəblərindən biri kimi, “inşa edilmiş fərdi yaşayış evinin təqdim edilən layihə ilə uyğynsuzluq təşkil etdiyi"göstərilərdi. Layihəyə baxdıqda isə, aşırımlar arası məsafənin 6 metrdən çox olması göstərilən yerləşkələrdə belə bir halın olmadığını görürlər. Qanunvericiliklə aşırımlara arası məsafənin 6 metrdən yuxarı olması həm en, həm də uzunluğun bu ölçünü keçməsi hallarını ehtiva edir. Cavabdehin imtina Bildirişində isə bəzi hallarda (zirzəmi mərtəbəsi 1 yerləşkə, 1 mərtəbə 3-cü yerləşkə, 2-ci mərtəbə 3-cü yerləşkə, 3-cü mərtəbə 1-ci yerləşkə) bir tərəfin ölçüsü əsas götürülmüşdür. Digər göstərilən yerləşkələrdə isə ümumiyyətlə aşırımın ölçüsü 6 metrə çatmır. Yəni cavabdeh təşkilatın ölçü işlərini yalnış aparmasının nəticəsi olaraq hüquqlarının dövlət qeydiyyatına alkınmasından əsassız olaraq imtina edilmiş. Qanunla qorunmalı olan mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndiriıməyən hallarına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. Cavabdeh tərəfindən fərdi yaşayış evinə texniki pasport tərtib edilərək verilmişdir. İddiaçı fərdi yaşayış evinin yaxşılışdırılması məqsədi ilə, həmin evi söküb, yerində öz hesabına fərdi yaşayış evi inşa edilməsi ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. İddiaçının müraciəti əsasında Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 184 nömrəli Sərəncamı ilə iddiaçıya məxsus fərdi yaşayış evinin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İddiaçı ona məxsus evi öz hesabına sökərək, evin yerləşdiyi torpaq sahəsində tikili inşa etmiş, həmin tikilinin eskiz layihəsi tərtib edilmişdir. İddiaçı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh evin zirzəmisinin 1,5,8 saylı, 1-ci və 2-ci mərtəbənin 1 saylı və 3 saylı mərtəbəsinin isə 1,3,4 saylı yerləşkələrında aşırımlar arası məsafə 6 metrdən çox olduğundan məlumatlarndırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Torpaq sahəsinə münasibətdə isə, cavabdeh qeyd etmişdir ki, hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları qeyd edilmişdir: Həmin normada Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair iki fərqli prosedur müəyyənləçdirilmişdir (maddə 8.0.10): tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (maddə 8.0.10.1); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (maddə 8.0.10.2). Hazırkı mübahisənin yaranmasına əsas da bu normanın tətbiqi ilə bağlı iddiaçı və cavabdeh arasında yaranmış fikir ayrılığı ilə bağlıdır. İddiaçı inşa edilmiş tikilinin fərdi yaşayış evi kimi qeydə alınmalı olmasını bildirərək 8.0.10.2-ci maddədə göstərilən şərtlərə əməl etmişdir. Cavabdeh isə fərdi yaşayış evinin bəzi hissələrində aşırımların uzunluğunun 6 metrdən çox olmasına istinad edərək normanın 8.0.10.1-ci maddəsində qeyd edilmiş tikintisinə icazə tələb olunan prosedurlara əməl edilməli olmasını göstərmişdir. Belə olan təqdirdə məlumatlandırma icraatı ilə tikintisinə icazə tələb ounan tikililərin fərqləndirilməsi zəruridir. Məlumatlandırma icraatının tətbiq olunduğu tikililərin kriteriyalarını müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İstinad edilən normalardan göründüyü kimi, Məcəllədə məlumatlandırma icraatının hansı tikililərə tətbiq edilməsi konkret olaraq göstərilmiş, eyni zamanda həmin tikililərin tikintisinə icazənin alınmasının tələb olunmaması qeyd edilmişdir. Belə ki, hər hansı tikilinin (fərdi yaşayış evinin) məlumatlandırma icraatı qaydasında sənədləşdirilməsi üçün: 1) yerüstü mərtəbələrinin sayı 3-dən; 2) hündürlüyü 12 metrdən; 3) aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Hazırda cavabdeh iddiaçının fərdi yaşayış evinin zirzəmsiinin 1,5,8 saylı, 1-ci və 2-ci mərtəbənin 1 saylı və 3 saylı mərtəbəsinin isə 1,3,4 saylı yerləşkələrında aşırımlar arası məsafənin 6 metrdən çox olduğunu bildirir. Bu halın araşdırılması məqsədi ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 10/2177 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində aşırımlar arası məsafəsinin 6,0 metrdən çox olmadığını, mərtəbələrinin sayının 3 olduğunu, hündürlüyünün 11,4 metr olduğunu nəzərə alaraq, sözügedən tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əsasən məlumatlandırma icraatə qaydasəna uyğun inşa olduğu müəyyən edilir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə mülki iş materiallına əlavə olunmuş ləyihəilə müqaisə olduğu zamanı fərdi yaşayış evinin layihəyə uyğun olduğu müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, sözügedən fərdi yaşayış evində aşırımlar arası məsafəsinin 6,0 metrdən çox olmadığı, fərdi yaşayış evi ilə mülki iş materiallına əlavə olunmuş ləyihəilə müqaisə olduğu zamanı fərdi yaşayış evinin layihəyə uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin imtinasında qeyd edilən hal əsasız olmaqla heç bir hüquq normasına söykənməməklə, cavabdehin mülahizələrindən ibarətdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İddiaçı fərdi yaşayış evinin qeydə alınması ilə bağlı 8.0.10.2-ci maddəsində göstərilən bütün şərtlərə əməl etmiş, tikilinin layihəsini hazırlayaraq bu barədə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin qurum tərəfindən iddiaçıya Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi barədə sərəncam qəbul edilmişdir. Ona görə də, qeyd edilən hallar inşa edilmiş fərdi yaşayış evinə mülikyyət hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia tələbi evin yerləşdiyi 424,32 kv.metr torpaq sahəsinə aid hissədə də əsaslıdır. Belə ki, iş materiallarına cavabdeh tərəfindən iddiaçıya məxsus daşınmaz əmlakın arxiv qovluğu təqdim edilmişdir. Həmin arxiv qovluğunda Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Fərdi yaşayış evinə daxil olan özəlləşdirilmiş mənzilin” Texniki Pasporti əlavə edilmişdir. Həmin texniki pasportda müəyyən edilir ki, daşınmaz əmlak tam pay hüququ üzrə iddiaçıya məxsus olmuş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü isə 424,32 kvadrat metr göstərilmişdir. Həmçinin həmin arxiv qovluğunda olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Seriya MH 176093 nömrəli, xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsində iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın təyinatı yaşayış evi kimi qeyd edilmişdir. Bundan başqa cavabdehin mütəxəssilərinin daşınmaz əmlaka yerli baxışın nəticələrinə dair müayinə aktında müəyyən edilir ki, daşınmaz əmlak faktiki vəziyyəti fərdi yaşayış evi təyinatlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi mənzil adlansa da, faktiki olaraq fərdi yaşayış sahəsi olmuş, digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət, tikilidir. Belə ki, işin yuxarıda göstərilən faktiki hallarından da göründüyü kimi faktiki olaraq mənzil hesab edilməyən fərdi yaşayış evinin mülkiyyətçisi kimi evin köhnə olması səbəbindən sökülməsi və yenidən inşa edilməsi barədə səlahiyyətli yerli icra hakimiyyəti orqanına müraciət etmiş, fərdi yaşayış evi xüsusiyyətlərinə malik daşınmaz əmlakın eskiz layihəsi təsdiq edilərək səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış, fərdi yaşayış evinin yenidən qurulması barədə sərəncam qəbul edilmişdir. Məhkəmə hesab edir ki, mənzil kimi qeyd edilən faktıkı olaraq fərdi yaşayış evi xüsusiyyətinə malik əvvəlki tikilinin torpaq sahəsinə münasibətdə qanuni istifadə səlahiyyətinə malik iddiaçı həmin torpaq sahəsi daxilində yeni fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar səlahiyyətli orqan tərəfindən verilmiş sərəncam əsasında mülkiyyət hüquqlarının düzgün olaraq fərdi yaşayış evi kimi qeydiyyata alınmasını xahiş etmişdir ki, həmin iddia qanuni və əsaslıdır. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlak torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da hazırki mərhələdə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmadığını, əksinə təcrid olunmuş tikili olduğundan, yalnız iddiaçının faktiki sahibliyində və istifadəsində olduğunun göstəricisidir. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının yaranması müəyyən olunur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-3003/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1601/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Ali Məhkəmənin 2-1(102)-42/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsi müvafiq sənədlərdə mənzil kimi qeyd olunsa da, əslində həm işə əlavə olunmuş sənədlərdən, həm işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, həm də mənzilin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin mənzil mövcuddur və həmin mənzil təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda hər hansı başqa mənzilin, yaşayış sahəsinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də belə bir halın mövcudluğuna istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir. Ali Məhkəmənin 2-1(102)-2788/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarında qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi işin materiallarına, o cümlədən, mütəxəssis rəyinə istinadla haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2-ci maddəsinin tələblərinə uyğundur. Ali Məhkəmənin 2-1(102)-293/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-931/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərarında oxşar mövqedən çıxış etmişdir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, tikili mənzil yox, fərdi yaşayış sahəsi olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mənzil kimi qeyd edilməsinə baxmayaraq hal-hazırda əmlak naturada fərdi yaşayış evi olmuşdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak istər söküntüdən əvvəl və sərəncam əsasında söküntüdən sonra torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da əmlakı xidməti təyinatının mənzil yox, məhz fərdi yaşayış evi olması müvafiq olaraq təsdiq olunmuşdur. Məhkəmə mövcud olan vahid məhkəmə təcrübəsini qüvvədə olan qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyindən mənzil kimi qeydiyyatın aparılması qanunvericiliyin tələblərinə uyğun olmamış, fərdi yaşayış evi kimi aparılmalı olan qeydiyyat düzgün olmayaraq mənzil formasında aparılmışdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının mülkiyyətində olmuş mənzillərin arxiv qovluğundan müəyyən edilir ki, həmin mənzillərin ilkin alqı-satqı müqavilələrində daşınma əmlaklar mənzil kimi deyil, yaşayış evi kimi göstərilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd eidr ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Nəimanov rayon İcra hakmiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 184 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinin təqdim edilmiş sənədlər əsasında, təqdim edilmiş layihədə göstərilən ölçülər əsas götürülməklə, 11/1082 inventar nömrəli xx.xx.2007-ci il tarixli Texniki Pasportda qanuni istifadədə olduğu göstərilən 0,042432 ha torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlak kimi dövlət reyestrində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5363/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5363/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver