Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5444/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müaribə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, o, Qazax rayonuna yerləşən hərbi hissəyə hərbi təlim üçün göndərildiyin və bu hərbi təlim müddətində o, döyüş meydanından çıxarılması və yaralılara tibbi yardımın göstərilməsində iştirak etdiyindən onun müharibə veteran vəsiqəsini almaq hüququ yaranır. İddiaçı hazırki iddia tələbinə uyğun eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 15.02.2022-ci il tarixli, 42-998 nömrəli məktubundan görünür ki, iddiaçı N () nömrəli hərbi hissə komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına dair heç bir əsas və məlumat aşkar olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ona müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsininin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə cavabdeh qismində məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çıxış etməsinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə bununla qeyd etməyi zəruri hesab edir ki, iddiaçının döyüş bölgəsinə göndərilməsinin əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 234 №-li, 23.06.1992-ci il tarixli əmri (Tibb Universitetinin 22.10.1992ci il tarixli əmrində qeyd olunmuşdur) dayandığından, həmçinin hərbi çağırış vərəqəsi əsasında 50 günlük xidmətin həyata keçirilməsinə cəlb edilmədiyindən ona münasibətdə müharibə veteran adı və vəsiqəsinin verilməsi məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən kəyata keçirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bəhs edilən normalardan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: -1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. Nəzərə alınmalıdır ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə hansı məqsəd ilə göndərildiyi və onun döyüş bölgəsində icra etdiyi funksiyaların döyüş təminatı hesab edilib-edilmədiyinə aydınlıq gətirilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı döyüş əməliyatları gedən dövrdə Qazax rayonuna göndərilmişdir. Doğrudur ki, iddiaçının həm döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri aşkar olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının həqiqətən də həmin müddətdə göndərilməsi və hərbi hissədən qayıtmasını təsdiq edən kifayət qədər dəlillər mövcuddur. Belə ki, məhkəmə araşdırılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə daxil olmuş sənədlər toplusundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlıq tərəfindən verilmiş arayışa əsasən İddiaçı 01.07.1992-ci il tarixdən 20.08.1992-ci il tarixədək Qazax rayonunun döyüş bölgəsində iştirak etmişdir. Bundan başqa N №-li hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən də görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarığı tərəfindən 01.07.1992-ci ildə səfərbər edilərək Qazax rayonun müdafiəsi üçün alayın sərəncamına göndərilmiş və 20.08.1992-ci ildə xidməti nümünəvi başa çatdırmış, dəfələrlə döyüşlərdə iştirak etmiş, çətin anlarda yaralılara ilk tibbi yardım göstərmiş, Qazax rayonunun Ağköynək, Quşçu Ayrım kəndlərinin erməni silahlı qüvvələrindən müdafiəsinə bilavasitə iştirak etmiş, hərbi hidmətdə olduğu müddət ərzində heç bir intizamsızlığa yol verməmiş, əksinə özünü ləyaqətli bir tibb işçisi kimi göstərmiş, onun döyüş zonasında olduğu dövr 01.07.1992-20.08.1992-ci il tarixləri əhatə etmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının döyüş bölgəsinə göndərilməsini təsdiq edən digər əsas isə Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş əmr və arxiv arayışı çıxış edir. Belə ki, Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş 22.10.1992-ci il tarixli əmrin təsdiq olunmuş surətindən görünür ki, döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə hərbi təlimə göndərilmiş dördüncü kurs tələbələrini 3 (üç) qat həcmində təqaüdün ödənilməsi qərara alınmışdır ki, bu tələbələrdən biri də Qazax rayonuna ezam olunmuş İddiaçı olmuşdur. Bununla yanaşı Azərbaycan Tibb Universiteti tərəfindən həmçinin arxvi arayışı verilərək N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin 22.10.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kursda 01.07.1992-ci ildən 29.08.1992-ci ilədək müharibə bölgəsində Qazax rayonunda hərbi təlim keçdiyi, döyüşlərdə iştirak etdiyi və yaralılara tibbi yardım göstərdiyi qeyd olunmuşdur. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, hər nə qədər iddiaçının döyüş bölgəsinə göndərilməsi və döyüş bölgəsindən qayıtması ilə əlaqədar əmrlər aşkar olunmasa da, iddiaçının həmin dövrdə faktiki olaraq 3 qat həcmdə təqaüdün almasını təsdiq edən bir çox mötəbər dəlillər mövcuddur. Əlbəttə nəzərə alınmalıdır ki, iddiaçının döyüş bölgəsinə göndərilməsi səbəbi məhz həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi təşkil edirdi. İddiaçının təyinat üzrə əsas xidməti öhdəliyi tibbi təminatla bağlı olsa da, mövcud sənədlərlə də təsdiq olunur ki, iddiaçı eyni zamanda döyüşlərdə də iştirak etmişdir ki, həmin şəxsin döyüşlərdə iştirak etməsə belə, tibbi xidmətin göstərilməsi özlüyündən hazırkı iddianın təmini üçün əsasdır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Belə olan halda, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ümumiyyətlə cavabdehin iddianın təminini istisna edən faktiki şərtdən də müəyyən edilir ki, cavabdeh iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrinin olmadığına istinad edir. Mövcud inzibati məhkəmə praktikası doğrudur ki, belə formalaşmışdır ki, hərbi qulluqçularla bağlı hərbi xidmətdən ehtiyata buraxılma barədə sənədlərin olması zəruridir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının xüsusi qrup subyekt olmasını, Tibb Universiteti tərəfindən 50 günlük müddətə xidmətin həyata keçirilməsi üçün göndərilməsini nəzərə almamışdır. Onun qeyd olunan müddətdə xidmət etməsi isə işdə olan sübutlarla tam təsdiq olunur. Belə ki, istər Tibb Universiteti tərəfindən xidmət keçmənin müddəti ilə bağlı əmr, istər həmin universitetin arxiv arayışı, ən əsası da hərbi xidmətlə bağlı xüsusi səlahiyyəti yerinə yetirən inzibati orqan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin arxivində olan xidməti xasiyyətnamə, attestasiya vərəqi, arayış iddiaçının hərbi çağırış vərəqəsində olduğu kimi yəni 50 gün- 01.07.1992-20.08.1992-ci il tarixlərdə xidmət etdiyini təsdiq edir ki, iş materiallarında bu səviyyədə mötəbər sübutlar mövcud olduğu halda təkcə əmrin mövcud olmamasına və ya xidmət keçmə barədə məlumatın olmamasına istinadı məhkəmə əsassız hesab edir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə icraatında şahid qismində dindirilmiş X4 və X5 öz izahatlarında X3 hərbi hissədə olması, döyüş əməliyyatlarında iştirak edərək yaralı əsgərlərə tibbi yardımın göstərildiyini, hətta döyüş əməliyyatlarında birbaşa iştirak etdiyini, yaralıların döyüş meydanından çıxarılması və s həyata keçirdiyini təsdiq etmişdirlər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1408 /2021 saylı iş üzrə qəbul etdiyi 21.09.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçı da 01.07.1992-ci il tarixli, 15/HBC saylı əmrə müvafiq olaraq döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların tələblərinə zidd qərar qəbul etmişdir.” Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-677/2021 saylı, 07.10.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.” Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, tibbi yardım məqsədi ilə hərbi hissəyə göndərilmiş şəxslərin funksiyası bir başa döyüş tapşırığı kimi qiymətləndirildiyindən onların müharibə veteranı adı və vəsiqəsini tələb etmək hüquqları yaranır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddiadan fərqli olaraq yuxarı instansiya məhkəmələri tərəfindən baxılan iddialarda iddiaçı qismində çıxış edən vətəndaşlar döyüş bölgəsinə ezam olunması yolu ilə göndərilmişdirlər. Doğrudur ki, ezamiyyətə göndərilməsi anlayışı bilavasitə işçisinin və işəgötürənin arasında olan münasibətlərdən irəli gələn bir məsəlidir. Lakin nəzərə alınmalıdır ki, yuxarı instansiyada baxılan işlər üzrə olduğu kimi hazırki mübahisədə də iddiaçının döyüş bölgəsinə göndərilməsinin əsası tibbi yardımın göstərilməsi təşkil edir.Eyni zamanda həmin işlərə oxşar olaraq müəyyən müddət üçün həmin işlərin görülməsi tapşırılır ki, iddiaçı da konkret əvvəlcədən müəyyən edilmiş müddət ərzində tibbi yardımın göstərilməsi üçün təyinatlandırılmışdır. Göründüyü kimi, iddiaçı digər vətəndaşlardan (yxuarıda göstərilən qərarlar) fərqli olaraq ezamiyyətə göndərilməmiş, əksinə Azərbaycan Tibb Universitetinin tələbəsi olaraq dövlət xətti ilə hərbi təlimə göndərilmişdir. Təyinatından asılı olmayaraq iddiaçının hərbi hissəyə göndərilməsinin əsası məhz tibbi yardımın göstərilməsi olduğundan və bu tapşırığ məhz döyüş tapşırığı hesab olunduğundan ona münasibətdə bərabərlik hüququ tətbiq olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir. Məhkəmə qərarlarında (yuxarıda qeyd olunan) göstərilən şəxslərin müharibə veteran adı və vəsiqəsinin almasının əsında onların hərbi hissəyə tibbi yardımın göstərilməsi məqsədi ilə ezam olunması dayandığından, həmin şəxslərin vəziyyəti ilə hazırkı işin halları eyni mühüm faktiki hallara malikdir. Buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçı ilə həmin şəxslər arasında ayrıseçkiliyə yol vermişdir. Belə ki, inzibati orqanın praktikasında hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi halları olsa da, cavabdeh orqan iddiaçıya veteran vəsiqəsi və adını verməkdən imtina etmişdir. Bu isə inzibati orqan tərəfindən həm “bərabərlik hüququ”nun, həm də “etimad hüququ”nun pozulmasına səbəb olur. Belə ki, hazırkı qərarın 32-ci bəndində göstərilən normanın məzmununa görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5444/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5444/2022
04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver