Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5482/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiyanın ödənilməsi və fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxxx 1956-cı il tarixdə Ukraynanın Voroşilovqrad vilayətində doğulmuşdur. 1974-cü ilin sentyabr ayında X9 Mühəndisləri Məktəbinə daxil olub, 1979-cu ildə həmin məktəbi “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə əyani təhsil formasında bitirmiş və ona mühəndis-gəmi mexaniki ixtisası verilmişdir (D-İ № 059783 saylı diplom). 3 sentyabr 1979-cu il tarixdə (əmr 3 sentyabr 1979-cu il, 175/p) X4 Nəqliyyat Donanması gəmisinə 4-cü dərəcəlli mexanik vəzifəsinə qəbul edilmiş, 19 yanvar 1981-ci il tarixdə (əmr 19 yanvar 1981-ci il, 12/h) Nəqliyyat donanmasının gəmilərində 3-cü dərəcəli mexanik keçirilmiş, 28 iyun 1985-ci il tarixdə (əmr 28 iyun 1985ci il, 122/3) Nəqliyyat donanmalarının gəmilərində 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, 12 yanvar 1988-ci il tarixdə (əmr 12 yanvar 1988-ci il, 06/h) Nəqliyyat donanmalarının gəmilərində baş mexanik vəzifəsinə keçirilmiş, 14 dekabr 2001-ci il tarixdə (əmr 14 dekabr 2001-ci il, K-174) 1 il müddətinə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, 28 yanvar 2003-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. 8 aprel 2003-cü il tarixdə (əmr 8 aprel 2003-cü il, əmr 19/k) "xxxx" MMC-də mühəndis-mexanik vəzifəsinə qəbul edilmiş, 25 aprel 2006-cı il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. Bütün qeyd olunan hallar iddiaçıya məxsus olmaqla 10 sentyabr 1979-cu ildə adına tərtib edilmiş İT seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir. 8 yanvar 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də mühafizəçi peşəsində işləyir. “Azərbaycan X8” QSC-nin X5 tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi üçün verilmiş 15 noyabr 2021-ci il tarixli xx/xx-1574 saylı arayışdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Dövlət X4 üzücü heyətinin nəqliyyat donanması gəmilərində 3 sentyabr 1979cu il tarixdən 28 yanvar 2003-cü il tarixədək 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 23 il 04 ay 25 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin 2 nömrəli Siyahısı»nın XXVİİİ. Nəqliyyat bölməsində (Dəniz və çay donanması 23003000 – 23003010 Üzən heyət-dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daimi liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli 154 saylı qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 saylı və 10 yanvar 2014-cü il tarixli 213 saylı sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 Səhmdar Cəmiyyəti yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri cəmiyyətə keçmişdir. İddiaçının 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə ümumilikdə 23 il 04 ay 25 gündən artıq güzəştli, 31 ildən artıq ümumi iş stajı vardır. O, 3 iyul 2015-ci il tarixdə eyni məzmunlu ərizə ilə DSMF-nin Nizami rayon şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin həmin İdarənin 21 avqust 2015-ci il tarixli 15/2875 saylı məktubu ilə ərizə formal əsaslarla təmin edilməmiş və imtinada qeyd olunmuşdur ki, guya "xxxx" şirkətində işləməsini yoxlamq mümkün olmadığından yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Sonuncu dəfə 2 dekabr 2021-cu il tarixdə güzəştli şərtlərlə 57 yaşdan əmək əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət edilmişdir (10 dekabr 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir). Cavabdeh inzibati orqanın 23 dekabr 2021-ci il tarixli **********1 saylı cavab məktubu (ərizəyə əlavə edilib) ilə ərizə təmin olunmamış və imtinaya əsas kimi göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qəraı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablnması, bir növdən başqa növünə keçirilməsi, və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin (əmk pensiyasının təyin edilməsi üçün zəruri sənədlərin siyahısı) tələblərinə uyğun qaydada tərəfinizdən Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1) Şəxsiyyət vəsiqəsinin surəti; 2) 20 ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s); 3) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya ühququ verən işdə çalışmasına dair iş yerinin arayışının əsli; 4) Pensiya təyin edilməsi haqqında ərizə. Qeyd olunanları nəzər alaraq, iddiaçı X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Aşağıdakı əsaslara görə hesab edilir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Əvvəla, iddiaçı tərəfindən 2 dekabr 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət edilmiş və həmin ərizədə cavabdehin tələb etdiyi bütün sənədlər, yəni aşağıda adları qeyd olunan sənədlər təqdim edilib: əmək kitabçamın notarial qaydada tərcümə və təsdiq edilmiş surəti 03 vərəq, şəxsiyyət vəsiqəsinin surəti 01 vərəq, D-İ seriyalı 059783 saylı diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surəti 02 vərəq, 15 noyabr 2021-ci il tarixdə verilmiş güzəştli arayışın əsli 01 vərəq, "xxxx" MMC-nin verdiyi 89 saylı 21 iyun 2021-ci il tarxli arayışın əsli, 26 noyabr 2021-ci il tarixli etibarnamənin surəti 01 vərəq, 22 iyul 2014-cü ildə verilmiş arxiv arayışının surəti 01 vərəq, DSMF Nizami rayon şöbəsinin 21 avqust 2015-ci il tarixli məktubunun surəti 01 vərəq, 9 iyul 2021-ci ildə verilmiş arxiv arayışının surəti 01 vərəq. 10 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş ərizəyə əlavə edilmişdir. Hətta, əmək kitabçasında və diplomda rus dilində yazılmış qeydlər Azərbaycan dilinə tərcümə edilməklə Bakı şəhəri 30 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş, habelə güzəştli şərtlərlə arxiv arayışının məhz əsli cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, imtina üçün heç bir əsaslı səbəb olmadığını görərək, həmin sənədləri 23 dekabr 2021-ci il tarixli imtina məktubuna əlavə etməklə geri qaytarmış və bir çox pensiya hüququ çatmış şəxslərin də ərizələrinin qaytarılmasında istinad edilən cümlələrdən istifadə etmişdir. İddiaçı hesab edir ki, bu hal Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarının cavabdeh inziabti orqan tərəfindən kobud pozuntusudur. Hansıki iddiaçı hələ 2015-c ildə cavabdeh inzibati orqana müraciət etsə də, həmin dövrdə pensiya təyinatını aparan DSMF-nin Nizami rayon şöbəsi 21 avqust 2015-ci il tarixli cavab məktubunda iddiaçının 8 aprel 2003cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrdə iş stajını yoxlamağın mümkün olmadığını bildirmişdir. Habelə, cavabdeh inzibati orqanın kifayət qədər aylıq əmək haqqı alan əməkdaşları fəaliyyət göstərir ki, həmin əməkdaşlar iddiaçının təqdim etdiyi sənədlərin həqiqi olub-olmamasını və ona pensiya təyin edilməsinin mümkünlüyünü yoxlamalı idilər. Bundan başqa, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 2006-cı il yanvarın 1-dən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respubliksı Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər – 57 yaşına çatdıqda; azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə də uyğun olaraq, iddiaçının 1 yanvar 2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, bu halda ona mütləq şəkildə 57 yaşdan əmək pensiyası təyin edilməli idi. Bu hal hətta 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsində də öz təsdiqini tapmışdır. İddiaçının 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə ümumilikdə 23 il 04 ay 25 gündən artıq güzəştli, 31 ildən artıq ümumi iş stajı vardır və həmin şəxs hələ 2015-ci ildə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə pensiya təyinatını aparan DSMF-nin Nizami rayon şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir ki, bu hal ona məhz 57 yaşının tamam olduğu vaxtdan pensiya təyin edilib ona verilməyən pensiyanın birdəfəlik ödənilməli olmasını məhkəmə qaydasında sübut edir. Habelə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Eləcə də, vətəndaşlar tərəfindən təqdim edilən sənədlər siyahısında iddiaçının əmək kitabçasından əlavə hər hansı arxiv arayışını və ya güzəştli arayışı təqdim etməyə borclu olmasa belə, iddiaçı tələb olunan bütün sənədləri ərizəsinə əlavə etməklə cavabdeə təqdim edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 60, 71, 147-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun 20.1, 22.1, 24.1-ci maddələrinə, İPM-in 2, 32, 33, 45, 46, 70-ci maddələrinə əsaslanaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü ildən təyin edilməsi və həmin tarixdən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 24 may 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallardan da aydın olduğu kimi, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 dekabr 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin əmək kitabçasının əslini təqdim etməmişdir. Mərkəzi Filialın 23 dekabr 2021-ci il tarixli **********1 nömrəli cavab məktubunda ona ümumi iş stajını təsdiq edən əmək kitabçasının əslinin təqdim ediləcəyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Məhkəmənin icraatında olan həmin iş üzrə iddia mümkünsüz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli.qərarına əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib- edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbtndən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hailara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçı hazırki tələblə (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) bağlı inzibati orqandan imtina cavabı almadan məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etiraz təqdim edilir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 dekabr 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin əmək kitabçasının əslini təqdim etməmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 dekabr 2021-ci il tarixli **********1 nömrəli cavab məktubunda ümumi iş stajını təsdiq edən əmək kitabçasının əslinin Mərkəzi Filiala təqdim ediləcəyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra, iddiaçı 24 may 2022-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əvvəlki 3 il üzrə ödənilməklə pensiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadına müvafiq olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı hər ay üzrə ödənilməli olan əmək pensiyası məbləğinin üzərinə keçmiş dövrə görə almalı olduğu 237.93 manat əlavə edilməklə ümumilikdə 506.54 manat pensiya məbləği hesablanıb ödənilir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 10 oktyabr 2013-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və ərizədə İddiaçı 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə 23 il 04 ay 25 gündən artıq güzəştli. 31 ildən artıq ümumi iş stajının olmasını, habelə eyni məzmunlu ərizə ilə 3 iyul 2015-ci il tarixdə DSMFnin Nizami rayon şöbəsinə müraciət etməsini nəzərə alıb, ona hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən faktiki pensiya təyin olunduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Sonradan iddiaçı tərəf məhkəmə əlavə ərizə təqdim edərək iddianın yenidən dəyişdirilərək «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbuıl olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qıbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 3 iyul 2015-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət edərək, ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin qurumun 21 avqust 2015-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Bundan sonra iddiaçı eyni məsələ ilə bağlı növbəti dəfə 24 may 2022-ci il tarixdə inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin inzibati orqan isə, ilkin olaraq məsələnin həllindən imtina etmiş və bundan sonra iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə icraatının gedişində cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və aylıq pensiya məbləği ödənilməyə başlanılmş, üç il əvvəlki dövr – 2019 – 2022ci illər üzrə ödənilməmiş pensiya məbləği aylıq pensiya məbləğinə əlavə olunmaqla ödənilir. Lakin iddiaçı bu mövqe ilə razılaşmır və ona pensiya məbləğinin hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən ödənilməsini tələb edir. DSMF orqanı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən 1 iyul 2022-ci il tarixxədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə tədiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “21.2. Dəniz və çay donanması” bəndinin “b” yarımbəndində üzən həyət – mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər peşələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunanları hazırkı mübahisə üzrə işin hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun yaşa görə əmək pensiyası hüququ 10 oktyabr 2013-cü il tarixdə yaranmasına və 3 iyul 2015-ci il tarixdə DSMF orqanına (həmin dövrdə müvafiq səlahiyyətə malik qurum kimi Fondun Bakı şəhəri Nizami rayon şöbəsinə) müraciət etməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilsə də, sonuncu müraciət etdiyi 24 may 2022-ci il tarixdən əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə ödənilməsi təmin edilmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, iddiaçı 2015-ci ildə DSMF orqanına müraciət etdiyindən, əmək pensiyası hüququ da 2013-cü ildə yarandığından (həm də hüququn yarandığı tarixdən üç il keçməmiş müraciət etmişdir), o, təyin edilmiş pensiyanın əvvəlki dövr üzrə bütün məbləğini tələb etməkdə haqlıdır. İnzibati orqan tərəfindən inzibati icraat vaxtında, hərtərəfli və obyektiv aparıldığı halda, onun pensiya məbləğinin bütün dövrlərə aid hissələri ödənilmiş olardı. Nəzərə alınmalıdır ki, ona pensiya təyinatı aparılarkən 10 oktyabr 2013-cü il tarixdən sonrakı fəaliyyəti üzrə hər hansı xüsusat rol aynamamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bu hərəkəti «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliyin edilməsinin məqsədi baxımından “ödəmələrdə məhdudiyyət” qismində adekvat qiymətləndirilmir və digər şəxslərə münasibətdə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi” ilə uzlaşmır, habelə həmin Qanunun 11.1, 16, 24-cü maddələrinin tələblərini pozur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-5482/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5482/2022
26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver