Məhkəmə qərarları › İş №e-2-1(112)-5533/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5533/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5533/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavadehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında öz əksini tapmış iddiaçının faktiki olaraq da işlədiyi illər sosial sığorta stajına daxil edilməklə onaə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aidiyyəti inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İnzibati orqanın 24 noyabr 2022-ci il tarixli, **********5 saylı cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, inzibati orqanın imtinası əsassızdır. Belə ki, ona məxsus olan əmək kitabçasında yuxarıda göstərilən illər üzrə əmək fəaliyyəti göstərməsi ilə bağlı qeydlər mövcuddur. Əmək kitabçası əsasında müəyyən edilir ki, o, 1988-ci ildən 1999-cu il tarixədək tam şəkildə “Magistral-Ekspress" ASC-də əmək fəalliyyətində olmuş, işləmişdir. Bu xüsusat əmək kitabçası ilə təsdiq edildiyindən yuxarıda qeyd edilən illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Cavabdeh qurumun imtinası məhz pensiya təyin edilməməsi, məhz müavinətin ödənilməsinə zəmin yaratmaqdan ibarət olmuşdur ki, imtinada bununla bağlı da qeyd aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Filialın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına və Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay əməkhaqqı hesablanmayıb, eyni zamanda 1993-cü il üzrə əməkhaqqı cədvəlləri Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməyib. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edirik ki, cavabdeh orqan tərəfindən verilən imtina əsaslıdır və is üzrə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda bildirik ki, İddiaçı xx.xx.2022-ci il tarixdə yasa görə sosial müavinət təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) İddiaçının yaşı bu qanunda göstərilən vas həddinə çatmalıdır; 2) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 23 il 7 av sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994- cü ildə 1 ay əməkhaqqı hesablanmayıb, eyni zamanda 1993-cü il üzrə əməkhaqqı cədvəlləri Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməyib. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı vurğulanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasındaa, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququna malikdir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qavdası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. Cavabdeh orqan tərəfindən həmin sənədlərin üzləşdirilməsi zamanı iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair əməkhaqqı cədvəllərində əməkhaqqı almaması həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasını istisna edir. Belə ki, iddiaçının sığorta stajı hesablanarkən onun əməkhaqqı almadığı dövrlər nəzərə alınmamışdır. Beləliklə, İddiaçı yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - xx.xx.1957-ci il təvəllüdlü İddiaçı AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubu; - İddiaçıya məxsus Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti; - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın təqdim etdiyi inzibati icraat materiallarının surəti; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktub; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktub.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il

Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim edilən əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığortu stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 7 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə şübhələr olan xx.xx.1988-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) xx.xx.1988-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay adına əmək haqqı hesablanmayıb, eyni zamanda 1993-cü il üzrə əməkhaqqı cədvəlləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməyib. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Mübahisələndirilən dövr üzrə əmək haqqının hesablanmadığı, buradan, sığorta haqlarının ödənilməməsi ilə bağlı bildirilir ki, əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına görə onun əmək fəaliyyətinin xx.xx.2006-cı ilədək davam etmiş müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002- ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan iddiaçıya məxsus Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: - xx.xx.1974-xx.xx.1975-ci il tarixləri arasında fəhlə (01 il 01 ay 28 gün); - xx.xx.1978-xx.xx.1978-ci il tarixləri arasında motorist üzrə kursant (08 ay 02 gün); - xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında motorist (10 ay 27 gün); - xx.xx.1979-xx.xx.1988-ci il tarixləri arasında konduktor, sürücü (08 il 07 ay 03 gün); - xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasında sürücü (19 gün); - xx.xx.1988-xx.xx.1999-cu il tarixləri arasında sürücü (10 il 08 ay 18 gün); - xx.xx.1999-xx.xx.2001-ci il tarixləri arasında sürücü (02 il 05 ay 23 gün); - xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasında sürücü (03 ay 14 gün) peşəsində işləmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı 24 il 10 ay 14 gün təşkil edir. İş materiallarına əlavə edilmiş HЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmət dövrü 02 il 21 gün təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən “Magistral-Ekspres" ASC-nin (VÖEN: **********) fəaliyyəti qeydiyyata alındığı tarixdən etibarən aktiv vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 478 nömrəli sərəncamı ilə "Azəravtonəqliyyat" X2 və Şəhərlərarası Daşımalar Birliyinin Baş müəssisəsinin bazasında “Magistral Ekspres” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə olunmuş Şəhərlərarası Avtobus parkında ("xxxx" ASC) işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (iddiaçının işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilməklə) aparılmış və həmin müəssisə (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Məhkəmə cavabdeh inzibati orqanın “1993-cü il üzrə əməkhaqqı cədvəllərinin Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməməsi” dəlili ilə bağlı qeyd edir ki, müəssisənin sənədlərinin (əməkhaqqı cədvəlləri və s.) arxivə təhvil verilməməsi, qeyd olunan səbəbdən qarşılıqlı yoxlamanın baş tutmaması iddiaçının məsuliyyət sferasına aid edilə, onun təqsirli davranışına bağlı olan və bunun üzərindən şəxsin pensiya hüququnun təmin olunmasından imtinaya əsas olan hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının 1988-1994-cü illərdə işlədiyi müəssisənin mövcudluğu işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “iddiaçının əmək fəaliyyəti zamanı 1989-cu ildə 6 ay, 1994-cü ildə 1 ay adına əmək haqqının hesablanmaması” dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən aylar iddiaçının iş stajına hesablanmasa da belə, onun hərbi xidmət dövrü nəzərə alınmaqla 25 ildən artıq (26 il 04 ay 3 gün) sığorta stajı mövcud olmuş olur. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (24 il 10 ay 14 gün), həmçinin həqiqi hərbi xidmət dövrü (02 il 21 gün) nəzərə alınmaqla 25 ildən artıq (26 il 11 ay 03 gün) sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar