Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5542/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X3 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6321 nömrəli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata düşmüş, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə (VÖEN: **********) məşğul olur. 07 oktyabr 2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin əməkdaşları iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanına gələrək POS-terminal quraşdırılmadığı üçün 002244 nömrəli xx.xx.2022 tarixli akt tərtib etmişdir. İddiaçı bildirir ki, 002244 nömrəli xx.xx.2022 tarixli akt tərtib olunmamışdan əvvəl "xxxx" ASC və "xxxx" ASC-yə müraciət edərək fəaliyyət göstərdiyi obyektə posterminal quraşdırılmasını xahiş etmişdir. Banklardan əvvəlcə 700 manat məbləğində depozit məbləği istənilmiş, həmin vaxt depoziti ödəməyə maddi imkanı olmadığı üçün qeyd olunan məbləğdə depozit qoya bilməmiş, sonradan depozit mələğini hazırlayıb banka müraciət etdikdə hazırda posterminalın olmadığı bildirilmiş, əlaqə telefonu götürərək onunla tezliklə əlaqə saxlanılacağı bildirilmişdir. Bankdan əlaqə saxlanılmadığını gördükdə yenidən bir neçə dəfə banka müraciət etmiş, hər dəfə ona gözləməsi məsləhət edilmişdir. Olanlar barədə vergi orqanının əməkdaşına telefon vasitəsi ilə və 07 oktyabr 2022-ci il tarixdə obyekdə olarkən məlumat verib posterminal quraşdırmaq üçün ona köməklik göstərmələrini xahiş etsə də, lakin cavabdeh “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6321 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş və iddiaçının elektron kabinetinə göndərilmişdir. Qərarda bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. Cavabdeh qərar qəbul etsə də nəzərə almamışdır ki, POS-terminalın quraşdırılmaması iddiaçıdan asılı olmayan səbəblərə görə olmuşdur. Banklar posterminalın olmadığını bildirmiş, başqa yerdə də, satılmadığı üçün obyektə POS-terminal quraşdıra bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-cİ il tarixli **********5106 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 26 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Pos-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması faktı aşkar edilərək xx.xx.2022-ci il tarixli DVX seriyalı 002244 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********813600 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:09:01-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********6321 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********637800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:37:58-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 002244 nömrəli akt tərtib olunmamışdan əvvəl "xxxx" ASC və "xxxx" ASC-yə müraciət edərək fəaliyyət göstərdiyi obyektdə pos-terminal quraşdırılmasını xahiş etmişdir. Banklardan əvvəlcə 700 manat məbləğində depozit məbləği istənilmiş, həmin vaxt depozit ödəməyə maddi imkanının olmadığı üçün 700 manat məbləğində deozit qoya bilməmişdir. Daha sonra depozit məbləğini hazırlayıb banka müraciət etdikdə bankdan ona bildirilmişdir ki, hazırda pos-terminal mövcud deyil. Bununla bağlı qeyd edilir ki, xx.xx.2022-ci il tarixində saat 15:47-də Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 26 ünvanda yerləşən obyektdə müştəri tərəfindən 2 (iki) ədəd dönər, 2 (iki) ədəd qazlı içkiyə görə 6,1 manat (altı manat on qəpik) pul vəsaitinin plastik kart vasitəsilə nağdsız qaydada ödəniş edilməsi təklif olunsa da, fərdi sahibkar İddiaçı tərəfindən obyektdə pos-terminalın olmaması (quraşdırılmaması) əsas göstərilərək nağdsız ödənişin qəbulundan imtina edilmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı “Vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə” xəbərdarlıq verilsə də, vergi ödəyicisi tərəfindən təsərrüfat subyektində (obyektində) Pos-terminalın quraşdırılması təmin edilməmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri tamamilə qanunvericiliyə uyğun keçirilsə də, iddiaçı ərizəsində ümümi ifadələrdən istifadə etməklə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. Cavabdeh Vergi Məcəlləsinin 23.1-1, 16.11-1, 24.0.1, 24.0.2, 50.1.14, 50.6, 58.7-ci və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 17-ci ” maddələrinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər (və ya onların nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İşin mahiyyətinə gəldikdə isə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli “Vergi qanunvericiliyin pozulması hallarının aradan qaldırılması barədə” xəbərdarlıqdan görünür ki, iddiaçıya məxsus olan 15002 saylı təsərrüfat subyektində müvafiq tələblərə cavab verən POS terminalın quraşdırılmadığı qeyd olunaraq, ona Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən POSterminalların quraşdırılması məcbur olan obyektlərdə POS-termminalların quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi vergi nəzarəti zamanı aşkar edildikdə təqvim ili ərzində birinci hal üçün 1000 manat, ikinci hal üçün 3000 manat, üçüncü və hər növbəti hal üçün 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması ilə nəticələnəcəyi barədə xəbərdarlıq edilmiş və adıçəkilən pozuntu 10 iş günü ərzində aradan qaldırılmadığı təqdirdə sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilərək Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyət sanksiyaları tətbiq ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən xəbərdarlığın bir nüsxəsi imza edilməklə qəbul edilmişdir. -AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********5106 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarından görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus obyektdə (kafedə) “İstehlkakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 17ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 07 oktyabr 2022-ci il tarixli, KY221807149 nömrəli çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022-xx.xx.2022, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi qeyd edilmişdir. -“POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX 002244 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:47-də **********- 15002 kodlu fərdi sahibkar İddiaçı məxsus “Yarpaq dönər” adlı obyektdə keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış 2 ədəd dönər, 2 ədəd qazlı içki üçün 6,1 (altı manat 10 qəpik) manat ödənişin plastik kart vasitəsilə nağdsız ödənilməsi təklif olunmuş, POS- terminalın olmadığı bildirilərək nağdsız ödənişin qəbulundan imtina olunmuş və həmin məbləğ nağd qaydada qəbul olunmuşdur. Araşdırma zamanı obyektdə POS-terminalın olmadığı müəyyən edilmişdir. Nəzarət kitabçası və ya hər hansı rəsmi sənəd təqdim edilmədiyindən bu barədə məlumat əldə etmək mümkün olmamış, nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, həmçinin obyektdə POS-terminal quraşdıılması təklif edilmiş, vergi ödəyicisinə VM-nin 17-ci maddəsinin tələblərinə əməl edilməsi tövsiyə edilmişdir. Aktda həmçinin vergi ödəyicisinin heç bir əsas göstərmədən qərarla tanış olmadan, tərtib olunmuş aktı imzalamaq və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi qeydi aparılmışdır. -İddiaçı X1 AR İN DVX Bakı şəhəri X4 üzrə Baş idarəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, vergi orqanı tərəfindən ona POS-terminal quraşdırılması üçün müraciət olunduqdan sonra "xxxx" ASC və "xxxx" ASC-yə müraciət edərək fəaliyyət göstərdiyi obyektə Pos-terminal quraşdırılmasını xahiş etmiş, banklardan ilk əvvəl 700 manat depozit məbləği istənilmiş, həmin vaxt depozit ödəməyə imkanı olmamış, depozit məbləğini hazırlayıb banka təkrar müraciət edib depozit məbləğini ödəməyə hazır olduğunu bildirdikdə hazırda POS-terminalın olmadığını tezliklə əlaqə saxlanılacağı bildirilmişdir. Göstərilənlərə baxmayaraq, banklar tərəfindən ona POS-terminal verilməmiş, nəticədə isə vergi orqanı tərəfindən ondan asılı olmayan səbəblərə görə quraşdırmadığı POS-terminala görə qanunsuz və əsassız akt tərtib edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********6321 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.14cü maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərarda İddiaçı tərəfindən operativ vergi nəzarəti tədbirində qərar və çıxarışla tanış olmaqdan, aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina edilmişdir. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci bəndinə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. Həmin maddənin 4-cü bəndinə görə, bu maddənin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 50-ci maddəsinə (Operativ vergi nəzarəti) əsasən: -50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırtlmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankiarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blankiarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS- terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İstinad olunan normaların tələblərindən göründüyü kimi, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə nağdsız hesablaşmaların aparılmasını təmin etmək məqsədilə müvafiq POS-terminalların quraşdırılması vergi ödəyicisinin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, vergi ödəyicisi olan iddiaçıya qanunla nəzərdə tutulmuş vəzifəsinin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq verilsə də, təmin edilməmişdir. Vergi qanunvericliyinin tələblərinə əsasən isə vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərinin qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsas kimi çıxış edir. Həmçinin, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi operativ vergi nəzarətini əhatə edən məsələlərdən biridir. İddiaçı özü də obyektdə POS-terminalın quraşdırılmamasını və vergi orqanı tərəfindən ona POS-terminal quraşdırılması ilə bağlı bildiriş verilməsini təkzib etməmişdir. İddiaçının gətirdiyi dəlil ondan ibarətdir ki, obyektə POS-terminalın quraşdırılması ilə bağlı banklara müraciət etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən sözügedən terminallar quraşdırılmamışdır. Belə olan halda istifadəsində olan təsərrüfat subyektinə POS-terminallar quraşdıra bilməməsinə görə cavabdeh tərəfindən ona tətbiq edilmiş maliyyə sanksiyası əsassız olmuşdur. Məhkəmə iddiaçının dəlilini əsaslı saymayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi” Qaydalarının 4.1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərir. Həmin Qaydalardan: 4.2. Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. 4.3. Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri və ya məlumatları bank ekvayerə təqdim etməlidir: 4.3.1. vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada); 4.3.2. sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (kağız daşıyıcıda) və ya şəhadətnamənin məlumatları (elektron formada); 4.3.3. təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada). 4.3.4. əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POS-terminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada). 4.3-1. POS-terminal sifarişçi tərəfindən təmin edildikdə, o, bu Qaydaların 4.3-cü bəndində göstərilmiş sənədlərlə yanaşı, quraşdırılacaq POS-terminalı müvafiq proqram təminatının yüklənməsi üçün bank ekvayerə təqdim edir. 4.4. Bank ekvayer sifarişçinin müraciətinə bu Qaydaların 4.3-cü bəndində göstərilmiş sənədlər və ya məlumatlar təqdim edildikdən sonra 3 (üç) iş günü müddətində baxır. Bu müddətdə bank ekvayer POS-terminalın quraşdırılması üçün təsərrüfat subyektinin texniki imkanlarının və təqdim edilmiş sənədlərə uyğun fəaliyyət sahəsinin ümumi təhlili məqsədilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər. 4.5. Bank ekvayer sifarişçiyə POS-terminalın quraşdırılmasından aşağıdakı hallarda imtina edir: 4.5.1. bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulmuş sənədlər və ya məlumatlar tam və düzgün təqdim edilmədikdə; 4.5.2. bank ekvayerin təsərrüfat subyektində quraşdırmaq üçün bu Qaydaların 3.1-ci bəndinin tələblərinə cavab verən POS-terminalı olmadıqda; 4.5.3. texniki səbəblərdən POS-terminalın quraşdırılması mümkün olmadıqda (sifarişçinin mülkiyyətində olan POS-terminalın texniki parametrləri bu Qaydaların 3.1-ci bəndinin tələblərinə cavab vermədikdə və ya sifarişçi tərəfindən POS-terminalın quraşdırılması üçün zəruri olan texniki imkanlar təmin edilmədikdə); 4.6. Bank ekvayer sifarişçiyə POS-terminalın quraşdırılmasından bu Qaydaların 4.5ci bəndində göstərilmiş hallarda imtina etdikdə, bu Qaydaların 4.4-cü bəndində göstərilmiş müddətdə imtinanın səbəbləri qeyd edilməklə, elektron və ya kağız daşıyıcısında Dövlət Vergi Xidmətinə və sifarişçiyə bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun məlumat göndərir. 4.7. Sifarişçi bank ekvayerdən imtina haqqında məlumat aldıqdan sonra 5 (beş) iş günü müddətində imtinaya səbəb olan uyğunsuzluqları aradan qaldırmaqla, (bu Qaydaların 4.5.3-cü yarımbəndində nəzərdə tutulmuş halda 15 (on beş) gün müddətində) yenidən həmin banka və ya POS-terminalın quraşdırılması üçün digər bank ekvayerə müraciət edir. Göründüyü kimi, istinad olunan Qaydalarda POS-terminal quraşdırılması üçün müraciət forması və imtina əsasları göstərilmişdir. Bununla belə, iddiaçı istər inzibati icraat dövründə inzibati orqana, istərsə də məhkəmə araşdırması dövründə məhkəməyə sözügedən Qaydalarda nəzərdə tutulmuş formada bank ekvayerə edilmiş müraciət və sonuncunun imtinası barədə hər hansı sübut təqdim etməmişdir. Beləliklə də, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6321 nömrəli Qərarının ləğv edilməsinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5542/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5542/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver