Məhkəmə qərarları › İş №e-2-1(112)-5552/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5552/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5552/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmanın aparılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, pensiyanın azadılması barədə qərarın qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmanın aparılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, pensiyanın azadılması barədə qərarın qanunsuz hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbi dəqiqləşdirilərək cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qərarının qanunsuz hesab edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı 30 iyun 2022-ci il tarixdən bərpa edilməsi, həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçının pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2009-cu il tarixdən yaşa görə pensiya təyin edilmişdir. İyun ayında onun pensiyası kəskin azalmış, bununla bağlı prokurorluğa dəvət edilmiş, məlum olmuşdur ki, pensiya təyinatı zamanı qanun pozuntularına yol verildiyindən araşdırma aparılmaqdadır. İddiaçı hesab edir ki, pensiyasından tutulmaların aparılması qanunsuz və əsassızdır. Bu səbəbdən də tutulan məbləğ bərpa edilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, ddiaçıya 01 may 2009-30 iyun 2022-ci il tarixləri arasında artıq pul vəsaiti ödənilmişdir ki, bununla əlaqədar pensiyası azaldılmış, artıq ödənilmiş məbləğin əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi qərara alınmışdır. Həmin yüksək pensiyanın ödənilməsi ilə əlaqədar inzibati xəta və ya cinayət əlamətləri olduğundan araşdırmanın aparılması üçün materiallar Baş Prokurorluğa göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 01 may 2009-30 iyun 2022-ci il tarixləri arasında artıq pul vəsaiti ödənilmişdir ki, bununla əlaqədar pensiyası azaldılmış, artıq ödənilmiş məbləğin əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi qərara alınmışdır. Həmin yüksək pensiyanın ödənilməsi ilə əlaqədar inzibati xəta və ya cinayət əlamətləri olduğundan araşdırmanın aparılması üçün materiallar Baş Prokurorluğa göndərilmişdir. 07 iyul 2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, onun əmək pensiyası 1364,75 manatdan 428,86 manata Nazirliyin məktubu əsasında endirilmişdir. Nazirliyə ünvanlanmış yazılı məruzədən görünür ki, X2 aparmış olduğu əməliyyat axştarış tədbirləri nəticəsində X1 ofisi və mənzilindən götürülmüş maddi sübutlar arasında iddiaçının adı və pensiyasının hesablanması barədə sənədlər aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilir ki, iddiaçıya əmək pensiyası şəxsiyyət vəsiqəsinin surəti saxtalaşdırılmaqla yüksək məbləğdə təyin edilmiş və ödənilmişdir. Belə ki, təvəllüd 1 il geriyə düzəldilməklə yaşının bir il artırılması, yaşayış yeri həqiqətə uyöun olmayan Abşeron rayon ərazisi göstərilməklə saxtalaşdırılmışdır. Bu saxtalaşdırma məhz 52 yaşından 2004-2005-ci illərin orta aylıq əmək haqqının nəzərə alınmaqla yüksək məbləğdə təyin edilməsi üçün edilmişdir. Məruzədə qeyd edilir ki, onun adına olan 3 şəxsiyyət vəsiqəsində də Abşeron rayonu ilə hər hansı bağlılığı olmamış, həmin ərazidə yaşamamışdır. Pensiya təyinatı aparılarkən də təvəllüd saxtalaşdırılmış variantda nəzərə alınmışdır. Bundan əlavə onun hərbi biletində də saxtalaşdırılma edilərək təvəllüdlü 1957ci il kimi göstərilmişdir. Beləliklə də iddiaçı 01 may 2010-cu il tarixdən pensiya hüququna malik olduğu halda 1 illik müddətlə bağlı saxtalaşdırma nəticəsində orta aylıq əmək haqqı nəzərə alınmaqla ona pensiya təyin edilmişdir. Pensiya altsistemindən görünür ki. İddiaçının əmək pensiyasından 85,97 manat artıq ödənilmiş məbləğ tutulmaqdadır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktubundan görünür ki, X3 və qeyrilərinin sənəd saxtalaşdırılması ilə şəxslərə, o cümlədən İddiaçı yüksək məbləğdə pensiya təyin edilməsi, yenidən hesablanması nəticəsində plastik kart hesblarına əsassız olaraq pul vəsaitinin keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilir. Pensiya işindən görünür ki, poçt indeksi kimi Göradil kəndi qeyd edilmiş, pensiya işi Abşeron Rayon Şöbəsi tərəfindən tərtib edilmiş, yaşayış yeri kimi həmin kəndin adı qeyd edilmiş, şəxsiyyət vəsiqəsində Abşeron rayon Görədil kəndi göstərilmiş, təvəllüdü 01 may 1957-ci il tarixi kimi əks edilmişdir. Hərbi biletində də təvəllüdlü 01 may 1957-ci il kimi göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçı orta aylıq əmək haqqı nəzərə alınmaqla 01 may 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq 01 may 2010-cu il tarixdən təyin edilməsi, bu zaman isə orta aylıq əmək haqqı nəzərə alınmadan hesablamanın aparılması, nəticədə pensiya məbləğinin kəskin aşağı məbləğdə ödənilməsindən narazı olmaqla bu barədə qərarın qanunsuz hesab edilməsi, pensiyanın əvvəlki qaydada, yəni orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması, ödənilməmiş pensiya məbləğinin ödənilməsi və tutulan pensiya məbləğinin geri qaytarılmasında iddialıdır. Qeyd olunmalıdır ki, hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsi ilə müəyyən edilmişdir ki, Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Hazırda qüvvədən olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (xx.xx.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. Beləliklə “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin müəyyən edilib-edilməməli olması ona pensiyanın xx.xx.2010-cu il tarixdən əvvəl və ya həmin tarixdən sonra təyin edilməsindən asılıdır. Belə ki, şəxsə yaşa görə əmək pensiyası xx.xx.2010-cu il tarixədək təyin edilmişdirsə halhazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun”, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqının nəzərə alınması mümkün hesab edilir. Həmin tarixdən sonra isə təyin edilmiş pensiyanın müəyyən edilməsi zamanı orta aylıq əmək haqqının nəzərə alınması istisna edilmiş, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Beləliklə də, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın qanuna uyğun olub-olmaması, orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının hesablanmalı olub-olmaması ilə əlaqədardır. İşin faktiki hallarından isə görünür ki, iddiaçı xx xxx 1958-ci il təvəllüdü olmaqla onun əmək pensiyası hüququ 01 may 2010-cu il tarixdə, yəni 01 yanvar 2010-cu il tarixdən sonra yaranmışdır. Bu isə o deməkdir ki, orta aylıq əmək haqqı nəzərə alınmaqla iddiaçının əmək pensiyasının təyin edilməsi istisna olunur. Belə olduğu təqdirdə isə əmək pensiyasının yenidən hesablanması barədə qərarın qanunsuzluğuna dəlalət edən hər hansı müəyyən edilmədiyindən əmək pensiyasının 01 yanvar 2010-cu il tarixdən sonrakı, yəni orta aylıq əmək haqqı nəzərə alınmamaqla hesablanması barədə cavabdehin hərəkətləri qanuni olmuş, iddiaçının hüquqlarının pozulması baş verməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın qanunsuz hesab edilməsi, əvvəlki hesablama qaydası nəzərə alınmaqla pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı 30 iyun 2022-ci il tarixdən bərpa edilməsi, və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi barədə hissədə rədd edilməlidir. Artıq ödənilmiş pensiya məbləğinin tutulmasına yönələn hərəkətlərin qanunsuz hesab edilməsi və geri qaytarılması ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, hazırkı halda cavabdein etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə diqqətə çatdırır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, hazırkı iş üzrə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olması nəzərə alınmalıdır. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 28-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı və 67.6.3- cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Eyni zamanda, istinad olunan Qanunun 6.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olunma da etimad hüququna istinad edilməsini istisna edən hallardan biri kimi göstərilmişdir. İşin faktiki hallarından isə göründüyü kimi iddiaçı barəsində əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilərkən həqiqətə uyğun olmayan, təhrif edilmiş sənədlər təqdim edilmiş, iddiaçının şəxsiyyəti barədə məlumatlarda düzəlişlər edilərək təvəllüdü, yaşayış yeri kimi məlumatlar saxtalaşdırılmış, nəticədə iddiaçının yaşayış yeri ilə heç bir əlaqəsi olmayan Abşeron Rayon Şöbəsi tərəfindən pensiya təyinatı aparılmışdır ki, göstərilən hallar məhkəmə hesab edir ki, maraqlı şəxsin etimad hüququna istinadın istisna edilməsi hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cavabdehin pensiya tutulmalarının həyata keçirilməsini nəzərdə tutan hərəkətlərinin, 23 noyabr 2017-ci il tarixli sərəncamının qanunsuz və əsassız hesab edilərək tutulmuş pul vəsaitinin ona geri qaytarılmasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair iddia tələbinə dair qərarında göstərilmişdir ki, Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3- cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Eyni zamanda Ali Məhkəmənin 2-1(102)-300/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 28-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3- cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçı əmək pensiyasının təyinatı aparılarkən istər təhrif olunmuş sənədlərin təqdim edilməsi ilə bu barədə inzibati aktın qəbuluna nail olduğundan, istərsə də onunla heç bir bağlılığı olmayan yaşamadığı rayon üzrə, yəni Abşeron Rayon Şöbəsi tərəfindən təqdim edilmiş həmin sənədlər əsasında 01 may 2009-cu il tarixdən pensiyanın təyin edilməli olmasının qanunsuz olduğunu ən azından kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda qəbul edilmiş qanunsuz inzibati aktla bağlı etimad hüququnun qorunmasına istinad edə bilməz. Bu səbəbdən də həmin inzibati aktın nəticəsində artıq ödənilmiş məbləğin geri qaytarılmasının tələb edilməsinə dair iddia da rədd edilməlidir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar